Asiyanın gələcəyi Bakıda müzakirə olundu
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Müasir dövrün əsas çağırışlarından biri dövlətlər arasında etimadın möhkəmləndirilməsi və çoxtərəfli əməkdaşlığın gücləndirilməsidir. Oktyabrın 15-də Azərbaycanın VII Zirvə Görüşünə ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platforma kimi çıxış edir. Asiya qitəsinin 90 faizini əhatə edən AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır. Qeyd edək ki, Bakı Zirvə Görüşündə Laos Xalq Demokratik Respublikası təşkilata 29-cu üzv dövlət kimi qəbul edildi. Laosun AQEM-ə yeni üzv dövlət qismində qəbul olunması Müşavirənin Asiya regionunda daha inklüziv dialoq platforması kimi artan əhəmiyyətini və inkişafını göstərən önəmli hadisədir. Bunun məhz Azərbaycanın təşkilata sədrliyi dövründə Bakı Zirvə Görüşü çərçivəsində baş verməsi üzv dövlətləri tərəfindən yüksək qiymətləndirildi. Dövlətimizin başçısı İlham Əliyevin Zirvə Görüşündə qeyd etdiyi kimi, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir.
Ölkəmiz dövlətlər arasında münasibətlərin inkişafında qarşılıqlı etimad mühitinin qorunmasına böyük önəm verir və çoxtərəfli diplomatiyanın fəal tərəfdarı kimi tanınır. Mütəmadi olaraq humanitar, mədəniyyətlərarası dialoq və qlobal təhlükəsizlik mövzularında nüfuzlu forumlara ev sahibliyi edir ki, bu tədbirlər fərqli qütblər arasında etimad mühitinin yaradılmasına xidmət edir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Asiyanın qlobal iqtisadiyyat, beynəlxalq ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və texnoloji inkişaf proseslərində artan rolu AQEM-in əhəmiyyətini daha da artırır: “Müxtəlif maraqların və mövqelərin təmsil olunduğu belə bir mühitdə əsas məsələ yalnız dövlətləri vahid platformada birləşdirmək deyil, həm də həmin birliyi konkret nəticələrə, davamlı əməkdaşlıq mexanizmlərinə və ortaq fəaliyyət istiqamətlərinə çevirməkdir. AQEM-in Bakı Zirvə Görüşündə Azərbaycanın təşkilata iki illik sədrlik dövründə irəli sürdüyü təşəbbüslər üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilərək bu müddətin daha 2 il uzaldılması ilə bağlı yekdil qərar qəbul edildi. Bu mühüm qərar özündə bütün nəqamları ehtiva edir. 2024-cü ilin dekabrındandan AQEM-ə sədrliyə başlayan Azərbaycan “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” şüarı altında təşkilatın institusional potensialının artırılmasını, mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsini və beynəlxalq əlaqələrinin genişləndirilməsini əsas prioritetlər kimi müəyyənləşdirdi. Bu yanaşma AQEM-in ənənəvi dialoq platforması statusundan daha səmərəli, nəticəyönümlü və davamlı fəaliyyət imkanlarına malik beynəlxalq təsisata çevrilməsi istiqamətində mühüm addımların atılmasını şərtləndirdi. Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışında Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional güclənməsinə, nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqinə xüsusi diqqət yetirildiyini bildirdi. Dünyanın diqqətini bir daha Azərbaycana yönəldən Bakı Zirvə Görüşündə müxtəlif dünya ölkələrinin yüksəksəviyyəli nümayəndələri tərəfindən səsləndirilən fikirlər ölkəmizin geniş coğrafiyada etibar edilən tərəfdaş rolunu, beynəlxalq qurumlara sədrlik təcrübəsini, dünyada sülhə, təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfəsini bir daha təsdiqlədi”.
Malik Həsənov vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin Zirvə Görüşündə çıxışı mühüm çağırışlarla diqqətdədir: “Cənab İlham Əliyev 30 illik işğal dövrünün reallıqlarından geniş bəhs edərək bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini, separatizmə son qoyduğunu qeyd edən Prezident İlham Əliyev bütün dövrlər üçün aktuallığını qoruyan bu çağırışı bir daha səsləndirdi ki, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr, münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı. Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
Millət vəkili diqqəti dövlətimizin başçısı İlham Əliyevin bu çağırışına da yönəldib ki, biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Azərbaycan hər zaman sülh, təhlükəsizlik və regional əməkdaşlıq tərəfdarı olduğunu həm bəyanatları, həm də atdığı praktiki addımlarla sübut edir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, gələcək inkişafın yeni istiqamətlərinin və strateji hədəflərinin müəyyənləşdirilməsi müasir dövrün ən vacib tələblərindən biridir. Azərbaycan bu yeni inkişaf və əməkdaşlıq strategiyasını mötəbər beynəlxalq platformalardan biri olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tribunasından da qətiyyətlə təqdim etdi.
Malik Həsənov Azərbaycanın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün ölkəmizin təşkilat çərçivəsində sədrliyinin daha iki il müddətinə uzadılması, Laosun 29-cu üzv dövlət kimi qəbul edilməsi ilə yanaşı, Bakı Bəyannaməsinin təsdiqlənməsi ilə də yadda qaldğını bildirib. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlər üzrə irəli sürdüyü təşəbbüslər və təşkil etdiyi tədbirlər alqışlanır. Bakı Bəyannaməsində dözümlülüyün (tolerantlığın) və sivilizasiyalararası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsi diqqət mərkəzindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Oktyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















