Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında Türk Azərbaycan dilli yazılarda
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kənd həyatından bəhs edən yazılar -1929-1940-cı illərin əhatəsi
1935-36-ci illərin nəşrlərinin səhifələrində
Mətbuatın gündəlik, həftəlik və aylıq dərc olunması müxtəlif mövzular üzrə hadisələrin xronologiyasını özündə ifadə edir. İllər üzrə dərc olunan və hadisələrin mahiyyətini, formasını və məzmununu özündə daşıyan yazılar məcmusu tarixi yaradır. Arçut (Ardıc) kəndinin tarixi də XX əsrin Ermənistanın mətbuat tarixində həkk olunub.
Mətbuat tarixi öz daxilindəki yazılarda mövzunun obyekt və predmetinin tarixini özündə daşıyır. Yazılarda həkk olunan adlar məskənin tarixi türk kəndi olmasını sübuta yetirir. Bu baxımdan da kənd kökənli şəxslər üçün yazılar mühüm əhəmiyyət kəsb edir. Gələcək nəslin öz keçmişini öyrənməyi baxımından mətbuat səhifələrində vaxtilə dərc olunmuş yazılar mühüm əhəmiyyət kəsnb edir. Qəzet səhifələri Arçut haqqında yazılan və bir-birindən fərqli və oxşar məzmunlu yazılarla doludur. Bu baxımdan “Qızıl Şəfəq” qəzetinin 11 yanvar, 1935-ci il tarixli, N9 (2197) sayında, “1933-cü il yanvarın 1-nə qədər ESŞÇ (Qeyd: ESŞÇ-Ermənistan Sovet Şura Çümhuriyyəti, deməkdir) kolxozlarına verilən təsərrüfat kreditindən qalmış borcları ləğv etmək haqqında” başlıqlı məqalədə yazılırdı: “SŞÇİ (SŞÇİ-çox güman ki, Sovet Şura Çümhuriyyət İttifaqı, deməkdir) Xalq Komissarlar Şurası və ÜİQ(b)F (Qeyd: UİQ(b)F-Ümumi İttifaq Qommunist (bolşevik) Firqə-mənasını verir) Mərkəzi Komitəsinin “1933-cü il yanvarın 1-ə qədər kolxozlara verilmiş kənd təsərrüfatı kreditindən qalmış borcları ləğv etmək haqqında” 23 dekabr tarixli qərarının icrası və kolxozları gələcəkdə möhkəmlətmək məqsədilə Xalq Komissarlar şurası və EQ (b)F (EQ(b)F-Ermənistan Qommunist (bolşevik) Firqəsi, deməkdr) Mərkəzi Komitəsi qərara alırlar:- 1. Kənd təsərrüfatı bankının ESŞÇ kontorası və onun şöbələri tərəfindən 1933-cü il yanvarın 1-ə qədər kolxozlara verilmiş kreditlərdən qalmış borcları tədiyyə edilməmiş faizlərlə 4.849000 manat dairələrində ləğv edərək kolxozlara dövləti maliyyə yardımı etməli. Rayon və kolxozlara görə aşağıdaqkı məbləğləri çıxmaq (bağışlamaq).....
....17.Kirovakan (Qarakilsə) rayonu
....11. Qaçağan, Vortnav, Əfəndi, Sarı.Ş, Xançığaz,...Arçut v-6700. Cəmi 128500...”
Qəzetin 10 mart 1935-ci il tarixli sayında Mamed Əliyevin imzası ilə “Doğuş kampaniyasına hazırlaşırlar” başlıqlı məqalədə qeyd olunurdu: “Arcud (Kirovakan) kənd şuralığında heyvanların doğuş kampaniyasını müvəffəqiyyət ilə keçirmək üçün indidən hazırlıq işləri aparılmaqdadır. Şuranın maldarlıq seksiyası sosializm maldarlığının inkişafı uğrunda mübarizəyə qoşularaq doğan inəkləri vaxtında siyahıya alır və buzovların yaxşı bəslənilməsi üçün zootexniki göstərişlər verir. Burada maldar kolxozçu və əməkçi fərdi təsərrüfatçılar arasında 7-ci şuralar qurultayı sosializm maldarlığının inkişafı haqqında olan qərarları kütləviləşdirilib, ayrı-ayrı maldar kəndlilər maldarlığın inkişafı uğrunda mübarizəyə girişmişlər. Doğan inəklər üçün ayrı yem verməklə buzovların bəslənilməsinə xüsusi diqqət yetirilir. Yeni doğulan buzovlardan indiyə kimi bir baş da olsun, tələf olmamışdır”.
Sözügedən qəzetin 26 mart 1935-ci il tarixli, N68 (1256) sayında, “Firqə təhsil şəbəkəsi hazırlıqlı təbliğatçılarla təmin olunmamışdır”, başlıqlı məqalədə (Müəllif: Mamed Əliyev) yazılırdı: “Kirovakan rayonunn türk kəndləri, firqə təhsil şəbəkəsi möhkəm siyasi hazırlıqlı təbliğatçılar ilə təmin olunmamışdır. Buna görə də siyasi təhsil dərnəklərində keyfiyyət pozulmuş gündəlik temalar dərindən mənimsənilməmişdir...Qursalı kənd kommunistlərindən Əziz və Vəli yoldaşlar siyasi cəhətdən tamamilə savadsız olduqları halda öz kəndlərindəki firqə təhsili dərnəyində iştirak etmirlər. Lakin bunların qonşu kəndi Arçud kommunistləri firqə təhsilinin mənimsənilməsində fədakarlıqla çalışırlar. Rəsul İsgəndərov, Əhməd Bayramov, Qənbər Qənbərov sistematik olaraq firqə təhsili dərnəklərində iştirak edib və gündəlik temaları keyfiyyətlə mənimsəyirlər”.
Qəzetin 3 aprel 1935-ci il tarixli, N75(1263) sayında, “Təmraz kimi çalışın” başlıqlı məqalədə (müəllif: Məməd Əliyev) yazılırdı: “Arçud (Kirovaqan) kooperativində mədəni şura ticarəti yaxşı təşkil olunmuşdur. Kooperativ işçisi Təmraz Alıyev kooperativin təmiz saxlanılmasına, malların səliqə ilə yığılmasına və çox işlənilən malların vaxtında kooperativə gətirilməsinə çalışır. Kooperativ istehlakçıların geniş tələblərini ödəyəcək mallarla təmin olunmuşdur. Bütün bunlar əmtəə dövriyyəsi planlarının vaxtında ödənilməsinə yardım etmişdir. Arçud kooperativi fevral ayında 3800 manatlıq əmtəə dövriyyəsi etmişdir. Bundan başqa Təmraz kooperativə 10 yeni üzv qəbul etmiş və 130 manat pay pulu əvəzində 190 manat pay pulu toplamışdır. Arçud kooperativi tədarük planlarının ödənilməsi işində nümunəvidir. Kənd şurası firqə və komsomol təşkilatlarının yardımı ilə kooperativ 30 xırda dəri əvəzində 35 dəri, bir gön əvəzinə iki gön və 7 kilo toyuq tükü tədarük etmişdir. Qalan tədarük planları dəxi vaxtında ödənilmişdir. Kooperativ işçisi Təmraz ticarət və tədarük planlarını hər ay keyfiyyətli ödəmək üçün qonşu kənd kooperativ işçilərini yarışa çağırmışdır”.
Qəzetin 11 fevral 1935-ci il tarixli, N24 (1222) sayında, Nadir Haqverdiyevin imzası ilə “Müəllimləri cörəklə təchiz etməli” başlıqlı məqalədə yazılırdı: “Kirovaqan rayonunun Saral kəndində çörək fırnısı hələ açılmamışdır. Rayonun Arçut, Saral və Qursalı kənd müəllimləri çörək almaq üçün çox çətinlik çəkirlər. Onlar çörəklərini Kirovakan şəhərindən və yaxud Arçut stansiyasından alırlar. Çox vaxt stansiyaya gətirilən çörək az olduğundan yalnız stansiya işçilərinə verilir. Müəllimlər isə ehtiyac içərisində qalırlar. Rayon kooperativ heyəti müəllimləri öz yerlərində çörəklə təmin etməlidir”.
Qəzetin 9 aprel 1935-ci il tarixli, N80 (1268) sayında, “Yüksək məhsuldarlıq uğrunda” (müəllif: Ə.Əhmədov) başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun Arçud kənd kolxozu bu il keçən ilkindən daha da artıq məhsul götürmək üçün yaz səpininə bolşevikcəsinə hazırlaşmışdır. Kolxoz heyəti kənd təsərrüfatı alətlərini vaxtında təmir etdirmiş və qoşqu heyvanlarının bəslənilməsi işinə xüsusi əhəmiyyət vermişdir. İstehsalat planı kolxozçuların ümumi iclasında dərindən müzaklirə edilmişdir. Hər briqada və kolxozçu öz üzərinə qoyulan istehsalat tapşırıqlarını bilir, briqadalarda aqronaryat təşkil edilmişdir. Buna görə də bütün toxumlar təmizlənib və dərmanlanmışdır. Kənd təsərrüfatı artelinin nümunəlik nizamnaməsi əməkçi fərdi təsərrüfatçılara çatdırıldıqdan sonra 15 təsərrüfat koxoza daxil olmuşdur. Kolxozda heyvanların doğuş kampaniyası yaxşı təşkil edilmiş, yeni doğulan buzov və quzular göz bəbəyi kimi mühafizə edilirlər. Arçut kolxozçuları yaz səpini və heyvanların doğuş kampaniyasını müvəffəqiyyətlə başa çatdırıb varlı və mədəni kolxozçu həyatı uğrunda aparılan mübarizəni daha da canlandıracaqlardır”.
“Qızıl Şəfəq” qəzetinin 10 aprel 1935-ci il tarixli, N 81 (1269) sayında Qafar Cəfərovun imzası ilə “Arçut kəndi üzərində şeflik təmin edilmişdir”, başlıqlı məqalədə isə yazılırdı: “Kirovakan rayonunun Arçut kəndi gön-dəri trestinin rayon şöbəsi şefliyindədir. Şeflik kəndin yaz əkininə hazırlıq və mədəni maarif işlərinə yardımı yaxşı təşkil etmişdir. Arçut kəndində kənd təsərrüfat alətləri tamamilə təmir etdirilmişdir. Gön-dəri tresti kənddə yeni binalar inşaatına, kənd təsərrüfat alətləri və nəqliyyat vasitələrinin təmir etdirilməsi işlərinə yardım məqsədilə kolxoza kifayət qədər mismar və taxta buraxmışdır. Gön-dəri trestinin firqə komsomol və həmkarlar təşkilatı Arçut kənd kolxoz klubunu nümunəvi mədəni ocağa çevirmişlərdir. Kluba patifon, kitabça, bayraq və iliçovka verilmişdir. Orada hər mövsümə aid kampaniyalar keçirilib, siyasi və elmi məruzələr edilir. Rayonun Qursalı və Hallavar kəndləri dəxi başqa idarələrin şefliyindədirlər. Ancaq nədənsə həmin kəndlərdə şeflik tərəfindən görülən işlər nəzərə çarpmır. Kirovakan həmkarlar ittifaqı şef kəndlər üzərində rəhbərliyi təmin edib, orada canlı iş aparmağa çalışması lazımdır”.
Qeyd:“Sovet Ermənistanı” qəzetinin 19 noyabr 1950-ci, N229 (5106) sayında Respublikanın dinamik və ardıcıl inkişafı ilə bağlı maraqlı yazılara rast gəlinir. Belə ki, “Respublikamızda mədəni-maarif ocaqlarının geniş şəbəkəsi” başlıqlı qəzet səhifəsində yazılanlar xüsusi olaraq diqqəti cəlb edir. “Böyük elmi mərkəz” başlıqlı yazıda bu kimi qeydlər əksini tapırdı: “...Kitabxana Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ilin mayında yaradılmışdır. Varlığının ilk günlərində kitabxananın cəmi 40 min kitabdan ibarət ədəbiyyatı var idi. İndi isə onun fondunda 2 milyon 500 min kitab vardır ki, bundan da 25 min nüsxəsini Azərbaycan dilində nəşr edilən kitab fondu təşkil edir. Sona Qocayeva artıq 10 ildir ki, Azərbaycan şöbəsinə rəhbərlik edir və indi o, əsil kitabxana mütəxəsisidir. Kitabxananın köhnə binasının oxu salonunda cəmi 40-50 adam çalışa bilirdi. İndi onun diqqətəlayiq xüsusi binası və 350 oxucunun eyni zamanda məşğul olması üçün oxu salonu vardır...1922-ci ildə Kütləvi kitabxananın cəmi 5 min oxucusu olduğu halda 1949-cu ildə 443 min 600 kitabdan istifadə edən 177 min 260 oxucusu olmuşdur...” Qəzetin həmin səhifəsində, “Mədəni-maarif müəssisələri 30 ildə” başlıqlı məqalə də diqqəti çəkirdi. Belə ki, statistik göstəricilər inkişafın artan dinamikasını özündə ifadə ediridi. Yazıda qeyd olunurdu: “Bolşeviklər partiyası, sovet hökuməti və erməni xalqının doğma atası Stalin yoldaşın atalıq qayğısı və böyük rus xalqının qardaşlıq yardımı sayəsində Sovet Ermənistanının zəhmətkeş kütlələri 30 il ərzində təsərrüfat və mədəni quruculuq sahəsində çox böyük müvəffəqiyyətlər əldə etmişlər. Ermənistanda sovet hakimiyyətinin 30 il ərzində təsərrüfat və mədəni quruculuq sahəsində böyük müvəffəqiyyətlər əldə etmişdir. Ermənistanda Sovet hakimiyyətinin 30 ili Ermənistanı qabaqcıl sənaye və inkişaf etmiş sosialist kənd təsərrüfatı respublikasına çevirmişdir... 1928-ci ildə respublikamızda klub-kitabxanaların sayı 386-dan 1940-cı ildə 556-ya, 1950-ci ildə isə 3200-ə çatmışdır ki, bunlardan 2370-i yalnız kəndlərdə və kənd rayonları mərkəzlərindədir...Respublikamızın klub və kitabxanaları yanında 7283 dərnək vardır...Respublikamızın demək olar ki, bütün kənd klubları yanında radioqəbuledici cihazlar, bütün rayon mərkəzlərində isə radio qovşaqları vardır..Yalnız kolxozçuların şəxsi istifadəsində olan radio qəbuledici cihazların sayı 13 mini keçir. Respublikamızda kənd zəhmətkeşlərindən təqribən 145 min adam bir il ərzində klub kitabxanalarından oxumaq üçün 1.964.192 adda kitab almışdır”.
“Qızıl Şəfəq” qəzetinin 8 iyun 1935-ci il tarixli, N128 (1316) sayında, Məmməd Əliyevin imzası ilə “Quşçuluq təsərrüfatı genişləndirilir”, başlıqlı məqalədə yazılırdı: “Arçut (Kirovakan) kəndində quşçuluq təsərrüfatı genişləndirilmişdir. Arçut kəndində 2815 qaz və cins toyuqlar əldə edilib yaxşı bəslənilir. Qursalı və Saral kəndlərində 2475-dən artıq cins toyuq və qaz vardır. Burada quşçuluq təsərrüfatının genişləndirilməsinə daha xüsusi əhəmiyyət verilir”.
Kənd camaatının, partiya üzvü olanların siyasi biliklərinin formalaşdırılması da hökumətin diqqət mərkəzində qərarlaşmışdı. Bu baxımdan “Qızıl Şəfəq” qəzetinin 24 iyul, 1935-ci il tarixli, N167 (1353) sayında, “Kirovaqanda” başlığı ilə dərc olunan məqalədə (Demam Fəyilə imzası ilə) yazılırdı: “Kirovaqan rayonunn firqə təşkilatlarında ÜİQ (b)FMQ-nin (ÜİQ(b)FMQ-Ümum İttifaq Qommunist (bolşevik) Firqə Mərkəzi Qomitəsi, deməkdir) iyun plenumu qərarları edilərək, bu təşkilatlarda olan kommunistlər böyük enerji ilə kolxoz istehsalatı işinə qoşulmuş və məhsul toplanışını müvəfəqiyyətlə başa çatdırmaq işində öz üzərlərinə düşən bir sıra vəzifələr götürmüşlər.Rayonun Arçud kəndində 8 kommunistdən 7 nəfəri kolxoz istehsalatında çalışır. Bu kommunistlərdən Bayram Qocayevin 100 əmək günü, Hüseyin Nəbiyevin 92 əmək günü və firqə təşkilatçısı Paşa Qoçayevin 75 əmək günü vardır. Burada kommunistlər istehsalat avanqardı rolunu ifa edirlər. Bunlar nümunəvi işləyərək, verilmiş gündəlik planları keyfiyyət əlamətləri ilə yerinə yetirilər. Bu kənd də kommunistlər yay siyasi məşğələlərinə cəlb edilərək, firqə tarixini dərindən öyrənirlər. Kommunistlər bu yay müddətində öz siyasi birliklərini daha da yüksəldəcəklər...”
Arçut kəndi 1935-ci ildə də tez-tez mətbuat səhifələrində işıqlandırılırdı. Kəndin təhsil və maarif işləri sahəsində görülən işlər səhifələrdə qeyd edilirdi. Bu yöndə, “Qızıl Şəfəq” qəzetinin 14 sentyabr 1935-ci il tarixli, N207 (1393) sayında A.Mirzəyevin imzası ilə, “Arçut məktəbinə sahiblik etmirlər”, başlıqlı məqalədə yazılırdı: “ÜİQ(b)F MQ ilə XOŞ və həmçinin Zaqafqaziya Ölkə Komitəsi bu il təhsil işinə hazırlıq, yeni məktəb inşaatı, onların tədris ləvazimatı, inventar və başqa ehtiyaclarının vaxtında ödənilməsi üçün mühüm qərarlar çıxarıb, onun yerlərdə həyata keçirilməsini maarif orqanları və firqə təşkilatlarına tapşırmışdılar. Yeni dərs ilinin başlanması ərəfəsindəyik, bu qərarlarda müəyyən olunan vaxtlar qurtarmış, indi artıq şəhər və rayon məktəblərində hazırlıq işlərinin yoxlanılmasına başlanılmışdır...Əlimizdə olan faktlar Kirovakan rayonunda 33 müəllimə ehtiyac olduğunu bildirir. Bundan başqa iyun ayının birindən inşaatına başlanılan Arçut natamam orta məktəbində iki sinif hələ başa çatdırılmamışdır. Kənd Şura sədri Rəsul İskəndərov və firqə təşkilatçısı Təmiraz inşaat işində öz öhdəliklərinə düşən vəzifəni layiqincə yerinə yetirmişlərdir. Onlar inşaata lazım olan daş, qum, kirəci vaxtında daşıdıb inşaat işçi qüvvələrindən təmin etmişlərdir. Bunun nəticəsi olaraq sentyabrın 10-na kimi divarların hörülməsi və üstünün basdırılması qurtarmışdır. Lakin məktəbin üstü zeşlənəcək, döşəmə və tavanı taxtadan hazırlanıb. 3 pəncərə və iki qapı qoyulacaqdır. Bunun üçün lazım olan taxta və başqa materialların tədarükü süründürməyə salınmışdır. İnşaatın qalan yarımçıq hissələrinin davam etdirilməsi üçün məktəbin direktoru Riza Mamedov çox çətinlik çəkir. Ona inşaat üçün lazım olan 7813 manat puldan sentyabrın 10-a kimi ancaq 1000 manat buraxılmışdır. Qalan pullar hələ verilməmişdir. Buraxılan pul isə yalnız daş materialına kifayət etmişdir. Direktor Riza inşaatın kəsir hissələrini məktəbin fondundan istifadə edərək qurtarmağa çalışır. Bu hal məktəbdə tədris ləvazimatı, inventar və laboratoriya alətlərinin də alınmasında çətinlyin törənməsinə səbəb olmuşdur. Məktəbin iki yazı taxtasına, 2 şkafa, fizika və kimya laboratoriyalarına ehtiyac vardır. Hələ heç bir yeni stabil dərs kitabları alınmamışdır...”
Qəzetin 14 oktyabr 1935-ci il tarixli, N232 (1418)) sayında, Əmir Əhmədovun imzası ilə dərc olunan “Planlar kəsirsiz ödənmişdir” başlqılı məqalədə qeyd olunurdu: “Arçut (Kirovakan) kənd şura sədri Rəsul İskəndərovun çalışqanlığı və seksiyalar üzərində operativ rəhbərliyi sayəsində kənd şurası bütün dövlət planlarını 100 faizlə yerinə yetirmişdir. 4000 manatlıq istiqraz həll edilib, pulları tamamilə yığılıb rayon əmanət kassasına təhvil verilmişdir. Ət taxıl təəhhüdləri ödəndiyi kimi, müxtəlif vergilərdə tamamilə toplanıb qurtarmışdır. Məktəb yaşlı uşaqların hamısı məktəbə cəlb olunmuşdur. Yeni bir məktəb ( 2-göz) inşa edilmiş və köhnə hissə isə təmir edilmişdir. Arçut kənd şurası müvəffəqiyyətlərini artırmaq üçün isə daha da ciddi qoşulmalıdır” Qeyd: yazılarda bəzən təəhhüüd sözünə rast gəlinir. Lüğətə əsasən, təəhhüd-öhdəliyə götürmə, öhdəliyə götürülmüş şey, öhdəlik,- deməkdir.
Qəzetin 14 noyabr 1935-ci il tarixli, N257 (1443) sayında, “Pioner təşkilatına rəhbərlik etməli” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun türk kəndlərində pioner təşkilatı üzərində rəhbərlik olunmur. Pioner işləri dözülməz vəziyyətdədir. Hələ indiyə qədər rayonun Saral, Arçut, Qursalı məktəblərində pioner dəstələri təşkil olunmamışdır. Rayon komsomol komitəsi və onun pioner təşkilatçısı türk kəndləri üzərində rəhbərliyi canlandırmalı, pioner işlərini canlandırmalıdır”. Qəzetin 15 noyabr 1935-ci il tarixli, N258 (1444) sayında dərc olunan “Kirovakan rayonu. Kirovakan-savadlılar rayonuna çevrilir”, başlılqı məqalədə yazılırdı: “...Yalnız türk məktəblərində təhsil alan tələbələrin sayı 1370 olub, bunlardan 550-si türk qızlarıdır. Əvvəlləri uşaq bağçası və gənc nəslin tərbiyəsi işi nə olduğunu bilməyən Kirovakan rayonunda 900 uşağı əhatə edən 17 uşaq bağçası təşkil olunmuşdur. Bura hələ gecə savad məktəblərinin (47 savad məktəbi var) və onlarda hal-hazırda təhsil alan 3770 nəfər savadsızın və 893 nəfər yarım savadlının savadlanması işini dəxi əlavə edəcək olursaq, o zaman Kirovaqan əhalisinin əksəriyyətinin maarif müəssisələrində əhatə olunduğunu aydıncasına görmüş olarıq...20-ci ilə qədər olan yalnız bir klub əvəzində indi 10 kənddə kolxoz klubu və 22 kitabxana vardır. Hər gün onlardan 30-40 kolxozçu istifadə edib həyat və quruluşumuzun gündəlik yenilikləri ilə tanış olur və eyni zamanda öz elmi-siyasi biliklərini inkişaf etdirirlər...1936-cı ildən Kirovakan rayonunun kəndlərində hamam inşaatı işlərinə başlanılanacaqdır. İlk hamam inşaatı Hamamlı, Saral, Arçud və Həmzəçimən kəndlərində aparılacaqdır...” Qəzetin 8 dekabr 1935-ci il tarixli, N274 (1460) sayında, Əmir Əhmədovun imzası ilə “Heyvandarlığı inkişaf etdirirlər” başlıqlı məqalədə isə belə yazılırdı: “Kirovakan rayonu Arçut kəndində heyvandarlığın inkişafı uğrunda mübarizə gücləndirilir. Bu il 6 baş cins buğa alınmış və heyvanların çiftləşdirilməsi dövründə bu buğalardan səmərəli istifadə edilmişdir. Heyvanların bəslənilməsi işinə diqqət verildiyindən, tövlə təmir olunmuş və lazımi qədər yem toplanmışdır”.
Sözügedən qəzetin 18 dekabr 1935-ci il tarixli, N283 (1469) sayında, Əmir Əhmədovun imzası ilə, “Savadsızlığın təsviyyəsi uğrunda mübarizə genişləndirilir” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun Xancığaz, Saral, Arçut və Qursalı kənd məktəblərinin müəllimləri staxanovçular hərəkatına qoşularaq, 1936-cı ilin sonuna qədər həmin kəndlərdə savadsızlığın təsviyyəsini başdan-başa həyata keçirəcəklərini öhdələrinə almışlar. Bu işdə yerli kənd şuraları müəllimlərə ciddi yardım edir. Göstərilən kəndlərdə oktyabrın 19-dan savad məktəbləri müntəzəm dərsə başlamışdır. Məktəblərdə təhsil keyfiyyətinin yüksəldilməsi və daxili rejim işlərinin möhkəmləndirilməsi təmin edilmişdir”
Arçut kəndi 1936-cı ildə də mətbuatın diqqət mərkəzində olmuşdur. Bu ildə də kənd həyatından bəhs edən yazılara rast gəlmək olur. Təbii ki, müəyyən potensiala malik olan bu qədim yaşayış məskəni diqqətdən kənarda qala bilməzdi. “Qızıl Şəfəq” qəzetinin 28-29 iyun 1936-cı il tarixli, N148(1638) sayında, “Qabaqcılların nümunəsi ilə” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun bir sıra kolxozlarında dənli bitkilərin alaq otlarının təmizlənməsi sürətlə aparılır. Rayonun Hamamlı kənd kolxozunda 145 hektar taxıl əkini alaq otlarından təmizlənmişdir. Bundan başqa 13 hektar yarım kartofil əkininin alaq otları vurulub kollarının boğazları yumşaq torpaqla doldurulmuşdur. Qışlaq kolxozu dəxi qabaqcıldır. 112 hektar arpanı alaq otlarından təmizləmişdir. Yaqublu, Hacıqara kolxozları dəxi yaxşı çalışırlar. Lakin Arçut, Cidəmli, Qızılörən, Hallavar və sair kənd kolxozları hələ taxıl alağına başlamamışlardır. Geridə qalan kolxozlar qabaqcılların nümunəsi ilə işləməlidirlər. (Müəllif: ÖZÜM).
Kənd haqqında yazılan məqalələr silsilə xarakter kəsb edib və tarixi xronologiyanı özündə ifadə edib, hadisə ardıcıllığını özündə əks etdirib.
Qəzetin 9 oktyabr 1936-cı il tarixli, N232 (1652) sayında, Mamed Əliyevin imzası ilə “İstiqraz pulları vaxtında toplanılmışdır” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun bir sıra kəndlərində ikinci beş illiyin 4-cü il istiqrazının yayılışı kolxozçunun əməkçi fərdi kəndçilər arasında rüh yüksəkliyi ilə qarşılanaraq, rayonun Saral kəndində 4000 m., Qursalıda 3500 m., Arçutda 3700 m., Vartanlıda 2000 m. Yeni il istiqrazı yayılıb, pulları toplanılıb təhvil verilmişdir...” Qəzetin 27 dekabr 1936-cı il tarixli, N297 (1717) sayında Hünbət Əliyevin müəllifliyi ilə yazılmış “Arçut məktəb direktoru kimi olmalı” başlıqlı məqalədə yazılırdı: “Arçut (Kirovakan) kənd tam olmayan orta məktəb direktorunun operativ çalışması sayəsində bu il keçən ilə nisbətən məktəb illəri müntəzəm qurulmuşdur. Məktəb yaşlı çocuqların tamamilə məktəbə cəlb edilməsində böyük işlər görülmüşdür. Məktəb keyfiyyətli müəllim kadrı ilə təmin olunduğundan müəllimlər konspektlələ hazırlıqlı bir qayda üzrə dərsə hazırlaşırlar. Bu isə dərs keyfiyyətinin yüksəldilməsinə səbəb olur. Məktəb direktoru Mamedovun işdə yorulmadan çalışmasından məktəb vaxtında remont edilib və v təzə inşa edilmiş iki otaqdan ibarət olan üstü tikilib kərpic ilə döşənmişdir. Məktəbdə dərs saatlarından səmərli surətdə istifadə edilir. Bundan başqa məktəb direktoru savadsızların savad məktəblərinə cəlb edilməsində bütün müəllim qüvvələrini səfərbərliyə alaraq böyük müvəffəqiyyətlər əldə etmişdir”. Qəzetdə dərc olunan yazılarda bir tərəfdən dövlətin maarifçilik siyasətinə, tədris işinin təşkilinə verdiyi qiymət yer alırdı, digər tərəfdən də məktəblərin təşkili və təminatı məsələsi diqqət mərkəzində saxlanılırdı. Bu yöndə məqalələrin müxtəlif aspektli və müxtəlif mövzulu olması diqqəti çəkirdi.
1937-1938-ci illərin nəşrlərinin səhifələrində
“Qızıl Şəfəq” qəzetinin 10 yanvar 1937-ci il tarixli, N8 (1729) sayında, (QIZIL-QUŞ) imzası ilə, “Bizə yazırlar. Fikir verilməlidir” başlıqlı məqalədə yazılırdı: “ Arçud (Kirovaqan) kənd “Musabəyov” kolxoz sədri Mikayıl Məmişovun səhlənkarlığından məhsul toplanışından iki aydan artıq keçməsinə baxmayaraq kolxozun inventarlarında taxıl sovuran maşın və başqa alətləri hələ indiyə kimi çöldə qarın altında qalıb xarab olmaqdadır. Kolxozun qoşar heyvanlarına yaxşı baxılmadığından zəif bir haldaddırlar. Bu il sentyabr ayında 50 təsərrüfat kolxoza daxil olmuşdurlar. Kolxoz sədrinin isə soyuq yanaşmasından onlar hələ indiyə kimi qoşar mallarını birləşdirmədikləri kimi, toxumda verməmişdirlər. Rayon torpaq şöbəsi bu işə fikir verməlidir”. Qəzetin 1937-ci il tarixində dərc olunan saylarından birində, “Bizə yazırlar” qrafasında isə qeyd olunurdu: “ Arçud (Kirovaqan) kənd kooperativliyinin binası təmir etdirilməmişdir. Kooperativ çox rütubətlidir. Bu isə kooperativdəki malların xarab olmasına təsir edir”. Həmin qəzetin 1937-ci il tarixli yazılardan birində “Kirovaqan rayonunda yaz əkin kampaniyasına hazırlıq” başlıqlı məqaləsində belə yazılırdı: “...Yaz əkin kampaniyasında Kirovaqan və Allahverdi rayonlarının yarısı bütün kolxozlarda kütləviləşdirilmişdir. Rayonun Arçud kolxozu dəxi yaz əkin kampaniyasına hazırlıq işlərinə ciddi hazırlaşmaqla, əkin sahəsinə 211 araba yerli gübrə daşıyaraq, gübrələnmə işini davam etdirməkdədir. Hamamlı, Həmzəçimən, Yaqublu kolxozları dəxi yaz əkin işlərinə hazırlaşaraq yerlərin gübrələnməsi işinə başlamışlar...” Qəzetin 1937-ci ilin mart ayının birində dərc olunan sayında “Arçut soveti ön sırada” (Müəllif: Namlas) başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun Arçut kəndinin sovet sədri Rəsul İsgəndərov yoldaş yaxşı çalışır...Rəsul yaz əkin kampaniyasını müvəffəqiyyətlə keçirmək üçün indidən hazırlaşır. İndiyə kimi lazım olan 40 sentner toxum təmizlənib, təmirə ehtiyacı olan kənd təsərrüfat alətləri təmir edilmişdir”. Qəzetin 18 may 1937-ci il tarixli, N112 (1832) sayında, “Qəzetlərin yayılışında irəlidə gedir” başlıqlı məqalədə yazılırdı: “Arçud (Kirovakan) tam olmayan orta məktəb müəllimlərindən Hüseyin Həsənov və İsayevin yaxşı çalışmaları nəticəsində məktəblər arasında “Qızıl Şəfəq” qəzetinin yayılışı işi genişlənərək 135 nüsxə abunə yazdırılmışdır. Onların belə fəaliyyəti nəticəsində partiya və hökumətimizin gündəlik qərarları vaxtında kolxozçulara çatdırılır. Mətbuatın yayılmasında belə qabaqda gedən məktəblərimiz olduğu halda Saral (tam orta məktəbi), Qursalı, Xancığaz, Hallavar kənd məktəblərində bu iş pozğun haldadır. Müəllimlər dəstəsi mətbuatın yayılması işinə fikir vermirlər. Bunun nəticəsində orada məktəblilər və müəllimlər arasında qəzet lazımi qədər yayılmamışdır. Adları qeyd edilən kənd məktəbləri mətbuatın yayılışı işini Arçud məktəb müəllimləri kimi qurmalıdırlar”.
1938-1939-cu illərdə qəzetin adı dəyişib “Qommunist” olmuşdu. “Qommunist” qəzetinin 15 yanvar, 1938-ci il tarixli, N12 (2032) sayında, “Yaz əkin kampaniyasına hazırlıq işləri yaxşı təşkil olunmamışdır” başlıqlı məqalədə (müəllif: Rəm) yazılırdı: “Kirovakan rayonunun bir sıra kəndlərində indiyə qədər yaz əkini kampaniyasına hazırlıq işləri lazımi qədər təşkil olunmamışdır. Bunun da başlıca səbəbi ayrı-ayrı kəndlərin yerli təşkilatlarının işə soyuq baxmalarıdır. Rayonun bütün kəndlərində əkin yerlərinə veriləcək 50 min araba peyin və külün daşınması işinə hələ başlanılmamışdır. Rayon torpaq şöbəsi və MTS yaz əkin kampaniyasına ilk hazırlıq işində baş verən nöqsanların aradan qaldırılmasına heç də fikir verməmişlər. Rayonunn bütün kolxozlarında gübrələmə planı 8,5 prosent yerinə yetirilmişdir. Fialetov, Həmzəçimən, Arçud, Saral, Hallavar və s. kəndlərdə toxumların təmizlənməsi kimi mühüm məsələ tamamilə unudulmuşdur. Rayonun 27 kolxozunda inventarların təmiri işlərinə hələ də başlanılmamışdır. Kolxozlar nəzdində olan emalatxanalar hələ də bağlı qalmaqdaddır. Bir çox kolxozların dəmirçixanaları dəmir və daş kömür ilə təmin olunmamışdır. Bu səbəbdən də kənd təsərrüfatı alətlərinin təmin olunması işi çox rüsvayçı haldadır. Qeyd olunan kolxozların təsərrüfat alətləri siyahıya alınmamışdır. Bu göstərilən kolxozların yaz əkini işlərində bir sıra inventarlardan çətinlik çəkəcəkləri şübhəsizdir. Bir çox kolxozlarda qoşqu heyvanlarına normal yem verilmədiyindən heyvanlar çox zəif haldadırlar. Onlar qoşqu üçün yararsızdırlar. Bu kolxozlarda qoşqu heyvanlarının bəslənilməsi, təcrübəli və maldar işçilərə tapşırılmasıdır. Heyvanlara vaxtlı-vaxtında yem verilmir. Zootexniklərin göstərişlərinə riayət olunmur. Rayonun bir sıra kolxozlarında möhkəm yem bazası yaradılmamışdır. Yaz əkini üçün keyfiyyətli ot, saman və başqa qıdalı yemlər ayrılmamışdır. Kolxozlarda yaz əkini işlərinə müəyyən briqadalar təşkil olunmamışdır. Rayonun Qışlaq, Qotur kənd kolxozlarında yaz əkininə hazırlıq işləri və qoşqu heyvanlarının bəslənməsi daha bərbad haldadır. Rayon partiya və icraiyyə komitetləri yaz əkini kampaniyasına yaxından rəhbərlik etməlidir”.
“Qommunist” qəzetinin 1 aprel 1938-ci tarixli, (N74 (2094) sayında, Məmməd Əliyevin imzası ilə dərc olunan “Kirovakanda əkinə başlamışdırlar” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun Şahalı, Arçud, Zoraguq və s. kolxozlarında əkinə başlamışlar. Şahalı kolxozunda martın 19-a kimi 47 hektar şum edilmişdir... Şahalı kolxozçuları bu il hektardan 20 sentner taxıl məhsulu götürəcəkləri uğrunda mübarizəyə qoşulmuşdurlar. Kolagirən kolxozunda 41 hektar şum olunmuşdur. Burada briqada və zvenolar arasında möhkəm əmək intizamı yaradıldığından əkin işləri yaxşı aparılır. Buna baxmayaraq kolxozun iki briqadasında şumun keyfiyyətli bəyənilməzdir. Arçud kolxozçuları indiyə kimi 18 hektar sahəni şum etmişdir. Əkin yerlərinə 315 araba yerli gübrə verilmişdir...Kirovakan rayon partiya icraiyyə komitələri və torpaq orqanları əkin işlərinə başçılıq edib ilk nöqsanların aradan qaldırılması işini təmin etməlidirləır”.
“Qommunist” qəzetinin 4 aprel 1938-ci il tarixli, N77 (2097) sayında, Məmməd Əliyevin imzası ilə “Doğum kampaniyasına yaxşı başçılıq edilir” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun Arçud və Xancığaz kənd kolxozlarında doğum kampaniyasına yaxşı başçılıq edilir. Arçud kolxozunda 15 inək və Xancığaz kolxozunda isə 19 inək tələfatsız doğmuşdur. Doğum işləri davam etməkdədir. Körpə heyvanların bəslənməsi ən sınanmış kolxozçulara tapşırılmışdır”.
Eyniadlı qəzetin 12 aprel 1938-ci il tarixli, N84 (2104) sayında, “Ermənistan SSR Baş Sovetinə seçkilər üçün seçki oqruqları haqqında Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı” başlıqlı yazıda qeyd olunurdu: “Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi qərara alır: Ermənistan SSR Konstitusiyasının 21-ci maddəsinə və “Ermənistan SSR Baş Sovetinə seçkilərə dair Əsasnamə”nin 22. 23 və 24-cü maddələrinə əsasən, Ermənistan SSR Baş Sovetinə seçkilər üçün aşağıdakı seçki okruqları təşkil edilsin: “...Kirovaqan rayonu...Hacıqara seçki okruqu(mərkəzi) –Hacıqara kəndi): Hacıqara, Hallavar, Arçut kəndi sovetləri. 56. Qışlaq seçki okruqu (mərkəzi Qışlaq kəndi): Qışlaq, Bozavdal və Xancığaz kənd sovetləri”. Buradan görünür ki, Arçut kəndi də Ermənistanın siyasi sisteminin formalaşmasında mühüm rol oynamışdır. Aparıcı sovetlik kimi seçki dairələrinin tərkibinə qatılmışdır.
“Qommunist” qəzetinin 14 iyun 1938-ci il tarixli, N135 (2155) sayında “Məmməd Əliyevin imzası ilə, “Alağa başlamışlar” başlıqlı məqalədə yazılırdı: “Kirovakan kolxoz tarlalarının staxanovçu qadın və kişiləri: bol məhsul uğrunda mübarizəyə qoşulmuşlar. Əməkçi xalqımızın böyük vojdu: atamız Stalin yoldaşın ölkəyə 7-8 milyard pud taxıl vermək şüarı, hər bir kolxozçu üçün növbəti bir vəzifə olmalıdır. Rayonun Arçud kəndinin “26”-lar adına kolxozu bol məhsul uğrunda mübarizəyə qoşulub yaz əkin planında göstərilən miqdardan artıq əkmişdirlər. Burada indi 134 hektar əkin sahəsinin alağı edilmişdir. Alaq işində gözə çarpan qadınlardan Gülü Məmmədqızı, Sultan Qasımova, Xədicə Çəltikova və A. Nəsibovanı göstərmək olar. Bunlar olduqca keyfiyyətli alaq edirlər...”
“Qommunist” qəzeti 1938-ci il, 20 avqust tarixli, N 191 (2211) sayında, Məmməd Əliyevin imzası ilə “Kirovakan rayonunda yeni dərs ilinə pis hazırlaşmışlar”, başlıqlı məqalədə yazırdı: “1938-39 dərs ilinin başlanmasına çox az qalmışdır. Kirovakan rayon xalq təhsil şöbəsi məktəblərin yeni dərs ilinə hazırlıq işini hələ də başa çatdırmamışdır....Rayon tam olmayan orta məktəbi rayonda qabaqcıl məktəblər sırasındadır. Lakin onun tam qultur şəkilə salınması üçün imkan yaradılmamışdır. Ancaq rayon təhsil şöbəsi təmiri yarımçıq dayandıraraq, onun sadə təmir olunmasını və tez başa çatdırılmasını kənd sovetinə tapşırmışdır. Məktəbin damını təmir etmək üçün nəzərdə tutulan pul rayon təhsil şöbəsi tərəfindən buraxılmamışdır. Keçən ildən ikmayı olan 13 tələbənin imtahanına hazırlıq işinə başlanılmışdır. Burada yeni qəbul işləri dəxi yaxşı təşkil edilmişdir...Məktəblərdəki nöqsanların çoxunun səbəbi rayon təhsil şöbəsinin sabiq müdiri Azad Mardicyanın özünü işdə doğrultmaması olmuşdur...”
Elşən Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü
14 iyul 2025
Bakıvaxtı.az üçün


