Icma.az
close
up
RU
Azad Xankəndinin milli ideallar mərkəzi

Azad Xankəndinin milli ideallar mərkəzi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarabağ Universitetindən reportaj

Qarabağ işğaldan azad ediləndən, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra – 28 noyabr 2023-cü ildə Prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Bu, təkcə həmin bölgədən olan keçmiş məcburi köçkünlərə deyil, bütün xalqımıza sonsuz sevinc və qürur bəxş edib.

Sərəncama uyğun olaraq, ali təhsil ocağının qısa, bir ildən də az müddətdə fəaliyyətə başlaması isə həm yeni dövrün tələblərinə uyğun yüksəkixtisaslı milli kadrların hazırlanmasında, həm də Qarabağın sürətli inkişafında böyük töhfəyə çevrildi. Ötən il ilk tələbələrinə qucaq açan yeni ali təhsil ocağı şanlı zəfərlərimizin simvollarından biri kimi tanınır.

Artıq ilk tədris ili yekunlaşır, imtahan sessiyası başa çatmaq üzrədir. Bəs, yola salınan tədris ili müəllim kollektivi, tələbələr üçün hansı təəssüratlarla yadda qalacaq?

Suallarımıza cavab tapmaq üçün Xankəndi şəhərinin gözəl məkanlarından birində yerləşən universitetin əsas binasına üz tutduq. Xoş ovqatla qarşılandığımız tədris korpusunda isə imtahan ab-havası hökm sürürdü. Universitetin binasını gəzdikcə, müasir, yaraşıqlı auditoriyalara, kitabxanaya, laboratoriya otaqlarına baş çəkdikcə qısa vaxtda yaradılmış gözəl şəraitə heyrətlənməyə bilmədik.

Nəhayət, mühəndislik fakültəsinin müəllimləri ilə həmsöhbət olmaq imkanı əldə etdik. Əslən Cəbrayıldan olan Ürfət Nuriyev bildirdi ki, Xankəndiyə gəlməzdən əvvəl 26 il yarım Türkiyənin İzmir şəhərindəki Ege Universitetində kompüter riyaziyyatı fənnindən dərs deyib, fəlsəfə doktorudur. 2023-cü doğma Xankəndimizdə ali təhsil ocağının yaradılması ilə bağlı sərəncamdan xəbər tutan kimi qərar verib ki, mütləq bura gəlməlidir.

– Çünki Qarabağda yeni tarix yazılır, – deyə o izah etdi. – Bu işdə əlimdən gələni etmək, öz biliklərimi gənc nəslimizə öyrətmək, tarixi yazanların sırasında olmaq mənim üçün şərəfdir. Tələbələrim hamısı elmə, təhsilə həvəsli, ən əsası isə vətənpərvərdirlər.

Kompüter mühəndisliyi ixtisasi üzrə proqramlaşdırma müəllimi Elçin Quliyev isə uzun illər arzuladığı Xankəndidə yaşamağın, burada çalışmağın qeyri-adi hisslər olduğunu dedi:

– Böyük xoşbəxtlikdir ki, bu gün gənclərimiz Azərbaycanın müxtəlif guşələrindən Xankəndiyə toplaşıb və modern tipli ali təhsil ocağında müasir tədris metodları və texnologiyaları ilə təhsil alırlar.

Qarabağ Universitetində işləmək üçün ilk müraciət edənlərdən biri olan və buraya böyük sevgi hissi ilə gələn Rəsmiyyə Məmmədova da söhbətə qoşuldu. Bildirdi ki, bu sevgisinin kökündə dayanan müqəddəs Qarabağa qovuşmaq duyğusudur:

– Bu yerlərdə düşmən tapdağından azad edilməsi üçün minlərlə oğullarımızın qanı tökülüb, torpaq qanla qarışaraq daha da müqəddəsləşib, bu gün bütün bacarığımı sərf edirəm ki, tələbələrini tam bilikləndirim.

İnformasiya-kommunikasiya texnologiyaları fənni üzrə imtahandan çıxıb gələn Nigar müəllim də sınağın şəffaf və uğurlu keçdiyini dedi.

Mühəndislik fakültəsinin müəllimləri ilə sağollaşıb, humanitar və sosial elmlər fakültəsinə yollandıq, hüquqşünaslıq fənnindən dərs deyən Nuranə Məmmədova bildirdi ki, Qarabağ Universitetini seçməyinin bir neçə səbəbi var:

– Atam Birinci Qarabağ müharibəsi veteranıdır, mən onun bu doğma yurdumuz haqqındakı sevgi dolu hekayələri ilə böyümüşəm. İkincisi, Qarabağ Universitetinin yaradılması mənim tədris etmək, bildiklərimi öyrətmək arzumu reallaşdırmaq üçün yeni bir imkandır. Üçüncüsü, buranın təbiəti ilə bağlıdır – Qarabağda insanın ruhu dincəlir, hüzur tapır. Nəhayət, perspektiv baxımından da atdığım addım həm çalışdığım təhsil ocağı üçün, həm də şəxsi inkişafım baxımından böyük üfüqlər vəd edir. Ötən ilk tədris ilində yanılmadığımı gördüm.

Digər müəllimlərin də fikirlərini öyrəndik, sıra gəldi tələbələrə. Keçən il qəbul imtahanlarından 654 bal toplayaraq təhsilini Xankəndidə davam etdirmək arzusunu dilə gətirən, mətbuatda “Qarabağ Universitetinin ilk tələbəsi” kimi təqdim olunan Əli Rüstəmzadədən öyrəndik ki, 1-ci semestri zərbəçi kimi başa vurub, indi nəticəsini təkrarlamağa yaxındır. O dedi:

– Ötən müddətdə müşahidə etdiklərimə görə deyə bilərəm ki, seçimimdən qətiyyən peşman deyiləm. Burada tədrisin keyfiyyətinin artırılması üçün bütün imkanlar səfərbər edilib, dərsdənkənar vaxtlarımızı səmərəli keçirməyimizə hər cür şərait yaradılıb. Mən də bu imkanlardan yararlanıb yaxşı oxumağı özümə borc bilirəm. Biz gənclərə Qarabağda, Xankəndidə ali təhsil almaq imkanı yaratdığı üçün möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Əlidən ayrılıb daha bir neçə tələbəyə yaxınlaşdıq. Onlar da oxuduqları universitet, yaşadıqları şəhər haqqında ürəklə danışdılar. Onur Hüseynli, Nurlan Xəlilov, Lalə Məmmədova bildirdilər ki, Qarabağ Universitetinin tələbəsi olmaq özü bir fərqlilikdir, gözəllikdir. Onu da dedilər ki, burada verilən təhsil dünyanın aparıcı təhsil sistemlərinə uyğundur və gələcəkdə yeni bir nümunə kimi dünyaya səs salacaq. Möhtərəm Prezidentimiz Qarabağın dirçəlməsinə, inkişafına xüsusi diqqət göstərir, Qarabağ zonasının inkişafında isə Qarabağ Universitetinin də rolu böyük olacaq...

Gənclərin də dediyi kimi, Qarabağ zonasının sürətli inkişafında əhəmiyyətli rola malik Qarabağ Universitetində qonaq olmaq, bu təhsil ocağının pedoqoji kollektivinin, oxumağa, dövlətimizin gələcəyi naminə savadlı kadrlar kimi yetişməyə can atan tələbələrinin bir qisminin fikirlərini dinləmək çox xoş oldu. Hamı ilə bir daha görüşmək, buraya yenidən gəlmək, universitetin inkişafına, yeniliklərinə şahidlik etmək və haqqında yenə ürəklə, fəxrlə yazmaq ümidi ilə sağollaşdıq. Axı, azad Qarabağımızın özü kimi universiteti də bizim hamımızın, bütün Azərbaycanın qürur yeridir...

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyul 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri