Astronomlar qaranlıq maddənin kainatdakı paylanma xəritəsini hazırlayıblar
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 27 yanvar, AZƏRTAC
“Ceyms Uebb” kosmik teleskopunun məlumatlarından istifadə edən alimlər indiyə qədər hazırlanmış ən ətraflı yüksəkkeyfiyyətli qaranlıq maddə xəritələrindən birini hazırlayıblar. Bu xəritədə görünməz, xəyali materialın ulduzları, qalaktikaları və görə biləcəyimiz hər şeyi təşkil edən adi maddə ilə necə üst-üstə düşdüyü və iç-içə keçdiyi göstərilir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, xəritə əvvəlki tədqiqatlara əsaslanır və qaranlıq maddənin kainatı ən böyük miqyaslarda - milyonlarla işıq ili uzunluğunda qalaktika qrupları şəklində necə formalaşdırdığı və nəticədə Yer kimi qalaktikaların, ulduzların və planetlərin yaranmasına səbəb olduğu barədə əlavə təsdiq və yeni detallar təqdim edir. Nəticələr “Nature Astronomy” jurnalında dərc olunub.
NASA-nın Cənubi Kaliforniyadakı Reaktiv hərəkət laboratoriyasından aparıcı müəllif Diana Skoqnamilyo bildirib: “Bu, kosmik teleskopun məlumat bazası əsasında hazırlanan ən böyük qaranlıq maddə xəritəsidir və digər rəsədxanalar tərəfindən tərtib olunmuş istənilən analoqundan iki dəfə daha dəqiqdir. Əvvəllər qaranlıq maddənin bulanıq bir mənzərəsinə baxırdıq. İndi isə “Ceyms Vebb”in inanılmaz materialları sayəsində kainatın görünməz tərəflərini heyrətamiz dərəcədə ətraflı görürük”.
Qaranlıq maddə işığı yaymır, əks etdirmir, udmur və hətta bir ruh kimi adi maddədən keçir. Lakin o, kainata cazibə qüvvəsi vasitəsilə qarşılıqlı təsir göstərir və xəritə bunu yeni bir aydınlıq səviyyəsi ilə nümayiş etdirir. Bu qarşılıqlı təsirin sübutu qaranlıq maddə ilə adi maddə arasındakı üst-üstə düşmə dərəcəsindədir. Tədqiqatçıların fikrincə, kosmik teleskopun müşahidələri təsdiqləyir ki, bu yaxın düzülüş təsadüfi ola bilməz, əksinə, kosmik tarix boyunca qaranlıq maddənin cazibə qüvvəsinin adi maddəni özünə çəkməsi ilə əlaqədardır.
Yeni xəritədə Sekstan bürcündə tapılan sahə Ayın görünən hissəsindən təxminən 2,5 dəfə böyükdür. Kembric Universitetinin tədqiqatçıları da daxil olmaqla, qlobal alimlər birliyi Kosmik Təkamül Tədqiqatı (COSMOS) üçün ən azı 15 yerüstü və 1 kosmik teleskopla həmin bölgəni müşahidə edib. Onların məqsədi buradakı adi maddənin yerini dəqiq ölçmək və sonra onu qaranlıq maddənin mövqeyi ilə müqayisə etməkdir. Ərazinin ilk qaranlıq maddə xəritəsi 2007-ci ildə NASA-nın “Hubble” kosmik teleskopunun məlumatlarından istifadə etməklə hazırlanıb.
“Ceyms Vebb” bu bölgəni təxminən 255 saat ərzində müşahidə edib və təqribən 800 min qalaktika qeydə alıb. Onlardan bəziləri ilk dəfə aşkar edilib. Daha sonra tədqiqatçılar qaranlıq maddənin kütləsinin fəzanın özünü necə əydiyini və bunun da uzaq qalaktikalardan Yerə gələn işığın formasını necə dəyişdiyini müşahidə ediblər.
Beləliklə, qaranlıq maddə kainatdakı qalaktikaların genişmiqyaslı paylanmasını müəyyən edib. Qalaktika və ulduzların əmələ gəlməsinin əvvəlkindən daha tez başlamasına səbəb olmaqla, qaranlıq maddənin təsiri planetlərin nəticədə əmələ gəlməsi üçün şəraitin yaradılmasında da rol oynayıb. Çünki ilk ulduz nəsilləri erkən kainatdakı atomların böyük əksəriyyətini təşkil edən hidrogen və heliumun indi Yer kimi planetləri təşkil edən zəngin elementlər sırasına çevrilməsindən məsul idilər. Başqa sözlə, qaranlıq maddə mürəkkəb planetlərin əmələ gəlməsi üçün daha çox vaxt təmin etdi.
Skoqnamilyo və həmkarları, həmçinin NASA-nın yaxınlaşan “Nensi Qreys Roma” kosmik teleskopu ilə COSMOS bölgəsindən 4400 dəfə böyük bir ərazidə qaranlıq maddənin xəritəsini çəkəcəklər. Əsas elmi məqsədlərə qaranlıq maddənin fundamental xüsusiyyətləri və onların kosmik tarix ərzində necə dəyişib-dəyişməməsi haqqında daha çox məlumat əldə etmək daxildir. Lakin “Roma”nın xəritələri “Ceyms Vebb”in fəza tədqiqatlarını üstələyə bilməz. Qaranlıq maddəyə daha ətraflı baxış yalnız NASA-nın növbəti astrofizika flaqmanı konsepsiyası olan yeni nəsil teleskopla mümkün olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















