Avropada yeni liderlik örnəyi
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycan bu gün dünyanın və Avropanın əsas diqqət mərkəzində olan ölkələrdən biridir. Son illər Azərbaycanın belə cəlbedici əməkdaşlıq üçün aparıcı dövlətlərin marağına səbəb olması təsadüfi deyil. İlk olaraq onu bildirmək istərdim ki, 2020-ci ilin sentyabr ayında başlanan və noyabr ayının 10-da Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi bizim haqqımızda təsəvvürləri dəyişdi. Azərbaycanın qüdrətli Ordusu müzəffər Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dünya hərb tarixində misli görünməyən zəfərə imza atdı.
İlham Əliyev müharibənin gedişatında dünyanın nüfuzlu media qurumlarına bir neçə dildə sərbəst müsahibələr verir, erməni vəhşiliyini və işğalçılığını faktlarla dünyaya çatdırırdı. Necə deyərlər, Ordumuz döyüş, dövlət başçımız isə diplomatiya meydanında döyüşürdü. Heç kimə sirr deyil ki, İlham Əliyev özünün fantastik zəkası, yüksək intellekti, siyasi savadı, uzaqgörən siyasəti nəticəsində Avropada yeni lider örnəyi yaradıb. Bu gün Avropa onu yeni lider kimi qəbul edir. İlham Əliyevin Avropada nə qədər qəbul edilən populyar lider olmasını onun Albaniya və Macarıstana son səfərləri zamanı bir daha gördük. Hər birimiz, hər bir azərbaycanlı liderimizlə fəxr edib qürur duyduq.
Prezident İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü zamanı Azərbaycanın etibarlı tərəfdaş olduğu, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi vurğulandı. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu xüsusi əhəmiyyətə maikdir. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxundu. Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu dedi, bu gün Avropanın 10, o cümlədən Aİ-nin 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğuladı.
Ölkəmizin Orta Dəhlizdə oynadığı rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd etdi. Dövlətimizin başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da dedi.
Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunuldu.
Prezidentin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşü zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edildi.
Tiranada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin maraqla qarşılanması, diqqət mərkəzində olması, bunun qarşılığında Ermənistanın baş naziri Nikol Paşinyanın kölgədə qalması diqqətdən yayınmadı. İlham Əliyevlə Paşinyanın görüşündən onların davranışları, jestləri və ünsiyyət forması siyasi-psixoloji baxımdan çox vacib mesajlar idi. Görüşdə İlham Əliyevin qalib ölkənin qalib lideri olması açıq-aşkar şəkildə özünü büruzə verirdi.
İlham Əliyevin sakit, sabit, bir qədər də məğrur duruşu, jestlərinin minimal olması onun güclü və vəziyyətə nəzarət edən tərəf olduğunu nümayiş etdirirdi. Nikol Paşinyan isə masa arxasında irəliyə doğru əyilmiş vəziyyətdə əyləşərək bir-birinə uyuşmayan jestlər ilə gülünc görkəmdə görünürdü. Paşinyanın üz ifadəsində və hərəkətlərində emosional gərginlik və narahatlıq hiss edilir, sanki Prezident İlham Əliyevi inandırmağa çalışırdı ki, ona inansın.
Albaniyanın paytaxtı Tiranada keçirilən ASB-nin 6-cı Zirvə toplantısı İlham Əliyevin və Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından əhəmiyyətli tədbir idi. Həmin sammitdə 50-yə yaxın ölkənin liderləri iştirak edirdilər.
Bu cür mötəbər tədbirdə ölkəmizin iştirakı Azərbaycanın həm regional, həm də qlobal miqyasda necə vacib ölkə olduğunun göstəricisidir.
Prezident İlham Əliyevin istər tədbirin plenar sessiyalarında iştirakı, istərsə də bir sıra Avropa liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın diplomatik fəallığının mühüm nümunəsi kimi qiymətləndirilməlidir. Tədbir zamanı diqqətçəkən məqamlardan biri İlham Əliyevin Fransa prezidenti Emmanuel Makronla görüşü oldu. Liderlərin bu görüşü son vaxtlar iki ölkə arasında yaranmış gərgin münasibətin üzərinə bir növ su səpmiş kimi oldu. Paşinyanın kənardan baxışları isə onun növbəti məğlubiyyəti idi. Təbii ki, bu, sadəcə başlanğıcdır. Fransa ermənipərəst mövqeyindən tam əl çəkməli, onları silahlandırmağı dayandırmalı və bölgədə davamlı sülhün bərqərar olmasına maneçilik törətməməlidir. Hərçənd ki, indiki məqamda, bu, ağlabatan deyil.
Dövlət başçımızın Tiranada keçirdiyi görüşlər Azərbaycanın qarşısına qoyduğu gələcək hədəflərinə çatması baxımından önəmli diplomatik mərhələdir. Avropa ölkələri ilə dialoqun dərinləşməsi, əməkdaşlıq imkanlarının genişlənməsi və beynəlxalq arenada ölkəmizin mövqeyinin daha da möhkəmlənməsi üçün belə tədbirlər strateji əhəmiyyət daşıyır. Azərbaycan bu kimi zirvə görüşlərində iştirak etməklə təkcə siyasi dialoqu gücləndirmir, eyni zamanda, ölkənin milli maraqlarını qlobal gündəmə çıxarır, tərəfdaşlarını daha yaxından tanıdır və mövqelərini konkret arqumentlərlə müdafiə edir. Bu isə müasir dövrdə uğurlu dövlətçilik və effektiv xarici siyasətin əsas şərtlərindən biridir.
Bundan öncəki tədbirlərdə olduğu kimi, Tiranada baş tutan sammitdə də İlham Əliyev əsas diqqət mərkəzində idi. Nüfuzlu liderlər onunla söhbət etmək, salamlaşmaq və fikir mübadiləsi aparmaq üçün sanki bir-biri ilə yarışırdılar. Bu isə İlham Əliyevin necə nəhəng siyasətçi və lider olduğunu göstərir.
İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısına səfəri Azərbaycanın dünyada artan statusunu bir daha təsdiqləyən böyük uğur kimi dəyərləndirilməlidir. Bunu rusiyalı politoloq İqor Korotçenko xüsusi olaraq vurğulayıb: “Azərbaycana və onun rəhbərinə maraq Tiranada müxtəlif dövlət liderlərinin forumun kənarında Azərbaycan lideri ilə danışıqlar aparmaq istəyi ilə təsdiqlənib. Bu, obyektiv şəkildə Bakının tutduğu siyasi mövqenin hörmət və digər dövlət liderlərinin birbaşa tərəfdaşlıq münasibətləri qurmaq istəyi doğurması ilə izah olunur. Bu həm də onunla izah olunur ki, bir sıra enerji layihələrinin icrası çərçivəsində Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyinin təminatçılarından biridir. Ümumiyyətlə, hətta Nikol Paşinyan və Emmanuel Makron kimi liderlər də mövcud problemləri həll etmək, rəğbət oyatmaq və müəyyən, ən azı görünən nəticələr əldə etmək üçün İlham Əliyevlə görüşməyə can atırdılar. Bu baxımdan demək lazımdır ki, İlham Əliyevin təbəssümlə əl sıxmağı real siyasətdən çox aydın şəkildə fərqləndirir. Axı Parisin anti-Azərbaycan siyasət yeritdiyi məlumdur.
İlham Əliyev bu gün Qərbdə hörmət edilən liderdir. Azərbaycanın statusu və rolu artır. E.Makron kimi siyasətçilər Prezident Əliyevlə müqayisədə solğun görünürlər. İlham Əliyev zalda olanda və ya haradasa danışanda E.Makron açıq-aydın eyni liqada yox, ikinci liqada oynayır. İlham Əliyev isə yüksək liqada çıxış edir. Rəcəb Tayyib Ərdoğan onu qarşılayan və üstünlüyünü göstərməyə çalışan E.Makrona kifayət qədər təzyiq göstərdi. Fransa iyrənc siyasət yürüdür, Azərbaycan və Türkiyə ona Bakı və Ankaranın maraqlarının olduğu yerdə fəaliyyət azadlığı verməyəcəklər. N.Paşinyan isə fəal şəkildə İlham Əliyevlə görüş və təmaslar axtarırdı, hətta hazırkı siyasi gündəmi daha rahat şəraitdə müzakirə etmək üçün qəhvə də təklif etdi”.
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də İlham Əliyev diqqət mərkəzində idi. Macarıstanın Baş naziri Viktor Orbanın İlham Əliyevlə görüşü zamanı səsləndiriyi fikirlər Azərbaycan rəhbərinin obrazlı desək, siyasi portretini çəkmiş oldu. Orban dedi: “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”. Daha sonra Orban sözünə davam etdi: “Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır”.
İlham Əliyevin rəhbərliyi altında Avropanın mühüm iqtisadi və siyasi mərkəzlərindən biri olan Macarıstanla Azərbaycanın əlaqələri uğurla inkişaf edir. Cənab Prezidentin qeyd etdiyi kimi, biz dost ölkələrik, strateji tərəfdaşıq: “Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var”.
Hər birimizə məlumdur ki, Macarıstan hər zaman Azərbaycanın haqq-ədalət mübarizəsini dəstəkləyib və bu mübarizədə öz köməyini əsirgəməyib. Hazırda Macarıstan Avropa İttifaqı (Aİ) çərçivəsində güclü mövqeyə sahib olan bir dövlətdir. Bu dövlətin qonşu ölkələrlə əlaqələrinin möhkəmliyi və sağlam diplomatik münasibətləri iqtisadi inkişafa zəmin yaratmışdır.
İlham Əliyev iştirak etdiyi bütün tədbirlərdə sülh tərəfdarı olduğunu diqqətə çatdırır. Məhz buna görədir ki, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanda İlham Əliyev haqqında yüksək fikirlər səsləndirərək onun tarixə düşəcəyini açıqladı. Ərdoğan dedi: “Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülh gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması bu istiqamətdə mühüm addımdır”.
Beləliklə, biz İlham Əliyevin simasında Avropada yeni bir liderin yetişdiyini görürük. Bu isə illərdən bəri Azərbaycan xalqının ona olan sevgisi, inamı və etibarı sayəsində əzəmətli obrazını təyin edir. Bunu da dünya görür və etiraf edir.
Səyyad ARAN,
Milli Məclisin deputatı


