6 7 yaşlı qızların hicaba bürünməsini normal saymıram Professor
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"Məktəb cəmiyyətin bir hissəsi olmaqla yanaşı, dövlətin gələcəyini müəyyənləşdirən əsas strateji sahələrdən biridir. Buna görə də dini çağırışların məktəblərə gətirilməsini düzgün hesab etmirəm".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Bədirxan Əhmədov bildirib.
Professorun sözlərinə görə, məktəb cəmiyyətin bir hissəsi olmaqla yanaşı, dövlətin gələcəyini müəyyənləşdirən əsas strateji sahələrdən biridir. Buna görə də dini çağırışların məktəblərə gətirilməsini düzgün hesab etmir.
“Cəmiyyətə müraciət edirəm: məktəblər cəmiyyətin güzgüsüdür. Məktəblərdə vahid forma var, din dövlətdən ayrıdır. Məktəb dövlətin gələcəyini müəyyənləşdirən ən böyük strateji sahələrdən biridir. Ona görə də dini çağırışları məktəblərə daxil etmək olmaz”, - deyə B.Əhmədov qeyd edib.
O bildirib ki, Azərbaycanda dünyəvilik uğrunda mübarizənin tarixi kökləri var. Professor Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və Nəriman Nərimanov kimi tarixi şəxsiyyətlərin ideyalarını xatırladaraq, onların müdafiə etdiyi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
“Biz Mirzə Fətəli Axundzadədən, Cəlil Məmmədquluzadədən, Nəriman Nərimanovdan gələn ideyaları və onların mübarizəsini unutmamalıyıq. Bu mübarizə nəticəsində dünyəvi dəyərlərə əsaslanan dövlətçilik ənənəsi formalaşıb. İndiki Azərbaycan Respublikası da həmin dövlətçilik ənənəsinin varisidir. Bu varislik bütün sahələrdə, o cümlədən mənəvi sahədə qorunmalıdır”, – deyə o bildirib.
B.Əhmədov hicab məsələsinə münasibət bildirərkən baş örtüyünün Azərbaycan cəmiyyətinə kənardan gətirilən dini ənənə olduğunu düşündüyünü deyib. Onun fikrincə, bu mövzuda müzakirələr milli-mənəvi dəyərlər və dünyəvilik prinsipləri nəzərə alınmaqla aparılmalıdır.
“Baş örtüyü məsələsini Azərbaycan milli mentalitetinə yad hesab edirəm. Bu, ərəb və ya digər müsəlman ölkələrindən Azərbaycan cəmiyyətinə, mənəvi mühitimizə daxil olan və mənim fikrimcə, təhlükəli nəticələr doğura bilən bir yanaşmadır. Düşünürəm ki, cəmiyyət bu məsələyə münasibətini aydınlaşdırmalı, məktəblərdə isə əsas diqqət təhsilə yönəlməlidir”, – deyə professor vurğulayıb.
O, məktəblərdə şagirdlərin geyiminə görə bir-birini sorğulamasının və ya təzyiq göstərməsinin yolverilməz olduğunu bildirib. B.Əhmədovun sözlərinə görə, məktəb daxilində müəyyən edilmiş qaydalara əməl olunmalı, uşaqların təhsil almasına mane olan mübahisələrə yol verilməməlidir.
“Məktəbdə heç kim digər şagirdə ‘Niyə başını bağlamırsan?’ və ya ‘Niyə başın açıqdır?’ deyə sual verməməlidir. Bura məktəbdir və burada müəyyən qaydalar var. Həmin qaydalara əməl olunmalıdır. Məsələ əslində bu qədər sadədir. Onu mürəkkəbləşdirmək, etiraz predmetinə çevirmək düzgün deyil”, – deyə o qeyd edib.
Professor əlavə edib ki, təhsil almaq istəyən hər kəs məktəbin qaydalarına hörmət etməlidir. O, şəxsi dini seçimlərin təhsil prosesində qarşıdurma yaratmasına qarşı çıxıb və uşaqların gələcəkdə daha geniş ictimai məsuliyyət daşıyacaqlarını nəzərə almağın vacibliyini vurğulayıb.
“Əgər təhsil almaq istəyirsənsə, müəyyən qaydalara əməl etməlisən. Təhsil üçün bəzi şəxsi istəklərindən keçə bilmirsənsə, gələcəkdə daha böyük məsuliyyətlər qarşısında da çətinlik yaşaya bilərsən. Vətən, cəmiyyət və millət naminə müəyyən məsələlərdə ortaq qaydalara əməl etmək lazımdır”, – deyə B.Əhmədov bildirib.
O, azyaşlı qızların hicab geyinməsinə də münasibət bildirərək, bu yaşda uşaqların şəxsiyyətinin hələ tam formalaşmadığını deyib.
“Beş, altı, yeddi yaşlı qızların hicaba bürünməsini normal hesab etmirəm. Uşağın şəxsiyyəti hələ formalaşmayıb. Belə məsələlərdə uşaqların yaşını və psixoloji inkişafını nəzərə almaq lazımdır”, – deyə professor əlavə edib.
B.Əhmədov sonda dövlətin məktəblərdə dünyəvi təhsil prinsiplərinin qorunması istiqamətində atdığı addımları dəstəklədiyini bildirib. Onun fikrincə, məktəblərdə dini çağırışlar ətrafında yaranan mübahisələrə son qoyulmalı və təhsil prosesinin əsas məqsədi olan bilik və tərbiyəyə üstünlük verilməlidir.
“Düşünürəm ki, dövlətin mövqeyini dəstəkləməliyik və bu məsələlərə son qoyulmalıdır. Məncə, bu istiqamətdə addımlar atılmalı idi, hətta daha əvvəl hərəkətə keçmək lazım idi”, – deyə o fikirlərini yekunlaşdırıb.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Oktyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















