Azərbaycan güclü idman dövlətidir
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyev: "İdmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq"
Azərbaycanın beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara ev sahibliyi etməsi ölkəmizin elmə, təhsilə, mədəniyyətə, idmana və digər sahələrə olan diqqəti ilə yanaşı, bu və ya digər sahələrdə qazanmış olduğu uğur və nailiyətlərin təsdiqidir. Paytaxtımızda NATO Parlament Assambleyasının seminarı, Bakı Beynəlxalq Humanitar, Gənclər siyasəti üzrə I Qlobal forumu, Caz Festivalı, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mühüm əhəmiyyət kəsb edən müxtəlif məzmunlu tədbirləri təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi, yüksək imici səbəb olmuşdur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan təşkilatçılıq, təhlükəsizlik, iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya digər tədbirlərin yüksək səviyyədə təşkili öz həllini tapır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır.Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir. Prezident İlham Əliyevin dediyi kimi: "İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir".
İdmana olan diqqətin nəticəsidir ki, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
BAKI ŞƏHƏRİNİN 2026-CI İL ÜÇÜN DÜNYANIN "İDMAN PAYTAXTI" SEÇİLMƏSI TƏSADÜFİ DEYIL
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçməsi təsadüfi hal deyil. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib. Qeyd edək ki, Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan: "Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır".
İDMANÇILARIMIZ MÜZƏFFƏR ÖLKƏNİ TƏMSİL EDİR
Müasir dövrümüzdə Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu. "Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik" – deyən Prezident qeyd edib ki, siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz: "Bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq".
"MÜKƏMMƏL ÇIXIŞ EDƏN İDMANÇIMIZ YENİLMƏZ İRADƏ, ƏZMKARLIQ VƏ MƏHARƏT NÜMAYİŞ ETDİRƏRƏK PARLAQ VƏ İNAMLI QƏLƏBƏ QAZANDI!"
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. İdmana ayrılan diqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub.
MÜASİR OLİMPİYA İDMAN KOMPLEKSLƏRİ
Son illərdə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir". Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir.
Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə "Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Qeyd edək ki, Gəncə şəhər stadionu Azərbaycanın ən böyük klub stadionudur. 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan Premyer-liqasının 2015-2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Ən çox tamaşaçı 2016-cı il fevralın 14-də XXI turda keçirilən "Kəpəz"–"Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı. Cənab Prezidentin bu yaxınlarda Gəncəyə səfəri çərçivəsində şəhər stadionunun təməlini qoyub. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur.
DÜNYANIN İDMAN İCTİMAİYYƏTİNİN DİQQƏTİNİ ÇƏKƏN AZƏRBAYCAN
Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Son illərdə dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərib. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. uğurla keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. İlk Avropa Oyunlarının da Bakıda keçirilməsi böyük nailiyyət kimi idman tariximizə həkk olundu. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri də yaddaqalan oldu. Bu idman, dostluq və qardaşlıq bayramına çevrilən oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Azərbaycan 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldü. "Avropa Liqasının 2019-cu ildəki final matçı və UEFA 2020-ci ilin matçları 2021-ci ildə Bakıda keçirildi. Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır.
Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir. və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılıb. "Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmayıb. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi”, - deyə Prezident bildirib".
"SUQOVUŞAN VƏ KÖNDƏLƏNÇAY SU ANBARLARINDA ARTIQ BEYNƏLXALQ AVARÇƏKMƏ YARIŞLARI KEÇİRİLİR"
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük sürətlə həyata keçirilir. Artıq həmin ərazilərdə ilk beynəlxalq turnirlər təşkil olunub. Milli Paralimpiya Komitəsi də Qarabağda Paralimpiya hərəkatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyub. Əsas hədəf bütün Azərbaycanın Paralimpiya hərəkatı ilə əhatə etməkdir. Bütün azad edilmiş şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılır. Burada idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bu sırada Xankəndidə "Qarabağ" stadionu, Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin və s.təməlinin qoyulmasını göstərmək olar. İmarət stadionunun inşa edilməsinin böyük rəmzi mənası olduğunu bildirən Cənab Prezident indi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edildiyini bildirib: "Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, - hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, - əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik. Amma bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək və bu stadionun yenidən qurulması prosesi gələn il başa çatmalıdır. Azad edilmiş ərazilərimizdə digər idman qurğularının tikintisi nəzərdə tutulur və bütün bu işləri biz ardıcıllıqla edəcəyik".
Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.
ZÜMRÜD BAYRAMOVA

