Aşura tarixi ilə bağlı fikir ayrılığı yaradanlara deputatdan cavab: “Dövlətin müəyyənləşdirdiyi qaydalara əməl etməyənlər cəzalandırılır”
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Aşura gününün tarixi ilə bağlı bəzi məscidlərdə müəyyən şəxslər tərəfindən etiraz kampaniyası başladılması barədə görüntülər müzakirə yaradıb. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasında Aşuranın iyulun 5-i olduğu elan edilsə də, bəziləri iyulun 6-da məscidlərə axın ediblər. Dövlətin elan etdiyi Aşura tarixi barədə fikir ayrılığını yaymaqda bir neçə məscid axundunun da rolu olduğu bildirilir. Neftçilərdə yerləşən “Sahib əz-Zaman” məscidinin axundu Habil İsgəndərlinin sosial şəbəkələrdə yayılan görüntüləri xeyli etiraza səbəb olub. O, iyulun 4-də fətva verib ki, Aşura iyulun 6-da olacaq: “Bütün dünya şiələri Aşuranı 6-sı edirlər. Sabah keçirmək məmuriyyətdən göstərişdir, birisi gün keçirmək əqidənin göstərişidir”. Sonradan xütbənin həmin hissəsi silinib. Bunun ardından bir sıra İran saytlarında Azərbaycanda Aşura keçirilməsinə icazə verilmədiyi barədə yalan xəbərlər yayılmağa başlayıb.
Pravda.az-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Azərbaycanda Aşura mərasimi qadağan olunmayıb.
Deputat bildirib ki, Aşura ilə bağlı hər hansı qadağadan söhbət gedə bilməz: “Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Azərbaycanda Aşura iyulun 5-i keçirilib. Bu, zaman-zaman özünü Qurban bayramında da, Ramazanda da göstərir və Azərbaycan dövlətinin qərarıdır. Ayın 5-də insanlarımız Aşuranı keçirdilər. Hər bir din xadimi mənsub olduğu ölkənin qaydalarına əməl etməlidir. Ortada QMİ-nin fətvası var və hamı bu fətvaya riayət etməlidir. Dövlətin müəyyənləşdirdiyi qaydalara əməl etməyən insanlar cəzalandırılır. Bu, dünyanın hər yerində belədir, təbii məsələdir və böyüdüləsi, qlobal səviyyəyə qaldırılası heç nə yoxdur. Hər kəsin diqqətli və ehtiyatlı olmasına ehtiyac var. Təbii ki, qanun və qaydanı pozanlarla bağlı addımlar atıldı. Dindarı da, qeyri-dindarı da - hər kəs bilməlidir ki, bu dövlət bizim dövlətimizdir! Və bu dövlətin qaydalarına əməl etməliyik. Aşuraya icazə verilməməsi ilə bağlı təbliğatlara son qoyulmalıdır. Azərbaycan dini etiqad azadlığı təmin olunub, gərəkən bütün addımları dövlətimiz atır və həyata keçirir”.
Aytəkin Qardaşova


