Ana dilimiz milli kimliyimizi, mənəvi varlığımızı yaşadan ən güclü vasitədir
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müsahibimiz AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir
Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında proqram xarakterli çıxışı zamanı elmin müasir çağırışlarını dərindən təhlil edib, ölkəmizin gələcək inkişafında innovasiyaların, texnologiyaların rolunu xüsusi vurğulamaqla yanaşı, strateji əhəmiyyətli bir sıra məqamlara da toxundi. Onlardan biri də Ana dilimizlə bağlı idi. Dövlət başçısı Azərbaycan dili ilə bağlı narahatlığını ifadə edərək bildirdi ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb, lakin vəziyyət qaneedici deyil: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”. Prezidentin bu çıxışında dövlətdən sonra alimlərin adı çəkilir və onların bu məsələyə öz dəstəklərini göstərmələrinə çağırış edilir. Dilçilik problemləri və tədqiqatları ilə bilavasitə məşğul olan elm ocağının – AMEA Nəsimi adına Dilçilik İnstitutunun dövlət başçısının bu çağırışına münasibəti və bu istiqamətdə Azərbaycan dilinin “baş laboratoriyası”nda görülən işlər barədə məlumat almaq üçün institutun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə müraciət etdik.
– Nadir müəllim, Prezident İlham Əliyevin AMEA-nın yubileyindəki çıxışında Azərbaycan dili ilə bağlı fikirlərinə və çağırışına münasibətinizi bir çox kütləvi informasiya vasitələrində, qısaca da olsa, açıqlamısınız. İstərdik məsələyə daha əhatəli münasibətinizi, düşüncələrinizi bildirəsiniz.
– Azərbaycan Prezidentinin iştirakı ilə keçən Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında qlobal miqyasda çox mühüm strateji məsələlər müzakirə olundu. Prezident cənab İlham Əliyev qısa, lakin məzmunlu çıxışında dilçiliyin əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısı bir daha xalqın ziyalılarına, cəmiyyətə, alimlərimizə ümummilli lider Heydər Əliyev dönəmindən səslənən mühüm bir mesajın vacibliyini təkrar diqqətə çatdırdı: dilimiz milli kimliyimizin, mənəvi birliyimizin ən güclü simvoludur.
Prezident gerçək mənzərəni açıqlayaraq bildirdi ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır və onların hər birinin gözü, diqqəti müstəqil Azərbaycandadır. Hazırda 10 milyon əhalisi olan bir ölkədə Azərbaycan dilinin əsas normaları qorunur və inkişaf etdirilir. Təəssüf ki, xaricdə yaşayan soydaşlarımızın çoxu dilimizdən yalnız məişət səviyyəsində istifadə edir.
Dünyada az ölkələr var ki, dilin qorunması ilə bağlı sərəncam və fərmanlar imzalanır. Azərbaycan bu mənada istisnadır. Bu da onu göstərir ki, Prezident İlham Əliyev təkcə qalib dövlətin deyil, həm də milli dilimizin keşiyində dayanan bir liderdir. Onun çağırışı aydındır, öz dilimizdə danışmalı, onun saflığını qorumalıyıq. Bu, təkcə dilçilərin deyil, bütün xalqın borcudur.
Azərbaycan dili bədii, elmi və ictimai fikri yüksək səviyyədə ifadə etməyə tam qadirdir. Dövlət başçısı iradında haqlıdır: belə yüksək imkanlara malik dilimizə, nəyə görə bu qədər əcnəbi sözlər daxil olur? Axı biz öz dilimizdə fikrimizi tam, aydın və gözəl şəkildə ifadə edə bilirik.
Prezident eyni zamanda qeyd etdi ki, bəzi beynəlxalq terminlərdən yan keçmək mümkün deyil. Qloballaşan dünyada ölkələr kimi dillər də qarşılıqlı təsirə məruz qalır. Bu, mədəni inteqrasiyanın təbii göstəricisidir. Lakin dövlət başçısının tövsiyəsi açıqdır, əgər hər hansı bir sözün Azərbaycan dilində qarşılığı varsa, onu başqa dildən almağa ehtiyac yoxdur.
Azərbaycan dilinin qorunması və inkişafı hər birimizin vətəndaşlıq borcudur. Sovet dövründə dilimizə çoxlu yad sözlər daxil olub. Amma indi bu axının qarşısını almaq, dilimizi saflaşdırmaq və zənginləşdirmək bizim əlimizdədir. Prezidentin vurğuladığı kimi, dünyanın gözü bu gün Azərbaycandadır. Biz ədəbi dilimizi qorumalı, onun səviyyəsini yüksəltməliyik. Azərbaycan dili nə ölkə daxilində, nə də xaricdə yalnız məişət səviyyəsində işlənməməlidir.
– Gəlin unutmayaq ki, əsrimiz yüksək texnologiyalar əsridir və sürətlə inkişaf edən belə bir vaxtda insan bir düyməni basmaqla internet üzərindən maraqlandığı istənilən məsələni araşdırmaq imkanına malikdir. Təbii ki, aldığı informasiyanı bölüşmək üçün də müəyyən texniki terminlərdən istifadə etməli olur. Belə olan halda ədəbi dili qorumaq, əlbəttə, asan məsələ deyil. Bu problemin həlli və dilimizin saflığının qorunması o anlama gəlirmi ki, texniki terminlərin dilimizdə işlənməsinə qarşı çıxmalıyıq?
– Şübhəsiz, dövlət başçısının Azərbaycan dili ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, internet mühitində digər dillərin Azərbaycan dilini sıxışdırmaması, dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi vacibdir. Lakin cənab Prezident bu məsələyə uzaqgörənliklə və dünya mədəniyyəti çərçivəsində yanaşır. Xatırlayırsınızsa, dövlət başçısı fikrini belə açıqladı: “Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir. … Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər”.
Cənab Prezident bu fikri ilə beynəlmiləl söz və terminlərə sərrast münasibətini ortaya qoydu. Axı, bu reallıqdır! Еlmi-texniki nailiyyətlər, güclü informasiya axını, intensiv istehsalat fəaliyyətləri, beynəlxalq əlaqələr alınma söz və terminlərin, eləcə də hər hansı nomenklaturanın milli sərhədləri aşıb, geniş yayılmasını şərtləndirir. Şərq və Qərb ölkələri ilə ictimai-siyasi, iqtisadi, elmi, mədəni əlaqələrin genişlənməsi və möhkəmlənməsi şəraitində müxtəlif sistemli dillərlə tarixən təmasda olan Azərbaycan ədəbi dili zənginləşir, təkmilləşir.
– Fikrimizcə, dilin hansı sözlərlə zənginləşməsi barədə mütəxəssis fikirlərini eşitmək, oxucularımız, bütövlükdə cəmiyyətimiz üçün də faydalı olardı. Elə jurnalistlərimiz, media nümayəndələrimiz üçün də. Mümkünsə, bu barədə bir qədər ətraflı danışardınız.
– Tamamilə sizinlə razıyam. Ümumən, alınma sözlər ədəbi dilin funksional üslubu, gerçəkliyin qneseoloji inikası, məntiqi dərkedilmə vasitəsi, elmi-texniki informasiyaların reallığıdır. Siqnifikativ, sözün səs cildinin məfhumla əlaqəsinə əsaslanan mənaları əhatə dairəsinə görə fərqlidir. Söz və terminlərin dilə keçmə üsulları müxtəlifdir.
Məsələn, şifahi və yazılı alınma sözlər. Şifahi üsulla söz və terminalma bilinqvizm şəraiti üçün xarakterikdir, çünki bu prosesdə kollektiv nitq fəaliyyəti, ünsiyyət vacib şərtdir. Şifahi alınma sözlər kortəbii şəkildə reallaşdığı üçün xarici qişanın dəqiq təsviri tez pozulur, mənimsəmə asanlaşır. Yazılı üsulla söz və terminlər, əsasən, mətbuat, tərcümə, bədii, elmi ədəbiyyat və s. vasitəsi ilə alınır. Onların mənimsəmə aktı uzun sürür, dilin normalarına cavab vermədikdə dildən çıxır.
Vasitəli və vasitəsiz alınma sözlər: Belə alınma söz və terminin vasitəli dilin köməyi ilə alınmasıdır. Məsələn, latın, yunan, fransız, ingilis və s. mənşəli viza, vibrator, veto, vedovil terminləri rus dili vasitəsilə dilimizə keçmişdir. Vasitəsiz – terminin birbaşa, vasitəçi dilin köməyi olmadan alınmasıdır. Məsələn, rus mənşəli çuqun, nabor, yarus və s. terminlərin şifahi, yaxud yazılı üsulla alınması.
Təkrar-qayıdış, yaxud geriyə alınma sözlər: Bu tip alınma sözlər müəyyən bir dilə mənsub sözün başqa dillərdə semantik və ya fonetik modifikasiyadan sonra “yad formada” yenidən qayıtmasıdır. Məsələn, əmir əl-ma ərəb sözü holland dilinə keçib admiral formasında beynəlmiləlləşəndən sonra yenidən ərəb dilinə qayıtmış və dünya dillərinə yayılmışdır.
İkili alınma sözlər, eyni anlayışı bildirmək üçün eyni vaxtda ayrı-ayrı dillərdən iki leksik vahidin dilə keçməsidir. Məsələn, rus dili vasitəsilə kompüter, türk dili vasitəsilə bilgisayar; rus dili vasitəsilə multiplikasiya, türk dili vasitəsilə cizgi filmi və s.
İkiqat alınma sözlər. Bu tip alınma sözlər eyni mənşədən olub müxtəlif dillərdə mənimsəmə prosesində başqalaşan sözlərə aiddir. Yəni eyni leksik vahid müxtəlif dillərdə haçalanmış forma, hətta məna qazanır. Məsələn, Azərbaycan dilində ərəb sözü sıfır və rus dili vasitəsilə keçən şifrə (шифр). Hazırda dilimizdə işlənən sıfır “kəmiyyətin olmadığını göstərən “0” rəqəm işarəsi”, şifrə isə “gizli yazı üçün şərti işarələr sistemi” deməkdir.
Bütün bunlara rəğmən dildə ziyanlı və ehtiyacdan gələn sözlər də vardır. Cənab Prezident məhz bu məsələyə diqqəti yönəldir:
Məsələn, alınma söz və terminlər. Yalnız ehtiyacdan irəli gələrək dilə keçən sözlər dilin normalarına uyğunlaşır, mənalarının aprobasiyası baş verir. Hətta məna diferensiasiyası və ayrılması nəticəsində semantik strukturu yenidən qurulur, formalaşır. Milli sözlərlə sintaqmatik əlaqə və münasibətlər daxili və xarici valentliyin inkişafına, söz yaradıcılığı morfemlərinə, leksik-qrammatik sistemin qanunlarına uyğunlaşmasına, eləcə də müstəqilliklərinə gətirib çıxarır.
Əcnəbi söz və terminlər. Bunlara bəzən barbarizmlər də deyilir. Azərbaycan dili qrafikası ilə yazılsalar da, müəyyən izahatsız anlaşılmırlar. Dilimizi korlayan məhz bu tip sözlərdir.
– Professor, bir gerçəyi də etiraf edək ki, XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycan dilinə daxil olan terminlərin böyük əksəriyyətini alınma terminlər təşkil edir. Bu proses dilimizin kasıblığındanmı irəli gəlir? Dilimizin saflığını qorumaq üçün bunun qarşısını almaq lazımdırmı?
– Dilimizin qorunması baxımından bu da çox vacib və diqqət tələb edən məsələdir. Müasir Azərbaycan dili terminologiyasının xeyli hissəsini alınma terminlər təşkil etsə də, dilimizdə təşəkkül tapmış avtoxton terminologiya çox zəngindir. Terminologiyada alınma sözlər dilin kasıblığına dəlalət etmir, əksinə, onun dil əlaqələri hesabına zənginləşməsinin göstəricisi kimi çıxış edir. Bu, əlbəttə, alınma söz və termin probleminin rəngarəngliyi və çoxsahəli məsələləri əhatə etməsi ilə əlaqədardır.
Tarixi-mədəni əlaqələr və dövlətlərarası münasibətlər, elmi-texniki tərəqqi və elmi bilik sahələrinin inkişafı ilə bağlı olaraq, Azərbaycan dili leksikasına söz və terminlərin daxil olmasını elə tənzimləmək lazımdır ki, dilimizi milli səciyyəsindən, özünəməxsusluqdan məhrum etməsin. Azərbaycan dilçiliyində alınma sözlərin tədqiqində ənənəvi qəbul olunmuş tarixilik prinsipi də onların xalqın tarixi mərhələlərdən keçib gəldiyi yollarla əlaqəli şəkildə öyrənilməsini tələb edir. Alınma hadisəsinin mahiyyəti həmçinin milli mədəniyyət, milli təfəkkür və milli mövcudluq anlayışları ilə bağlıdır. Azərbaycan milli xarakteri bu anlayışların işığında aydın görünür. Linqvistik əlaqələrin forması dillərin qarşılıqlı təsir xarakteri, fonetik sistemi və qrammatik quruluşları ilə təyin olunursa, əlaqələrin səbəbləri və intensivliyi mədəni, sosial və elmi-texniki inkişafla bağlıdır. Müasir Azərbaycan dilinə keçən söz və terminləri iki qrupa ayırmaq olar:
Birincisi, yeni əşya, hadisə və mücərrəd anlayışların adını bildirən, əvvəllər Azərbaycan dili lüğət tərkibində nomenklatur ifadəsi olmayan alınma söz və terminlər. Elm və texnika sürətlə inkişaf edir. Bu inkişaf nəticəsində yeni məfhum və anlayışlar yaranır, eyni zamanda, onların adlandırılması zərurəti ortaya çıxır, çünki əksəriyyəti terminoloji nomenklaturadır. Bu terminlərin Azərbaycan dilində işlənə bilməsi onların təkcə leksik-semantik müstəqilliyindən yox, həmçinin terminoloji sistemdəki digər terminlərə uyğunluğundan, terminologiyamız üçün vacibliyindən, yeni əşya və hadisəni bildirməkdən, yaxud müəyyən səbəbə görə əvvəlki adın özünü doğrultmadığından asılıdır. Yeni anlayışlar meydana gəldikcə, mövcud terminologiyada da dəyişiklik olması təbiidir. Bu terminləri dilə gətirməklə, ədəbi dilimizi, eləcə də terminologiyamızı zənginləşdirməklə ictimai həyatın real ifadəçisi olan zəruri anlayışlar dilin daşıyıcılarına çatdırılır, dildaxili tələbat təmin edilir. Məsələn: balansir–“müxtəlif maşınlarda ox ətrafında yırğalanan tənzimləyici mexanizm”, varistor–“elektrik gərginliyini nizama salmaq üçün yarımkeçiricili rezistor”, paker–“quyunun neftli, sulu, qazlı laylarını bir-birindən ayırmaq və qapamaq üçün qurğu” və s.
Cənab Prezident beynəlxalq leksikon dedikdə, məhz bu tip söz və terminləri nəzərdə tutur, çünki dildə ziyanlı proseslər də baş verir. Dövlət başçısının nitqindəki sitatı bir daha təkrar edirəm: “Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır?”
Bu, 2-ci qrup söz və terminlərə aiddir: yeni reallıq, əşya, hadisə və mücərrəd anlayışla bağlı olmayan alınma söz və terminlər. Əvvəlkindən fərqli olaraq, bu qrupa aid söz və terminlər dildə artıq linqvistik işarəsini qazanmış əşya, hadisə və anlayışları adlandırır. Bunlar Azərbaycan dilinin semantik və struktur münasibətlərinə heç bir keyfiyyət dəyişiklikləri gətirmirlər. Dilimizə rəqib kimi daxil olan bu tip söz və terminlər dəqiq müəyyənləşmiş mənaya malik olmurlar, elə ilk baxışdan onların məna çaları və distribusiya fərqləri hiss olunmağa başlayır. Bu həssas məqamı nəzərə almadıqda semantik cəhətdən formalaşan belə leksemlər dilə ziyan vurur. Məsələn, “dil vahidlərinin mənasını (məzmununu, daxili cəhətini), sözlərin və ifadələrin leksik mənalarını və bu mənalarını dəyişmə imkanlarını tədqiq edən dilçilik bölməsi”–mənaşünaslıq, “ayrı-ayrı sözlərin, morfemlərin mənşəyini, tarixini öyrənməklə məşğul olan dilçilik bölməsi”–mənşəşünaslıq, “dilin lüğət tərkibini öyrənməklə məşğul olan dilçilik bölməsi”–lüğətşünaslıq adlanır. Dildə əsrlərlə vətəndaşlıq qazanmış bu terminlərin semasiologiya, etimologiya, leksikoqrafiya ilə əvəz olunmasına ehtiyac varmı?! Bu ənənə başqa formal cərgələrdə də özünü göstərir: yuma (k.təs.) – irriqasiya, dəyişmə (elek.) – kommutasiya, doğulma (biol.) – generasiya, bərpaetmə (biol.) – regenerasiya və s. Dilimizdə qarşılığı olan bu tip alınma terminlərin müəyyənləşdirilib düzgün istifadə edilməsi, ilk növbədə, sistem münasibətlərinə əsaslanmalı, unifikasiya və nizamlanma prinsipləri gözlənilməlidir.
Cənab Prezidentin çıxışından irəli gələn bu problemləri diqqətdə saxlayacaq, Nəsimi adına Dilçilik İnstitutunun müvafiq şöbələrində dilə söz alınmasının nəzəri məsələlərini əhatə edəcək tədqiqat əsərləri, monoqrafiyalar yazılacaq, həmçinin müstəqillik illərində dilimizdə işləklik qazanmış beynəlxalq söz və terminlərin izahlı lüğətini hazırlayacağıq.
– Rəhbərlik etdiyiniz institutun Azərbaycan dilçiliyinin inkişafı istiqamətində, ümumən bu sahədə gördüyü işlər barədə nə deyə bilərsiniz?
– 2 il öncə şəxsi təşəbbüsümlə İranın Qum şəhərinin arxivindən 270 il bundan əvvəl yazılmış, Azərbaycan dilinin ilk və yeganə dərsliyi “Məzhəri-türki”ni gətizdirib tərcüməsini nəşr etdirmişəm. Bu kitabın yazıldığı tarix göstərir ki, dilimizlə bağlı dərslik XVII əsrdə belə alimlərimizi və ziya sahiblərimizi düşündürən bir məsələ olub.
Məlumat üçün bildirim ki, bir müddət olar Azərbaycan dilini emal etməyə imkan verən milli dil korpusunun yaradılması prosesinə başlamışıq. Bu, həm dilçilik elminin, həm də tətbiqi tədqiqatların inkişafı baxımından strateji əhəmiyyət daşıyan mürəkkəb bir mərhələdir. Müasir dilçilik və texnoloji sistemlər üçün etibarlı mənbə rolunu oynayacaq bu korpus dil resurslarının sistemləşdirilməsi, avtomatik emalı və statistik təhlili üçün zəruri baza yaradır.
2 il öncə üçcildlik “Türkmənşəli arxaizmlər lüğəti”ni, Naxçıvan, Qarabağ və Zəngəzurun dialektoloji atlaslarını nəşr etmişik. Qeyd edim ki, vaxtilə işlək olmuş arxaik sözlər məhz indi bizim üçün xüsusilə əhəmiyyətlidir. Son illər dilimizə əcnəbi dillərdən kifayət qədər sözlər keçir. Ancaq biz arxaik sözlərimizi lüğətdə tapanda dilimizin necə zəngin olduğunu görürük. İngilis dilindən götürdüyümüz sözləri bu lüğətə topladığımız sözlərlə işlətsəydik, indi onlar müasir Ana dilimizin ümumişlək sözlərinə çevrilərdi. Təkcə 2025-ci ildə 100 ildən artıq bir müddətdə “Moskva şərqşünaslıq institutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları” adlı monoqrafiyam, “Azərbaycanca-rusca multikulturlizm lüğəti”m çapdan çıxıb.
Son vaxtlar institutumuzun gördüyü ən böyük iş kimi Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinin hazırlanmasını qeyd edə bilərəm. Yüksək texnologiyaların cəmiyyət həyatına geniş nüfuz etdiyi bir dövrdə lüğət yaradıcılığında bu imkanlardan bəhrələnib real bir iş gördük. İndi o zaman deyil ki, “kartoçka” ilə lüğət hazırlayaq, qəzetlərdən bir-bir söz tapaq. Ona görə də mənim təşəbbüsümlə və AMEA rəhbərliyinin dəstəyi sayəsində bu işə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutundan iki əməkdaş cəlb edildi. Digər tərəfdən, “Xalq qəzeti”, “Azərbaycan”, “Səs”, “Ədəbiyyat” qəzetlərinin 10-15 illik PDF-lərini əldə etdik. Müxtəlif mənbələrdən toplanan dil materialları Süni intellekt və kompüter dilçiliyi şöbəsi tərəfindən emal edilərək sistemləşdirildi. Bu gərgin işlərin nəticəsi olaraq Azərbaycan dilinin 220 min sözdən ibarət söz bazasını formalaşdırdıq. Eyni zamanda, sözlərin işlənmə tezliyini müəyyən edən tezlik lüğətləri hazırladıq. Gələcəkdə bu lüğətlərin nəticələri əsasında sözlərin orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulur. Hazırda orfoqrafiya lüğəti ilə yanaşı, orfoepiya lüğəti, eləcə də dilimizə daxil olan alınma sözlərin ayrıca lüğətinin hazırlanması gündəlikdə duran məsələlərdəndir. Bütün bu layihələr Azərbaycan dilinin saflığını, sabitliyini və inkişafını təmin etmək məqsədi daşıyır.
Cənab Prezident qeyd etdi ki, dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Axı bu qədər sayı olan xalqın dilindəki sözlər, əvvəlki orfoqrafiya lüğətlərində olduğu kimi 80-90 min ola bilməz. Bu, əsla mümkün deyil. İnstitutumuzda süni intellekt və kompüter dilçiliyi şöbəsini, eləcə də texnologiyanı bilən digər əməkdaşları bu işə cəlb etmişik.
– Bu lüğət haqqında bir qədər müfəssəl məlumat vermək olarmı?
– Yaxşı bilirsiniz ki, orfoqrafiya düzgün yazı qaydalarıdır. Məsələn, indiyədək lüğətlərdə “getmək” sözü var, “get” sözü yoxdur. Bir də var xəfif məsdər olan “getmə” sözü. Bunların bəziləri lüğətdə var, bəziləri yoxdur. Biz müəyyən etdik ki, nəyi vermək olar, nəyi yox.
Digər bir məsələ ədəbi danışıq dilini saflaşdırmaq məramı ilə etdiyimiz yenilikdir. Məlumdur ki, Azərbaycan dilinin qaydalarına görə vurğu sözün son hecasına düşür. Əcnəbi dillərdən keçən sözlərə lüğətdə vurğuları qoyacağıq ki, danışıqda söz və ya termin düzgün tələffüz edilsin. Məsələn, “akademik” sözündə vurğunun üçüncü, yaxud dördüncü hecaya düşməsi ilə məna da dəyişir. Amma buna baxmayaraq, lüğətdə sözlərin sayının süni surətdə artmasına imkan verməyəcəyik.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm. Məlumdur ki, apostrofu yazıdan çıxarmışıq. Lakin klassik ədəbiyyatdan istifadə edənlərin, dil tarixi mütəxəssislərinin buna bəzən ehtiyacı olur. Bu məsələdə akademik Rafael Hüseynov bizim köməyimizə çatdı və klassik ədəbiyyatda işlənən bütün apostroflu sözləri seçdi, siyahısını bizə təqdim etdi. Biz bu sözlərin lüğətdə ayrıca siyahısını verməyi planlaşdırmışıq.
Bilirsiniz ki, türk dillərinin xarakterik xüsusiyyətinə görə, sözün kökü dəyişmir. Şəkilçi ona doğru gedir. Lakin sözün kökü də dəyişə bilər. Külək sözü hal şəkilçisi qəbul edəndə “k” hərfi “y”ya keçir. Bu səbəbdən yeni lüğətdə hansı sözlərin kökünün dəyişdiyini də göstərəcəyik.
Olduqca fəal və işgüzar bir heyət seçmişik. Çox güman ki, yeni lüğəti bu ilin sonuna qədər bitirəcəyik və ictimaiyyətin müzakirəsinə verəcəyik. Əlbəttə ki, iradlar da ola bilər; xüsusən sözün kökünün dəyişməsinə. Demək istəmədiyim yeniliklər də var, onlar hələ ki, bizim sirrimizdir.
Xatırlayırsınızsa, ötən il Dilçilik İnstitutunun ən mühüm uğuru Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinin UNESCO çərçivəsində qeyd edilməsi oldu. Mən UNESCO-nun mənzil-qərargahında keçirilən yubileydə çıxış etdim.
Bu mənbənin çox maraqlı tarixi var. Özbək əsilli Azərbaycan alimi, ötən əsrin 30-cu illərində SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş Xalid Səid Xocayev məşhur “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə edir. Lakin çox keçmir ki, o, 1937-ci il repressiyasında güllələnir. Təhlükəsizlik orqanları onun evində axtarış aparan zaman “Divan” üzə çıxmır və lüğət itmiş hesab olunur.
86 il bu əsərdən soraq verən yox idi. 2023-cü ildə institutun arxivində apardığım ciddi axtarışlardan sonra, üstünə az qala bir əsrin tozu qonmuş o qiymətli əsəri tapdım və müasir latın qrafikamızla çap etdirdim.
– Maraqlı təşəbbüsləriniz və işləriniz var. Bununla belə, bir məsələni də bilmək istərdim. Əksər hallarda Azərbaycan sözlərinin başqa dillərdə tələffüzündə və əcnəbi dillərdən alınma sözlərin dilimizdə tələffüzündə qüsurlarla qarşılaşırıq. Bu problemlərin həlli istiqamətində bir iş gedirmi?
– Həqiqətən, dilimizdə olan bəzi sözlər, xüsusilə yer adları əcnəbi dillərdə çox fərqli tələffüz edilir. Ona görə də biz dünya transkripsiyasında ənənəni nəzərə alırıq. Lakin elə səslər var ki, qarşıdakı dildə də mövcuddur. Məsələn, “Qarabağ” sözündə olan “q” səsi rus dilində də var. Lakin “k” ilə tələffüz edilir. “Mərdəkan” adı niyə rus dilində “Mardakyan” yazılmalıdır? Bu tip xeyli sözlər var. Dilçilik İnstitutu olaraq Azərbaycanda inzibati-ərazi vahidlərinin ingiliscədə və ruscada düzgün yazılışı haqqında ayrıca kitab buraxdıq və səfirliklərə də payladıq.
– Professor, Ana dilinin saflığının qorunması, zənginləşməsi naminə müasir medianın üzərinə hansı vəzifələr düşür? Çünki ədəbi dilin əsas materialı olan sözlə daha sıx təmasda olan sahələrdən biri də mediadır.
– Qloballaşma prosesi informasiya mühitinə də ciddi təsir edir. Lakin burada müəyyən sədlər olmalıdır. Əgər bir anlayışın Azərbaycan dilində qarşılığı varsa, onun yerinə yad söz işlətmək nə ədəbi, nə də mədəni baxımdan doğru deyil. Dilimiz kifayət qədər zəngin, fikri ifadə gücü yüksək olan bir dildir və bu potensialdan istifadə etmək bizim borcumuzdur.
Media nümayəndələrinin, xüsusilə jurnalistlərin bu sahədə məsuliyyəti daha böyükdür. Efir dili xalqın dili ilə birbaşa təmasdadır. Ona görə aparıcılar, jurnalistlər və diktorlar sadə, aydın və anlaşılan şəkildə danışmalıdırlar. Bu, publisistikanın, şifahi nitqin əsas tələblərindən biridir. Eyni zamanda, vurğu məsələsi də çox önəmlidir. Bəzən elə düşünürlər ki, vurğu sadə bir texniki məsələdir. Halbuki vurğu dili canlı edən, mənanı düzgün çatdıran ən vacib fonetik fiqurdur. Düzgün vurğu nitqin ahəngini, ifadəliliyini və peşəkarlığını təmin edir.
Bir sözlə, Azərbaycan dili nə ölkə daxilində, nə də xaricdə sadəcə məişət səviyyəsində ünsiyyət vasitəsi kimi qəbul edilməməlidir. Dil xalqımızın mədəni yaddaşını, elmi və intellektual potensialını ifadə edən canlı bir sistemdir.
Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 14 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















