Avropa Şurasının Azərbaycana qarşı mövqeyinin dəyişməsini gözləyirik MÜSAHİBƏ
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ermənistandan təminat almasaq, sülhdən söhbət gedə bilməz"
Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının və Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvü Sevinc Fətəliyeva Modern.az redaksiyasının qonağı olub.
Deputatla bir sıra beynəlxalq və xarici siyasi məsələlər ətrafında söhbət apardıq.
Müsahibəni təqdim edirik:
- Sevinc xanım, Donald Tramp təxminən 2 aydır hakimiyyətdədir. Onun prezidentliyinin başlamasının ardından beynəlxalq münasibətlərdə yaranan durumu necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, bu il Trampın hakimiyyətə gəlməsi bütün dünyanı sarsıtdı. Çünki onun bəyan etdiyi yeni prioritetlər - ABŞ siyasətinin yalnız və yalnız milli, iqtisadi maraqlar üzərində qurulması, Avropa İttifaqı və onun təhlükəsizlik məsələlərindən uzaqlaşması və sair - bəzi dövlətlərdə böyük suallar yaradır. Amma şəxsən mən heç millət vəkili yox, adi bir vətəndaş kimi də hesab edirəm ki, onun insani dəyərlərə qayıdışa çağırışı ən önəmli məsələlərdən biridir. Çünki biz dünyada gedən proseslərin istər Avropada, istərsə də ABŞ-da insani və ailə dəyərlərinin pozulmasına səbəb olduğunu bilirik. Trampın bu nöqteyi-nəzərdən ənənəvi ailə dəyərləri, münasibətləri təbliğ etməsi və bütün məsələlərə açıq mövqe göstərməsi, açıq danışması, sülhə, Rusiya-Ukrayna müharibəsinə son qoyma çağırışları, ümumiyyətlə münaqişələrin azalıb, müharibələrin sona yetməsi məsələsində düşüncələri çox müsbət haldır.
Bu gün bütün dəyərlərin pozulmasına, müharibə və münaqişələrin adiləşməsinə qarşı çıxan qüvvəyə, liderə, həqiqətən də ehtiyac var. Regionumuzda bu cür lider İlham Əliyevdir. Çünki aydın görürük ki, Qarabağın azad olunması, regionda yeni formatda münasibətlərin qurulması, regionun inkişafına səbəb olan münasibətlərin, fəaliyyətin qurulmasına Prezident İlham Əliyev təşəbbüskar kimi çıxış edir. Lakin biz bütün dünyadan danışırıq. Bu gün onu görürük ki, Prezident Trampın siyasəti yalnız və yalnız Amerika maraqlarını və təhlükləsizliyi məsələsini üstün tuutmaq, iqtisadiyyatı gücləndirməkdən ibarətdir. Avropa İttifaqında bu gün müəyyən problemlər yaşanır. Çünki indi gündəmdə liderlik, Avropa ortaq siyasətini müəyyənləşdirmə məsələləri var. Biz görürük ki, Fransa ortaya çıxıb, liderlik ambisyaları olan dövlət kimi çıxış edir. Lakin biz başa düşürük ki, Avropa İttifaqında kifayət qədər güclü ölkələr və liderlər var. Düşünürəm ki, Fransa özünü o qədər diskreditasiya edib ki, kifayət qədər nüfuzu azalıb. Fransanın dövlət olaraq, xüsusən də, Makronun ölkə başçısı olaraq nüfuzu aşağı düşüb. Ona görə də bu gün Avropa İttifaqında da çox maraqlı proseslər olacaq. Düşünürəm ki, yaxın müddətdə bunu müşahidə edəcəyik.
Lakin düşünürəm ki, ümumiyyətlə Donald Trampın Rusiya-Ukrayna münasibətlərinin normallaşdırılması, müharibələrin dayandırılması, eyni zamanda ABŞ-nin maraqlarına uyğun siyasətininin formalaşası, əlbəttə, Azərbaycan üçün də çox faydalı olacaq.Çünki, həqiqətən, ABŞ-nin maraqlarından danışırıqsa, Azərbaycan da məhz bu maraqlar dairəsinə daxildir. Bu maraqlar heç də ABŞ-də yaşayan erməni lobbisinin maraqları ilə üst-üstə düşmür. Prezident Co Baydenin administrasiyası rəhbərlikdə olanda ABŞ maraqlarına heç diqqət yetirilmirdi, seçkiöncəsi daha çox məhz erməni lobbisinin maraqları üstün tutulurdu. Təbii ki, bu, heç bir dövlət, xüsusilə də ABŞ üçün qəbulolunan deyil. Ona görə də belə yanaşmalar, Prezident Tramın yürütdüyü siyasət, təklif edilən istiqamətlər həm də Azərbaycan üçün faydalı olacaq, həm də dünyanı bir qədər sarsıdacaq və normal vəziyyətə qaytaracaq.

-Avropa İttifaqında da çox maraqlı proseslər olacaq dediniz. Avropa İttifaqı ilə Azərbaycan münasibətləri hazırda necədir? Həmçinin, hazırda Azərbaycan Avropanın digər sturukturu - Avropa Şurası Parlament Assembliyasında fəaliyyətini dayandırıb. Yeni dövrdə bu münasibətlər bərpa edilə bilərmi? Bunun üçün Azərbaycan, yaxud qarşı tərəf hansısa addımlar atırmı?
-Avropa İttifaqı ilə bizim kifayət qədər yüksək səviyyəli əməkdaşlığımız mövcuddur. Ötən günlərdə cənab Prezident İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşdə də bu haqda danışdı. Bizim strateji əməkdalığımız var. Enerji sahəsində əməkdaşlığımız yüksək səviyyədədir. Unutmamalıyıq ki, uğurlu əməkdaşlıqdan danışırıqsa, burada təbii ki, iqtisadi maraqlar olmalıdır. Bu gün Avropa İttifaqının Azərbaycanda kifayət qədər güclü maraqları var. Çünki həm enerji təhlükəsizliyinin təmin edilməsində, eyni zamanda iqtisadi məsələlərdə, siyasi nöqteyi-nəzərdən Azərbaycan bu gün regionda etibarlı tərəfdaş kimi Avropa İttifaqı tərəfindən tanınır. Baxmayaraq, yenə də, Avropa İttifaqındakı dövlətlər arasında, burada, Fransanı qeyd etmək lazımdır, Azərbaycan-Ermənistan münasibətlərinə dair müzakirələr keçirirlər. Lakin biz bunların arxasında kimlərin durduğunu və məqsədlərini bilirik.
Avropa Şurasına gəldikdə, heç Azərbaycanı müzakirə etməsək belə, bu təşkilat elə quruma çevrilib ki, nüfuzu sıfıra enib, eyni zamanda öz ənənəvi dəyərlərinə əməl etməyən təşkilata çevrilib. Sadəcə hansısa qrup siyasətçilərin maraqlarını yerinə yetirən, eyni zamanda xristian klubuna çevrilən AŞPA-nın müsəlmanlara qarşı müəyyən qərarları müzakirə və qəbul etməsi düzgün addımlar deyil. Mən şəxsən 14 il Avropa Şurasının nümayəndə heyətinin üzvü olmuşam. Bu illər ərzində kifayət qədər uğurlu fəaliyyət göstəmişik. Çünki Azərbaycan Avropa Şurası üçün kifayət qədər önəmli tərəfdaş kimi çıxış edirdi. Bütün müzakirələrdə iştirak edirdik. Bəli, Avropa Şurası vaxtilə “Dağlıq Qarabağ”la bağlı qətnamələr qəbul edib. Lakin bu qətnamələrin icrası həyata keçirilmədi. İkili standarlardan danışsaq, bunun əsası elə məhz Avropa Şurasında qoyulub. Çünki burada bəzi dövlətlərə kifayət qədər sərt reaksiya göstərilirdisə, digər bəzi dövlətlərin nöqsanlarına göz yumulurdu. Burada qeyri-səmimi münasibətlər getdikcə artırdı. Azərbaycan, təbii ki, bu təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirirdi. 44 günlük Vətən Müharibəsindən sonra bizim sözümüzü eşitmədilər, mövqeyimizi qəbul etmək istəmədilər, hansısa uydurmaları heç dərinə getmədən, detalları bilmədən, müəyyən mövqelərin daha da önə çıxması məqsədilə Azərbaycana qarşı ittihamlar səslənməyə başladı. Bu cür şəraitdə dialoq mümkün deyil. Bu təşkilat isə məhz dialoq üçün yaradılıb. Dialoq nəticəsində müəyyən məsələlər müzakirə edilməli, problemlər həll olunmalıdır. Biz həmişə dialoqa açıq dövlət olmuşuq.
Onu da qeyd etmək lazımdır ki, uzun illər ərzində, yəni torpaqlarımız işğal altında olanda Ermənistan tərəfi diqqəti daha çox Qarabağ məsələsindən yayındırmağa çalışırdı. Biz isə diqqəti Qarabağ məsələsinə, bizim 1 milyon qaçqın və məcburi köçkünlərimizin haqlarının pozulması haqda danışırdıq. 44 günlük Vətən müharibıısindən sonra biz torpaqlarımızı işğaldan azad etdik, suverenliyimizi bərpa etdik. Bundan sonra biz ümumiyyətlə bərpa işlərindən, Avropada baş verən problemlərdən danışırdıq. Ermənistan isə bu dəfə əksinə diqqəti Qarabağ məsələsinə cəlb etməyə başladı. Ermənistan tərəfi məsələləri tamamilə fərqli təqdim etməyə başladılar. Burada etnik təmizləmə məsələsi, Qarabağ ermənilərinin qovulması məsələləri ortaya çıxdı. Təbii ki, bizim mövqeyimiz qəbul olunmur, səsimiz eşidilmirsə onda nə etmək olar? Biz eyni münasibəti Türkiyəyə, Gürcüstana qarşı da gördük. Bizim artıq Avropa Şurasından gözləntilərimiz yoxdur ki, umaq və susaq. Bütün gözləntilərimizi özümüz yerinə yetirmişik. Susmağa da bizim nə imkanımız, nə istəyimiz var. Əməkdaşlıqdan söhbət gedirsə, bu qarşılıqlı olmalıdır. Avropa Şurasında biz bunu təəssüf ki, görmədik. Gələcək prespektivdən danışsaq, burada təkcə qurumun Azərbaycana qarşı mövqeyi yox, onun strukturu, özü dəyişməlidir. Bu baş verməsə, yəni Avropa Şurası öz ənənəvi dəyərlərinə qayıtmasa, təbii ki, burada hər hansı fəaliyyətdən söhbət gedə bilməz.

-Avropa Şurasına çox böyük ümidlərlə üzv olmuşduq. Artıq münasibətlərimiz gərgin mərhələdədir. Avropa Şurasının Azərbaycana qarşı mövqeyinin dəyişməsinin səbəbi nə oldu? Səhv etmirəmsə, təxminən İkinci Qarabağ Müharibəsindən sonra münasibətlər gərginləşdi. Bu ikisi arasında əlaqə görürsünüzmü?
- Birmənalı olaraq, bu, belədir. Bu təşkilata daxil olanda böyük ümidlərimiz vardı. İşğal dövründə əməkdaşlıq edirdik, Avropa Şurası qətnamələr qəbul edirdi. Hətta Qarabağ üzrə alt komitə yaradılmışdı. Planlaşdırıldı ki, ilkin nümayəndə heyəti orada nəsə danışıqlar aparacaq, müəyyən məsələləri müzakirə edəcək. Ermənistan tərəfi bu alt komitəyə qarşı çıxdı və heç bir iclasında iştirak etmədi. Təşəbbüslər var idi. Avropa Şurası həmişə Azərbaycana qarşı olub, hər zaman problemlərimiz olub deyə bilmərik. Lakin 44 günlük müharibədən sonra güclü Azərbaycan, kifayət qədər güclü siyasi mövqedə olan, ittihamlara cavab verən, öz mövqeyini müdafiə etməyi bacaran, eyni zamanda hərbi potensialı güclü olan Azərbaycan bu gün Avropa Şurasını, hətta bəzi Avropa dövlətlərini qane etmir. Deməli, hansısa problemlərimiz olmalı və ümidlərlə getməliyik ki, bizə normal münasibət bəsləsinlər. Amma vəziyyət dəyişdi. Öz-özümüzə cavabdehik və problemlərimizi özümüz həll edirik. Burada əsas problem bundan ibarətdir. Yəni Azərbaycan əgər həqiqətən güclüdürsə və öz gücünü göstərirsə, onda başqa cür onunla rəftar edəcəyik yanaşmasındadırlar.
Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycana qarşı AŞPA-da aparılan kampaniyada əsas rolu məhz alman deputat Frank Şvabe oynayır. Ümumiyyətlə, mənim şəxsi düşüncəm ondan ibarətdir ki, Avropa Şurası hansısa siyasətçilərin öz piar kampaniyalarını aparıb, məşhurlaşması üçün platformadır. Əsas məqsəd siyasi nöqteyi-nəzərdən Avropada daha da nüfuzlu siyasətçi kimi tanınmaqdır. Ən gözəl hədəf Azərbaycanda yenə də demokratiya, Ermənistanla münasibətlərdir, onlar bunları əllərində bayraq edirlər. Təbii ki, Avropa deputatları bunları dinləyirlər, məsələlər səsləndikcə, müəyyən müzakirələr təşkil olunur. Müəyyən mənfi imic yaradılır. Bu illər ərzində təbii ki, həm Frank Şvabenin fəaliyyətinə qarşı çıxmışıq, açıq sözümüzü demişik. Amma bu piar kampaniyasının bir növü olduğuna görə bu cür deputatlar Azərbaycana qarşı, istərsə də başqa dövlətlərə qarşı çıxış edənlər olur.
- Belə başa düşdük ki, Azərbaycan Avropa Şurasına qapıları tam şəkildə bağlamayıb. Avropa Şurasının Parlament Assembliyasından gözləntilərimiz, şərtlərimiz var. Şərtlərimiz yerinə yetirilməsə, Azərbaycan AŞPA üzvlüyündən tamamilə imtina edə bilərmi?
- Bilirsiniz, təkcə Azərbaycan deyil, Gürcüstan da fəaliyyətini dayandırıb. Türkiyə ilə münasibətlər də gərgindir. Bu, nəyi göstərir? Məsələ ondan ibarətdir ki, bu, problemin yalnız Azərbaycan-AŞPA məsələsi olmadığını göstərir. Problem Avropa Şurasının özündədir. Bu cür münasibətləri görürüksə, deməli, əməkdaşlıq düzgün qurulmur. Heç vaxt dialoqa, iradlara qarşı olmamışıq. Avropa Şurası yüzlərlə müzakirələr təşkil etmişdi, Azərbaycana qarşı onlarla fikir səsləndirilmişdi. Lakin biz həmin müzakirələrdə iştirak edir, danışır, kiməsə qarşı çıxır, öz fikrimizi bildirirdik, elə də olub ki, nə iləsə razılaşmışıq. Amma bu gün problem məhz Avropa Şurasının özündədir. Onlar normal münasibətlər qura bilmirsə, hansı əməkdaşlıqdan söhbət gedə bilər. Avropa Şurasından çıxmaq uzun prosesdir. Biz hələ də gözləyirik ki, bu təşkilat mövqeyini dəyişsin. Bütün dünya ilə, üzv olduğumuz beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Biz öz sözümüzü demişik. İndi söz Avropa Şurasındadır. Onlar hər hansı mövqeyini dəyişmək niyyətindədirlərsə, dəyişsinlər, bundan sonra Azərbaycanla, Gürcüstanla münasibətlər bərpa edilə, daha da yaxşılaşdırıla bilər.

- Avropa Şurasının nüfuzunun aşağı düşdüyünü dediniz. Bununla bərabər artıq, dünyada bir sıra beynəlxalq qurumların reytinqi aşağı düşüb. Belə təşkilatlardan biri də BMT-dir. Təşkilatın qurucu ölkələrindən olan ABŞ artıq qurumun bir sıra təşkilatlarından çıxıb. BMT-nin qurum kimi ləğv olunması, başqa bir təşkilatla əvəzlənməsi mümkündürmü? Çünki proseslərin bu istiqamətdə getməsi ilə bağlı bəzi ekspertlərin fikirləri var.
- Hər şey mümkündür. Sürətlə dəyişən dünyada yaşayırıq. Donald Tramp Avropa ittifaqı ilə münasibətlərə, NATO-da ABŞ-nin roluna baxılmasına dair fikirlər səsləndirilir. Niyə, BMT özü də dəyişməsin? Ümumiyyətlə belə beynəlxalq təşkilatlarsız bir qədər xaos yaranacaq. BMT-nin, Avropa Şurasının qəbul etdiyi qərarların işləməməsinə baxmayaraq, bu belədir. Kiməsə qarşı olan qərarlar çıxır, amma nəticəsi yoxdur. Lakin burada biz təşkilatın ləğv olunmasını yox, strukturun, yanaşmanın dəyişməsinə çağırırıq. Bu haqda cənab Prezident də danışırdı. Bu gün dünyada siyasi nöqteyi-nəzərdən güclərin balansı pozulub. Hazırda Çin daha güclü dövlətə çevrilir, Türk Dövlətləri Təşkilatı kifayət qədər inkişaf edir, Türkiyənin özü artıq güclü mövqeyə malikdir. Azərbaycan da həmçinin. BMT kimi beynəlxalq təşkilatların fəaliyyəti, nüfuzunun qaldırılması, onun məntiqi davamı olaraq beynəlxalq hüququn işləməsi üçün müəyyən təşkilati islahatalara gedilməlidir. BMT ləğv olunsa, başqa təşkilat yaradılsa, bunlar uzun proseslərdir. Artıq kifayət qədər uzun illər ərzində nüfuz qazanan BMT kimi təşkilat dünyada sülhün, nizamın formalaşmasında böyük rol oynayın, belə təşkilatlara çox böyük ehtiyac var. Ancaq təşkilat müasir tələblərə, yeni dövrə uyğun olmalıdır. Müasir dövrdə dövlətlərin hansı istiqamətdə inkişaf etdirilməsi, hansı maraqlar üzərində siyasətinin qurulması, ən əsası həmin dövlətlərdə yaşayan insanların da mövqeyi dinlənilməlidir. Onun üzərindən qərarlar qəbul olunmalıdır.
-Türk Dövlətləri Təşkilatının (TDT) da adını çəkdiniz. Hazırda yeni yaranmış geosiyasi durumda Türk Dövlətləri Təşkilatının rolunu necə qiymətləndiririz? TDT hazırkı beynəlxalq şəraitdə istər siyasi, istər iqtisadi, istər mədəni sahədə güc mərkəzinə çevrilə bilərmi?
- Artıq mədəniyyət və təhsil sahəsində artıq müəyyən işlər aparılır. Türk Dövlətləri Təşkilatı müasir dövrdə bizim üçün daha önəmlidir. Çünki bu gün dünyada dəyər sisteminin pozulmasını müşahidə edirik. Prezident Tramp buna diqqət çəkirsə, deməli, həm ABŞ-də, həm Avropada, ümumiyyətlə, bütün dünyada böyük fəlakətə gətirib çıxara bilər. Türk dövlətləri ilə ortaq dəyərlərimiz, təbii ki, ortaq dilimiz, mədəniyyətimiz, tariximiz mövcuddur. Bu gün dünyada gedən proseslərə, mövcud ənənəvi dəyərlərə baxışlarımız eynidir. İslamobiyanın geniş yayılması onu bizdən tələb edir ki, Türk dövlətləri olaraq, daha güclü olaq. Bizim gücümüz bir-birimizə arxa olmağımızı, birlikdə daha güclü olmağımızı təmin edə bilir. Hər sahədə biz əlaqələrimizi inkişaf etdirə bilərik, ortaq çıxış edə bilərik. Müxtəlif sahələrdə TDT-yə üzv ölkələr öz sözlərini deyirlər. Şüarımıza çevrilən “birlikdə güclüyük” Türk dövlətlərinə də aiddir. Çünki dünyada güclərin balansı dəyişirsə, Türk dünyasının gücü ortaya çıxa bilər. Azərbaycanın Türk dünyası ilə əlaqələri gücləndirməsi, təşkilatı bir araya yığması heç də kiməsə qarşı deyil. Müttəfiqlərimizin, birlikdə hərəkət etdiyimiz dövlətlərin birgə inkişaf etdirilməsi, gücləndirilməsi məqsədi daşıyır.
- BMT ilə bağlı tənqidlərdən biri onun Təhlükəsizlik Şurasının tərkibinin müasir dövrün şərtlərinə cavab verməməsidir. Bu gün daimi üzvlər İkinci Dünya Müharibəsindən sonra qalib gələn dövlətlərdir. Amma bir çox lider daimi üzvlərinin sayının artırılmasını, Şuranın tərkibinin genişləndirilməsini təklif edir. Bu gün, beynəlxalq arenaya baxırıq, fərqli güclər, məsələn Türk dünyası və Türkiyə önə çıxır. Sizcə, Türkiyə BMT-nin daimi üzvlərindən biri olar bilərmi? Çünki Türkiyə həm islam, həm də türk dünyasının ən vacib ölkələrindən biridir. Türkiyənin BMT-nin darimi üzvü olması beynəlxalq və regional təhlükəsizliyimizə necə təsir edər?
- Bu gün dünyada, xüsusilə Avropada təhlükəsizlik məsələlərində Türkiyənin rolu çox böyükdür. Eyni zamanda NATO ölkələri arasında Türkiyənin nüfuzu kifayət qədərdir. Həqiqətən Türkiyə o dövlətlərdəndir ki, istər Yaxın Şərqdə, istər islam dünyasında lider rola malikdir. İqtisadiyyatı, hərbi qüvvəsi güclü olan dövlətdir. Bu gün Türkiyənin rəhbərliyində elə bir güclü lider durur ki, dünyada gedən proseslərə açıq, ədalətli mövqeyini bildirə bilir.
Türkiyə ilə Azərbaycanı digər dövlətlərdən fərqləndirən xüsusiyyət odur ki, dünyanın müxtəlif ölkələrdində baş verən proseslərə düzgün qiynət verərək, ədalətli yanaşmanı tələb edirik. Burada xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan kiçik ada dövlətlərin əhalisinin hüquqlarının müdafiəsinə görə çıxış edir. Coğrafi nöqteyi-nəzərdən bir birindən uzaqda yerləşirik. Kimsə deyə bilər ki, bizim nəyimizə qalıb ada dövlətlərini müdafiə etmək? Yenə də bizim mövqeyimiz dünyanın hər yerində ədalətin bərpa olunması yönündədir. Biz Qarabağ məsələsində də bunu tələb etmişik və buna öz gücümüz hesabına nail olmuşuq.
BMT Təhlükəsizlik Şurasında Türkiyənin daimi üzv kimi olması həmin qurumun reallığa qaytarılması, ikili standartlardan uzaq olması, ədalətli qərarların qəbul olunması baxımdan çox müsbət olar. Bu gün həqiqətən beynəlxalq münasibətlər sistemində, beynəlxalq təşkilatlarda bu cür yanaşmalara çox böyük ehtiyac var. Biz ikili yanaşmalardan danışırıq, amma biz bəzən üçlü standartlarla da rastlaşırıq. Xalqların maraqları bu təşkilatlar üçün üstünlük təşkil etmir. Hər bir dövlətin öz tarixçəsi, demokratik inkişafı yolu və buna uyğun dövlət siyasəti var. Bunların hamısını nəzərə almaq lazımdır. Hamı eyni tələblərə cavab verməyə hamını məcbur etmək olmaz. Burada coğrafi, tarixi, mədəni məsələlər var. Bunlara hörmət göstərsələr, məsələlərdə piardan uzaq olaraq dərinə getsələr, Qarabağda gedən prosesləri dərindən bilsələr, Azərbaycana qarşı bəzi ittihamlara rast gəlməyəcəkdik. Ona görə də düşünürəm ki, Türkiyə kimi böyük, nüfuzlu dövlətin BMT Təhlükəsizlik Şurasında mövcud olması, təbii ki, nəinki Azərbaycan, eləcə də Türkiyə və bütün dünya üçün faydalı olar.
- Bir-biri ilə qanlı müharibələr aparmış Avropa dövlətləri sonradan birləşdilər və Avropa İttifaqını yaratdılar. İndi ortaq valyutaları var və öz mədəniyyətlərini dünyaya diqtə edirlər. Tarixi, dili, mədəniyyəti bir olan dövlətlərdən ibarət olan Türk Dövlətləri Təşkilatı da Avropa İttifaqı kimi ola bilərmi?
- Düşünürəm ki, burada ilk növbədə siyasi iradə olmalıdır. Nəzərə alsaq ki, Türk dövlətləri arasında problemlər yoxdur, hansısa mane mövcud deyil. Ortaq iqtisadiyyatın olması sualına daha yaxşı iqtsiadçılar cavab verə bilərlər. Amma düşünürəm ki, gələcəkdə niyə də yox? Gələcəkdə ərazilərin gediş-gəliş məsələlərinin həllində, ortaq valyuta olmasa da, müəyyən siaysi proseslərin, həm də iqtisadi məsələlərin ortaq olması əlaqələrimizin, iqtisadiyyatlarımızın inkişafına səbəb ola bilər. Düşünmürəm ki, Avropa İttifaqı uğurlu nümunədir. Onun axırı hara gəlib çıxdı, hamımız görürük. İndi hamısı böhran vəziyyətində yaşayır. Avropa İttifaqı ölkələri iqtisadi, siyasi böhranla üzləşir. Şəxsən mənim mövqeyim ondan ibarətdir ki, uğurlu əməkdaşlıq təkcə bu cür birləşmələrlə həyata keçirilmir. Avropa İttifaqı birləşdi, sonu nə olur? Hamı yavaş-yavaş ittifaqdan çıxmaq istəyir. Əməkdaşlığın inkişafından söhbət gedirsə, hansısa birliyin üzvü olmalıyıq deyə şərt yoxdur. Bu mütləq deyil. Sadəcə siyasi iradə olsa, birgə gələcəyə addımlamaq istəsək, bu özü-özlüyündə baş verəcək. Türk dövlətlərin rəhbərləri hamısı söz adamıdır, sözünün üstündə duran liderlərdir. Yəni hansısa razılığa gəliblərsə, danışıqlar nəticəsində hansısa qərarlar qəbul edilib, planlar qurulursa, onların hər biri bunların reallaşması üçün lazımi bütün səyləri göstərəcəklər. Buna əmin ola bilərik.

- Azərbaycanın Ermənistanın qarşısında qoyduğu şərtlərdən biri də ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə əlaqəadardır. Ermənistan tərəfi bir neçə dəfə bu şərtə müsbət reaksiya versə də, heç bir addım atılmayıb. Minsk qrupu nə vaxt dağılacaq?
- Bizim bir neçə tələbimiz hələ də ortada durur. Zəngəzur dəhlizinin açılması, Ermənistan konstitusiyasına dəyişiklik edilməsi, ATƏT-in Minsk qrupunun ləğv olunması kimi tələblərimiz həll edilməmiş qalıb. Bu tələblərdən ən çətini konstitusiya dəyişikliyidir. Bu uzun prosesdir. Bunun asan yolları olsa da, bu da çətin prosesdir. Bu gün Ermənistan tərəfindən konstitusiyaya dəyişikliklər ediləcəyi barədə açıqlamalar verilir. Ola bilsin ki, cəmiyyəti hazırlamalıdırlar və sair. Konstitusiyada, preampulada əks olunan Azərbaycana qarşı ərazi iddiaları qala-qala sülh sazişindən söhbət gedə bilməz.
İkinci məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistanın və Azərbaycanın bu məsələdə öz öhdəlikləri var. Ermənistan hər hansı vasitə ilə bundan yayınmağa, həyata keçirməməyə çalışır. Lakin İran vasitəsilə yol açmışıqsa, o demək deyil ki, Zəngəzur dəhlizindən əl çəkirik. Bu, bizim üçün önəmlidir. Azərbaycann bir hissəsi ilə digər tərəfinin birləşməsidir.
Üçüncü məsələ, yəni ATƏT-in Minsk qrupunun ləğv edilməsi məsələsi ən asan yerinə yetirilə biləcək tələbdir. Burada Ermənistan nə referendum keçirməli, nə də ciddi siyasi qərar verməlidir. Sadəcə bəyan ermək lazımdır ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Əslində Minsk qrupunun fəaliyyətinə çoxdan ehtiyac yoxdur. 44 günlük müharibədən öncə də bir faydasını görmədik. Minsk qrupunun məqsədi münaqişəni həll etmək idi. İndi də torpaqlarımızı işağldan azad etmişik, münaqişə yoxdur. Nəzərə alsaq ki, ATƏT-in həmsədrlərindən biri də Fransadır. Onların hər hansı təşəbbüsü olsa, təbii, Azərbaycan buna qarşı çıxacaq. Bu, düşünürəm ki, əsas onun göstəricisidir ki, Ermənistan sülh prosesində nə qədər səmimidir, açıqdır? Ermənistan tərəfinin sülhə hazır olması ilə bağlı açıqlamaları, gəlin sülh sazişini necə var elə imzalayaq, qalan məsələləri sonra həll edərik kimi fikirləri növbəti oyundur. Biz konstitusiya məsələlərinə niyə diqqət cəlb edirik. Ona görə ki, biz gələcəkdə qarantiya lazımdır. Biz sülh sazişini Paşinyanla imzalamırıq, Ermənistanla imzalayırıq. Bu gün Paşinyandır, sabah onun yerinə başqası gələcək. Yeni rəhbər başqa idealarla gələcək, Azərbaycana qarşı fərqli fikirlər səsləndirəcək. Başımıza gəlib, bilirik. Bizə məlumdur ki, Ermənistandan nəyi gözləmək olar. Xüsusilə də 4 il yarım ərzində Ermənistanın yenə də oyun oynaması, sülh sazişinin imzalanmasından yayınması onlar həqiqətən də səmimi deyillər. Sonuna qədər öz təminat almasaq, təbii ki, sülh imzalanmasından söhbət gedə bilməz.
- Siyasi güclərin regiondakı maraqları Cənubi Qafqaza nə vəd edir? ABŞ-nin məsələsində hər kəs Çini unudur. Əslində isə əsas faktor Çindir. ABŞ Çinə qarşı Rusiya ilə partnyor olmaq istəyir. Bütün bunların fonunda Cənubi Qafqaza nə vəd olunur?
-Əslində mən o düşüncədəyəm ki, hər hansı bölgənin, xüsusilə də, Cənubi Qafqazın gələcəyi bu regiondakı dövlətlərin öz əlində olmalıdır. ABŞ Gürcüstana əvvəllər müəyyən vədlər versə də, sonra arxasında durmadı. ABŞ uzaqdadır. Onların maraqları müvəqqəti ola bilər və ya dəyişə bilər. Uzaq ölkələrə ümidlərimizi bəsləyə bilmərik. Düşünürəm ki, ümidlərimizi özümüzə bağlamalıyıq. Gürcüstanda baş verən proseslər onu göstərdi ki, kimsə sənin arxandayam görüntüsü yaradırsa, həmin dövlətlərə, qurumlara sonuna qədər ümidlənmək lazım deyil. Hər kəs özünə cavabdehdir, gələcəyini özünü müəyyənləşdirməlidir. İqtisadiyyat, hərbi potensial möhkəm olmalıdır. Əsas siyasi iradə olmalıdır. Türkiyədən, Azərbaycandan danışdıq. Gürcüstanda vəziyyət dəyişir. Gürcüstan öz suverenliyini qoruyub saxlaya bilir. Bu gün Gürcüstanda baş verən proseslər onun da artıq xarici müdaxilələrdən bezdiyini, yorulduğunu göstərir. Gürcüstan öz milli maraqlarına uyğun siyasət aparmaq niyyətindədir. Çox sevindirici haldır. Təcrübə onu göstərir ki, başqa qüvvələrin regiona daxil olması region dövlətləri üçün heç müsbət hal deyil.Azərbaycan tərəfi buna görə də “3+3” platformasını təklif edir. Təəssüflər olsun ki, Ermənistan bu platformada iştirak etməkdən imtina edir. Ermənistan kim onun arxasında durmalıdırı seçir hələ. Ermənistan bir qədər müstəqil olsa,öz maraqlarını üstün qoysa, bu proseslərə Ermənistan da cəlb oluna bilər. Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşması söhbət gedir. Bu özlüyündə yeni iqtisadi, logistic imkanların açılmasına imkan yaradır. Artıq bundan sonra sülh adası olan, iqtisadi və logistika nöqteyi-nəzərdən cəlbedici bölgə olan Cənubi Qafqaz regionu ABŞ üçün daha böyük maraq kəsb edə bilər. Təbii ki, bizim regionumuz və ölkələrimiz inkişaf edirsə, o qədər də maraqlar da artır. Bu gün çox təəssüflər olsun ki, bu regiona daxil olmaq üçün Ermənistan vasitəsilədir.

-Azərbaycana gələn liderlərin Zəfər Parkını ziyarəti protokola salınıb. Sizcə daha hansı yerin ziyarət edilməsi protokola salınsa yaxşı olar?
- Zəfər Parkının protokola salınması ilə bağlı kimlərsə deyə bilər ki, biz Ermənistana qalib gəlməyimizi göstəririk. Bəli, biz Ermənistana qalib gəlmişik. Heç kim bunu inkar edə bilməz. Amma burada əsas məsələ ədalətin bərpasıdır. BMT-dən danışdıq, onun heç bir qərarları işləmir. BMT-nin elə mexanizmləri yoxdur ki, işğalçı dövlət BMT-nin qərarlarını qəbul etsin. Amma Azərbaycan özü heç kimin dəstəyi olmadan məsələlərin öhdəsindən gəldi. Bizim fəxr ediləsi çox məsələmiz var. Onlardan biri də Zəfər Parkıdır. Bu park zəfərimizin, xalqımızın birliyinin simvoludur. Müharibədə gənc uşaqlar iştirak edirdi. Onlar Qarabağın işğalından sonra dünyaya gəliblər. Kimdəsə belə təəssürat yaranırdı ki, gənc nəsil üçün Qarabağ önəmli deyil. Aprel döyüşləri, 44 günlük müharibədə yaşından, cinsindən, dinindən asılı olmayaraq Azərbaycan xalqı üçün Qarabağın ən əsas məsələlərdən biri olduğunu göstərdi. Bu məəslələrin simvoluna çevirlən Zəfər parkı düşünürəm ki, qonaqlarımız üçün müasir tariximizin nümunəsi kimi təqdim olunur.
Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərə qonaqlarımızın aparılması da çox düzgündür. Orada həm həmin torpaqların tarixi ilə tanış olurlar, eyni zamanda işğal zamanı hansı vəhşilik və vandalizmlə rastlaşmışıqsa onu göstərmək baxımından vacibdir. Çünki Azərbaycana qarşı sənədlərə səs verən insanlar məsələnin mahiyyəti ilə tanış olmurlar. Daha sonra qısa müddət ərzindən Qarabağda aparılan quruculuq işləri ilə tanış etmək də vacibdir. Çünki 30 il ərzində torpaqlarımız işğal altında olduğu dövrdə həm yaşayış obyektlərinin, həm də digər obyektlərin məhvini görmüşük. Lakin qısa müddət ərzində torpaqlarımız həyata qayıtdı. Həm yaşayış üçün şərait yaradıldı, həm də tarixi, mədəni abidələrimiz bərpa olundu. Bu gün artıq yüzlərlə məcburi köçkün öz evlərinə qayıdır. Bu onu göstirir ki, bu torpaq kimin üçün doğma və vacibdir.
-Siz dediniz ki, Cənubi Qafqaza Cənubi Qafqazlılar özləri sahib çıxmalıdırlar. Kifayət qədər beynəlxalq təşkilatlarda iştirak edirsiniz. Orada Gürcüstan, Ermənistan nümayəndə heyətləri də iştirak edir. Olubmu ki, siz təklif verəsiniz, onlardan reaksiya gələ ki, gəlin xarici qüvvələri özümüz Cənubi Qafqaza sahib çıxaq. Onda ermənilərin mövqaeyi necə olubmu?
- Biz ermənilərdən danışırıq. Mən inanmıram ki, ermənilər Azərbaycanla hansısa birgə fəaliyyətə razılaşalar. Sülh sazişi olsa, bu cür təklifləri verə bilərik. Lakin bu gün Ermənistan Azərbaycan tərəfi ilə ikili oyunlar oynayırsa, onlara etibar edə bilmərik. Sözdə də razılaşsaq, Ermənistanın Fransadan ayrılan dövlət olduğunu bilirik.
- Zəfər Parkı ilə bağlı danışdıqda ədalət məsələsini vurğuladınız. Biz qələbə qazanmışıq, eyni zamanda ərazilərimizin işğaldan azad olduğunu göstəririk. İşğaldan azad olunan ərazilərə xaricilərin səfərinin informasiya müharibəsinin bir növü olduğunu dediniz. Necə düşünürsünüz, işğaldan azad olunan ərazilərdən birində Ədalət parkı düzəldə bilərikmi?
-Əslində, çox şey etmək olar. Parklar öz yerində, Qarabağın çox qədim tarixi var. Xocalı soyqırımı ilə bağlı kompleks hazırlanır. Çox düzgün yanaşmadır. Soyqırımını əks etdirən memorial olmalıdır. Eyni zamanda Qarabağın tarixi qədimdir. İlk atılan addımlar abidələrin bərpası oldu. Biz öz tariximizdən danışmalyıq. Tariximizi yadda saxlayan işlər aparaq.
- Sevinc xanım, sabah XII Qlobal Bakı Forumu başlayır. 400-dən çox qonağın iştirakı gözlənilir. Keçən il cənab Prezident Qlobal Bakı Forumunu Münhen Təhlükəsizlik Forumu və Davos Forumu ilə müqayisə etdi, yəni təxminən o səviyyəyə çatmışıq. Qlobal Bakı Forumunun əhəmiyyətini ölkəmiz üçün necə dəyərləndirərsiniz? Forumun agendası ilə tanış olduq. Çox vacib məsələlər, dünyanın problemləri var. 2020-ci ilə qədər bizim problemlərimiz dünyada müzakirə olunurdu, indi dünyanın problemləri bizdə müzakirə olunur. Azərbaycan artıq dünyada həlledici, probelmlərin müzakirə olunduğu, təkliflərin irəli sürüldüyü ölkəyə çevrildi. Bu gün Azərbaycanın beynəlxalq arealda rolunu necə qiymətləndirirsiniz?
- Qlobal forumların Azərbaycanda keçirilməsi artıq ənənə halına çevrilib. Forumun nüfuzu ondan ibarətdir ki, sabiq prezidentlər, siyasətçilər iştirak edir. Bu gün müasir dövrdə, xüsusilə də Avropada güclü liderlərin olmamasını müşahidə edirik. Güclü, xarizmatik liderlər yoxdur. Sabiq prezidentlər, siyasətçilər bir araya gələndə dünyanın qarşısında olan təhlükələr, çağırışlara həm təcrübə nöqteyi nəzərdən düzgün qiymət verib, müəyyən həll yolu ilə bağlı təklif verə bilirlər. Ona görə ki, təcübə böyük hadisədir. Həm siyasi, həm də idarəçilik təcrübəsi, eyni zamanda keçmiş prezidentlər arasında xarizmatik liderlər də mövcuddur. Onların mövqeyi, təklifləri həqiqətən çox önəmlidir.
Bu forumun Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, həqiqətən dünyada gedən proseslər, təhlükələr Azərbaycanda müzakirə olunur. Baxın, Suriyada müharibə başlayanda Londonda konfrans keçirilirdi. Suriyada insanların öldürülməsi, qaçqınlarla bağlı konfrans idi. Azərbaycan Prezidenti ora dəvət olunmuşdu. Çünki həmin vaxt bizim qaçqın və məcburi köçkün, miqrasiya məsələsində kifayət qədər təcrübəmiz vardı. Çünki yenə də biz öz gücümüzlə bu məsələni həll etdik. Məcburi köçkün və qaçqınların həyat şəraitini yaxşılaşdıraraq, hüquqlarının bir hissəsini də təmin edə bildik. Eyni zamanda terrorçuluqla bağlı müzakirə olursa, Azərbyacan ora dəvət alır. Münhen Təhlükəsizlik Konfransına mütəmadi olaraq cənab Prezident iştirak edir. Çünki dünyada istər təhlükəsizlik, istər terrorçuluqla mübarizədə, istə dini dözümsüzlüklə bağlı məsələlər var ki, Avropada problemdir. Bu məsələlərdə Azərbaycanın kifayət qədər uğurlu təcrübələri var. Azərbaycan bu təcrübələrini bölüşərək dünyaya, məsələlərin həllinə töhfə verə bilirik. Təsadüfi deyil ki, dünyada gedən proseslərin bir qismi Azərbaycanda müzakirə olunur. Burada sivilizasiyalararası forumu, qlobal forumu göstərmək olar. Biz dialoqun təmin olunması üçün məkanıq. Düşünürəm ki, bu işi uğurla həyata keçiririksə, bu səbəbdən bu cür forumlar Azərbaycanda keçrilir və bir sıra qonaqlar azərbaycana gəlib bu forumlarda böyük həvəslə iştirak edirlər.
