6 rayonun taleyini dəyişəcək qərar: İcra başçısının səhvi bağışlanmadı 34 il sonra İLK
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən gün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Naxçıvan Muxtar Respublikasının idarəçiliyində və bir sıra rayonların icra hakimiyyətlərində dəyişiklik oldu. Vəzifədən azad olunan bəzi başçıların yerinə müvafiq şəxslər təyin edildi.
Dövlət başçısı qərarların ardınca Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi, Göyçay, Qax, Göygöl, Balakən, Kürdəmir və Bakının Nəsimi rayonunun yeni icra başçıları ilə görüş keçirdi. Görüş zamanı bir sıra tapşırıqlar verildi.
Prezidentin sərəncamı ilə eyni anda bir neçə rayonda edilən bu köklü dəyişikliklər maraq doğurub.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev xüsusilə Fuad Nəcəflinin Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsinə diqqət çəkir:
“Mahiyyət etibarilə, səlahiyyətli nümayəndəlik xüsusi nümayəndəliklə birlikdə yeni regional idarəetmə modeli idi. Bu, həm kadrlar, həm də yeni yaradılan sistem üçün bir imtahandır. Görünür ki, Fuad Nəcəfli bu imtahandan keçə bilmədi.
Son zamanlar Muxtar Respublikadan olan bəzi ictimaiyyət nümayəndələri problemlərlə bağlı öz narazılıqlarını ifadə edirdilər. Eyni zamanda, Fuad Nəcəflinin Muxtar Respublikadakı qurumların fəaliyyətinə müdaxiləsi də hiss edilirdi. Məsələn, Naxçıvanda bəzi qurumların, o cümlədən Ali Məclisin rəhbəri yoxdur. Bu, ümumi idarəetmə sisteminə mənfi təsir göstərən amildir. Yeni təyin edilən səlahiyyətli nümayəndə Ceyhun Cəlilov isə nisbətən gənc və daha mülayim kadr imici yaradır.
Cəlilov Azərbaycanın “ASAN Xidmət”lə yanaşı ən uğurlu layihələrindən biri olan “DOST Xidmət”in rəhbərliyində çalışıb. Sonradan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, ardınca isə Muxtar Respublikanın Baş naziri olub. O, həm yeni idarəçilik metodlarını mənimsəyib, həm də Naxçıvanın idarə olunmasında yaxından iştirak edib. Eyni zamanda, Muxtar Respublika əhalisinin problemlərini bu sahəyə rəhbərlik etmiş şəxs olaraq dərindən bilir ki, bu da önəmli faktdır. Çünki Naxçıvanda əhalinin sosial məsələlərinin və idarəetmənin sağlamlaşdırılmasına ciddi ehtiyac var. Ceyhun Cəlilov bu baxımdan uğurlu kadrdır”.
Politoloq digər bölgələrə icra başçısı təyinatını dəyərləndirib:
“Dövlət başçısı eyni zamanda Elşən Həsənlinin Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb. Elşən Həsənli bu təyinata qədər Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. O, icra strukturlarında yetişmiş kadrdır. Eyni zamanda, bu sahədə icra başçılarının strukturun öz daxilindən gəlməsi ənənəsini də formalaşdıra bilər.
Prezident İlham Əliyev həmçinin Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Elxan İbrahimov Azərbaycanda Qərb təhsilli yeganə rayon rəhbəridir. Dövlət başçısının onu paytaxtın mərkəzinə təyin etməsi son zamanlar Bakıda keçirilən beynəlxalq tədbirlərin təşkili baxımından əhəmiyyətlidir. İnnovativ düşüncəyə və geniş xarici dil biliklərinə malik kadrların paytaxt rayonlarına rəhbər təyin edilməsi həm Bakının idarəetməsinin müasirləşdirilməsinə, həm də xarici tədbirlərin daha səmərəli keçirilməsinə xidmət edəcəkdir.
Prezident İlham Əliyev Vüqar Novruzovu Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, Orxan Mürsəlovu isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Hər iki icra başçısının başqa rayonlara təyinat alması onların əvvəlki bölgələrdə etimadı doğrultduğunu göstərir.
Dövlət başçısı eyni zamanda Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Elvin Paşayev Kənd Təsərrüfatı Nazirliyindən gələn kadrdır. Bölgələrdə bu sahələrin dirçəldilməsinə ciddi ehtiyac var. Qaxda həbs edilmiş icra başçısı Musa Şəkiliyevin dövründə buraxılmış kobud səhvlər nəticəsində aqrar sahənin inkişafı xeyli geridə qalmışdı. Yeni icra başçısının ilk işi, ehtimal ki, Qaxda kənd təsərrüfatı sahəsinin canlandırılması olacaq”.
Z.Əmrəliyev Balakən rayonunun idarə strukturundakı dəyişikliyə diqqət çəkib:
“Prezident İlham Əliyev həmçinin Natiq Ağayevin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Natiq Ağayev uzun illər təhlükəsizlik orqanlarında çalışıb, 2022-ci ildə Göyçaya icra başçısı təyin edilib. Əvvəlki icra başçısı İslam Rzayevin dövründə buraxılan ciddi səhvlər və bir çox sahədə yaranan nöqsanlar nəticəsində rayonda DTX əməliyyatı keçirilmiş və icra başçısı həbs edilmişdi.
Natiq Ağayev Balakən tarixində icra başçısı təcrübəsi olan ilk rayon rəhbəri kimi tarixə düşəcək. Azərbaycan müstəqillik qazandıqdan sonra Balakənə heç vaxt başqa rayonda təcrübəsi olan icra başçısı təyin edilməyib. Bu isə rayon idarəçiliyinə daha peşəkar yanaşmanın göstərilməsi baxımından önəmlidir. Natiq Ağayevin Balakəndə mövcud olan bir çox problemi aradan qaldıracağı və sağlam mühit yaradacağı şübhəsizdir. Yeni icra başçısının Göyçayda göstərdiyi müsbət nəticələr və onun haqqında səsləndirilən yüksək fikirlər bu qənaətin formalaşması üçün ciddi zəmin yaradır”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 13 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















