Icma.az
close
up
RU
525ci qəzet Antipoeziya Firuz Mustafadan poetik nümunələr

525ci qəzet Antipoeziya Firuz Mustafadan poetik nümunələr

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Firuz MUSTAFA

Oxucum! Adın nə, soyadın nədir?

Bilmirəm... Di gəl ki, sözüm sənədir.

Ünvanın necədir? Neçədir yaşın?

Kişisən, ya qadın, ay canım-gözüm?

Bəlkə işin-gücün başından aşır?..

Bilmirəm... Di gəl ki, sənədir sözüm.

Sənə bir sirr açım, mənə qulaq as:

Ağlı olanların baxtı olmayır.

Əgər vaxtın varsa dərdləşək bir az,

İşi olmayanın vaxtı olmayır...

lll

Mən hələ ölməyə hazırlaşmıram,

Əcəlin əmriylə razılaşmıram.

Hələ tələsməyin kədərlənməyə,

Hələ yetişməyib bu ömrün sonu.

Mən ölümqabağı üz tutub göyə

Özüm yazacağam nekroloqumu.

Başsağlığı verib, özüm özümə

Fatihə surəsi oxuyacağam.

Günəşin nurunu təpib gözümə,

Kipriyimlə kəfən toxuyacağam.

lll

Deyəsən, qocalıq qapını döyür, -

Postmodernist könlüm belə söyləyir.

Rembrand, Pikasso, Mircavad, Dali,

Servantes, Axundov, Kant, Hemunquey...

İstər ağıllı ol, istərsə dəli -

Həyatın son ucu ölümdur, eheyyy!..

At kimi çapırsan üzü ölümə -

İstər dilənçi ol, istərsə xaqan.

Bir yüngül epitet gəlir dilimə:

Qurd kimi ulayır damarımda qan.

lll

Deyirsən: "Həyatın mənası nədir?

Hər ömür bir nağıl, bir əfsanədir".

Nağılla gəlmişik, bəli, dünyaya,

Elə həyatı da nağıl etmişik.

Nağılla yetmişik haya-haraya,

Deyirəm nə yaxşı ağıl etmişik.

Nağılsız adamalar dinsiz-imansız,

Belə adamlara qalmayıb inam...

Bu həyat necə də qəddar, amansız;

Həyata inanma, nağıla inan.

lll

Sən demə, mənim də rəqibim varmış, -

Həmişə kölgəmi qılınclayırmış.

Düzü, mən bilmirəm o zalım oğlu

Nə üçün hədəfə alıbmış məni;

O, öz aləmində kəsib yolumu

Hələ kəməndə də salıbmış məni.

Hətta, arxam ilə deyib-gülürmüş,

Söyüş də söyürmüş yeri gələndə.

Yəqin zalım oğlu elə bilirmiş

Nəhəng istedadam, dahiyəm mən də.

lll

Guya ki, "fəth edib" dağı, zirvəni,

Tez-tez aldadırlar dostlarım məni.

Mənə dürlü-dürlü yalan satırlar

Mən də inanıram. Neyləyim axı?

Yuxuma nə qədər haram qatırlar;

Bəzən heç qaradan seçmirəm ağı.

"Hərdən yalanın da xeyri var, bildin?" -

Mənə belə dedi bir təbib bu gün.

Onda dostlarıma təşəkkür edim

Mənə satdıqları yalanlar üçün.

lll

Zamanın çox zalım qanunları var:

Niyə qışdan əvvəl gəlməyir bahar?

Gör illər ömründən nələr aparır:

Şux yeriş, qara saç, lalə yanaqlar.

Bəs nələr gətirir ömrün "qatarı":

Ağ saçlar, qırışlar, solğun dodaqlar...

Hər şeyi özünə dərd eləmə gəl,

Payız çiçəkləri qışa baş əyir.

Bu dünyaya meydan oxuyan gözəl

Kişiyə baş əymir, yaşa baş əyir.

lll

Mən nələr görmüşəm dünyada, nələr, -

Sən bilsən dərdinin üstə dərd gələr.

Düşmən qazanmışam, dost itirmişəm,

İntiqam almışam özüm özümdən.

Dünyaya özümlə dərd gətirmişəm -

Dünyadan o dərdlə gedəcəyəm mən.

Mənim dərdlərimin kökü dərində,

Budağı buluddan daim nəm çəkir.

Elə dostları da, düşmənləri də

Özüm qazanmışam, Allaha şükür!

lll

Hər bir şey dəyişir, su kimi axır.

Demək nə əzəl var, nə də ki, axır.

Bəlkə də biz qonaq gəlmişik Yerə,

Zamanın içində zaman yaşayır.

Sirdir, möcüzədir adicə zərrə,

Ümmanın içində ümman yaşayır.

Səbəb tanrıdandır, bunu yaxşı bil, -

Gərək öz qismətin, öz ruzin olsun.

Heç kəs bu dünyada əbədi deyil,

Hər zaman yanında Firuzun olsun.

lll

Adamlar hamısı eynidir, eyni -

Eynidir hamının ürəyi, beyni.

Bütün adamların qaşı-gözü var,

Hamı nifrət edir... sevir... aldanır...

Hərənin bir ağzı, iki gözü var,

Adamlar hamısı "adam" adlanır.

Nifrətlə yanaşsan, sən adamlara

İtər ünsiyyətin, ağzının tamı.

Çalış adamlarda yaxşılıq ara -

O vaxt görərsən ki, yaxşıdır hamı.

lll

Deyirsən: "Hər sözə min bir yozum var,

Fəqət bu dünyada bir Firuzum var".

Sağ ol o sözünçün, o Firuzunçün,

Çiçəyin, gülünçün var ol, ay gözəl.

O gülər gözünçün, o ağ üzünçün,

O sevən könlünçün var ol, ay gözəl.

Sevib sevilməyən heç vaxt ucalmaz,

Demə ki, axırdan əzəl gözəldir.

Gözəllik qocalmaz, gözəl qocalmaz,

Elə hər bir yaşda gözəl, gözəldir.

lll

Deyirəm bir azca imkanın ola,

Başını götürüb çıxasan yola.

Bu bəd əməlləri, saxta üzləri,

Şişman qarınları görməmək üçün

Zülmət gecələri, boz gündüzləri

Dəf edib, göylərə uçasan bir gün.

Yerin orbitindən çıxıb, sonra da

Rahat yer seçəsən göydə özünə.

Kefin lap kök ola, hətta, arada

Ordan tüpürəsən bu yer üzünə.

lll

O qara zurnada bir şən hava çal,

Qoy getsin könlümdən bu dərd, bu məlal.

Qoy dağlar köksümdə versin baş-başa,

Mənsə zirvələrin əlini sıxım.

Zurna sədasıyla girib savaşa

Düşmənin başında şimşək tək çaxım.

Bu dünya çəkəmməz mənim qəmimi,

Təşrif gətirmişəm mən hüzuruna.

Qara günlərimin gəl ol qənimi,

Gəl ovut ruhumu, sən, qara zurna.

lll

Məndən yayındırıb baxışlarını,

Yay kimi çatmısan sən qaşlarını.

Nə olub? Nə üçün dodaqlarında

Gülüşün donaraq daşa dönübdür?

Sanki daş asılıb ayaqlarından,

Könlünün alovu, odu sönübdür.

Sanki dar ağacı gözləyir səni.

Ay Allah, bu baxış, bu duruş nədir?

Gözlərin ekrana bənzəyir sənin,

Orada qorxulu filmlər gedir.

lll

Mənim gözlərimdən getməyir bir an

O payız səhəri, o çən, o duman.

Hələ mürgüləyir Şimal şəhəri.

Hər tərəfdə sükut. Sənsən, bir də mən.

Səni qucaqlayıb payız səhəri,

Məni quzaqlayan səhərsə - sənsən.

Otaq. İsti yataq. Alaqaranlıq.

Sanki fəzadayıq. Dayanıb zaman.

Səni xatırladım yenə bir anlıq...

İndi yaddaşıma çöküb o duman.

lll

Səadət evimin içində imiş,

Səadət burnumun ucunda imiş.

Fəqət mən qədrini bildimmi sənin,

Duydummu könlündən gəlib keçəni?

Axan göz yaşını sildimmi sənin,

Qovdummu yolundan dumanı, çəni?

Bəzən üstələyir doğru yalanı,

Natəmiz önündə diz çökür təmiz.

Qədrini bilmirik bizim olanın,

Bizim olmayanı axtarırıq biz.

lll

Birinə deyirlər: çox az yaşadı,

Birinə deyirlər: əsrin yaşıdı.

Allahın əmrindən çıxmaq olmayır,

Hər kəsin ömrünün öz sərhəddi var.

Birinin ömrünün gülü solmayır,

Birinin ömrünə gəlməyir bahar.

Adam var ömrünü veribdir yelə,

Adam var hər ilə bir tarix yazır.

Nə qədər yaşamaq şərt deyil hələ, -

Necə yaşamaqdır ömrün mənası.

lll

Bəyəm xoşbəxtliyin düsturu olur?

Sədaqət + (üstəgəl) məhəbbət. Budur.

Budur xoşbəxtliyin düsturu, gülüm!

Təkcə sevmək azdır biləsən bunu.

Bir dəli sevdanın soyuyan külü

Könlünə dağ çəkər ömrün uzunu.

Təkcə sevmək azdır, sevməyə nə var?

Sevərsən-köksündə alışar ürək.

Səadət düsturu olub, yenə var;

Qoruya biləsən sevgini gərək.

lll

Keçirmə kamana sən oxu - yandan,

Dostun ürəyini sən oxu, yandan.

Mənim az danışmaq olsa da, peşəm,

Dostum, çox görmüşəm tost deyənləri.

Mən bu az yaşımda az görməmişəm

Hər yoldan ötənə "dost" deyənləri.

Dostun ürəyini sən oxu, yandan.

Min cəfa çəkməsən bir səfa olmaz.

Molla Pənah olmaz hər oxuyandan,

Hər yazandan Firuz Mustafa olmaz.

lll

Əlim biləyində, əlim əlində,

Əlim kürəyində, əlim telində.

Sənin yoxluğunu hamıdan əzəl

Barmaqlarım bilir, əllərim bilir.

Əlində qəlbimi aparan gözəl,

Əllərim gözümün yaşını silir.

Könlümün alovu, atəşi sönüb;

Məni qəm götürür, kədər aparır.

Barmaqlar əlimdə nidaya dönüb

Hayqırır, arxança fəryad qoparır.

lll

Bütün sevgilərin zirvəsi qadın,

Bütün sevgilərin nüvəsi qadın.

Mən qadın deyəndə ana deyirəm

Ana sevgisinə çatmaz Everis.

Ömür-gün yoldaşı, bacı bir aləm,

Övlad sevgisiylə yaşayırıq biz.

Bəlkə də sevgidir dünyanın oxu,

Onunçün bu nizam heç pozulmayıb.

Düzü, söhbət açıb sevgidən çoxu,

Amma Firuz kimi sevən olmayıb.

lll

Səni qısqanıram göydə buluda,

Səni qısqanıram yerdə sükuta.

Səni qısqanıram ota, çiçəyə,

Səni qısqanıram tikana, kola,

Gecələr yatdığın yorğan-döşəyə,

Gündüzlər gəzdiyin cığıra, yola.

Mənim üz-gözümdən qısqanclıq yağır,

Səni qısqanmasam, günah olardı,

Bir zərrəsi qədər bu qısqanclığın

Məni qısqansaydın - nə dərdim vardı?

lll

Xəzan könlümüzə dolmayıb, şükür,

Hələ arzular da solmayıb, şükür.

Şükür qüdrətinə böyük Allahın,

Hələ tapınan var  dinə, insafa.

Zalımın cəzası, yetimin ahı

Qalmaz qiyamətə, Firuz Mustafa.

Mən ölsəm - gəl  dönmə sən başdaşıma,

Ağlayıb dərdinə diləmə şəfa.

Günlərin bir günü çıxar qarşına,

Görərsən ölməyib Firuz Mustafa.

lll

Nəyinə lazımdır sənin fəlsəfə?

Fəlsəfə səninçün çürük səfsəfə.

Nəyinə lazımdır sənin filosof?

Bütün ideyalar cəfəngiyatdır.

Səninçün varlı var, bir də ki, kasıb -

Onlarçün fəlsəfə - elə həyatdır.

Söyürsən Hegeli, Aristoteli,

Yəqin axmaq olub Demokrit, Dekart.

Ax, bədbəxt Bəhmənyar, Makiavelli,

Ax, yazıq Feyerbax, ax, yazıq Sokrat...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri