Anklavlar ətrafında yeni oyun
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İrəvanın Bakının tələbləri qarşısında variant axtarmasının məqsədi nədir?
Ermənistanın məzuniyyətdə olan baş naziri, “Mülki müqavilə” partiyasının idarə heyətinin sədri Nikol Paşinyan seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində ermənilərin Geqarkunik vilayəti adlandırdıqları Göyçə mahalında çıxışı zamanı Azərbaycanla delimitasiya-demarkasiya prosesi barədə danışıb. “Armenpress”in məlumatına görə, o, xüsusilə Gədəbəy rayonunun inzibati-ərazi bölgüsünə daxil olan Başkənd (ermənilər onu “Artsvaşen” adlandırırlar) kəndi ilə bağlı məsələdən bəhs edib. Deyib ki, bu məsələnin həlli variantlarından biri ərazi mübadiləsi ola bilər.
Onun sözlərinə görə, Ermənistan tərəfi üçün bu mövzu artıq gərginlik mənbəyi deyil: “Məsələnin həlli yollarından biri mübadilə ola bilər. Prinsip bundan ibarətdir: Ermənistan və Azərbaycan delimitasiya prosesindən bir-birinə zərbə vurmaq üçün istifadə etmək istəyirlər, yoxsa məsələləri elə həll etmək niyyətindədirlər ki, nə bizim, nə də onların övladları gələcəkdə bu problemlərlə üzləşsinlər? Bizim borcumuz övladlarımıza artıq mövcud olan və kadastr sənədi ilə təsdiqlənmiş bir ölkə miras qoymaqdır. Qalır həmin kadastr sənədindəki xəritə və sərhəd cizgilərini yekunlaşdırmaq və bu sənədlə təsbit edilmiş dövləti nəsildən-nəslə ötürmək”.
Qeyd edək ki, Paşinyan bununla son vaxtlarda ikinci dəfə Başkənd məsələsinə toxunub. Aprelin 30-da hökumətin iclasından sonra keçirilən ənənəvi brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən Xankəndidə işğal dövründə qanunsuz inşa edilmiş kafedral kilsənin sökülməsi məsələsinə toxunarkən belə bir uğursuz müqayisə aparmışdı: “Artsvaşen Ermənistan Respublikasının suveren (?) ərazisidir. Gəlin, bu vəziyyəti təsəvvür edək: Artsvaşen delimitasiya nəticəsində Ermənistanın nəzarətinə qaytarılanda, biz gəlib görürük ki, 2016-cı ildə orada məscid tikilib. Bizim reaksiyamız necə olacaq? Biz nə etməliyik? Məsələn, bu əraziyə mülkiyyət sənədlərini təqdim edən və onun öz ərazisi olduğunu iddia edən Ermənistan Respublikasının vətəndaşları var”.
Paşinyanın məlum açıqlamasından bir gün öncə – aprelin 29-da Ağverəndə Ermənistan və Azərbaycanın delimitasiya və demarkasiya komissiyalarının görüşü keçirilmişdi. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistana getmiş və tərəflər sərhəd məsələlərini müzakirə etmişdilər. Bu, bir neçə ay əvvəl Ermənistan komissiyasının Qəbələyə səfərindən sonra keçirilən cavab görüşü idi.
***
Paşinyanın digər fikirləri kimi bu açıqlaması da erməni cəmiyyətindəki radkial-revanşist tör-töküntülərin narazılığına səbəb olub. Siyasi şərhçi Akop Badalyan yazır ki, Başkənd nümunəsinin daha dərin konteksti də var. O, Ermənistan–Azərbaycan görüşündən dərhal sonra səsləndirilib: “Başkəndin qaytarılması Ermənistanın Azərbaycana məxsus və rəsmi bəyanatlardan göründüyü kimi, İrəvanın artıq Bakının müəyyən hüquqlarını faktiki olaraq tanıdığı anklavları (erməni ekspert hazırda işğal altında olan Azərbaycana məxsus 4 kəndin – Qazaxın Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Naxçıvan Muxtar Respubliasının Sədərək rayonunun Kərki kəndini nəzərdə tutur–S.H.) qaytarmasını nəzərdə tutur. Başkəndin Ermənistana qaytarılması yalnız həmin Azərbaycan anklavlarının verilməsi müqabilində mümkündür. Məhz burada bu nümunənin gizli mənası üzə çıxır; cəmiyyətin bu mövzuya hazırlanması cəhdi kimi. Əslində, söhbət delimitasiya və demarkasiya gündəmində anklavlar məsələsinin dayanmasından gedir. Bu isə o deməkdir ki, Azərbaycan öz şərtlərinə nail olub 4 anklavı əldə edərsə, Ermənistanın bütün kommunikasiya sisteminə strateji üstünlük qazana bilər. Başkəndlə müqayisədə həmin ərazilərin strateji əhəmiyyəti müqayisəolunmaz dərəcədə böyükdür. Məsələ yalnız coğrafiyada deyil, həm də infrastruktur və qüvvələr balansına potensial təsirdədir”.
A.Badalyan qeyd edib ki, Azərbaycan 4 anklavı əldə edərsə, ciddi strateji üstünlük qazanacaq: “Bu baxımdan Paşinyanın Ağverən görüşündən sonra Başkənd nümunəsinə müraciət etməsi təsadüfi görünmür. Bir neçə gün əvvəl də belə fikir səsləndirilmişdi ki, delimitasiya və demarkasiya prosesi razılaşdırılmış prinsiplər məntiqindən kənarda inkişaf edir və seçkiqabağı dövrdə hakimiyyət üçün ciddi siyasi itkilərə səbəb ola biləcəyi üçün, faktiki olaraq, təxirə salınıb. Buna görə də Başkəndin xatırladılması ictimaiyyət üçün gündəmdə hansı mövzuların olduğunu göstərən siqnal kimi qəbul edilməlidir. Azərbaycan bu məsələlərdə maraqlı olduğunu dəfələrlə bəyan edib və bunun səbəbi aydındır – söhbət Ermənistanın bütün infrastrukturuna, o cümlədən demoqrafik müstəvidə ciddi strateji üstünlük əldə etməkdən gedir”.
Göründüyü kimi, Paşinyanın son vaxtlarda ikinci dəfə anklavlar məsələsini yenidən gündəmə gətirməsi Ermənistanda ciddi müzakirələrə səbəb olub. Onun səsləndirdiyi ərazi mübadiləsi ideyasının erməni siyasi dairələrinin bir hissəsidə narahatlıqla qarşılanması isə səbəbsiz deyil. Ermənistan cəmiyyətində artıq yaxşı başa düşülür ki, sərhədlərin hüquqi əsaslarla müəyyənləşdirilməsi prosesi gec-tez bütün mübahisəli məsələlərin həllini tələb edəcək. Badalyan kimi ekspertlərin narahatlığı da məhz buradan qaynaqlanır. O hesab edir ki, Azərbaycanın işğal altında qalan anklav kəndlərinin qaytarılması Ermənistana qarşı strateji üstünlük yaradacaq. Lakin burada diqqətdən kənarda qalan mühüm bir məqam var. Söhbət hər hansı yeni ərazi əldə etməkdən və ya əlavə üstünlük qazanmaqdan deyil, beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olan ərazilərin geri qaytarılmasından gedir. Azərbaycanın mövqeyi də məhz buna əsaslanır.
Erməni ekspertlərin tez-tez vurğuladıqları strateji üstünlük arqumenti, əslində, məsələnin mahiyyətini dəyişmir. Əgər hansısa ərazi Azərbaycana məxsusdursa, onun geri qaytarılması gələcəkdə hansı nəticələr doğura biləcəyindən asılı olmayaraq hüquqi baxımdan müzakirə mövzusu olmamalıdır. Əks yanaşma ortaya qoymaq o deməkdir ki, sərhədlər hüquqa görə deyil, tərəflərdən hansının daha çox üstünlük əldə etməsi prinsipi ilə müəyyənləşdirilməlidir. Paşinyanın Başkəndlə bağlı mübadilə təklifini yenidən gündəmə gətirməsinin səbəblərindən biri də məhz bu reallıqla bağlıdır. Ermənistan rəhbərliyi anlayır ki, Kərki və Qazaxın işğal altında qalan kəndləri sadəcə xəritə üzərindəki, necə deyərlər, nöqtələr deyil. Onların yerləşdiyi coğrafi mövqe nəqliyyat yolları, kommunikasiya xətləri və regional əlaqələr baxımından xüsusi əhəmiyyət daşıyır. Buna görə də İrəvan həmin mövzunu birbaşa qaydada deyil, müxtəlif variantlar və mübadilə təklifləri ilə gündəmdə saxlamağa çalışır.
Diqqətçəkən başqa məqam isə Başkənd məsələsinin son vaxtlar daha tez-tez səsləndirilməsidir. Azərbaycan uzun müddətdir ki, anklavların qaytarılması məsələsini delimitasiya prosesinin tərkib hissəsi kimi dəyərləndirir və onu, necə deyərlər, siyasi sövdələşmə predmetinə çevirmir. Əslində, məsələ kifayət qədər sadədir. Sərhədlərin müəyyənləşdirilməsi prosesi tarixi sənədlər, hüquqi əsaslar və qarşılıqlı razılaşmalar üzərində qurulmalıdır. Burada emosional yanaşmaların və ya gələcəkdə yarana biləcək üstünlüklərlə bağlı qorxuların həlledici rol oynaması mümkün deyil. Bu baxımdan Paşinyanın mübadilə ideyası daha çox Ermənistanın öz maraqlarını qorumaq cəhdi kimi görünür. Çünki belə bir yanaşma İrəvana strateji əhəmiyyət daşıyan bəzi mövqeləri əlində saxlamaq imkanı verə bilər. Lakin bu, Azərbaycanın hüquqi baxımdan əsaslandırdığı mövqeyi dəyişmir. Azərbaycan üçün əsas məsələ işğal altında qalmış ərazilərin qaytarılması və sərhəd məsələlərinin beynəlxalq hüququn tələblərinə uyğun şəkildə həll edilməsidir.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 İyun 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















