Almaniyada 1000 manat olsa da, Azərbaycanda 3000 dir Kosmetoloq və influencerlər icazəsiz satır
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Azərbaycanda şəkərli diabet xəstələri üçün nəzərdə tutulan "Mounjaro" dərmanının estetik məqsədlərlə, xüsusilə arıqlama vasitəsi kimi istifadəsi ciddi təhlükə mənbəyinə çevrilib.
Milli.Az xəbər verir ki, preparat sosial şəbəkələr, gözəllik salonları və hətta ev şəraitində reseptsiz şəkildə satılır.
Araşdırmalara görə, "Mounjaro" Almaniyada 1000-1600 manat arasında dəyişən qiymətlərlə satılır. Azərbaycanda isə 3000 manata qədər təklif olunur.
Satışı isə apteklər yox, kosmetoloqlar, influencerlər və qeyri-ixtisaslı şəxslər həyata keçirir.
Ən narahatedici məqam odur ki, bu iynəni vuran şəxslərin əksəriyyətinin tibbi bilik və sertifikatı yoxdur.
Məlumata görə, artıq bir neçə nəfər "Mounjaro" istifadəsi nəticəsində ağır vəziyyətə düşərək xəstəxanaya yerləşdirilib. Onlardan biri baş həkimdir. Daha bir tanınmış şəxsin isə bu iynədən sonra həyatını itirdiyi bildirilir.
Bir çox qadının hazırda reanimasiyada olduğu, lakin "Instagram"da eyni şəxslərin hələ də arıqlama reklamlarını davam etdirdiyi qeyd olunur.
"Mounjaro" arıqlama iynəsi deyil və hormon sisteminə, mədəaltı vəzə, qalxanabənzər vəzə, həmçinin psixikaya birbaşa təsir göstərir.
Yan təsirlərinə kəskin pankreatit, böyrək çatışmazlığı, anafilaktik şok, nəfəs dayanması, depressiya və panik atak, boyunda şiş - qalxanabənzər vəz xərçəngi riski daxildir.
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasında "Mounjaro" adlı dərman vasitəsinin dövlət qeydiyyatı olmadığına görə ölkəyə idxal olunmur. Qeyd olunub ki, ölkədə satışına icazə verilən, dövlət qeydiyyatında olan dərman vasitələri, seriya, satışa rəsmi icazə və ya satışına qoyulmuş qadağalar və bu kimi bütün məlumatlar Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilir.
Nəzərə çatdırılıb ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı təsdiqedici sənədlərlə birgə dövlət və yerli özünüidarəetmə orqanlarından, media və vətəndaşlardan daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamaların keçirilməsi üçün qərar qəbul edilir:
"Lakin, əgər məsələ sosial şəbəkələrdə ölkəyə qeyri-qanuni yolla gətirilmiş dərman vasitəsindən və ya müalicə növündən gedirsə, bu zaman şikayətçinin hüquq-mühafizə orqanlarına müraciət etməsi məqsədəmüvafiq hesab edilir".
Əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun və Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın müvafiq maddələrinə görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər:
"Bildiririk ki, qanunvericiliyə görə əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb istifadə etməlidirlər. Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə edilmir, çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə edilməyən dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər".
Vurğulanıb ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun 9.6-cı maddəsi və 12-1.6-cı maddələrində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır:
"Analitik Ekspertiza Mərkəzinin Əlavə təsirlər haqqında məlumat bazasında Tirzepatide tərkibli dərman vasitəsinin heç bir əlavə təsiri barədə məlumat bildirilməmişdir. Amma, nəzər almaq lazımdır ki, DV-nin əks göstərişlərində təsiredici maddəyə və ya dərman vasitəsinin tərkibindəki hər hansı köməkçi maddələrə qarşı yüksək həssaslıq vurğulanır".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Noyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















