Aspirinin güclü və təhlükəsiz alternativi tapıldı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq alimlər qrupu P2Y12 inhibitor qrupundan olan dərmanların (klopidoqrel və tikarqrelor) aspirinlə müqayisədə ürəyin işemik xəstəliyi olan pasiyentlərdə infarkt, insult və ölüm riskini azaltmaqda daha təsirli olduğunu müəyyən edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The British Medical Journal" jurnalında dərc olunan araşdırmada bildirilir.
Alimlər 16 mindən çox insanın iştirak etdiyi beş klinik tədqiqatın təhlili nəticəsində belə qənaətə gəliblər. Məlum olub ki, P2Y12 inhibitorlarını qəbul edən xəstələrdə ciddi ürək-damar hadisələri riski yalnız aspirin qəbul edənlərlə müqayisədə 23% azalıb.
Aspirin ürək-damar xəstəlikləri üçün istifadə olunur, çünki qan laxtalanma riskini azaldır. Trombositlərə, laxtalanmadan məsul olan qan hüceyrələrinə təsir edir və onların "bir-birinə yapışmasının" qarşısını alır. Bu, ürəyi və ya beyni qidalandıran damarlarda tıxanma ehtimalını azaldır.
Adətən stent qoyulduqdan (arteriyaya genişləndirici implantın daxil edilməsi - red.) və ya infarktdan sonra xəstələrə ikili terapiya - aspirin və P2Y12 inhibitoru verilir.
Ancaq bir neçə aydan sonra xəstələrə yalnız aspirin qəbul etməyi tövsiyə edərək, sonuncu dərman dayandırılır. Yeni məlumatlar göstərir ki, yalnız P2Y12 inhibitorunu qəbul etməyə davam etmək daha təsirli bir strategiya ola bilər.


