Icma.az
close
up
RU
Ana Südü...Dağ çiçəyi!

Ana Südü...Dağ çiçəyi!

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Ana südü ilə qidalanan körpələrdə yoluxucu xəstəliklərə tutulma riski daha aşağı olur – MÜSAHİBƏ

Ana südü yeni doğulmuş körpə üçün ən dəyərli və əvəzolunmaz qidadır. O, körpənin sağlam böyüməsi və inkişafı üçün zəruri olan bütün qida maddələrini özündə birləşdirməklə yanaşı, güclü immunitetin formalaşmasına, beynin inkişafına və ana ilə körpə arasında möhkəm emosional bağın yaranmasında mühüm rol oynayır.

Bəs, ana südünü bu qədər dəyərli edən nədir? Körpənin həyatının ilk 6 ayında yalnız ana südü ilə qidalanmasının əhəmiyyəti nədən ibarətdir? Doğuşdan sonrakı ilk süd – kolostrumun faydaları hansılardır?

Bu və digər vacib məqamlarla bağlı Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Təranə Göyüşova ilə həmsöhbət olduq. O, ana südünün körpənin sağlamlığındakı əvəzsiz rolundan, immunitetin möhkəmləndirilməsindəki əhəmiyyətindən və analar üçün faydalı tövsiyələrdən danışıb. Həmin müsahibəni təqdim edirik.

- Təranə həkim, ana südü niyə körpə üçün bu qədər vacib hesab olunur?

- Ana südü yeni doğulmuş körpə üçün təbiətin yaratdığı ən ideal və mükəmməl qidadır. Onun tərkibində körpənin sağlam böyüməsi, fiziki və zehni inkişafı üçün zəruri olan bütün qida maddələri – zülallar, yağlar, karbohidratlar, vitaminlər, minerallar, fermentlər, hormonlar və immunqoruyucu komponentlər optimal nisbətdə mövcuddur. Ən önəmlisi isə odur ki, ana südünün tərkibi sabit deyil, o, körpənin yaşına, inkişaf mərhələsinə və hətta günün saatına uyğun olaraq dəyişir. Bu xüsusiyyət onu digər bütün qida növlərindən fərqləndirir.

Ana südü təkcə körpənin qidalanmasını təmin etmir, eyni zamanda, onun immun sisteminin formalaşmasına kömək edir. Yeni doğulmuş körpənin immuniteti hələ tam inkişaf etmədiyi üçün ana südündə olan anticisimlər və digər qoruyucu maddələr onu virus və bakteriyalara qarşı müdafiə edir. Bu səbəbdən ana südü ilə qidalanan körpələrdə tənəffüs yolu infeksiyaları, bağırsaq xəstəlikləri və digər yoluxucu xəstəliklərə tutulma riski daha aşağı olur.

Ana südünün digər mühüm üstünlüyü onun asan həzm olunmasıdır. Körpənin həzm sistemi hələ tam yetişmədiyi üçün ana südü mədə və bağırsaqlar tərəfindən rahat mənimsənilir. Bu da köp, qəbizlik və həzm pozğunluğu kimi problemlərin qarşısının alınmasına kömək edir.

Bundan əlavə, ana südünün tərkibində beynin və sinir sisteminin inkişafı üçün vacib olan yağ turşuları və digər bioloji aktiv maddələr var. Bu maddələr körpənin idrak qabiliyyətinin, yaddaşının və ümumi inkişafının formalaşmasına müsbət təsir göstərir.

Ana südü yalnız bugünkü sağlamlıq üçün deyil, gələcək həyat üçün də mühüm əhəmiyyət daşıyır. Elmi araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqlarda gələcəkdə piylənmə, şəkərli diabet, allergik xəstəliklər və bəzi ürək-damar problemlərinin yaranma riski daha aşağı ola bilər.

Ən əsası isə ana südü sadəcə qida deyil, ana sevgisinin və qayğısının körpəyə ötürülməsinin ən gözəl yollarından biridir. Əmizdirmə zamanı ana ilə körpə arasında yaranan yaxınlıq onların emosional bağını gücləndirir, körpənin özünü təhlükəsiz hiss etməsinə və sağlam psixoloji inkişafına müsbət təsir göstərir. Məhz bütün bu üstünlüklərinə görə ana südü körpənin həyatının ilk aylarında əvəzolunmaz qida hesab olunur.

- Ana südü körpənin immunitetinə necə təsir edir?

- Körpə dünyaya gəldikdə onun immun sistemi hələ tam formalaşmamış olur və ilk aylarda xarici mühitdəki virus, bakteriya və digər mikroorqanizmlərə qarşı kifayət qədər müdafiə qabiliyyətinə malik olmur. Məhz bu dövrdə ana südü körpənin ən güclü təbii müdafiə vasitəsinə çevrilir.

Ana südünün tərkibində immunoqlobulinlər, ağ qan hüceyrələri, fermentlər, probiotiklər və digər bioloji aktiv maddələr mövcuddur. Bu maddələr körpənin orqanizminə daxil olaraq onun immun sistemini dəstəkləyir və müxtəlif infeksiyalara qarşı qoruyucu təsir göstərir. Xüsusilə, doğuşdan sonrakı ilk günlərdə ifraz olunan kolostrum immun maddələrlə son dərəcə zəngin olduğu üçün körpənin ilk təbii müdafiə qalxanı hesab edilir.

Ana südü ilə qidalanan körpələrdə tənəffüs yolları infeksiyaları, ishal və digər bağırsaq xəstəlikləri, qulaq iltihabı, bəzi allergik problemlər və digər yoluxucu xəstəliklərə daha az rast gəlinir. Bununla yanaşı, ana südü körpənin bağırsaq mikroflorasının sağlam formalaşmasına kömək edir. Sağlam bağırsaq mikrobiomu isə güclü immun sisteminin əsas şərtlərindən biridir.

Ana südünün qoruyucu təsiri yalnız körpəlik dövrü ilə məhdudlaşmır. Elmi araşdırmalar göstərir ki, ana südü ilə qidalanma gələcək illərdə də uşağın sağlamlığına müsbət təsir göstərərək bəzi allergik xəstəliklərin, şəkərli diabetin və digər xroniki xəstəliklərin yaranma riskinin azalmasına kömək edə bilər.

Digər mühüm məqam isə odur ki, ana orqanizmi ətraf mühitdə qarşılaşdığı virus və bakteriyalara qarşı anticisimlər hazırlayır və bu anticisimlərin bir hissəsi ana südü vasitəsilə körpəyə ötürülür. Beləliklə, ana südü körpəni yaşadığı mühitdə mövcud olan infeksiyalara qarşı daha yaxşı qorumağa kömək edir.

Qısacası, ana südü körpənin yalnız qidası deyil, həm də onun ilk və ən etibarlı immun müdafiə sistemidir. Həyatın ilk aylarında körpənin sağlamlığının qorunmasında və güclü immunitetinin formalaşmasında əvəzsiz rol oynayır.

- Bəzi analar düşünürlər ki, süd azdır və körpə doymur. Bu zaman nə etmək lazımdır?

- Bu, yeni ana olmuş qadınların ən çox narahat olduğu mövzulardan biridir. Lakin südün az olduğunu düşünmək hər zaman onun,həqiqətən az olması demək deyil. Körpənin tez-tez ağlaması, südü tez-tez və ya uzun müddət əmizmək istəməsi əksər hallarda südün çatışmazlığını göstərmir. Xüsusilə, həyatın ilk həftələrində körpələrin tez-tez əmizdirilməsi tamamilə normaldır və bu, ana südünün artmasına kömək edən təbii prosesdir.

Analar südün kifayət edib-etmədiyini yalnız döşlərin doluluğuna və ya sağdıqları südün miqdarına görə qiymətləndirməməlidirlər. Südün yetərli olub-olmadığını göstərən əsas əlamətlər bunlardır: körpənin yaşına uyğun çəki alması, gün ərzində kifayət qədər yaş bez dəyişdirməsi, aktiv və ayıq olması, əmizdirmədən sonra sakitləşməsi və ümumi inkişafının normal getməsi.

Bəzən stres, yorğunluq, yuxusuzluq və düzgün qidalanmamaq da anada südün azalması hissini yarada bilər. Bu səbəbdən ananın kifayət qədər istirahət etməsi, balanslı qidalanması, bol maye qəbul etməsi və ailə üzvlərinin mənəvi dəstəyi də uğurlu əmizdirmə də mühüm rol oynayır.

Əgər körpənin çəki artımı zəifdirsə, sidik ifrazı azalıbsa, daim narahat görünürsə və ya ana südünün həqiqətən kifayət etmədiyi ehtimalı varsa, bu zaman mütləq pediatr və ya laktasiya üzrə mütəxəssisə müraciət edilməlidir. Erkən məsləhət almaq həm əmizdirmə ilə bağlı çətinliklərin aradan qaldırılmasına, həm də ana südünün davamlı şəkildə qorunmasına kömək edir.

Ən vacibi isə odur ki, analar özlərinə güvənsinlər. Əksər hallarda düzgün əmizdirmə texnikası, səbir və mütəxəssis dəstəyi ilə ana südü körpənin ehtiyacını tam ödəyə bilir.

- Körpəyə ilk 6 ay ərzində su vermək lazımdırmı?

- Əgər körpə yalnız ana südü ilə qidalanırsa və sağlamdırsa, ilk 6 ay ərzində ona əlavə su verməyə ehtiyac yoxdur. Ana südünün tərkibində həm qida, həm də maye ehtiyacını qarşılayacaq qədər su var. Xüsusilə isti havalarda belə, daha tez-tez əmizdirmək kifayət edir.

- Əmizdirmə ana ilə körpə arasındakı münasibətə necə təsir edir?

- Əmizdirmə yalnız qidalanma deyil, həm də ana ilə körpə arasında emosional bağ yaradan xüsusi bir prosesdir. Bu zaman körpə özünü təhlükəsiz hiss edir, ananın səsini, qoxusunu və ürək döyüntüsünü hiss edərək sakitləşir. Bu yaxınlıq həm körpənin, həm də ananın psixoloji sağlamlığı üçün çox dəyərlidir.

- Sonda analara nə tövsiyə edərdiniz?

- Əziz analar, unutmayın ki, ana südü körpəniz üçün sadəcə qida deyil, o, sağlamlığın, sevginin, qayğının və sağlam gələcəyin təməlidir. Ana südünün hər damlası körpənizin güclü immunitet qazanmasına, sağlam böyüməsinə və həyata möhkəm başlanğıc etməsinə böyük töhfə verir. Özünüzə inanın, əmizdirmə ilə bağlı hər hansı çətinliklə qarşılaşdığınız halda isə vaxt itirmədən pediatr və ya laktasiya üzrə mütəxəssisə müraciət edin. Düzgün dəstək və məlumat sayəsində əksər problemlərin öhdəsindən gəlmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyul 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see371

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see337

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see326

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see253

Finalın əsl qazananları onlar oldu Fotolar

22 İyul 2026 03:36see218

Makronun əsas rəqibinə kiberhücum X hesabı sındırıldı

22 İyul 2026 02:06see205

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see204

İsrailə təzyiq göstərəcəyik! Trampdan ŞOK BƏYANAT

22 İyul 2026 01:19see198

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see191

Nevroloqdan baş ağrısı ilə bağlı xəbərdarlıq Bu simptomlar varsa...

21 İyul 2026 22:38see190

Dambrauskas: “Taktiki cəhətdən komandamdan razıyam”

21 İyul 2026 22:39see187

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see182

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see180

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see175

Bu ölkədə 3 nəfər hantavirusdan ölüb

22 İyul 2026 03:20see175

Azərbaycan mətbuatı 151 yaşında!

22 İyul 2026 00:48see173

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see166

Bu ixtisasları seçənlər işsiz qala bilər

22 İyul 2026 11:35see163

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see162

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri