Anamın radiosu Azərbaycan Radiosunun 100 illik yubileyinə
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəlalə Məhyəddinqızı
Filologiya üzrə fəlsəfə doktoru
Radioya ta kiçik yaşlarımdan bağlanmışam. Uşaqlıqdan radio ilə böyüdüm, daha sonra radioda böyüdüm, elə radioda da qocaldım... Radio ailəmizin qiymətli əşyası, ən dəyərli zinəti olub. Anam ona xüsusi sevgi ilə yanaşar, qırılmasın, sınmasın deyə, hər şeydən çox, onu qoruyardı. Radio danışanda hamımız susardıq. Anamın istəyi və tələbi ilə sakitlik çökərdi ətrafa. O, bizim başsız qalan ailəmizin sönmüş ocağının çırağı, qulaq yoldaşı, atasız dünyamıza təsəlli, qırılmış qəlbimizi ovunduran qeyri-adi bir canlı varlığıydı...
...Bizim evdə radio, elə-hey susmaq bilmədən, danışardı. Anam onu söndürməzdi ki, qoy kənardakılar evimizdən gələn hənirtini eşitsin, həyətimizdə evimizin on addımlığındakı qəbiristanlıqdan gələn bayquş səslərini batırsın. Tale elə gətirmişdi ki, ata ocağımız ziyarət, övliya idi. Kənd camaatının ölülərini basdırdığı bu yurdda anam beş körpə uşaqla 27 yaşında dul qalmış, qəfil ölüm (infarkt) cavan atamızı da yanımızdan alıb, həyətimizdəki o məzarlardan birinə aparmışdı...
Evimizdə ən çox radio danışırdı... oxuyurdu... bizə həyatın büsbütün gözəlliklərini anladırdı. O, yarı qorxulu, qaranlıq dünyamıza şölə salır, ömrümüzə nəşə gətirirdi...
Radionun hər yeni forması çıxdıqca, istər stolüstü, istərsə də ayaqlı, anam onu alar, biri evdə qoyular, biri bağda, ağacın budağından asılardı... hətta fənərli radioya da pul saymışdı.
Radio... anamın ürək simsarı, qulaq yoldaşı, həyat sirdaşı... Həyatdakı ən səmimi dostu, ən yaxın qardaşı, bəlkə də anası, bacısıydı. Anamız kimi, bizi də o cazibədar səslər get-gedə tilsimə salırdı... kövrək musiqilər, üzünü görmədiyimiz, səslərindən surətlərini xəyalımızda canlandırdığımız əmilər, xalalar... Bu “sehrli qutu”nun möcüzəsi, “Savalan baba”, nəvəsi “Biləyən” biz uşaqları da ovsunlamağa başlayırdı...
Amma heç ağlıma belə gəlməzdi ki, illər keçəcək və mən özüm bu “balaca qutu”nun içərisinə düşəcəm. Günlərin birində anama sürpriz edəcəm, onu elə efirdəncə salamlayacam. Kəndimin, anamın adını çəkib, radioda ondan söhbət açacam. Ələmdar Quluzadənin aparıcısı olduğu səhərlərdən birində, “Səhər” musiqi informasiya proqramında, martın 1-də ad günündə ondan, çəkdiyi iztirablardan, sovxozda işləməsindən, balalarını yaşatmaq, böyütmək və oxutmaq üçün apardığı mücadilələrdən, min qat ağırlıqda qatlaşdığı əzablardan danışacam. “Anaların ən gözəli mənim anamdır” deyib, efirdən saçlarını sığallayacam. “Gözünün ağına, qarasına qurban” olduğumu el-obaya tanıtdıracam. Mən bilirdim ki, evimizdə radio heç zaman susmur və təkcə anam yox, həmin gün mənim səsimi kənd camaatı da dinləmişdi. İstəmişdim ki, anamın qayğıkeşliyini, zərif çiyinlərində daşıdığı yükün ağırlığını, fədakarlıq nümunəsi olan bu Azərbaycan qadınının obrazını efirdən göz önündə canlandırım, “gözü ilə od götürdüyünü” bütün cahana anladım...
Səhər-səhər yaman kövrəltmişdim onu. Hətta redaksiyadakı həmkarlarımın da gözləri yaşarmışdı. Ertəsi gün Zərxanım Əhmədli məni danladı ki, “sən bu təbrikinlə ananın bütün əzablarını yenidən yadına saldın”. O vaxt yaxından, uzaqdan efirə həmin dəqiqələrdə kim qulaq asmışdısa, təsirlənmiş, redaksiyamıza saysız-hesabsız zənglər gəlmişdi. Mənim anamla bağlı yazdığım və Xalq artisti, ölməz müğənnimiz Rəşid Behbudovun (sözləri İslam Səfərli, musiqisi Cahangir Cahangirov) oxuduğu “Ana” mahnısıyla tamamlanan süjetim radioda bəlkə də sərbəst mövzuda ilk debütüm idi...
O kiçik dünyadan, sakit hüznlü ocaqdan, bu böyük aləmə, səsli-küylü məkana, musiqili meydana, radioya gəlişimin də maraqlı tarixçəsi var. İlk dəfə 1988-ci ildə bura yolum düşüb. Hələ ölkədə vəziyyət çox da qarışmamışdı, hələ ki, hər iş öz normal axarında idi, mən də hər bir gənc kimi öz sakit tələbə həyatımı yaşayırdım. Yaxın qohumumuz, kəndimizin (Qəbələ) say-seçmə oğullarından biri olan, anamın bibisi oğlu Qalib Hidayətli radioda çalışırdı. Bütün kənd əhli onunla qürur duyurdu. Mətbuata göstərilən bu el sevgisi mənə də sirayət etmişdi. “Böyüyəndə mən də onun kimi jurnalist olacağam, məşhurlaşacam” deyib, hələ mənasını tam dərk etmədiyim bir sənətin sevdasına düşmüşdüm. Ona görə də Bakıya qədəm qoyan kimi “dayı” dediyim Qalib Hidayətlinin işlədiyi bu mötəbər ocağa üz tutdum...
Onun sayəsində ilk dəfə bu müqəddəs və əzəmətli dünyanın qapıları üzümə açılıb. Onun vasitəçiliyi ilə ünlü insanları, qələm sahiblərini, azman sənətkarları, bir sözlə, radionun iç dünyasını tanımışam... Əfsuslar olsun ki, amansız xəstəlik Qalib müəllimi həyatdan tez apardı...
Radionun “Gənclik” redaksiyasında ilk görüşdüyüm əməkdaş Aybəniz Məmmədəliyeva olub. O, analıq məzuniyyətinə hazırlaşırdı. “Bu gün axırıncı iş günümdür” dedi və məni həmkarı Faiq Novruzovla tanış etdi. O da ilk süjetim üçün tapşırıqlarını verdi. Növbəti gəlişimdə məni Ayətxan Ziyad qarşıladı. Beləliklə, redaksiyada özümə qarşı doğmalıq hiss elədim. O dövrdə radionun özəlliyi də onda idi ki, burada yaradıcı heyət, çıxış üçün gələn qonaqlara, ştatdankənar əməkdaşlara bir ailənin üzvü kimi olduqca mehriban davranırdılar. Kollektivdə həddindən artıq isti münasibət vardı.
1992-ci ildə universiteti bitirdim. Tələbəlik illərinin birinci kursundan əməkdaşlıq etdiyim radioda rəsmi işə girmək arzusunda idim. Cəbhədən gələn xəbərlər ürəkləri dağlayırdı. Ağrılı hadisələrdən biri bizim ailəyə də qismət oldu. Könüllü Qarabağ torpağının müdafiəsində iştirak edən qardaşımın döyüş bölgəsində, Fərrux dağı yüksəkliyində üstünə qrad düşdü. Ağdamda ayağı amputasiya olundu və Bakıda uzun müddət, anamdan xəbərsiz, xəstəxana həyatı yaşadıq. Anamın səhhətinin nasazlığından və evdə yaşca kiçik bir bacım olduğundan qardaşımın ayağını itirməsini, ağır yaralanmasını ondan gizli saxlamaq məcburiyyətində qaldım. Xəstəxanada, travmatologiya şöbəsində gördüyüm ağır səhnələri, real görüntüləri bir ömür boyu unuda bilmərəm. Elin, millətin ağır günləri idi. Faciələr ard-arda baş verirdi. Rayonlar işğal olunur, yaralı sayı günbəgün artırdı. Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında, adam əlindən, həqiqətən “iynə atsan, yerə düşməzdi”. Evdən açılıb-yığılan bir çarpayı aparmışdıq ki, qardaşımın yanında gecələməyə yatacağımız olsun. Yer çatışmadığından, ona da ağır bir yaralını yerləşdirdilər... Xəstəxanada ürək ağrısıyla seyr etdiyim mənzərələri, milli faciələrimizi efirdən işıqlandırırdım. Radio üçün xəstə yaxınlarından müsahibələr alır, yaralıların ziyarətinə gələn axın-axın insanlarla tanış olur, gərgin şəraitdə çalışan həkimlərin, tibb bacılarının fədakarlığı, psixoloji travmalar almış, ağır vəziyyətdə olanlara səbirlə, nəzakətli davranış nümayiş etdirməsinə qədər, efirə müxtəlif mövzularda süjetlər təqdim edirdim...
Həyatımın ən çətin günlərində kollektivdən böyük doğmalıq, diqqət və qayğı gördüm. Çalışdığım hər redaksiyada gənclərə hörmət və sayğı ilə yanaşırdılar. Süjetlərimi bəyənir, müxtəlif mövzularda tapşırıqlar verirdilər... Mənəvi cəhətdən belə mötəbər insanların əhatəsində olduğumdan ayaqda durmağı bacardım. Arxamda gözəl ziyalılar olduğundan hər bir ağırlığa sinə gərə biləcək qədər də güclü olduğumun fərqindəydim. Evimizin böyük uşağı olduğum üçün ailənin də bütün yükünü öz üzərimə götürmək məcburiyyətində qalmışdım. O anlarda, çətin məqamlarda yenə də RADİO mənim ümid yerim, tapındığım yeganə isti ocağım, səcdə etdiyim qibləgahım, maddi təminatım, sanki ATA əvəzim, könlümün həmdəmi, ürəyimi açdığım sirdaşım, bir sözlə, qəlbimin ən böyük varlığı oldu.
1992-93-cü illərdə, radioda ştatdankənar müxbir kimi çalışırdığm vaxtlarda ilk dəstəyi peşəkar jurnalist Zərxanım Əhmədlidən gördüm. Özünün şəxsi adında olan reportyorunu verib, məni obyektlərə, müəssisələrə, tədbirlərə müsahibələr almağa, süjetlər hazırlamağa göndərirdi.
Hazırladığım süjetlərin nöqsanlarını deyir və daha yaxşı yazmaq üçün mənə öz tövsiyələrini verir, müsahibə almağın yollarını, texnologiyasını izah edirdi.
Qısa bir müddətdən sonra isə Zərxanm Əhmədlinin təkidi və köməyi ilə Beynəlxalq radiodan, Respublika radiosuna, “Son Xəbərlər” redaksiyasına keçirildim. Düz 1993-cü ildən bu günə kimi, 33 ildir ki, bu redaksiyadayam. Hazırda redaksiyanın (“İnformasiya Proqramları”) böyük redaktoruyam...
Eyni zamanda, uzun illər, “Səhər” musiqi informasiya proqramının müəllif və aparıcı olmuşam. Qısaca yada salım ki, önəmli bir tarixi gündə, 1989-cu il may ayının 28-də Azərbaycan Radiosunda "Səhər” musiqi-informasiya proqramı hazırlanıb. Sovet təsirindən qurtulan, uzun durğunluq illərindən sıxılan təcrübəli radiojurnalistlər müstəqillik illərinin astanasında həsrətində olduqları sərbəst fikir söyləmək fürsətini çoxdan gözləyirdilər. Həmin illər televiziyanın deyə bilmədiyini radio çox asanlıqla deyir və xalqın bir nömrəli informasiya mənbəyi rolunda çıxış edirdi.
Xəbər janrında işləmək, ictimai-siyasi mövzularda yazmağı bacarmaq, qısa zamanda hadisələri qələmə almaq, efirə xəbəri, olayı gecikmədən, anında təqdim etmək ustalığı, savad nümayişi, operativlik, çeviklik və məsuliyyət tələb edir. Eyni zamanda bölgələrdə ezamiyyətlərdə olmuşam, radiomuz üçün bir-birindən maraqlı verilişlər hazırlamışam...
Azərbaycan Radiosunda elə verilişlərim, reportajlarım var ki, onları həyəcansız xatırlamaq qeyri-mümkündür. Məsələn, azad olunan Cocuq Mərcanlıdan qürurla təqdim etdiyim silsilə reportajlar. Böyük Qələbəyə gedən yolun ilk cığırında addımlamaq, azad ediləndən iki il sonra o yerləri dolaşmaq, gördüklərimdən radioda ürəkdolusu danışmaq mənə də qismət oldu...
Böyük Qələbədən, yurd yerlərimizin erməni işğalından azad edilməsindən sonra növbəti səfərimiz Talış kəndinə, Suqovuşana oldu. Bu dəfə isə Azərbaycan Radiosunun "Xəbərlər" redaksiyanın əməkdaşları kimi şəxsiyyətinə böyük hörmət bəslədiyim, "Bütöv Azərbaycan" arzusu ilə yaşayan, teleradiomuzda öz imzası və dəsti-xətti olan Tamxil Ziyəddinoğlu ilə birlikdə Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə 26 radio jurnalisti arasında Azərbaycan əsgərinin azad etdiyi ərazilərə baş çəkdik.
Suqovuşanda tikinti quruculuq işləri aparan işçiləri bir-bir dinləyicilərə tanıtdım. Müsahiblərim gördükləri işdən həvəslə danışır, bərpa prosesinə qatıldıqları üçün özlərini xoşbəxt sayır, bu yerlərə həyatın qayıdışı üçün əllərindən gələni əsirgəmədiklərini deyirlər. Sanki sarı rəngdə xüsusi geyimli bu insanlar tikanların arasında bitən çiçəklərə bənzəyirdi. Viranə qoyulmuş yurda yeni can gətirən və ana təbiətin görkəmini özünə qaytarmağa çalışan vətən övladları ilə görüşümüz, isti təəssüratlarımız radiomuzun, xəbərlərimizin əsas mövzusu oldu...
Radio dalğaları yerdən çox uzaqlardadır, insan əlinin çata bilmədiyi yerdə, kainatın üfüqlərində rəqs edər. Əlimiz çatmayan nöqtəyə isə səsin işığında yetişirik. Səsimizlə o ucalığa doğru can atırıq... Mən də çoxları kimi radioda boy atdım, ucaldım. Səsi aləmə yayılan, sözü ilə dünyanı bəzəyən, bənzərsiz səsləri ilə heyrət doğuran sənətkarların əhatəsində yetişdim. İllər ötdükcə radionun cazibə qüvvəsi məni daha da özünə çəkdiyindən, Azərbaycan Radiosunun tədqiqatı ilə məşğul olmağa başladım. Bu gün qazandığım bütün uğurların kökündə ilk əvvəl mənə bu dünyanı tanıdan, radionu sevdirən mərhum jurnalist Qalib Hidayətli, elm adamı Yasin Qaraməmmədli, yeganə qardaş kimi güvəndiyim İttifaq Mirzəbəyli, müəllimim sandıqlarım Zərxanım Əhmədli, İntiqam Mehdizadə, Heydər Zeynaloğlu, özünəməxsus yaradıcılıq üslubu ilə seçilən, radioda özümə bacı bildiyim, hər zaman maddi və mənəvi dəstəyini hiss etdiyim Reyhan Rüstəmli və b. efir adamlarının, ustad sənətkarların əməyi var. Bu arada, radio insanlarından daha birinin, professor, Prezident təqaüdçüsü Qulu Məhərrəmlinin də adını xüsusi olaraq çəkmək istəyirəm. Bakı Dövlət Universitetində elmi tövsiyələrini məndən əsirgəməyən alimlərdən biri oldu Qulu müəllim...
Elmi yazılarımda, yuxarıda adlarını ehtiramla çəkdiyim alimlərin, sənətkarların əsərlərindən bəhrələndim və bu missiya bu gün də davam edir. Çalışıram ki, mən də onlar kimi radioya olan sevgimi işimlə nümayiş etdirəm. Radionu onlar necə sevirlərsə, mən də eləcə bura bağlı olduğumu dilə gətirəm, sübut edəm ki, Azərbaycan Radiosu sözün həqiqi mənasında böyük məktəb və burda çalışan ziyalılar, sənət adamları isə əsl korifeylər olub. Belə şəxsiyyətlərin əsasını qoyduğu radiomuzun xalqımızın taleyində xidmətləri isə danılmazdır. Elimizin maariflənməsində, milli musiqinin təbliğində, ədəbi düşüncə tərzinin formalaşmasında, ana dilimizin qorunmasında və zənginləşməsində mühüm rol oynayan radionun geniş istiqamətlərdən tədqiqinə daha çox ehtiyac var. Radiojurnalistika ilə bağlı daha çoxlu tədqiqatlar aparılmalıdır ki, Azərbaycan Radiosunun xidmətlərindən, onun böyük amallar uğrunda apardığı mübarizədən gələcək nəsillər xəbərdar ola bilsinlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 21 Sentyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















