Icma.az
close
up
RU
Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...

Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbolu hamımız sevirik. Amma hər adamın futbol biliyi eyni səviyyədə deyil. Elələri var ki, peşəkar futbolçudan çox bu oyunla yaşayır, nəfəs alır. Yeri gələndə öz məşğul olduğu sahə qədər bu oyunla maraqlanır.

Azərbaycanın mədəniyyət və şou-biznes sahəsində belə bir adam axtarmaq istəsək, yada ilk olaraq Ağadadaş Ağayev düşəcək.

– İdmana marağınız haradan yaranıb?

– İdman mənim həyatımdır. İndi də nə qədər yaşım çox olsa da, gündə 10-12 min addım yürüyürəm. Bu, həyatımın bir parçasıdır. O vaxt uşaq idim, SSRİ məkanında bir dənə “Neftçi”miz var idi. Mən “Neftçi”nin əməlli-başlı azarkeşi idim. Bu komanda üçün ürəyim gedirdi. 1966-cı ildə 10 yaşım var idi. “Neftçi” həmin ildə son turda doğma meydanda Moskva “Spartak”ını 3:0 hesabı ilə məğlub edərək bürünc medal qazandı. Orada Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev və Vladimir Bruxti kimi futbolçular oynayırdı. Çoxunun adını çəkə bilərəm. O vaxt qəzetləri izləyərdim, şəkilləri kəsib saxlayardım. Ondan sonra heyət dəyişdi. O ki, qaldı futbol həvəsimə, mənim haradasa 60-65 yaşım olarkən olimpiya komplekslərinin birində bizim şou-biznes nümayəndələri ilə “Neftçi”nin ovaxtkı futbolçuları arasında dostluq matçı keçirilidi. Həmin oyunda qapıda Bruxti dayanmışdı. Oyun 3:3 bitdi, mən də het-trik etdim. Ümumiyyətlə, mənim “Neftçi”nin futbolçuları ilə xoş münasibətim olub.

– Xüsusi biri varmı?

– Onların arasında Nazim Süleymanova olan sevgim xüsusi qeyd olunmalıdır. Bizim çox isti münasibətlərimiz var, deyərdim ki, ailəvi dostuq. 1990-cı ildə Nazim Azərbaycan futbol ictimaiyyətindən küsüb Moskva “Spartak”ına getmişdi, onu hava limanından şəxsən özüm yola salmışam. Amma orada nə isə anlaşa bilmədilər, nəticədə Vladiqafqaza getdi. Nazim orada tarix yazdı. Təəsüf ki, Süleymanov bura qayıdandan sonra ona yenə də dəyər vermədilər. Onun Əziz adlı bir qardaşı var, həqiqətən də əziz bir insandır. Hər ikisi əsl vətənpərvər oğuldur. Sizə bir dənə də əhvalat danışım. Mənim bir dostum var idi, Vladiqafqazda gömrük məntəqəsində ilişir, mənə zəng etdi ki, hər şey qaydasındadır, amma bizi burada buraxmaq istəmirlər. Ona dedim ki, osetinlərə de ki, “Nazim Süleymanovun qohumuyam”, o dəqiqə səni buraxacaqlar. Belə də oldu. Mənim Maşallah Əhmədov, İsgəndər Cavadov və Səmədağa Şıxlarov kimi veteranlarımızla əla münasibətlərim olub. Hə, bir də sizə kimdən deyim Qurban Qurbanovdan. Əslində, ondan incimişəm. Mən bu incikliyimi Musa Qurbanova da demişəm. Qurbanın toyunu Zaqatalada mən aparmışam. Sonra Allah nəsib edib Qurbanın vida matçında da mən çıxış etmişəm. Doğrudur, ondan küsməmişəm, sadəcə, qardaş kimi bir az incimişəm. Qurban Qurbanov bu gün nəinki Azərbaycanda, hətta dünyada da tarix yazıb. Bu uğurun arxasında haradasa mənim də xeyir-duam var.

– Bəs niyə ondan incimisiniz?

– Çünki məni xatırlamır, zəng edib hal-əhval soruşmur.

– İşləri çoxdur…

– Mənim də işim çoxdur. Adam sevdiyindən umur, mən ondan umuram, uman yerdən küsərlər. Bunu ona irad tutmuram. O, mənim kiçik qardaşımdır. Bu gün avrokuboklar da ermənipərəst hakimlər “Qarabağ”ın oyunlarında qərəzli hakimliklə yadda qalır. Onların soyadları “yan”la bitməsə də, ermənilər kimi düşmənçilik edirlər. Yadınızdadır, avrokuboklarda “Bazel”lə oyunda top yarımmetr qapı xəttini keçdi, amma hakimlər bunu görmədi. Bunu cənab prezidentimiz də vurğuladı. Amma nə faydası, düşmən elə düşməndir. Hələ biz Bakıda Marsel “Olimpik”i ilə oyunda “Qarabağ”ın vurduğu qoldan sonra Qurban Qurbanovun oyunçusunun əllə fərqlənməsini görüb qolu ləğv etdirməsindən danışmırıq. Alicənablıq budur! Qurbanov əsl xarakterdir. Mən Türkiyə mediasını izləyirəm, onlar “Qarabağ”ı tərifləyirlər. Mən Azərbaycanı Türkiyədən ayırmıram. Özüm də “Qalatasaray”lıyam. “Cim-bom”un hər oyununu izləyirəm.

– Mənə çox maraqlıdır, bir qədər əvvəl dediniz ki, Qurbandan incikliyimi Musaya bildirdim, Musa nə dedi bəs?

– Musa mənə dedi ki, “Ağadadaş, sən haqlısan!” Mən Qurbanı çox sevirəm axı. Vallah, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim…

– Heç idmançı olmaq istəmisiniz?

– Orta məktəbdə oxuyanda futbolçu olmaq istəmişəm. Yeri gələndə hücumçu, yeri gələndə qapıçı olmuşam. Dəli kimi sevirəm bu oyunu. Sonra AzTV-nin “Telefortuna” komandasının üzvü olmuşam, dəfələrlə turnirlərdə iştirak etmiş və kuboklar qazanmışıq. Allah rəhmət etsin Elnur Əşrəfoğluna, əsl təşkilatçı idi. Dövlət telekanalının sabiq rəhbəri Nizami Xudiyev də hər qazandığımız çempionluqdan sonra bizi qəbul edirdi. 2015-ci ildə Bakıda Avropa oyunları keçirildi. Həmin mötəbər yarışın ərəfəsində cənab prezident çıxış edib demişdi ki, yeniyetmələrimizi idmana cəlb etmək lazımdır. Mənim də əlimdə 5-10 manat pul var idi. Gedib Nərimanov metrosunun yanında saatlı bina var ha, orada, 178 nömrəli məktəbin həyətində yarım milyona minifutbol meydançası tikdirdim. Ora həqiqətən də bərbad vəziyyətdə idi. Həmin stadion bu gün də fəaliyyət göstərir. Bütün gün məktəbin uşaqları orada top qovur, hətta uşaq futbol komandaları da orada məşq edir. Xalçası da çox qalın və keyfiyyətlidir, onu türklərə tikdirmişəm. Prezidentimizin bir müraciətinə görə mən bunu etdim. Həmin pula restoran da aça bilərdim. Bütün gün uşaqların xidmətindədir bu meydança. Orada duş da qəbul edirlər, sonra kafedə pulsuz-parasız çay da içirlər. Yalnız axşam 8-dən sonra xərclərini çıxartmaq üçün bir neçə saatlıq icarəyə verirəm oranı. Mən oradan xeyli pul qazana bilərəm, amma etmirəm. Heç vaxt belə niyyətim olmayıb.

– Dediniz ki, futbolçu olmaq istəmisiniz, amma sonradan müğənni oldunuz. Səbəbini bilmək olar?

– O vaxt futbolçuların hamısı dilənçi günündə idi. Onların sosial təminatı 0-a bərabər idi. Hətta “Neftçi”yə düşənlər belə “yağ-bal içində üzmürdülər”. Onlar sadəcə fədakarlar idi. Guya nə qazandılar ki? Heç bir sərvət toplamadılar.

– Neçə il Cəlilabadda yaşayıb Bakıya köçmüsünüz?

– Düz 17. Gündə 12 saat futbol oynamışam. Kəndin uşaqlarını öldürərdim, evdə oturmağa qoymazdım, evlərindən çıxarıb futbol oynamağa aparardım. Daş-kəsəkdən qapı düzəldib oynayardıq. Bütün qonşu kəndləri məğlub edirdik. Müğənni Yusif Mustafayevin kəndini də udardıq. Biz futbolun dəlisi olmuşuq. Uşaqları dəhşət motivasiya edərdim.

– 90-cı illərdə Azərbaycan çempionatında Cəlilabadı təmsil edən “Ümid” komandası olub. O komanda ilə bağlı nə kimi xatirələriniz var?

– O komandanın Firudin Paşayev kimi kapitanı olub. Firudin Cəlilabad futbolunun kralı olub. Onun oğlu Zaur Paşayev böyük basketbolçu olub, Azərbaycan millisinin aparıcı üzvü idi. Sonra bizim kəndin nağaraçalan Əvəzi var idi. O da bu komandanın futbolçusu idi. Təəssüf ki, o komanda bu günə qədər gəlib çıxmadı. Mənim imkanım olsa, “Ümid”i bərpa edərdim. Sizə deyim ki, sovet dövründə bizim rayonumuzun “Üzümçü” və “Taxılçı” komandaları da olub. Sonra “Ümid” yarandı. Heyf ki, indi burada klub yaratmaq istəyən yoxdur. Beləsini görmürəm.

– Bəs cənub zonasının simvolu olan “Xəzər Lənkəran” haqqında nə deyə bilərsiniz?

– Ümumiyyətlə, cənub deyəndə mənim tüklərim biz-biz olur. Mən özümü cənublu bilirəm. Lənkəran mənim Cəlilabadımdır, Cəlilabad da mənim Lənkəranımdır. Masallı, Lerik, Astara da eyni qaydada. Bilirsiz niyə? Çünki onlar məni böyüdüb Bakıya yollayıblar. Onlar mənə həyat veriblər. “Xəzər Lənkəran”ın varlığı Mübariz Mənsimovla bağlı olub. Bu komandada Oktay Dərəlioğlu kimi hücumçu və Mustafa Dənizli kimi məşqçi olub. Türkiyədə çoxu Dənizli məktəbi keçib. “Xəzər Lənkəran”dan çox şey gözləyirdim, gözəl də futbol oynayırdılar. “Neftçi” ilə oyunları Azərbaycan derbisi idi. Niyə bu “Xəzər” kənara çəkildi, bilmədim. Çox ürəkağrıdıcı bir şey oldu.

– Mənsimovla əlaqələriniz var?

– Şəxsi tanışlığım yoxdur, heç vaxt da onunla görüşməmişəm. Halbuki bəzi müğənnilərimiz belə bir imlan əldə edib. O, Türkiyədə həbs olunanda mən canlı efir açıb ona dəstək oldum. Çünki cənubluyam! Hətta bacıları buna görə mənə təşəkkür etdi. Mən onun yox, ilahi ədalətin yanında olmuşam. Bircə onu bilirəm ki, Mübariz Azərbaycan dövlətini çox sevir.

– Yəqin ki, nədənsə küsüb futbol komandasından əl çəkdi…

– Yəqin nəsə bir şeylər oldu. Bir işə ürəklə girmişdisə, niyə onu buraxaydı ki? Amma biz də cənubun bir övladı olaraq bu komandadan həzz alırdıq. “Xəzər Lənkəran” oynayanda bizim qanımız coşurdu. Bu komanda cənubun simvolu idi.

– Hazırda “Qarabağ”ın uğurları haqda nə deyə bilərsiniz? “Qarabağ”ın bu səviyyəyə çatmasında kimləri ön plana çəkərdiz?

– “Qarabağ”ın “Qarabağ” olmasında ali baş komandanın böyük rolu var. Torpaqlarımız işğal altında olanda mənim prezidentim bunu özünə dərd edib. O buna görə məhz “Qarabağ”ın arxasında durub, bu komanda vasitəsilə düşmənlərlə müharibə aparıb. Hər şey oradan başlayıb. O, “Qarabağ”la fəth etdi, sonra da müharibədə gözəl sərkərdə oldu. Burada İlham Əliyev qüdrəti olmasaydı, “Qarabağ” elə “Neftçi” olardı, bu komandanın səviyyəsinə düşərdi.

– Amma bu komandanın inkişafında Ulu Öndər Heydər Əliyevin də böyük rolu olub. Məhz “Azərsun” şirkətini o bu komandaya gətirdi.

– Elədir. Mən bu şirkəti çox gözəl tanıyıram. Onlar öncə İmişlidə şəkər zavodu açmışdılar. Həmin açılışda konsertdə iştirak etmişəm. Gözəl ailəsinin başçılıq etdiyi bu şirkət “Qarabağ”a sahib çıxdı. Daha sonra Qurban Qurbanov komandanı bu səviyyəyə yüksəltdi. Doğrusu, mən o vaxt Qurbandan bu uğuru gözləmirdim. Halal olsun ona! Adam Azərbaycan futbolunun tarixini yazdı. Təəssüf ki, milli komandaya hələ o qədər də xeyir verə bilməyib. Çünki çox az işlədi. Belə baxanda millidə işləmək çətindir. Çünki yerli oyunçulardan güclü komanda formalaşdırmaq müşkül məsələdir. Biz yalnız legionerlərlə nəsə edə bilirik. “Qarabağ” bu dəqiqə “Barselona”nın mükəmməl versiyasını sərgiləyir. Hətta yeri gələndə uzun toplarla oynayırlar.

– O vaxt “Neftçi” azarkeşi olmusunuz. “Ağ-qaralar”ın bu günə düşməyi sizin ürəyinizi ağrıdır?

– “Neftçi” simasını itirib. “Neftçi” deyəndə yadıma Banişevski düşür. Yeri gəlmişkən, Anatoli Cəlilabad molokanlarındandır. O bizim rayonun Privolni kəndindəndir. “Neftçi”nin ən gözəl penalti vuranlarından biri Valeri Hacıyev idi. Sonradan onun yerini Anatoli Ponomaryov tutdu. Bu komandanın siması Əhməd Ələsgərov olub. Mən tanıdığım “Neftçi”ni artıq itirmişəm. Yoxdur belə bir komanda. İndiki “Neftçi”dən maksimum 3 ad çəkə bilərəm. “Neftçi” gərək “Neftçi” olsun!

– Bəs niyə komanda bu səviyyəyə düşdü?

– Dünyada neftin qiyməti aşağı düşdüyünə görə (gülür). Təbii ki, bu zarafatdır. Bilirsiniz necədir, hər şey idarəçiliyə bağlıdır. Dünyanın inkişafı ilə ayaqlaşmaq lazımdır. Mənə maraqlıdır, niyə Nazim Süleymanovu “Neftçi”nin baş məşqçisi qoymurlar? Ondan yaxşı idmançı olub? Niyə Nazim futbolun içində yoxdur? Kəskin şəkildə qınayıram! Deməli, daxildə çəkişmələr var. “Neftçi”ni yaxşı idarə edə bilmirlər. Yaxşı idarə üçün kadr lazımdır. Kadrı da vicdanla seçməlidirlər, tanışlıqla yox. Bizi yıxan tanışlıqlardır, əlləri hara çatır, oranı da qurdalayırlar.

– Bildiyimə görə, Dieqo Maradonanın fanatı olmusunuz.

– Maradonadan üstün bir futbolçu tanımıram. Pele də böyük futbolçu olub. Braziliyalı “Futbol Kralı”ndan soruşublar ki, ən çox çəkindiyin qapıçı kimdir, Lev Yaşinin adını çəkib. O “rusların pişiyi” idi. Nə isə, Maradona bilirsiz necə oyunçu idi? Dəhşət! Adam 1986-cı ilin dünya çempionatında İngiltərə millisinə əllə elə qol vurdu ki, hakimlər bunu tuta bilmədi. Adam Allah vergisi idi. Anası onu futbolçu kimi dünyaya gətirib. Doğrudur, Messi də var, amma Maradona ayrı aləmdir. Dieqoda mücadilə də var idi, Allah vergisi də. Leo isə yalnız istedadlı oyunçudur. O, ancaq top gələndə oynayır, topsuz çox da aktiv deyil. Maradona topsuz da mükəmməl idi.

– Argentinanın son dünya çempionluğu sizcə ədalətli oldu?

– Argentinalıların çempionluğu həmişə məni sevindirib. Bu da Maradonaya görədir. Mənə elə gəlir ki, çempion olsalar da, Messi o sərkərdəliyi edə bilmədi. Doğrudur, böyük işlər gördü, amma yenə də mənə elə gəlir ki, Kriştianu Ronaldo daha formadadır. O, fərqli bir oyunçudur. Zəhməti ilə bura gəlib çıxıb…

– Di gəl ki, hələ də dünya çempionu ola bilmir.

– Portuqaliyadır da, nə edə bilərik?!

– O dövrün futbolu, bu dövrün futbolu – sizə hansı daha xoş gəlir?

– O vaxt fərdi oyun ön planda idi. O daha ləzzətli idi. İndi sizdən dönə-dönə üzr istəyirəm, futbola o qədər barmaq etdilər ki, bu oyunun simasını itirdilər. FIFA-nın yeni yanaşması oyunun ruhunu öldürdü. VAR texnologiyasından doğru istifadə olunmur. Yenə də prosesləri insanlar idarə edir. Özü də ədalətsiz insanlar. VAR-ın faydası da var, amma 50/50-yədir, 51/49-a yox.

– Sizcə, futbola axıdılan böyük pullar da onun ruhunu zədələyib?

– Bəli, elədir ki, var. Artıq bu oyunu zövq üçün oynamırlar. Futbol indi biznes sahəsidir. Bəlkə də dünyanın bir nömrəli biznes sahəsidir. Bir yerdə ki maddiyat mənəviyyatın önünə keçir, orada məğlubiyyət var. Mədəniyyətli insanlar aparıcı insanlardır. Kapitalizmdə iqtisadiyyat mədəniyyətdən öndədir. Bu da futbol mədəniyyətini məhv edir. Fürsətçilər və menecerlər futboldan milyonlar qazanır. Oyun alqı-satqıları dağıtdı futbolu. Türkiyədəki “şike”ni xatırlayırtsınız. Elə indinin özündə də. “Qalatasaray”dan Eren Elmalı diskvalifikasiya olundu. Adamı telefonla danışığa görə kənarlaşdırdılar.

– “Qalatasaray”ın oyunlarını İstanbulda izləmisiniz?

– “Türk Telekom”da VİP-lojada “Qalatasaray” yönəticilərindən birinin oğlu ilə oyunu birgə izləmişəm. 4-5 il əvvəl “Çaykur Rizəspor”la oyun idi. “Qalatasaray” həmin oyunda 2:1 hesabı ilə qalib gəldi. Mənim bu günə qədər mövsümlük abunə biletim var. Təəssüf ki, derbiləri arenadan izləmək mənə qismət olmayıb. Yeri gəlmişkən, mən illər öncə “Şükrü Saracoğlu”da “Fənərbağça”nın “Vanspor”la oyununu da izləmişəm. Dostlarım “Fənər”li idi, onlara qoşulub getmişdim. Oğlum Həmid də yanımda idi. Futbolun əsl tribuna ləzzətini orada görmüşəm.

– Hər gün TV-dən futbol izləyirsiniz?

– “Qalatasaray”ın hər oyununa baxıram. Hətta rəqibləri “Fənər” və “Trabzonspor”un oyunlarını da izləyirəm. Futbolsuz həyat həyatdır ki? Bəzi dostlarım deyir ki, nədir bu futbol sən ona baxırsan? Nə danışırsan, futbol elmdir, fəlsəfədir, riyaziyyatdır, hər şeydir. Sizə bir hadisə danışım. 1986-cı ildə dünya çempionatının final günü Lənkəranda toy aparmalı idim. Toyda bir az oxudum, finalı izləmək üçün aradan çıxdım. Gedib “Xəzər” mehmanxanasında indiki dillə desək, “resepşn”ə pul vermişəm ki, mənə burada şərait yarat, Argentina – AFR oyununu izləyəcəyəm, amma heç kim bilməsin ki, buradayam. Mən çıxmışam, toyda aləm bir-birinə dəyib ki, Ağadadaş yoxdur. Oyun qurtarıb gəlmişəm, görürəm ki, vəziyyət pisdir. Nəsə bir söz deməliyəm axı? Pul danışmışıq. Toyun sahibinə yaxınlaşıb demişəm ki, sən şükür elə ki, mən indi bu dəqiqə sağ-salamatam. İndiki vəziyyətdə səndən pul götürməyəcəm, toyu pulsuz aparacağam. Adam qorxdu, elə bildi ki, başıma nəsə gələcək. Nəticədə yenidən toyu sona qədər idarə etdim.

– Futboldan başqa hansı idman növlərinə baxırsınız?

– Hamısına. Özü də oyunun fəlsəfəsini anlayıb baxıram. Olimpiadalarda güləşçi və cüdoçularımızın bütün döyüşlərini izləyirəm.

– Futbolçulardan başqa hansı idmançılarla şəxsi tanışlığınız var?

– İlk olimpiya çempionumuz Namiq Abdullayevlə. Onunla yaxından dostluq edirəm. Öz restoranımda onun qardaşının toyunu aparmışam. Namiq çox dəyərli qardaşdır. Nazim Süleymanovun da toyunu mən aparmışam.

– Elə söz bundan açılıbsa, kimlərin toyunu aparmısınız, sadalaya bilərsiniz?

– Gəncədəki Allahverdiyevlərin. İsgəndər Cavadovun qohumlarının xeyir işlərinə dəvət almışam. Daha sonra Maşallah Əhmədov, Qurbanov qardaşları… İsgəndərdən söz düşmüşkən, o tez-tez mənim yanıma gəlib gedərdi. Onlarla dostluğu özüm üçün şərəf bilmişəm. Eh, Yunis Hüseynovu unutdum. Onun Aynur Sofiyeva ilə toyunu mən aparmışam. Yunis məni gəlib maşınla götürüb toy üçün Gəncəyə apardı. Yunis başqa oğuldur. Yolda mənə Fransa millisi ilə 0:10 hesabı ilə başa çatan xatirələrindən danışırdı. Deyir oyundan əvvəl məşq edirik, meydançamızın kənarı da böyürtkən kollarıdır. Yerli telekanalların nümayəndələri gəlib bizim məşqimizi çəkir, görürlər ki, top bir kənarda qalıb, biz böyürtkən yeyirik. Meydanda heç kim yoxdur. Hələ dayan, oyundan danışır. Deyir ki, hesab 0:9-dur, əlimə əla bir imkan düşdü. Uzun topu qəbul edib təkbətək çıxıram, ürəyimdə deyirəm ki, ay Allah, sənə çox şükür, “quru” hesabla uduzmayacağıq, bir qol vuracağam. Bir də gördüm ki, boynumun arxasında “öküz nəfəsi” hiss edirəm. Marsel Desayi məndən topu necə aldısa, yerdə qaldım. Başımı qaldırıb baxanda nə görsəm, yaxşıdır, top bizim qapıdadır – 0:10. (futbolinfo.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see209

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see202

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see195

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see162

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri