Azərbaycan Slovakiya: strateji əməkdaşlıq və qardaşlıq nümunəsi TƏHLİL
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev: "Səfər zamanı apardığımız danışıqlar onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır"
Azərbaycanın xarici dövlətlərlə əməkdaşlığı, qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi bütün sahələrdə inkişafa zəmin yaradır. Beynəlxalq aləmdə yüksək nüfuza, iqtisadi yüksəlişə, ictimai-siyasi sabitliyə, vətəndaş həmrəyliyinə və birliyinə malik olan dövlətimiz böyük imicə sahibdir. Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfərini də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib.
Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.
Həqiqətən də, bu Bəyannamənin praktiki təsiri, Slovakiya Prezidenti Peter Pelleqrinin COP29 çərçivəsində Azərbaycana səfəri ilə də müşahidə olundu. Qeyd olunan səfər çərçivəsində noyabrın 11-də iki ölkə prezidentlərinin görüşündə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirilib, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı diqqət mərkəzində olub. Həmin səfər iki ölkənin beynəlxalq gündəm və ekoloji məsələlərdə də əməkdaşlığını nümayiş etdirdi və Azərbaycan üçün Slovakiyanın regiondakı strateji əhəmiyyətini bir daha ortaya qoydu.
Qeyd edək ki, Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində dekabrın 9-da iki ölkə arasında bir sıra sənədlər imzalanıb. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
-“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”; “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Slovakiya Respublikasının Mədəniyyət Nazirliyi arasında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Slovakiya Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” imzalanıb.
Əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəd
"Səfər zamanı apardığımız danışıqlar onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır." Bu sözləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.
Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. O sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı görürük. Qeyd edək ki, Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaradıb. Azərbaycan-Slovakiya münasibətlərində strateji tərəfdaşlığa doğru dinamik inkişaf gündən-günə artır.
"Həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”
İqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas sütunlardan biridir. İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu isə iqtisadi dialoqun rəsmi mexanizmlər çərçivəsində davam etməsinin göstəricisidir. Konkret layihələr də əməkdaşlığın real nəticələrini göstərir: 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlər artıq başlanıb. Bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək.
Slovakiyanın Avropa İttifaqındakı rolu və sənaye potensialı da Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. “Volkswagen”, “Kia” və “Stellantis” kimi transmilli şirkətlərin sərmayələri Slovakiyanı Avropa və dünya avtomobil istehsalında lider ölkələrdən birinə çevirib. Adambaşına düşən avtomobil istehsalı Slovakiyanın sənaye qovşağı kimi vacib rolunu göstərir və ölkənin Avropa İttifaqında iqtisadi siyasətinin dayanıqlığını sübut edir. Bu isə Azərbaycana iqtisadi əməkdaşlıq baxımından geniş və perspektivli imkanlar təqdim edir. "Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz birinci yerdəyik". Bu barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib. "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”, - deyə dövlətimizin başçısı əlavə edib.
"Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var", deyən Prezident bildirib ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, - deyə Azərbaycan Prezidenti əlavə edib. Avropa şirkətlərinin investisiyaları yalnız regionda yeni iş yerlərinin yaradılmasına şərait yaratmır, həm də yerli sahibkarlığın inkişafına dəstək verir, texnoloji transfer imkanlarını artırır, müasir idarəetmə və istehsal standartlarının tətbiqinə yol açır. Eyni zamanda, bu investisiyalar regionun dayanıqlı iqtisadi infrastrukturunun formalaşmasına töhfə verərək, Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasına xidmət edir və ölkənin beynəlxalq rəqabət qabiliyyətini gücləndirir.
Dost ölkələrimiz arasındakı hərbi və müdafiə əməkdaşlığı da diqqətəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.
Azərbaycan üçün Avropa İttifaqı artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Yeni administrasiyanın (Antoniu Koşta, Kaya Kallas) ilin əvvəlindən Azərbaycan Prezidenti ilə telefon söhbətləri, Tirana və Kopenhagen görüşləri, Brüssel səfərləri və digər rəsmi səfərlər münasibətləri dinamik inkişaf etdirib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Yalnız ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi (TANAP/TAP) vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Azərbaycan-Aİ münasibətləri hüquqi və institusional bazaya da malikdir. 1999-cu ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və enerji sahəsində imzalanmış digər sənədlər Avropa ölkələri ilə münasibətləri həm enerji, həm də siyasi-iqtisadi sahədə dərinləşdirir. Bu sənədlər Aİ üçün Azərbaycanı, sadəcə, enerji tədarükçüsü kimi deyil, etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi təqdim edir.
Regionda yaranmış yeni geosiyasi reallıqlar da Azərbaycan-Aİ əməkdaşlığının əhəmiyyətini daha da artırır. Vaşinqton razılaşması çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması regionda investisiya və iqtisadi inkişaf üçün əlverişli şərait yaradıb. Bu, Azərbaycanın Aİ ilə əməkdaşlığını yalnız enerji ixracı ilə məhdudlaşdırmır, eyni zamanda, regionun bərpası və sabitliyi, eləcə də geniş infrastruktur və nəqliyyat layihələri üçün strateji imkanlar açır. Naxçıvanın keçəcək nəqliyyat layihələri və digər iqtisadi təşəbbüslər də Aİ-dən dəstək gözləntisini əks etdirir və uzunmüddətli əməkdaşlığın perspektivlərini göstərir.
Slovakiya ilə əlaqələr isə Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.
Zümrüd BAYRAMOVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















