Icma.az
close
up
RU
525 ci qəzet Həvəs həmin həvəs, sevgi həmin sevgi Bayram Məmmədov yazır

525 ci qəzet Həvəs həmin həvəs, sevgi həmin sevgi Bayram Məmmədov yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Dördüncü kursda oxuyanda Bakının 158 saylı orta məktəbində pedaqoji təcrübədə idik. VIII sinifdə sınaq dərsindəydim. Yeni dərsin izahı mərhələsində Mehman adlı şagird məni dinləmirdi, arxada oturan şagirdə davamlı olaraq nəsə deyirdi. İrad tutmadım, izahımı davam etdirə-etdirə ona yaxınlaşmışdım, əlimi çiyninə qoyub dərsi öz ahəngində davam etdirmişdim. Dərs başa çatmışdı. Təcrübə rəhbərimiz Əmralı Şirəliyev mənim yanaşmamı bəyənmişdi, "Sən müəllim təmkini ilə mövzunu tam, kəsilmədən izah etdin. Həm də Mehmana dərsin içində yaxşı dərs verdin...", - demişdi. Müəllimimizin dedikləri mənim müəllimliyə ehtiramımı daha da artırmışdı...

İllər sonra Zəngilanın Cahangirbəyli kənd orta məktəbində müəllimlərlə söhbətləşəndə bu hadisəni də xatırlatmışdım. Onda Sona müəllim təbəssümlə "Belə bir vəziyyətlə mən də rastlaşmışam. Mən də eynən sizin kimi eləmişdim..." - demişdi. Onda ustad pedaqoqumuz, yazıçı Abdulla Şaiqin bir şeirinin bir misrasını xatırlatmışdım: "Həpimiz (hamımız - B.M.) bir Günəşin zərrəsiyik", - demişdim; Sona Camalovanı bacarıqlı bir müəllim kimi tanımışam... 

1965-ci il yanvarın 29-da Zəngilan rayonunda ilk alitəhsilli kənd təsərrüfatı mütəxəssislərindən biri olan Məşi Camalovun ailəsində anadan olan Sona uşaqlığından göz açıb kitablar görüb; Məşi Camalovun evdə özünün kitabxanası olub. Kitablarla ünsiyyət balaca Sonanın dünya duyumunu da genişləndirib, söz ehtiyatını da artırıb. Ədəbiyyatı sevib, özünü ədəbiyyatın pərvanəsi bilib Sona Camalova.

Orta məktəbdə oxuduğu illərdə musiqiyə də böyük marağı olub. Valideynləri onun bu marağını gerçəkləşdirib, Sona Məşi qızı Zəngilan şəhər musiqi məktəbində fortepiano üzrə 7 illik təhsil alıb...

Orta məktəbi bitirən Sona sevdiyi ədəbiyyatı şagirdlərə də sevdirmək üçün ədəbiyyat müəllimi olmağı qərara alıbmış. 1983-cü ildə Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olunub. Oxuyub, öyrənib, öyrənib, oxuyub. Hansı marağa görəsə, elmi araşdırmalara da həvəsi olub Sonanın. Tələbə Elmi Cəmiyyətinin xətti ilə bu və ya digər mövzuda elmi araşdırmalar da aparıb, cəmiyyətin konfranslarında çıxışlar edib, bir neçə dəfə birinci yeri də tutub...

Sona Camalova müəllimlərini həmişə ehtiramlarla xatırlayır. Validə müəllimi, Allahverdi müəllimi, tələbəlik illərində müəllimi olmuş akademik İsa Həbibbəylini, filologiya elmlər doktoru Vəliyəddin Əliyevi, professor Yavuz Axundovu, ...unutmayıb, unutmur, unutmayacaq...

Ədəbiyyatımızı da sevib, tariximizi də. Ədəbiyyat tariximizi tariximizlə birlikdə öyrənmə həvəsi ilə diplom işi mövzusu olaraq XVI əsrin həm hərb xadimi, həm də söz bilicisi - şair Şah İsmayıl Xətainin poeziyasını seçib. Gözəl, elmi baxımdan təkmil bir əsər yazıb. Dövlət İmtahan Komissiyasının üzvləri onun diplom işini elmi baxımdan mükəmməl əsər kimi dəyərləndirib. İndi də xatırlayır: müəllimləri diplom işinin müdafiəsindən sonra dediyi fikri də bəyəniblər: Xətaimizin kəlamını mən də yerinə yetirdim. Çiy loxma çeynəmədim... Ona "Ömrü belə yaşayanlardan ol, tələbə Sona, müəllim Sona!" - deyiblər...

1987-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. Tələbəliyin sonu Sonanın həyatında müəllimliyin başlanğıcı kimi tarixləşib. Və bu tarixləşmə ona atası verdiyi adla bir sırada bir ad da verib: müəllim. Hamı onu Sona müəllim kimi tanıyacaqdı.

Təyinatla Zəngilan rayonuna, Cahangirbəyli kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi göndərilib. İlk tədris ilinin ilk dərsini unutmur: "Bir qədər həyəcanlıydım. Bir vaxtlar şagird kimi daxil olduğun sinif otağına müəllim kimi daxil olurdum. Bir vaxtlar baxıslarım müəllimimizin baxışlarına dikilərdi, onda baxışlarım şagirdlərimizin baxışlarına sarılmısdı. Əvvəlki doğmalığı sezincə həyəcanım sovuşdu..."

Üç il bu məktəbdə müəllim işləyib. Sevdiyi ədəbiyyatı sevdirib. Bu sevgini şagirdləri ilə qoşa yaşayıb. 1990-cı il sentyabrın 1-dən Zəngilan şəhər 3 saylı orta məktəbdə işləyib.

Faiq Rzayevlə ailə qurmuşdu. Faiq "Kommuna" sovxozunda azad komsomol komitəsinin katibi və Zəngilan rayon komsomol komitəsinin təşkilat şöbə müdiri vəzifələrində işləyirdi. Erməni xislətinin sərhədlərimizə yaxınlaşdığını onlar da hiss edirdi. Vətəndaş olaraq bu, onların da heysiyyətini titrədirdi. Ermənilər 366-cı alayın fəal iştirakı ilə Xocalıda faciə törətmişdi. Bu qansızlıq Faiqin də nifrətini kükrətmişdi. Ürəyinin hökmü ilə Zəngilan rayon daxili işlər şöbəsinə müraciət etmişdi. Onun vətənpərvərliyinə razılıq verilmişdi...

Faiq də torpağı qoruyanların sırasındaydı. Gənc vətənpərvər polis zabiti Zəngilan uğrunda gedən döyüşlərdə dəfələrlə mərdliklə vuruşmuş, sərhəd kəndlərində əhalinin təhlükəsizliyinin qorunmasında əsl şücaət göstərmişdi...

1993-cü il avqust ayının 24-ü idi. Həmin gün Faiq Rzayev döyüş əmrini yerinə yetirməyə gedərkən  yolda maşınına yanacaq dolduranda partlayış baş vermişdi...

Baş leytenant Faiq Rzayev faciəli şəkildə həlak oldu... Zaman dayanmadı, Sona zamanı Faiqin yadigarı olan qızı Səmirəni (Səmirə Rzazadə Azərbaycan Dövlət Dillər Universitetini "Fərqlənmə diplomu" ilə bitirib. Hazırda Sumqayıt şəhər Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışır) böyütməyə, atasının ruhunun işığına yönəltmişdi. Faiqsizliyin ağrıları gizildəməkdəykən Vətənin ağrılarına tuş gəldilər. Düşmən Zəngilanı mühasirəyə almışdı. Köməksizliklə baş-başa qalmışdı Zəngilan. Yağışlı bir oktyabr günündə Sona üç yaşlı qızıyla birlikdə Arazın ləpədöyənindəydi. Çayı keçib qaçqınlıq həyatının dözülməzliklərinə düşənlərin sırasında onlar da olacaqdı...

Bakıya gəliblər, Bakıda məskunlaşıblar (niyəsə, yaşama ifadəsi ilə məskunlaşma ifadəsi arasında eynilik görə bilməmişəm...). 

Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olunub. Dərdini büruzə verməməyi bacarıb, dərdlilərin dərdini öz dərdi bilib. Hamı onu özünə könül həmdəmi bilib. "Dərdin nazı çəkilməməlidi, dərdi dərdqananlığınla dara çəkməlisən...", - Sona müəllim belə düşünürdü. Tezliklə həm müəllimlərin, həm də şagirdlərin rəğbətini qazanıb. Şagirdləri sevirdi, müəllimliyi sevirdi. Zəngilanda belə işləmişdi. Yeni iş yerində də belə işləyəcəkdi.

1997-ci ildə Sumqayıt şəhərinə köçmüşdü, Sumqayıt şəhər 7 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olunmuşdu. "Mənim şagirdim mənim qürurumdur" - düşüncəsiylə işləyən müəllimlərdən idi Sona müəllim. Bu qüruru böyük könül xoşluğu ilə "Müstəqil Azərbaycanın gələcəyini necə görürəm" adlı inşa müsabiqəsində şagirdi respublika üzrə 1-ci yerə layiq görüləndə də yaşamışdı...

Müəllimliyi peşə kimi sevirdi, indi vətəndaşlıq borcu kimi sevir. Bu borc onun ömür fəlsəfəsidi: Öyrətməlisən, öyrədəndə günlərin də, ayların da, illərin də ömürləşir. Sona müəllim belə düşünür. Onun fəaliyyəti Sumqayıt Şəhər Təhsil İdarəsinin də diqqətindən yayınmayıb. Bacarıqlı müəllim kimi şəhərin təhsil şəbəkəsində adı həmişə qabaqcıllar sırasında çəkilib. 2002-ci il dekabrın 4-də "İstedadlı şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafında səmərəli fəaliyyətinə görə" Azərbaycan Respublikası Təhsil Nazirliyi onu Birinci Dərəcəli Diplomla təltif edib. İki şagirdinin respublika fənn olimpiadasında birinci yerə layiq görülməsi onun müəllimliyinin nəticəsi kimi dəyərləndirilib. 2005-2006-cı tədris ilində pedaqoji təcrübəsi Sumqayıt təhsil müəssisələrində yayılıb (buna qabaqcıl iş təcrübəsi deyirlər). Belə hallar həmişə olmur, belə bir etimad hər müəllimə göstərilmir...

İkinci Qarabağ müharibəsində ordumuz tarixi Zəfər qazandı. Həmin gün Sona müəllim bütün zəngilanlılara xitabən dedi: Gözünüz aydın, nisgilimiz sona çatdı!.. Şəhidlərə "Ruhunuz şad olsun!" deyib...

2007-ci il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2015-ci il oktyabrın 2-də ona Əməkdar müəllim adı verilib. Hər iki mukafat onun sevdiyi peşəyə sevgisinin nəticəsidir. Bu sevgi ilə yaşayıb, bu sevgi ilə işləyib, bu sevinci də bu sevginin işığında yaşayıb. "Məni qohumlarım, tanışlarım, tanıdıqlarım təbrik etmişdi. Şagirdlərimin səmimi təbrikləri məni çox kövrəltdi. Onda, nə danım, gözlərim yaşardı, göz yaşlarım kirpiklərimi islatdı...", - Sona müəllim təltiflərdən söz düşəndə belə deyir. Onun kəlmələri ehtiram kimi dinlənilir: şagird adına ehtiram kimi, sabahın vətəndaşlarına ehtiram kimi, müəllim adına ehtiram kimi və azərbaycançılığa ehtiram kimi...

Sona Camalova Sumqayıt şəhərindəki 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. "Elə bil 1987-ci ildi, hər dəfə sinfə belə gedirəm. Heç nə dəyişməyib, dəyişən təkcə şagirdlərimdi. Həvəs də həmin həvəsdi, sevgi də həmin sevgidi. Əminəm ki, şagirdlərimizin təhsilə ciddi sevgisini ömrümün bu çağına şükranlıq biləcəm. Əminliyim belədir...", - bu kəlmələri müəllimlik peşəsinə verilən dəyər bilirəm. Həm də yaxşı tanıdığım yaxşı bir müəllimin verdiyi dəyər.

2021-ci il oktyabrın 20-si gününü də heç zaman unutmayacaq. Zəngilandaydı. Həm də ruhunun uçunduğu bir məqamda: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə Zəngilanda səfərdəydi. Bu biçim sevinci yaşamağı ömrünə qazanc bilir Sona müəllim. Ağlaya-ağlaya çıxdığı Zəngilana böyük könül xoşluğu ilə qayıtmışdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban Əliyeva  ilə Zəngilanın küçələrində söhbətləri, onlarla küçələri birlikdə gəzişməsi ona dünyanı bəxş edib. Ayağı dəyən torpağı bağrına basıb öpmək istəyib o anlarda. Gözlərinin yaşı dayanmayıb, amma bu göz yaşları sevincdən axıb.

Müəllimlər haqqında çox yazılıb. Hamısı da sevgiylə, ehtiramla. Şeirlərin hər misrasından bu sevgi, bu ehtiram boy göstərib. İslam Səfərlinin "Müəllim" şeiri də belə şeirlərdəndir. Bu şeiri həm də Sona Camalovaya ünvanlayıram; İslam Səfərli bu şeiri belə müəllimlərə ithaf edib, şübhəsiz:

Gəlin alqış deyək, dostlar, ürəkdən

Əsl müəllim tək yaşayanlara

Şeirimlə gül dəstə bağlayıram mən

Bu adı şərəflə daşıyanlara!..

Əməkdar müəllim Sona Camalovanın şagirdi olanlara Zəngilanda da, Sumqayıtda da həsəd aparıblar. Bilməyiblər ki, onun işığı məktəbdə bütün şagirdlərinin təfəkkürünü işıqlandırır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri