44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri III HİSSƏ
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.
Generalın “44 günlük zəfər yolu: Generalın döyüş qeydləri” sərlövhəli xatirələr silsiləsindən üçüncü hissəsini təqdim edirik:
MÜƏLLİF QEYDİ: Çox təəssüf hissi ilə bildirirəm ki, şanlı Vətən müharibəsi barədə yazdığım yazılardan bəzilərini ümumi kontekstdən çıxararaq, ordumuzun ləyaqətli generallarına qarşı hücum vasitəsinə çevirməyə çalışan insanlar var. Xüsusilə də birinci hissədə yazılmış “Mayis Bərxudarov Nəcməddinə deyə bilmədi” başlıqlı yazını bəzi şəxslər təhrif edərək, guya kimin isə Nəcməddin Sadıkovdan qorxduğunu və onunla eyni əməllərə yol verdiyini iddia edirlər.
MÖVZU İLƏ BAĞLI:
44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri –II HİSSƏ
Burada açıq şəkildə demək istəyirəm: general Mayis Bərxudarov Azərbaycan ordusunun ləyaqətli, qorxmaz və igid generallarından biridir. Onunla uzun müddət çiyin-çiyinə döyüşmüşəm və bu gün də eyni sırada, Vətən yolunda bərabər xidmət edirik. İllərdir ailəsindən uzaqda, düşmənlə üz-üzə, bütün çətinlik və məhrumiyyətlərə baxmayaraq Vətənimizə, xalqımıza, üçrəngli bayrağımıza və Ali Baş Komandanımıza sədaqətlə xidmət edən general və zabitlərimizi heç kimin mühakimə etməyə haqqı yoxdur.
Bu qəhrəman insanlar sözlərlə deyil, əməl və fədakarlıqları ilə özlərini sübut ediblər. Onlar hər zaman şərəf, vicdan və sədaqət nümunəsi olaraq qalacaqlar.
QANLA YAZILAN QARDAŞLIQ
“Əsgərin gücü silahında deyil, silahdaşına inamındadır. Silahdaşını tək qoyan döyüşçü ola bilməz.” - general Həzi Aslanov
Ömər aşırımı istiqamətindən Füzuli istiqamətindəki birliyin müdafiə zolağına yerdəyişmə etmiş XTQ-nin 2-ci hərbi hissənın döyüş qabiliyyətini bərpa etməsi üçün təyin olunmuş cəmləşmə rayonuna gəldik. Hərbi hissə Nəcməddin Sadıkovun Kəlbəcər istiqamətində planladığı düzgün olmayan hücum əməliyyatında böyük çətinliklərlə qarşıya qoyulan tapşırığı yerinə yetirmiş, təyin olunmuş yüksəklikləri və mövqeləri düşməndən təmizləyərək o istiqamətdəki birliyin bölmələrinə təhvil vermişdi.
Lakin bu əməliyyat çoxlu itkilər bahasına başa gəlmişdi. Buna görə də hərbi hissə yenidən döyüşə daxil olmamışdan əvvəl komandanın əmri ilə həm şəxsi heyət, həm də maddi-texniki təminat baxımından bərpa olunması üçün təyin edilmiş rayonda cəmləşmişdi.
Məni hərbi hissə komandiri, polkovnik Zaur Zeynalov qarşıladı.
— Cənab polkovnik, aramıza xoş gəlmisiniz! Rabitədə dünəndən eşitmişdim ki, gəlmisiniz, amma bayaq komandan mənə dedi ki, bizim yanımıza gəlirsiniz. Şəxsi heyət sizin gəlişiniz barədə bilir və hamı sizi salamlayır.
Biz qucaqlaşaraq görüşdük.
— Mən də çox sevinirəm ki, nəhayət sizinlə bir arada, çiyin-çiyinə döyüşürəm. Allah bizi utandırmasın!
Həmin an rabitəçi mənə yaxınlaşıb dedi:
— Cənab polkovnik, polkovnik Kənan Seyidov sizinlə danışmaq istəyir.
Mən rabitəçinin üzünə baxıb radiorabitənin dəstəyini aldım. O, əvvəlcə tərəddüdlə baxsa da, birdən nə istədiyimi anlayaraq əlavə etdi:
— Onun kod adı “Yarasa-66”-dır, cənab polkovnik. Biz isə “Akula-77”-yik.
Mən dəstəyi sıxaraq çağırmağa başladım:
— “Yarasa”, mən “Akula”yam, qəbul.
Rabitədə xışıltı yarandı, bir qədər keçmiş xəttin o tərəfindən tanış bir səs gəldi:
— “Akula”, mən “Yarasa”yam. Səni beş balla eşidirəm! Aramıza xoş gəlmisən, qardaş! Bir bilsən, nə qədər sevinirəm! İnan, bilirdim ki, gələcəksən.
— Çox sağ ol, qardaş! Mən imkan verməzdim ki, siz mənsiz döyüşəsiniz.
Dəstəyin o başından gülüş səsləri gəlirdi, yanımda dayananlar da gülümsəyirdi.
Biz XTQ ailəsi olaraq bir-birimizə nə qədər bağlı olsaq da, bizi birləşdirən daha ali, daha sarsılmaz bir bağ vardı. Biz silahdaş idik.
Silahdaş sadəcə birgə xidmət etdiyin, eyni əmrləri yerinə yetirdiyin biri deyil. O, səni ölümlə həyat arasındakı incə sərhəddə tək qoymayan insandır. Döyüş meydanında güvənə biləcəyin yeganə çiyindir, səngərdə belini söykədiyin divardır. O, güllənin səsinə tərəddüdsüz qaçandır, yaralı halda belə səni döyüş meydanında qoymayan, hətta lazım gələrsə, öz həyatını sənin üçün fəda edəndir.
Silahdaş – arxanı dönüb baxmadan güvənə biləcəyin yeganə insandır.
Silahdaşlıq təkcə hərbi forma geyinməklə qazanılmaz, o, qanla, alovla və sınaqlarla formalaşır. Bu, dostluqdan da artıqdır – bu, qardaşlıqdır. İllərlə möhkəmlənən, sədaqətlə sınanan, ölümün belə sındıra bilmədiyi bir qardaşlıq. Qanla yazılan qardaşlıq. Belə bir qardaşlığı isə yalnız müharibənin ən qaranlıq anlarında, ölümün nəfəsini hiss edərkən dərk edirsən. Döyüş bitəndə, səngərlər boşalanda, illər keçəndə belə, silahdaşının adı hələ də qulağında səslənir, onun səsi hələ də vicdanında yaşayır. Çünki silahdaşını itirmək, bir parçanı itirmək kimidir – bəzən o yara heç vaxt sağalmır.
Və o an, müharibənin ən qaynar, ən təhlükəli nöqtəsində olsam da, sanki dünyanın ən təhlükəsiz və hüzur dolu məkanında idim – çünki silahdaşlarımın əhatəsindəydim.
Polkovnik Zaur Zeynalov komandanın ona Baş Qərargah rəisinin göstərişini çatdırdığını dedi:
— Amma cənab polkovnik, siz bizim üçün həmişə komandirsiniz və sizinlə döyüşmək bizim üçün fəxrdir. İstəsəniz, istənilən bölməni idarə edə bilərsiniz.
Mən hərbi hissə komandirinin bu səmimi münasibətindən sui-istifadə edə bilməzdim. Ona görə də bu təklifi yumşaq şəkildə rədd etdim:
— Zaur, mənim üçün sizinlə bir yerdə döyüşmək yetərlidir. Yuxarı komandanlığın əmri nə olur-olsun, qeyd-şərtsiz yerinə yetirilməlidir. Mən təyin olunduğum qrupda uşaqlarla bir yerdə olacağam. Əgər döyüşün gedişatında mənə ehtiyacın olsa, həmişə hazıram.
Cəmləşmə rayonunda olduğumuz müddətdə mən hərbi hissənin döyüş qabiliyyətini bərpa etməsi və qarşıdakı döyüşlərə hazırlanması üçün əlimdən nə gəlirdisə edirdim.
Bütün bu müddət ərzində düşmənin cəbhə xətti 2-ci birliyin bölmələrinin gücü ilə böyük itkilər hesabına bir neçə istiqamətdə yarılmış, hücum Füzuli rayonunun Alxanlı kəndi - Qaraxanbəyli kəndi istiqamətində, Lələtəpə – Cəbrayıl rayonunun Soltanlı və Quycaq kəndləri istiqamətində davam etdirilirdi. XTQ-nin 1-ci hərbi hissəsinin 1 taboru Füzuli rayonu Qaraxanbəyli kəndi istiqamətində ilk gündən - 27 sentyabrdan döyüşə qatılmışdı. Ümumi rəhbərliyi polkovnik-leytenant Ramiz Cəfərov və polkovnik-leytenant Zamiq Əmirov edirdi.
Tabor komandiri Nizami Əliyev döyüşün 3-cü günü ağır yaralanmışdı. Verilən məlumatlara əsasən taborun şəxsi heyətinin düşmənin müqavimətini qırmış və dəfələrlə düşmənin üstün qüvvələrinin etdiyi əks-həmlələrin qarşısını almışdı. Ancaq düşmən möhkəmləndirilmiş müdafiə həddlərində aktiv müdafiə olunması, fasiləsiz artilleriya və snayper atəşləri səbəbindən
Qaraxanbəyli istiqamətində hücuma keçən bütün bölmələrimiz irəliləməkdə çətinlik çəkirdi.
Düşmən bu mövqelərdə özünə əlverişli dayaq nöqtələri qurmuş, güclü müdafiə xətləri formalaşdırmışdı. İrəliləyiş yavaşlamış, bəzi nöqtələrdə isə döyüş tamamilə kilidlənmişdi.
Bütün digər istiqamətlərdə də düşmən inadla müqavimət göstərirdi. Cəbhənin bir neçə nöqtədən yarılmasına baxmayaraq, mövqelərindən geri çəkilmək əvəzinə, ön xəttin bütövlüyünü qorumağa və bəzi yerlərdə bərpa etməyə çalışırdılar. Hər keçən saat onların dirənişi daha da aqressivləşirdi.
Ancaq bu dirəniş uzun çəkmədi. Çünki Ali Baş Komandanımız İlham Əliyevin mükəmməl sərkərdəlik bacarığı və sarsılmaz siyasi qətiyyəti sayəsində yaranmış ordu-xalq birliyi “Dəmir yumruq” kimi düşmənin başına enmişdi.
Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri ilə yanaşı, bütün güc strukturları – Sərhəd Qoşunları, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, hətta polis əməkdaşlarımız belə – çiyin-çiyinə vuruşurdu. Onlar bir amal uğrunda, bir bayraq altında, bir nəfəs kimi döyüş meydanında dayanmışdılar.
Arxa cəbhədə isə xalqımız ordunun əsl dayağına çevrilmişdi. Əsgərə çörəyini, suyunu, isti geyimini, dualarını göndərən sadə kəndlilərdən tutmuş, orduya qatılmaq üçün müraciət edən gənclərə qədər hər kəs döyüşün bir parçasına çevrilmişdi. Xalqın sevgisi, dəstəyi və inamı ön cəbhədəki güllə kimi əsgərlərimizə qüvvət verirdi.
Bu böyük birliyin gücü idi ki, düşmənin illərlə qurduğu sədlər bir-birinin ardınca dağıldı və Vətən torpağı addım-addım azadlığa qovuşdu.
Bu döyüşlərdə igidlik və qəhrəmanlıq göstərmiş ordumuzun zabit və əsgərlərinin, eləcə də silahdaşım olan xüsusi təyinatlılarımızın adlarını bir-bir sadalamaq istərdim. Lakin onların sayı o qədər çoxdur və hər birinin göstərdiyi şücaət o qədər dəyərlidir ki, texniki olaraq hamısını qeyd etmək mümkün deyil. Amma bilin ki, hər birinin adı tarixə qızıl hərflərlə yazılıb, xatirələri isə qəlbimizdə əbədi yaşayacaq.
Bu müqəddəs missiyanın bir parçası olan xüsusi təyinatlılar artıq döyüş qabiliyyətini tam bərpa etmiş, qarşıya qoyulacaq tapşırığı yerinə yetirməyə tam hazır idilər. XTQ-nin bütün hərbi hissələri döyüş əmri almış, komandirlər isə aldıqları göstərişlərə əsasən bölmələrini böyük diqqətlə hazırlayırdılar. Mən də zamanın yetişdiyini hiss etdiyim üçün həyəcan və məsuliyyətlə öz hazırlıqlarımı görürdüm.
Hərbi hissə komandiri ilə qarşıdakı döyüşün planını müzakirə edirdik. Elə bu an rabitəçi tələsik yaxınlaşıb komandanın mənimlə danışmaq istədiyini bildirdi. Dəstəyi götürüb diqqətlə qulaq asdım və komandanı çağırdım.
— “Zəfər-67”, “Bəbir-36”, qəbul.
— “Bəbir-36”, “Zəfər-67”, qəbulda. Gözləyin, — komandanın rabitəçisi cavab verdi. On-onbeş saniyə sonra komandanın yorğun səsi eşidildi. Mən komanda mərkəzində olanda onun yuxusuz, yorğun gözlərini görmüşdüm; əməliyyat şöbəsinin zabitlərindən komandanın neçə gündür yatmadığını soruşmuşdum.
— Cənab polkovnik, komandan əməliyyat başlayan gündən bir dəqiqə olsun yatmayıb. Düşündük bəlkə bura gələndə yolda yatar, amma yatmadı. Bütün yolu, xəritədə verilən tapşırıqlara əsasən qərarlar qəbul etdi və bütün hərbi hissələrə göstəriş verdi. İşimiz o dərəcədə gərgin idi ki, hətta yemək də yeməyib.
Hikmət Mirzəyevlə ilk tanışlığımız 1994-cü ildə olmuşdu. O vaxt mən Tərtər bölgəsində hərbi hissədə bölük komandiri idim, Hikmət Mirzəyev isə “N” saylı əlahiddə xüsusi təyinatlı taborun komandiri idi— onun komandirlik etdiyi tabor Tərtər rayonunun Qırmızıbazar yaşayış məntəqəsində müdafiə rayonunu tuturdu. Onun sağ tərəfində isə mənim bölüyümün dayaq məntəqəsi idi. O zamandan onun nə qədər tələbkar və işinə məsuliyyətlə yanaşdığını görmüşdüm.
Sonradan, Hikmət Mirzəyev 1998-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirib polkovnik Lənkəran Əliyevin yerinə bizim hərbi hissəyə komandir təyin olunanda, mən həmin hərbi hissənin 3-cü taborunun komandiri idim və Qaraheybət Təlim Mərkəzində tabor komandirlərinin təkmilləşdirilməsi kursunda oxuyurdum. Həmin vaxt mənim yaşım 24 olsa da, artıq iki ildir — yəni 22 yaşından — tabor komandiri idim.
Polkovnik-leytenant Hikmət Mirzəyev gəldiyi ilk gündən şəxsi heyətin şəxsi işlərinə baxaraq komandiri və zabit heyətini öyrənirdi; mənim çox gənc yaşda tabor komandiri təyin edilməyimi bəyənməmişdi. Düşünürdü ki, bəlkə Lənkəran Əliyev məni vaxtından əvvəl bu vəzifəyə təyin edib. Buna görə də məni tabor komandiri vəzifəsindən çıxarıb təqdimatımı hərbi hissənin əməliyyat şöbəsinə zabit kimi göndərmişdi.
Birlik komandiri general Kərim Vəliyev təqdimatı gördükdə ona zəng edərək soruşmuşdu:
— Hikmət, Zaurun təqdimatını göndərmisən. Bilirsənmi, o hələ kursdadır.
— Bilirəm, cənab general, amma düşünürəm ki, o hələ çox gəncdir taboru idarə etməyə. Hələ ki, əməliyyatda işləsin, öyrənsin, sonra tədricən təyin edərik.
— Sən özün bölük, tabor komandiri olanda neçə yaşın vardı?
— O vaxt döyüş vardı, cənab general, məcbur idik.
— Sən belə elə. Qoy kursdan qayıtsın, onu tanı, sonra baxarıq. O çox yaxşı zabitdir və sənə çox köməyi dəyəcək. Mən təqdimatı geri qaytarıram.
Bunları mən çox sonralar — Xüsusi Təyinatlı Qüvvələrdə komandan müavini olanda, general-polkovnik Kərim Vəliyevin Xüsusi Təyinatlı Qüvvələrə gəldiyi vaxt üçlükdə bir yerdə söhbət etdiyimizdə özləri mənə demişdilər.
1998-ci ilin iyun ayında kursdan qayıtdım və bir ay keçməmiş Hikmət Mirzəyev mənim heç kimin adamı olmadığımı, tutduğum vəzifəyə bəlkə də o vaxtlaröz üzərimdə başqalarından daha yaxşı çalışdığım üçün təyin edildiyimi gördü. Doğrudan da o dövrlərdə edə biləcəyimizdən çoxunu edərək hər an döyüş hazırlığı ilə məşğul idik. Çünki atəşkəsin 26 ildən çox davam edəcəyinə inanmırdıq və qarşıda tezliklə ola biləcək əməliyyatlara hazırlaşırdıq.
1999-cu il aprelin 30-da ulu öndər Heydər Əliyevin sərəncamı ilə Xüsusi Təyinatlı Qüvvələr yaradıldıqda və Hikmət Mirzəyev komandir təyin ediləndə, o qəbuldan qayıdan kimi məni çağıraraq yeni yaranmış XTQ-də birlikdə xidmət etməyi təklif etdi.
Bu illər ərzində — Türkiyədə Quru Qoşunlar Akademiyasında təhsil aldığım müddət də daxil olmaqla, cəbhə bölgəsində hərbi hissə komandiri olduğum dövrlərdə Xüsusi Təyinatlı Qüvvələrdən kənarda olsam da — biz demək olar 22 ildən çox biri yerdə xidmət edirdik. Bir-birimizi yaxşı tanıyırdıq; hər sözündən nə demək istədiyini anlaya bilirdim və o da mənim qərarlarıma həmişə hörmətlə yanaşırdı.
İndi isə radio-rabitədə məni çağırmasının səbəbini anlayırdım: əgər məni çağırırdısa, demək qərarında ciddi bir dəyişiklik var idi.
— “Bəbir”, sən təcili ehtiyat komanda məntəqəsinin rəhbərliyini üzərinə götürməlisən. Orada hər şeylə tanış ol və məni yığ.
— Oldu, — deyib hərbi hissə komandirinə baxdım.
— Qardaş, mənim tapşırığım dəyişdi. Mən Ehtiyat komanda məntəqəsinə gedirəm. İnşallah irəlidə döyüşdə görüşərik.
— Uğur olsun, cənab polkovnik.
1 sentyabrda gecənin düşməsilə cəbhə xəttinin içərilərində olan Ehtiyat Komanda Məntəqəsinə doğru hərəkətə başladıq. Düşmənin yarılmış cəbhə xəttinin boşluqlarından istifadə edərək ora çatmalıydıq. Qatı qaranlıq ətrafımızdakı yüksəkliklərin ətəklərinə çökmüşdü. Sanki gecə də bu torpaq uğrunda gedən döyüşlərin şahidi olmaq üçün səssizliyə qərq olmuşdu. Atəşin gurultusu səngisə də, ölüm qoxuyan külək hələ də səngərlərin arasından süzülürdü.
Biz Lələtəpənin ətəyindən keçib cəbhənin dərinliyinə səssizcə irəliləyirdik. Hər tərəfdə şiddətli döyüşlərin soyuq izləri qalırdı – partlamış minaların və top mərmilərinin açdığı çuxurlar, vurulmuş, hələ də yanmaqda olan texnikalar, yerə səpələnmiş müxtəlif çaplı gilizlər, dağıdılmış mövqelər, düşmənin hər yerdə gözə dəyən cansız bədənləri... Barıt və yanıq qoxuyan torpaq, ölümün izi ilə yoğrulmuş səngərlər... Gecənin qaranlığı belə, havada asılı qalan toqquşmanın həyəcanını boğa bilmirdi. Düşmənin ön xətti yarılarkən zabit və əsgərlərimizin göstərdiyi fədakarlıq hər qarışda iz qoymuşdu.
Yanımda əyləşmiş zabit, diqqətlə ətrafa baxdığımı görüb söz demək üçün icazə istədi:
– Cənab polkovnik, bir bilsəniz bizim əsgərlər bu cəbhə xəttinin yarılması üçün nə ediblər... düşmən tanklarımızı Kornetlə vursalar da, minaya düşsələr də, digərləri qorxmadan yandan keçərək irəliləyirdi. Görün, bizim əsgərlərin ürəklərində Vətən sevgisi nə qədər güclüdür ki, onlar minaların üzərinə atılaraq, bədənləri ilə bölmələrə irəliləmək üçün yol açıblar. Bizimkilər bəzi yerlərdə minaya düşmüş döyüş yoldaşlarının cansız bədənlərinin üzərindən adlayaraq irəli atılıblar. Cənab polkovnik, heç tarixdə belə bir şey olub görəsən?
Mən nə deyəcəyimi bilmədən ona baxdım. Bu, bəlkə də dünya müharibələrinin heç birində görünməmiş bir qəhrəmanlıq nümunəsi idi – canını torpağına sipər edən, ölümə meydan oxuyan Azərbaycan əsgərinin fədakarlığı!
Bu igidliyi ancaq Azərbaycan xalqı, Azərbaycan zabiti yetişdirə bilərdi! Vətən üçün, torpaq üçün ölümə gülümsəyərək gedən, öz qanı ilə tarix yazan igidlər idi onlar!
Bizi təyin edilmiş nöqtəyə çatdıracaq kvadrosikl torpaq yol boyunca işıq yandırmadan irəliləyirdi. Gözlərimiz qaranlıqda uzanıb gedən yolu diqqətlə süzür, hər kölgəni, hər hərəkəti izləyirdik. Silahlarımız əlimizdə, barmaqlarımız tətiyin üzərində idi – hər an düşmənin gözlənilməz hücumuna hazır olmalıydıq. Gecənin dərin sükutu içində yalnız kvadrosiklin boğuq səsi və nəfəsimizin ritmi eşidilirdi. Payızın ilk həftəsi olsa da, üzümüzü isti hava axını yalayırdı.
Əməliyyat zabitinin göndərdiyi koordinata çatanda sürəti bir az azaltdıq. Yoldan sağa çıxıb sağdakı dərəyə endik. Kvadrosikli saxlayıb dərənin dərinliyinə piyada hərəkət etdik. İrəlidə qərargah avtomobilinin antenası görünürdü, amma tam əmin olmadan yaxınlaşmaq olmazdı. Matarolla tipli rabitə vasitəsilə Maisin (polkovnik Mais Quliyev) nömrəsini yığdım.
— Bəli? — o əvvəlcə tanımadığı üçün qısa və ehtiyatlı cavab verdi.
— Mais, mənəm. Tanıdın?
— Bəli, bəli — onun sevincək səsi çatdı.
— Biz yaxınlardayıq, amma əmin deyilik sizsiniz yoxsa yox. Uşaqlara deyin, dərənin içi ilə sizə doğru gəlirik, çıxsınlar qarşımıza.
— Oldu, cənab polkovnik.
Birazdan irəlidən bir qaraltı bizə doğru gəldi.
— Mənəm, cənab polkovnik, Abışov Qoşqardı, — qaranlıqdan səs gəldi.
Hərəkətə davam etdik və ehtiyat komanda məntəqəsinin zirehli avtomobili — SandCat —ın yanına yaxınlaşdıq. Ehtiyat komanda məntəqəsi bir neçə idarəetmə, rabitə və təminat maşınından ibarət idi. Hər şey sakit, nizamlı və gözlənildiyi kimi görünürdü; amma sınanmış təcrübə deyirdi ki, səssizlik də bəzən təhlükənin maskasıdır.
XTQ-nin bütün hərbi hissələri artıq Cəbrayıl rayon mərkəzinin azad olunması üçün hücuma hazır mövqelərini tutmuşdular. Səhəri gün – 3 sentyabrda – Ali Baş Komandanın xalqımıza hər gün verdiyi müjdə siyahısına daha bir müqəddəs xəbər əlavə olunacaqdı:
“Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır!”
Lakin həmin an səngərlərdə, döyüş meydanında bizimlə bərabər olan silahdaşlarımızdan bəzilərinin sabah bu xoş xəbəri eşitməyəcəklərindən, adlarının şəhidlik zirvəsinə yazılacağından xəbərləri yox idi. Onlar ölümün gözünə dik baxaraq, ən uca məqama – Vətən yolunda can vermək şərəfinə – yüksələcəkdilər.
O an biz həm qürur, həm də nisgil yaşayırdıq: qürur – çünki torpaqlarımız azad olunurdu; nisgil – çünki bu azadlığın qiyməti silahdaşlarımızın qanı ilə ödənilirdi. Onların ruhu isə artıq döyüş meydanında bizimlə idi, hər güllənin səsində, hər addımın izində.
Bu azadlıq xəbəri həm sevinc göz yaşlarını, həm də şəhidlərimizin xatirəsinə hörmətin sarsıdıcı ağırlığını gətirdi. Biz bilirdik ki, Cəbrayılın azadlığı təkcə bir rayonun deyil, bütün xalqın qürurunun dirçəlişiydi – və bu dirçəlişin hər damlasında şəhidlərimizin müqəddəs qanı vardı.
ARDI VAR...
Bizim.Media

