Icma.az
close
up
RU
Azərbaycan jurnalistləri Çində

Azərbaycan jurnalistləri Çində

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Asiya nəhəngi”nin əzəmətli dünəni, möhtəşəm bu günü

İş gününün sonuna yaxın baş redaktorumuz Əflatun Amaşov mənə zəng edərək “Çinə səfərə getmək istəyirsinizmi?” soruşanda tərəddüd etmədən “Əlbəttə” cavabını verdim. Çünki Çini yaxından görmək, “Asiya əjdahası”nın nəfəsini duymaq həmişə məni maraqlandırıb. Mətbuatda, kitablarda, sənədli filmlərdə haqqında çox oxumuşdum, amma bilirdim ki, bu ölkəni anlamaq üçün onu görmək, hiss etmək, küçələrində gəzmək, insanları ilə danışmaq lazımdır.

“Yumşaq güc”ün Çin modeli

Çin uzaq kimi görünür, amma, əslində, bir çox mənəvi və tarixi oxşarlıqlar bizi birləşdirir. Hər iki xalq minillik ənənələrini qoruyub saxlayır, zəhməti, təhsili və nizamı yüksək dəyərlər kimi yaşadır.

Əlbəttə, bu gün qlobal səhnədə sürətlə yüksələn bir güc kimi Çin Xalq Respublikasının (ÇXR) xarici siyasətində getdikcə daha çox “yumşaq güc” (Soft Power) elementlərinə əsaslanması heç kimə sirr deyil. Amerikalı politoloq Cozef S.Nyenin irəli sürdüyü bu konsepsiya, bir dövlətin hərbi təzyiq və ya iqtisadi məcburiyyətə deyil, mədəni cəlbedicilik, siyasi dəyərlər və xarici siyasətin legitimliyi vasitəsilə digər ölkələrin davranışlarına təsir etmək qabiliyyətini ifadə edir. Bu mənada Çin üçün “yumşaq güc” onun iqtisadi və hərbi yüksəlişini “təhdid” kimi qəbul edənlərin narahatlığını azaltmaq və qlobal sistemə inteqrasiyasını dəstəkləmək üçün strateji bir vasitədir. Bu mənada son illərdə Çin beynəlxalq arenada “yumşaq güc” siyasətini daha da gücləndirərək, mədəniyyət, təhsil və media sahələrində əlaqələrini genişləndirir.

Belə bir siyasətin əsas məqsədi Çinin qlobal imicini formalaşdırmaq, tərəfdaş ölkələrlə qarşılıqlı etimadı möhkəmləndirmək və dünya ictimaiyyətinə öz inkişaf modelini tanıtmaqdır. Təsadüfi deyil ki, bu strategiyanın mühüm alətlərindən biri müxtəlif ölkələrin nümayəndələri üçün təşkil olunan seminarlar, təlimlər və tanışlıq səfərləridir. Çin Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Məmurları Akademiyası (AİBO), Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və digər dövlət qurumları tərəfindən həyata keçirilən bu proqramlar, adətən, ŞƏT, ASEAN, Afrika və Mərkəzi Asiya ölkələrinin jurnalistləri, məmurları və tələbələri üçün nəzərdə tutulur.

Seminar diplomatiyanın yeni forması kimi

Oktyabrın 18-də qoşulduğumuz seminarı da Çin Ticarət Nazirliyinin dəstəyilə keçirilirdi. Seminarların məzmunu geniş idi: iştirakçılara Çin iqtisadiyyatı, texnoloji innovasiyalar, dövlət idarəçiliyi, media siyasəti və mədəniyyətin qorunması sahəsində təcrübə təqdim olundu. Bununla yanaşı, proqramlar zamanı iştirakçılara Pekin, Tsindao və Sian kimi şəhərlərdəki universitetlər, media mərkəzləri və texnoloji parklarla tanışlıq imkanı da yaradıldı. Bu, Çinin inkişaf modelini yalnız nəzəri şəkildə deyil, real nümunələrlə göstərməyə xidmət edir.

Təbii ki, bu tədbirlərin Çinin mədəniyyət diplomatiyasının əsas sütunlarından birinə çevrilməsi heç kimə sirr deyil. Pekin belə təşəbbüslərlə həm tərəfdaş ölkələrin gələcək liderləri və jurnalistləri ilə münasibət qurur, həm də öz ölkəsinin sivil, dinc və modern obrazını gücləndirir. Təcrübə göstərir ki, bu cür səfərlərdə iştirak edənlər sonradan öz ölkələrində Çin haqqında daha obyektiv və anlayışlı yanaşma formalaşdırır. Etiraf edim ki, seminarlar və ziyarət etdiyimiz məkanlar, görüşdüyünüz insanlarla söhbətlər hamıda Çinin “yumşaq güc” siyasətinin, sadəcə, mədəniyyət ixracı olduğu təəssüratını yaratmadı, həm də qarşılıqlı tanınma və dialoq siyasəti olduğu qənaətini gücləndirdi. Buna görə də böyük vəsaitlər hesabına təşkil edilən belə seminarlar, təlimlər və səfərlər bu dialoqun praktik təzahürünə çevrilərək, Çinin beynəlxalq nüfuzunun formalaşmasında vacib rol oynayır. Pekinin burada “yumşaq güc”ü silah yox, xalqları, ideyaları və gələcəyə baxışları birləşdirən körpüdür.

Pekinin səssiz, amma məqsədyönlü şəkildə dünyanın bir çox regionlarında, eləcə də Cənubi Qafqazda da öz təsir dairəsini genişləndirməsindən hamı xəbərdardır. Çünki Cənubi Qafqaz bu gün böyük güclərin geosiyasi maraqlarının kəsişdiyi mühüm məkanlardan biridir. Son illərdə Çin də regionda öz varlığını hiss etdirir. Amma Pekin bunu tank və silahlarla deyil, mədəniyyət, təhsil, texnologiya və iqtisadi əməkdaşlıq vasitəsilə, yəni “yumşaq güc” diplomatiyası ilə edir. Bu baxımdan Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü, sadəcə, iqtisadi layihə kimi deyil, həm də ideoloji bir platforma kimi dəyərləndirilir. Ona görə ki, bu təşəbbüs vasitəsilə Pekin özünü qlobal əməkdaşlığın, qarşılıqlı hörmətin və iqtisadi inteqrasiyanın tərəfdarı kimi təqdim edir. Seminarlarda çinli mühazirəçilər də çıxışlarında məhz bu məqamlara toxunur, Pekinin strateji vizyonunun nələrdən ibarət olduğunu diqqətə çatdırırdılar.

Böyük Çin Səddi – tarixin daş möcüzəsi

Çinə səfər özündə həm də ölkənin tarixi məkanlarına ziyarətləri də əhatə edirdi. Seminarın ilk günündə Böyük Çin Səddinin əzəmətini izləməyə gəldik. Amma öncə onu vurğulamaq istəyirəm ki, Çinə səfəri sanki həm keçmişə, həm də gələcəyə eyni anda atılan addım kimi xarakterizə etmək olar. Bu ölkəyə ayaq basanda burada zamanın bir yerdə dayanmadığını hiss edirsən, zamanın hər daşda, hər küçədə, hər texnoloji yenilikdə iz qoyduğunu görürsən. Qədim məbədlərin sakitliyi ilə futuristik şəhərlərin enerjisinin bir-birini tamamlaması, qədim sivilizasiya ruhunun müasir həyatın ritminə qarışması istənilən əcnəbidə unudulmaz təəssürat yaradır.

Təbii ki, belə bir təəssüratın yaranması təsadüfi deyil. Çinin minilliklər boyu insan düşüncəsinin, zəhmətinin və yaradıcılığının mərkəzi olduğundan hamı xəbərdardır. Qədim imperator saraylarının əzəməti, Konfutsi fəlsəfəsinin dərinliyi, ipək, kağız, kompas və barıt kimi ixtiraların insanlıq tarixindəki izi Çin xalqının yenilik və nizam sevgisindən qaynaqlanır. Burada mədəniyyət yalnız keçmişin mirası deyil, həm də gündəlik həyatın bir hissəsidir. Çin səddinə yaxınlaşan zaman keçmişin izləri ilə tanış olmaq, bu qədim müdafiə istehkamının ölkə və region ölkələrinin tarixinə necə böyük təsir etdiyini anlamaq mümkündür.

Böyük Çin Səddi dünyanın ən uzun insan tikilisi və yer üzündə inşa edilmiş ən nəhəng müdafiə istehkamı hesab olunur. O, çoxdan Çinin simvoluna çevrilib və hər il on minlərlə turistin maraq mərkəzi olur. Səddin yerləşdiyi ərazi Çinin 15 vilayət, rayon və bələdiyyəsini əhatə edir. Onun başlanğıcı Sarı dəniz sahilindəki Lyaodun yarımadasından başlayaraq Şimali Çin boyunca uzanır və Qansu əyalətindəki Ciayuqan (Jiayuguan) hissəsində başa çatır. Tikinti zamanı təbii relyefdən maksimum istifadə olunub, buna görə də təxminən min kilometrlik hissə Yinşan dağ silsiləsi boyunca uzanır. Deyilənə görə, səddin çəkildiyi ərazilər qəsdən ən əlçatmaz, keçilməz yerlərdən seçilib - nə qədər çətin olsa da, bir o qədər ciddi iş görülüb.

Onu dünyanın ən böyük memarlıq möcüzələrindən biri adlandırmaq təsadüfi deyil. Böyük Çin Səddinin ümumi uzunluğu 21 min kilometrdən çoxdur. Səddin eni müxtəlifdir: ən geniş yerlərdə 7 metrə çatır - bu, qədim dövrlərdə 10 nəfərlik əsgər sırasının və ya 5 atlı dəstənin yan-yana hərəkət etməsinə imkan verirdi. Ən dar hissə Simatay dağ keçidində yerləşən “Göy körpü” adlanır. Onun uzunluğu təxminən 100 metr, ən dar yeri isə cəmi 40 santimetrdir.

Kədərli faktdır ki, Böyük Çin Səddi həm də ölkənin ən böyük qəbiristanlığı hesab edilir. Tarixçilərin hesablamalarına görə, səddin inşası zamanı 2-3 milyon işçi həlak olub. Dəqiq say bu günədək məlum deyil. “Sədd sümüklər üzərində ucaldılıb” ifadəsi, demək olar ki, bu ehtimaldan qaynaqlanır. Əfsanələrə görə, tikinti zamanı həlak olanların cəsədləri divarlara hörülürmüş və bu, səddin daha möhkəm olması üçün edilirmiş. Lakin alimlər bu fikri elmi dəlillərlə təsdiqləmirlər, deyilənlərin həqiqətə uyğun olmadığını bildirirlər.

Böyük Çin Səddinin əsas funksiyası müdafiə idi. O, Çini düşmən tayfaların hücumlarından qorumaq üçün inşa edilmişdi. Genişliyi sayəsində sədd həm də ordu üçün yol rolunu oynayırdı: əsgərlər burada təhlükəsiz şəkildə hərəkət edə, düşmən hücumlarından qorunaraq lazımi mövqelərə keçə bilirdilər. Səddin daha bir maraqlı funksiyası isə “teleqraf” rolunu oynaması idi. Onun boyunca yerləşdirilən siqnal qüllələri bir-birini görəcək məsafədə idi. Düşmən hücumu zamanı qüllələr arasında baraban sədaları və ya tüstü siqnalları vasitəsilə xəbərdarlıq edilirdi. Beləcə, ən uzaq nöqtədən Pekinə xəbər maksimum bir gün ərzində çatırdı – qədim dövrlər üçün bu, inanılmaz sürət idi.

Səddin üçüncü, az önəmli olmayan funksiyası ideoloji xarakter daşıyırdı. O, imperiyanın birliyinin və “mədəni dünya ilə barbarlar arasındakı sərhədin” rəmzinə çevrilmişdi. Bəzi tarixçilər hesab edirlər ki, səddin əsas məqsədi elə bu olub, müdafiə isə ikinci planda qalıb. Əslində, Böyük Çin Səddi fasiləsiz divarlardan ibarət deyil. Onun bəzi hissələrində, ümumiyyətlə, tikili yoxdur - xüsusilə dağlıq yerlərdə, burada qayalıqlar təbii sədd rolunu oynayır.

Səddin dik pilləkənlərilə yuxarı qalxmaq o qədər də asan məsələ deyil. Qrupumuzdakı həmkarlarım ilə bu əzəmətli səddin pik nöqtəsini ancaq yarıyolda dayanaraq seyr edə bildik. Amma müşahidə məntəqələrindən birinə baş çəkərək kosmosdan da göründüyü iddia edilən əzəmətli istehkamın uzandığı yola nəzər salmağı bacardıq. Möhtəşəm mənzərə idi! Səddin uzandığı yola nəzər yetirərkən, qədim Çin insanının qüdrətinin, zəkasının və inadının gücünə heyran olmaya bilmirsən. Böyük Çin Səddinə qalxmaq, sadəcə, tarixi bir abidəni görmək deyil, sanki keçmişlə üz-üzə gəlmək deməkdir. Bu möhtəşəm tikili qarşısında dayananda insan özünü zamanın və məkanın sərhədlərində hiss edir. Qədim dövrlərin nəfəsi, daşlara hopmuş min illərin sükutu səni əhatə edir. Hər addımda bir əfsanənin izi, hər daşın altında bir insanın əli, bir xalqın inad və iradəsi duyulur.

Səddin üstündə addımladıqca, düşünürsən ki, insan necə böyük qüvvəyə sahibdir: dağları yarıb, uçurumların üzərindən keçərək belə bir möcüzə yarada bilib. Eyni zamanda, anlayırsan ki, bu divar yalnız müdafiə üçün deyil, həm də bir mədəniyyətin, bir sivilizasiyanın əbədi var olmaq arzusunun simvoludur. Gözün uzaqlara baxanda sanki səddin sonu görünmür - o, dağlarla birləşib gözdən itir. Bu sonsuzluq hissi insanda həm heyranlıq, həm də kədər duyğuları yaradır. O səddin üstündə dayananda insan yalnız uzaqlara baxmır, həm də tarixin dərin qatlarına enir. Əzəmətli Çin Səddini aşıb hotelə qayıdanda belə səfərlərin heç də təsadüfi və səmərəsiz olmadığını anladım. Böyük Çin Səddi keçmişin müdafiə qalası olmaqdan çıxaraq, bu günün diplomatik metaforuna çevrilib. Onun üzərində əsrlərlə dayanmış küləklər kimi, Çin diplomatiyası da sınaqlardan keçib möhkəmlənib. Pekin üçün Böyük Sədd – özünü qoruyaraq dünyaya açılmaq, tarixi yaddaşla müasir gücü birləşdirmək deməkdir.

(ardı var)

Səbuhi MƏMMƏDOV
(Fotolar müəllifindir)
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see229

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see173

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see165

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see147

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see138

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see136

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see133

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see133

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see130

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see129

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see129

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see127

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see126

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see125

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see124

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see124

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see124

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see123

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see123

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri