Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

Azərbaycan Gürcüstan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarixi Zəfərimizin reallıqları digər sahələr kimi, xarici siyasət uğurlarımızda da özünün aydın ifadəsini tapır. Dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Azərbaycan qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycan-Gürcüstan əlaqələri qonşuluq münasibətlərində nümunə göstərilir. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Heç də təsadüfi deyil ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələri artıq müttəfiqlik səviyyəsinə yüksəlib.

Tarixə nəzər salsaq, Azərbaycan və Gürcüstan dövlətləri arasında əlaqələrin böyük ənənələrə malik olduğunu görərik. Ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliklərini yenidən bərpa edən iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Həmin vaxtdan etibarən qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Şübhəsiz münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə çatmasında möhkəm təməl əhəmiyyətli rol oynayır. Bu məsələdə prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin rolunu xüsusi qeyd etməliyik. Bu tarixi şəxsiyyətlər arasında dostluq münasibətləri əlaqələrimizin yüksələn xətlə inkişafına stimul oldu. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Bu günədək iki dost ölkə arasında 123 sənəd imzalanıb. Onu da qeyd edək ki, 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın qonşu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Göründüyü kimi atılan hər bir addım iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. O da məlumdur ki, Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Yanvarın 17-də ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin və dövlətimizin başçısı İlham Əliyevin mətbuata birgə bəyanatlarında bir daha bu reallıqlara diqqət yönəldildi. İrakli Kobaxidzenin Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi münasibətlərimizin hazırkı inkişaf səviyyəsinə bir daha işıq saldı. “Şadam ki, bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir” deyən cənab İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu, onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.

İki ölkə arasında energetika sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri ilə regional inkişafın əsası qoyuldu. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələri həyata keçirildi. İqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gerçəkləşdi. Azərbaycan və Gürcüstanın tranzit imkanlarının genişliyi uğurla həyata keçirilən layihələrdə özünün aydın ifadəsini tapır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır. Ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Dövlət başçısı İlham Əliyev bildirdi ki, qaz ixrac coğrafiyamız genişlənəcək. Yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaq.

Azərbaycanla Gürcüstan yaşıl enerji layihələrini də uğurla həyata keçirirlər. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışıdır. Bu gün yaşıl enerji bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bütün digər layihələr kimi, yaşıl enerji layihələri də uğurla həyata keçiriləcək.

Səfər çərçivəsində Orta Dəhliz layihəsi də əsas müzakirə mövzusu oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq. Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Görünən odur ki, iki ölkə arasında əlaqələr bütün sahələri əhatə etməklə yanaşı, ildən-ilə daha da möhkəmlənir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında Azərbaycana, Prezident İlham Əliyevə etimadını bu fikirlərlə ifadə etdi: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur… Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir.”

Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Yanvar 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see328

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see218

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see210

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see195

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see158

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see136

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see136

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see135

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see132

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see132

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see128

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see128

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see128

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see127

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see126

Almaniya Rusiya ilə hər an müharibə riski barədə xəbərdarlıq etdi

14 Oktyabr 2025 08:27see124

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see121

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri