Icma.az
close
up
RU
44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri V HİSSƏ

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri V HİSSƏ

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.
Zaur Cavanşirin “44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri” adlı xatirələr kitabından V hissəni təqdim edirik:
DÜŞMƏNİN GÖZLƏNİLMƏZ ZƏRBƏSİ: KƏND HORADİZ
“Az sayda bir qüvvənin böyük düşmən ordusunu  məğlub etməsi mümkündür - əgər onun əsgərləri qorxmağı unutmuşlarsa” - Mustafa Kamal Atatürk
7 oktyabr 2020-ci il. Bütün qoşunlar Hadrut istiqamətində son hazırlıqlarını yekunlaşdırır, hücumun son ştrixləri işlənirdi. Hücum əmri gözləyirdik — vaxt gecikdikcə gərginlik artırdı, amma siqnal gəlmirdi. Saat təxminən 13:00 radələrində komandanın məni rabitəyə çağırdığını eşitdim. Dərhal cavab verdim.
— “Zəfər”, “Bəbir” qəbulda.
— “Bəbir”, hələlik qoşunlar mövqelərdə möhkəmlənsinlər və dairəvi müdafiəyə keçsinlər.
Düşmən çoxsaylı texnika və şəxsi heyətlə Kənd Horadizdən irəliləyərək Araz çayınadək girib və əsas yolu bağlayıb. Ehtiyatdan iki taboru Kənd Horadiz istiqamətinə yönəldin — hədd və istiqamətləri sizə ötürəcəklər.
Mən dərhal hərbi hissədən iki ehtiyat taboru polkovnik Kənan Seyidov və polkovnik Zaur Zeynalovun rəhbərliyi altında göstərilən istiqamətə hərəkət etmələri barədə göstəriş verdim.
Düşməndən bu qədər cəsarət və qəfil hərəkət gözləmirdik. Onlar hələ də hesab edirdilər ki, Birinci Qarabağ müharibəsindən qapıldıqları eyforiya və xarici himayədarlarının dəstəyi ilə Azərbaycan Ordusunun qarşısını ala biləcəklər — amma gec idi. Artıq qarşılarında böyük sərkərdə və dövlət xadimi İlham Əliyevin qətiyyətli addımları, qəbul etdiyi qərarlar sayəsində inkişaf etmiş güclü dövlət və onun yüksək hazırlıqlı ordusu vardı.
6 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, sabah — yəni 7 oktyabrda — müharibədə dönüş nöqtəsi olacaq, vəziyyət onların xeyrinə dəyişəcək və Ermənistan ordusu qəti qələbə çalacaq. Həmin gün Xankəndidə Anna Akopyanın rəhbərliyi ilə Serj Sarkisyan, Seyran Ohanyan, Bako Saakyan, Cəlal Arutnyan və Levon Mnatsakanyanın iştirakı ilə hansısa əməliyyatın planlaşdırdığını göstərən görüntülər yayılmışdı.
Düşmənin nəyisə gizli bir fəaliyyətə hazırlaşdığı aydın idi — ancaq bu əməliyyatın nə vaxt həyata keçiriləcəyi və hansı istiqamətdən gələcəyi məlum deyildi. 
XTQ-nin əsas zərbəsi Hadrut istiqamətindən planlansa da, düşmən bütün qüvvələrini yalnız Hadruta cəmləşdirməsin deyə hücum xətti eyni zamanda Qubadlı istiqamətinə də genişləndirilməli idi. Bu məqsədlə polkovnik Eldəniz Namazovun rəhbərliyi altında, mayor Emin Almuradovun komandiri olduğu tabor və dörd tank ayrılmışdı. Cocuq Mərcanlı kəndi yaxınlığında toplanmış bu qüvvə 6 oktyabrın qaranlığı düşən kimi Cəbrayıl rayonunun Şükürbəyli kəndi istiqamətinə hərəkətə başladı. Gecə saat təxminən 23:00-də təyin olunmuş hücum-çıxış xəttini tutdular, həmin istiqamətdəki bölmələrlə qarşılıqlı əlaqəni təşkil edib komandanlığın hücum əmrini gözləyirdilər.
7 oktyabr günortayadək düşmənin niyyəti tam dəqiqləşmədiyi üçün komandanlıq əlverişli məqamı gözləyərək hücumu ləngidirdi. Saat təxminən 13:00 radələrində düşmən qəflətən Hadrutda topladığı 12 tank, 10 PDM və iki taborluq (hər taborda 300-500 nəfər olur) qüvvə ilə Füzuli rayonunun Pirəhmədli kəndindən Kənd Horadiz istiqamətinə hücuma keçərək cəbhə xəttini yardı, Araz çayının vadisinə qədər irəlilədi və qoşunlarımızın təminat yolunu tamamilə kəsdi. Horadiz qəsəbəsindən Cəbrayıl istiqamətinə gedən yeganə yol düşmənin nəzarətinə keçmişdi. Düşmənin məqsədi aydın idi - Hadrut və Cəbrayıl istiqamətindəki bütün qüvvələri mühasirəyə almağa çalışırdı.

1993-cü ilin sonlarında Birinci Qarabağ müharibəsində də oxşar bir vəziyyət yaşamışdıq — düşmən Aşağı Seyidəhmədli–Əhmədbəyli istiqamətində müdafiə xəttimizi yararaq Əhmədbəyli və Bala Bəhmənli kəndlərindəki yüksəkliklərə və yol ayrıcına nəzarəti ələ keçirmiş, bir çox bölmələrimizi mühasirəyə almışdı. O zaman ulu öndər Heydər Əliyevin dərhal müdaxiləsi ilə həmin istiqamətə əlavə qüvvələr cəlb edilmiş, düşmən geri otuzdurularaq bölmələrimiz mühasirədən çıxarılmışdı.
İndi də düşmən əməliyyatı təxminən həmin xətt üzrə, lakin həmin istiqamətdən bir az geridə, Kənd Horadiz istiqamətində planlanmışdı. Düşmənin bu gözlənilməz zərbə ilə müharibənin gedişatını dəyişmək, ordumuzun mənəvi-psixoloji durumunu sındırmaq və panika yaratmaq istəyirdi. Lakin düşmənin unutduğu bir amil var idi: XTQ
Vəziyyət kritik idi — dərhal müdaxilə tələb olunurdu. Vəziyyəti qiymətləndirən XTQ komandanı ora ən yaxın məsafədə olan, Qubadlı istiqamətində hücum üçün nəzərdə tutulmuş polkovnik Namazovun tabeliyində olan tanklarla gücləndirilmiş taboru geri, Horadiz istiqamətində yönəldərək nə olur-olsun düşməni maksimum geri oturtmaq, yolu təmizləmək və düşmən qüvvələrini tam məhv etmək qərarı aldı. Komandan rabitədə polkovnik Namazova konkret tapşırıq verdi:
— “Göyəzən”, təcili! Əlindəki bütün qüvvələrlə geriyə — Horadizə, köhnə taborun təminat binaları istiqamətinə hərəkət et! Düşmən 12 tank, 10 PDM və iki taborla Kənd Horadizdə müdafiə xəttimizi yarıb Araz çayınadək çıxıb və yolu bağlayıb. Əlindəki qüvvələri necə tətbiq edəcəksən, özün qərar ver — bu işi tez və qəti şəkildə həll et.
Polkovnik Namazov tabor komandiri mayor Almuradovla birgə qərar qəbul edərək  taboru və tankları üç hissəyə böldülər: 
- mərkəzdə iki qrup və iki tank mayor Almuradovun rəhbərliyində, 
- soldan, Lələilahi təpəsinin arxasından  kənd Horadizə doğru hərəkət edərək düşmənin arxasına keçəcək  iki qrup və iki tank kapitan Ağaşov Əsədin rəhbərliyində , 
- sağ cinahda isə (mərkəzdəki qrupların arxası ilə hərəkət edərək ehtiyatı təşkil etməli və  düşmən yolun üzərindən təmizləndikdən sonra sürətlə  yandan ötüb düşmənin arxasına keçmək tapşırığı ilə) iki qrup və bir tank olmaqla kapitan Qurbanov İlhamın rəhbərliyində. 
Yol ayrıcına təxminən 17 kilometr məsafə vardı. Qruplar tankların üstünə yerləşərək sürətlə təyin edilmiş istiqamətə hərəkətə başladılar. Mərcan kəndinə çatdıqda orada mövqelənmiş və tapşırıq gözləyən 5 ədəd BTR-80 transportyoru gördülər. Polkovnik Namazov kolonu dayandırıb BTR-lərin komandirini yanına çağırdı.
— Qardaş, irəlidə ermənilər yolu işğal edib. Özünlə adamlarını götür, onları tezliklə oradan çıxarmalıyıq.
— Oldu, mən əvvəlcə hərbi hissə komandirinə məruzə edim, sonra gedək, — BTR-lərin komandiri cavab verdi.
Beş dəqiqə sonra BTR-lər artıq tankların arxası ilə sürətlə yol ayrıcına doğru irəliləyirdilər. Qərara alındı ki, BTR-lər mərkəzdə hücum edəcək qruplarla birlikdə fəaliyyət göstərsinlər.
Düşmənə qarşı hər bir əlavə qüvvə həyati əhəmiyyət daşıyırdı; irəlidə texnika və xüsusi təyinatlılardan düzgün istifadə döyüşün taleyini həll edəcəkdi. Əsas vəzifə düşmənin sayca qat-qat üstünlük təşkil edən müqavimətini sındırmaq, onu geri çəkilməyə məcbur etmək, təminat yolunu açmaq və mühasirəni aradan qaldırmaq idi. Qətiyyətli və sürətli müdaxilə, mövcud vasitələrdən peşəkar istifadə edilməsi və çevik manevr bu döyüşdə əsas rol oynayacaqdı.
Polkovnik Namazovun əmrində olan və dərhal həmin istiqamətdə göndərilmiş PUA (pilotsuz uçuş aparatı) taborun əməliyyat bölgəsinə çatmasına qədər düşmən və onun döyüş düzülüşü haqqında dəqiq kəşfiyyat məlumatları toplamışdı. 
Alınan məlumata görə, düşmən ələ keçirdiyi ərazini sürətlə genişləndirir və bütün yüksəkliklərdə mövqelənirdi:
- Araz çayı istiqamətində, yol üzərində — 3 tank, 3 PDM və bir bölüyədək qüvvə;
- Lələilahi yüksəkliyi istiqamətində — 3 tank, 3 PDM və iki bölüyədək qüvvə;
- Horadiz qəsəbəsi istiqamətində — 3 tank, 3 PDM və iki bölüyədək qüvvə;
- Kənd Horadizdə (ehtiyat/ikinci eşalon kimi) — 3 tank, 1 PDM və bir bölükdən artıq şəxsi heyət.
Bu düzülüş düşmənin ciddi müqavimət göstərə biləcəyini açıq-aydın göstərirdi — vəziyyət son dərəcə təhlükəli idi və yerindəcə, ani və qətiyyətli müdaxilə tələb edirdi.
Saat 13:30 radələrində tabor təyinat nöqtəsinə çatdı. Tanklardan enən qruplar dərhal öz istiqamətlərinə doğru sürətlə həmlə etdilər; arxadan isə BTR-lər və zirehli maşınlar  intensiv atəşləri ilə onları dəstəkləyirdilər.
Düşmənin gözləmədiyi istiqamətdən qəfil döyüşə daxil olan taborun mərkəzi hücum qrupları yol üzərindəki bir tankı və bir PDM-i qumbaratanla məhv etdi. Ardınca tanklar, BTR-lər və əlindəki bütün atəş vasitələri sinxron şəkildə eyni hədəfə atəş açaraq şok atəş basqını həyata keçirdilər və düşmənin yol üzərindəki mövqelərinə daxil oldular.

Qrupların yüksək təpələrdə mövqelənmiş snayperləri düşmənin komandir və rabitəçilərini sərrast atəşlə dərhal məhv edirdi.
Düşmən, qüvvələrimizin Cəbrayıl istiqamətindən hücum edəcəyini gözləmədiyi üçün vəziyyəti anlaya bilmir; üzərlərinə çox sayda qüvvə gəldiyini zənn edərək panikaya düşdü və yolun üstündəki mövqeləri, tanklarını tərk edərək geri çəkilməyə başladılar.
Düşmənin geri çəkilməsindən istifadə edən ehtiyatdakı və geridən gələn qruplar Horadiz qəsəbəsi istiqamətində irəliləyərək yol ayrıcını keçdikdən sonra sola dönüb düşməni yandan ötərək təpələrin arxasından onun arxasına doğru sürətlə hərəkət etdi. Düşmənin arxaya çəkilmə yolu bağlandı; etdiyi belə bir cəhdi üçün onlara əsrlərboyu yadda saxlayacaqları bir dərs verilməli idi, verildi də.

Lələtpə yüksəkliyinin arxasından Kənd Horadiz istiqamətinə irəliləyən qruplar artıq kənd üzərindəki yüksəkliklərdə mövqe tutmuş və müdaxilə üçün komanda gözləyirdilər. Polkovnik Namazov düşmənin ehtiyatının müdaxiləsini önləmək məqsədilə koordinatları artilleriya diviziyonunun komandiri, polkovnik-leytenant Qəmbərova ötürdü və yaylım atəşi ilə məhv edilməsini istədi. Artilleriya atəşinə PUA (pilotsuz uçuş aparatı) vasitəsilə izlənərək düzəldilir və hədəflər dəqiqliklə məhv edirlirdi.
Artilleriya atəşi dayanan kimi tabor komandiri kənd Horadizin üzərində tərtiblənmiş qruplara basqın üçün əmr verdi. Kəndin üzərindəki yüksəkliklərdə əvvəldən mövqelənmiş birliyin bölmələri də döyüşə cəlb edilərək qruplar düşmənin geri çəkilən qüvvələrini məhv etməyə başladılar. Döyüş meydanında son çırpıntılarını edən düşmən tanklar, PDM-lər və artilleriya vasitəsilə bölmələrimizi bütün istiqamətlərdən atəşə tuturdu. Qarşı təpələrdə yerləşən düşmən snayperləri isə şəxsi heyətin irəliləməsinə mane olur, baş qaldırmaq olmurdu. Snayperləri susdurmadan itkisiz irəliləmək mümkün olmayacaqdı.
Polkovnik Namazov dərhal PUA heyətinə snayperin atəş açdığı mövqenin aşkar edilməsi barədə göstəriş verdi.
Şəxsi heyətin istiqamətləndirməsi ilə PUA snayperin yerini müəyyən etdi; məsafə uzaq olduğundan onun tank atəşilə zərərsizləşdirilməsinə qərar verildi. Polkovnik Namazov tank heyətini radio ilə çağırdı, lakin partlayış və atəş səsləri çağırışın eşidilməsinə imkan vermirdi.
Polkovnik Namazov mayor Emin Almuradovdan tankın yanına gedib snayperin istiqamətini heyətə çatdırmasını tapşırdı. Tabor komandirinin müavini, kapitan Elçin İsmayılov bu vəzifəni öz üzərinə götürərək çətinliklə də olsa tanka yaxınlaşdı və tapşırığı çatdırdı. Lakin tank nişan alıb atəş açana qədər düşmən snayperi kapitan İsmayılovu vurdu. Tank dərhal bir neçə atəş açaraq snayperi məhv etdi — lakin kapitan İsmayılov da qəhrəmancasına şəhid olmuşdu.
Döyüşün gedişində gizir Devran Naibov da ağır yaralandı; qrupun sanitarları onu təhlükəsiz yerə çıxarıb ilkin tibbi yardım göstərməyə çalışdılar, lakin o da sonradan şəhid oldu.
Bu müddət ərzində sağ tərəfdən ötərək düşmənin arxasına keçən qrup basqınla geri çəkilən hissəyə müdaxilə elədi. Düşmən hər tərəfdən açılan atəş qarşısında çaşqın vəziyyətə düşüb tankları və PDM-ləri tərk edərək qaçırdı.
Polkovnik Namazov yaxınlıqda, təpənin ətəyində mövqelənmiş TOS-1A (ağır odsaçan artilleriya sistemi) artilleriya qurğusunun divizion komandiri mayor Bəxtiyar Mustafayevə geri çəkilən düşmənin texnikalarının vurulmasına göstəriş verdi. 

Divizion komandirinin tapşırığı ilə dərhal havaya qaldırılan PUA vasitəsilə düşmən qüvvələrinin dəqiq yeri müəyyən edildi. Dəqiq atəş sayəsində düşmənin çoxlu sayda canlı qüvvəsi və bir tankı 15 dəqiqə ərzində məhv edildi.
Hər tərəfdən yolu bağlanmış və başına hər tərəfdən alov yağan düşmən “quyruğuna məşəl bağlanmış siçovul” kimi ora-bura vurnuxaraq, elədiyi başından yekə qələtin peşmançılığını yaşayırdı.
Mühasirədən çıxmağı bacaran tək-tək erməni dığaları  canını qurtardığını düşünərək arxasına baxmadan qaçırdı. Ancaq atalar demişkən - nahaq qaçırdı, onsuz da öləcəkdi amma  “yorğun halda” öləcəkdi. 
Düşmənin yalnız döyüş başlanar-başlanmaz vaxtında aradan çıxmaqla xilas ola bilən  6 PDM-i və az sayda canlı qüvvəsi qaçıb canını qurtara bildi.
Bu zaman Hadrut istiqamətində, polkovnik Kənan Seyidov və polkovnik Zaur Zeynalovun rəhbərliyi altında iki tabor artıq Kənd Horadizə çatmışdı. Köməyə gələn qüvvələrə artıq ehtiyac qalmamışdı — hamı bir-birini bu böyük qələbə münasibətilə təbrik edirdi. Ləngimək olmazdı: irəlidə hər kəsin öz tapşırığı var idi. Ona görə də polkovnik Seyidov gələn qüvvənin Hadrut əməliyyatına hazırlaşmaları üçün tez bir zamanda geri qayıtmalı olduğunu bildirdi.
Polkovnik Namazovdan soruşdu:
— Eldəniz, bizim də, sizin də irəlidə işlərimiz var. Onsuz da buradakı işləri biz bitirmişik. Sənə burda başqa nəsə lazımdır?
— Xeyr, cənab polkovnik. Sadəcə, polkovnik-leytenant Abdullayev Səbuhi mənim yanımda qalsın, — cavab verdi.
— Olsun, problem deyil. Səbuhi, hələlik burada qalacaqsan. Eldəniz nə vaxt səndən bezsə, yanıma qayıdırsan, — polkovnik gülərək dedi. — Başa düşdün?
— Bəli, cənab polkovnik, — Səbuhi tərs-tərs, bikef halda polkovnik Namazova baxaraq söylədi.
O, irəlidə Hadrut əməliyyatında iştirak etmək istəyirdi; Eldəniz isə onun bu şansını əlindən almaq istəyirdi.
Bu zaman general-leytenant Kərim Vəliyevin UAZ markalı avtomobillə sürətlə yaxınlaşdığını görən polkovnik Namazov irəli çıxaraq məruzə etmək istədi. General-leytenant Vəliyev başqa istiqamətdə döyüşlərə rəhbərlik etdiyindən, burada baş verənləri rabitədə eşidən kimi gəlmişdi. İndi isə döyüşün bitmədiyini və burada toplaşanların düşməni necə geri oturdacaqlarına qərar vermək üçün bir araya gəldiklərini düşünərək, maşından düşən kimi silahını götürüb uca səslə hamıya səsləndi.
- Nə durmusuz,  düşünmək vaxtı deyil. Hamı irəli, düşməni geri oturtmaq lazımdı.
Polkovnik Namazov ona yaxınlaşaraq sakit səslə dedi:
— Cənab general, narahat olmayın — düşməni artıq geri oturtmuşuq./
General təccüblə soruşdu:
— Sən kimsən? Nə vaxt?
— Cənab general, mən XTQ-dən polkovnik Namazovam. Düşmən bu tanklar və PDM-lərlə bura daxil olmuş, yolu bağlamışdı. – düşmənin qoyub qaçdığı və vurulmuş texnikaları göstərərək sözünə davam etdi. – gəldiklərinə peşman etdik
- Siz nə danışırsız? Onlar necə olub bura girə biliblər? — General olanlara  hələ də inana bilmirdi.
Bu vaxt kənarda dayanan və burada qalmaqdan məyus olan polkovnik-leytenant Abdullayev
Səbuhi yerindən dilləndi:
— Cənab general, taborun şlaqbaumu açıq qalmışdı, onlar da gəlib keçiblər.
Bu sözlərə hər kəs gülməyə başladı. General Kərim Vəliyev bir neçə saniyə sakitcə Səbuhiyə baxdıqdan sonra o da ucadan güldü. Təşəkkür əlaməti olaraq polkovnik Namazovun yanına gəlib onu qucaqladı, alnından öpdü və dedi:
— Əhsən sizə! Əjdahasızınız hamınız! — Hamınız qəhrəmansınız. Xalqımızın igid qəhrəmanları!
Döyüşün nəticəsi olaraq düşmənin 12 tankdan 9-u və 10 PDM-dən 1-i qənimət götürülmüş, düşmənin 3 tankı, 3 PDM-i və canlı qüvvəsinin təxminən 90%-i məhv edilmiş, az sayda şəxsi heyəti və Kənd Horadizdə olan 6 PDM qaça bilmişdi. Sonradan Horadiz kəndi yaxınlığında düşmənin gizlənmiş kiçik bir dəstəsi də digər qruplarımız  tərəfindən aşkar edilərək zərərsizləşdirildi.
Komandanlıq həmin istiqamətdə mövqelərin daha da gücləndirilməsi məqsədilə 23 ədəd BTR-80 və iki tabora qədər əlavə qüvvə göndərdi. Gecə yarısına qədər XTQ-nin şəxsi heyəti bərpa olunmuş mövqeləri yeni gələn qüvvələrə təhvil verib geri bölgədə toplandı. Bu barədə komandana məruzə edən polkovnik Namazova komandan xatırlatdı:
— Eldəniz, bu sənin tapşırığın deyildi, yəqin bilirsən. Sənin əvvəlki tapşırığın Qubadlı istiqamətində hücum etməkdir. Dərhal döyüş qabiliyyətinin bərpası üçün səhərə qədər tədbir gör və səhər tezdən hücum çıxış xəttini tut.
— Oldu, cənab komandan, — deyərək polkovnik Namazov mayor Almuradova baxdı.
— Qardaş, bu günü yəqin heç vaxt unutmayacağıq. Kaş şəhidimiz olmasaydı, daha çox sevinərdik. Amma əminəm ki, onların ruhu bizimlədir və ta İrəvana qədər bizimlə döyüşəcəklər.
Mayor Almuradovun komandiri olduğu tabor Qubadlı istiqamətinə göndərilmədi; həmin gecə, digər bölmələr kimi, onun rəhbərlik etdiyi tabor da mənim tabeliyimə, Hadrut istiqamətində hücuma hazırlaşan qruplaşmanın tərkibinə verildi. Arxada təhlükəsizliyimizi təmin etmişdik. İndi irəli — növbəti hədəflərimizə, Hadruta doğru hərəkət etmək vaxtıydı.
ARDI VAR…
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:1380
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Oktyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see278

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see276

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see243

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see232

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see223

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see218

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see216

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see210

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see205

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see201

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see190

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see187

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see187

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see187

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see186

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see184

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see184

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see173

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see171

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri