Anklavlar məsələsində təhlükəli ssenari
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan ərazi mübadiləsini həll yollarından biri sayır; lakin İrəvan hiylə işlədərək müharibə riskini də ön plana çıxara bilər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftə verdiyi açıqlamada Azərbaycanla ərazi mübadiləsi ehtimalını istisna etməyib. ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis ilə birgə mətbuat konfransında Mirzoyana Azərbaycanla Ermənistanın nəzarətindəki kəndlərin dəyişdirilməsi ehtimalı barədə sual ünvanlanıb. Ermənistan XİN rəhbəri cavabında müxtəlif variantların müzakirələrinin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, tərəflər məsələyə konstruktiv yanaşırlar. Mirzoyan müzakirələrin yekun nəticəsini proqnozlaşdırmaq istəməsə də, ərazi mübadiləsinin mümkün həll yollarından biri olduğunu vurğulayıb. Nazir belə bir qərarın ümumxalq müzakirəsinə çıxarılmasının nəzərdə tutulduğunu da qeyd edib.
Erməni mediası yazır ki, baş nazir Nikol Paşinyan anklav və eksklavların taleyi ilə bağlı indiyədək bir neçə fərqli yanaşma səsləndirib. Məlumata görə, əvvəlki variantlardan biri Başkəndin (Artsvaşen) Azərbaycana, Kərki və digər üç anklav ərazisinin isə Ermənistana verilməsini nəzərdə tutub. Lakin Paşinyan ötən həftə fərqli yanaşma ilə çıxış edib. Söhbət “kəndlərin yerdəyişməsi” adlandırılan variantdan gedir. Ermənistanın baş naziri deyib ki, anklav və eksklavlar mövcud olmamalıdır. Bu yanaşma anklavların özləri ilə yanaşı, onların ətrafındakı müəyyən ərazilərin də müvafiq tərəfə verilməsini nəzərdə tutur. Məqsəd sərhədin bir neçə dəfə keçilməsinə ehtiyac yaratmadan həmin yaşayış məntəqələrinə çıxışı təmin etməkdir.
Paşinyan məsələnin hələ müzakirə mərhələsində olduğunu və yekun qərarın verilmədiyini açıqlayıb.
“Hraparak” hakimiyyət dairələrindəki mənbələrinə istinadən iddia edir ki, tərəflər məhz sonuncu varianta üstünlük veriblər. Nəşrin yazdığına görə, bu, Türkmənistanda son görüşlərində Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyan qarşısında irəli sürdüyü tələbdir. Məqalədə həmçinin iddia olunur ki, Paşinyanın Ermənistana qayıtdıqdan sonra konstitusiya dəyişiklikləri prosesini sürətləndirməsi və anklavlar məsələsini yenidən gündəmə gətirməsi bu müzakirələrlə əlaqəlidir. İddiaya görə, sülh sazişinin imzalanması üçün həllini gözləyən məsələlərdən biri də anklavların taleyidir. Nəşrin mənbələri hesab edir ki, hakimiyyət ictimaiyyətin və müxalifətin dəstəyini qazanmaq üçün müxtəlif siyasi vasitələrdən istifadə edə, mümkün müharibə təhlükəsini ön plana çıxara bilər. Bu ssenariyə əsasən, referendum baş tutmasa, mümkün hərbi qarşıdurmaya görə məsuliyyət müxalifətin üzərinə qoyulmağa çalışıla bilər.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, bu məsələdə mürəkkəb problemlər var. Onun sözlərinə görə, müzakirə təkcə beş kəndin taleyi ilə bağlı deyil, burada söhbət sovet dövründən qalmış inzibati sərhədlərin beynəlxalq dövlət sərhədinə necə çevriləcəyindən gedir: “Delimitasiya və demarkasiya olduqca ağır prosesdir. Ona görə də yalnız anklav kəndlərlə məsələ həllini tapmır. Bəli, əgər ərazi mübadiləsi qərarı qəbul edilərsə, Ermənistan qanunvericiliyinə əsasən, referendum tələb olunacaq. Sadəcə, referenduma hüquqi zərurətin olub-olmamasını müəyyənləşdirmək lazımdır. Əhali konkret ərazi mübadiləsini dəstəkləyərsə, bu, Ermənistan hökumətinin danışıqlarda siyasi mandatını gücləndirə bilər. Bunun tam əksi isə o deməkdir ki, ərazi mübadiləsi dayanır və ya yenidən işlənir, anklav problemi də həll olunmamış qalır. O baxımdan, bu məsələlərin tezliklə həllini gözləmirəm”.
Hüquqşünas qeyd edib ki, bu prosesdə iki istiqamət var: “Birincisi, əgər tərəflər sovet dövründəki inzibati sərhədləri əsas götürərək anklavların müvafiq dövlətə aid olduğunu təsdiqləsələr, bu, onların hüquqi statusunun həlli istiqamətində mühüm addım olar. Yox, tarixi inzibati mənsubiyyətin tanınması ilə ərazinin faktiki təhvil verilməsi olarsa, bu, ayrı prosesdir. Çünki sərhədin xəritədə müəyyənləşdirilməsi, sərhəd nişanlarının qoyulması və ərazi üzərində faktiki nəzarətin dəyişməsi fərqli mərhələlərdir. Amma başqa model də var: anklavların saxlanılması, xüsusi keçid rejimi tətbiq olunması. Bu halda ərazilərin suverenliyi dəyişdirilmir, giriş-çıxış, yol istifadəsi, gömrük və təhlükəsizlik qaydaları ayrıca razılaşdırılır. Bu model ərazi mübadiləsini tələb etməyə bilər. Lakin iki dövlət arasında uzunmüddətli əməkdaşlığı zəruri edir”.
Hüquq müdafiəçisi onu da deyib ki, əgər mübadilə həyata keçirilərsə, tərəflər təkcə hansı ərazinin kimə veriləcəyini deyil, sərhədin necə qorunacağını, əhalinin hərəkətini və yaranacaq mübahisələrin necə həll ediləcəyini də razılaşdırmalıdırlar: “Bu məsələlərin heç biri təkbaşına referenduma çıxmaqla həll olunmur. Onlar dövlətlərarası müqavilə və onun icra mexanizmləri tələb edir. Mübadilə təklifinin Azərbaycan tərəfindən hansı şərtlərlə qəbul ediləcəyi və ya hansı alternativin irəli sürüləcəyi məlum olmalıdır. Bir sözlə, hələlik bu məsələnin uzanacağını gözləyirəm. Paşinyan da təsdiqləyir ki, proses müzakirə mərhələsindədir. Deməli, real nəticələr yoxdur və ortaq yanaşma mövcud deyil. Hətta anklavların olduğu kimi qalması da istisna edilmir”.
Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu ilin oktyabrında mübadilə barədə razılaşmanın hələ olmadığını, sərhədin delimitasiyasının isə Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini artırıb-azaltmamalı olduğunu vurğulayıb. Bu mövqe Paşinyanın mübadilə variantını müzakirəyə çıxarması ilə birlikdə oxunmalıdır: bir tərəfdən variant araşdırılır, digər tərəfdən Ermənistan hökuməti ərazi bütövlüyü məsələsində öz hüquqi mövqeyini qorumağa çalışır.
Onu da deyək ki, tarixi Azərbaycan torpağı olan Başkənd sovetlər dövründə - 1920-ci ildə Ermənistana verilib və onun xəritəsinə daxil edilib. Ərazisi 40 kv. km olan Başkənd 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni eksklavı kimi qalırdı. Ermənistan hökuməti qəsəbənin adını 1978-ci ildə “Artsvaşen” olaraq dəyişdirmişdi. Erməni terrorçularının sığınacaq yeri və Şınıxa böyük təhlükə yaratdıqları ünvan - Başkənd kəndi 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Oktyabr 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















