Azərbaycan Sülh Şurasının Nizamnaməsi sənədini niyə imzaladı?
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
İndi kimsə yenə çıxıb deyəcək ki, niyə buna "tarixi hadisə" deyirik?!
Həm də qəribədir ki, bu sualı verənlər arasında, adətən, tarixçi(lər) də olur.
Bəs nə deyək?! Tarixin axınını dəyişdirə biləcək və tarixdə öz xüsusi yerini alacağı indidən bəlli olan hadisəyə necə yanaşaq?! Sıradan bir hadisə kimi?!
Bəli, eyni yanaşma başqa məsələlərdə də dəfələrlə ortaya çıxıb. Məsələn, müxalif mövqedə olan bir çox insan öz çıxışlarında, müsahibələrində ölkə prezidenti İlham Əliyevi onillərdir, "prezident" deyil, "dövlət başçısı" adlandırır. O da ayrıca maraqlı nüansdır ki, ölkə prezidentinə "dövlət başçısı" deyərək, guya legitimliyini şübhə altına alanlar arasında baza təhsili hüquqşünaslıq olan siyasətçilər də var. Halbuki "prezident" və "dövlət başçısı" anlayışlarının hər ikisi eyni məfhumdur və hər ikisi Konstitusiyada yer alıb. Azərbaycan Respublikası Konstiyisiyasının "Dövlətin əsasları" adlı II fəslinin "Azərbaycan dövlətinin başçısı" adlanan 8-ci maddəsinin birinci bəndində belə deyilir: "Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir".
Göründüyü kimi, Azərbaycan Respublikasının prezidentini "dövlət başçısı" adlandırmaqla, sadəcə, öz şəxsi emosiyalarını təmin etmiş olurlar, çünki özləri də sanki bilmədən əslində Prezidenyin Konstitusion legitimliyini təsdiqləyirlər.
Bu yanlış, ifrat emosional, hətta isterik yanaşma eynilə ölkə prezidentinin imza atdığı tarixi əhəmiyyətli sənədlərə - ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərə, müqavilələrə münasibətdə də özünü göstrir.
Bax, elə, ABŞ prezidenti Donald Trampın Sülh Şurası ilə bağlı təşəbbüsünü və Azərbaycanın bu məsələyə münasibəyini götürək.
Azərbaycan prezidenti İlham Əliyev bu sənədi, necə deyərlər, öz yanından imzalamayıb, prezident Trampın dəvəti ilə bu təşəbbüsə qoşulub. Həm də bu dəvət heç də dünyanın bütün dövlətlərinə göndərilməyib; 200-dən çox ölkə arasından seçilmiş 60 dövlətə bu təklif edilib. Bu təklifi alanlar arasında - birinci sırada Azərbaycan da var.
Bu, tarixi hadisə deyil?!
Bu il yanvarın 21-də prezident Tramp Azərbaycanlı həmkarına geniş məktub yazıb və bu, Baydenin göndərdiyi qısa və təkəbbürlə dolu təhdidvari mətnlərdən deyil, Azərbaycana, Azərbaycan dövlətinə ehtiram ifadə edən məktubdur.
Həmin məktubun əsas hissəsini oxucuların diqqətinə çatdırıram. Prezident Tramp Azərbaycan dövlətinin başçısına belə yazır:
"Mən 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdim. Bu, Ərəb dünyası, İsrail və Avropa da daxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul edilən 20 bəndlik fövqəladə yol xəritəsidir. Həmin planın davamı olaraq, noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2803 saylı qətnaməni böyük səs çoxluğu ilə qəbul edərək, bu baxışı alqışladı və dəstəklədi. İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır. Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticəyönlü Sülh Şurası dayanır. Bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək".
Bu cür geniş izahedici mətnin ardınca ABŞ prezidenti Azərbaycandan Sülh Şurasını dəstəkləməyi, bu təşəbbüsə qoşulmağı xahiş edir.
Elə həmin gün Azərbaycan prezidenti İlham Əliyev Amerikalı həmkarına belə bir cavab yazıb:
"Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm.
Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.
İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək" .
Bax, tarix belə yaranır, hörmətli skeptiklər!
İndi isə Sülh Şurası Nizamnaməsinin əsas müddəalarına diqqət edək.
Sülh Şurasının məqsəd və vəzifələrində, prinsiplərində beynəlxalq və regional sülhün qorunması,münaqişələrin qarşısının alınması, münaqişəli vəziyyətlərdə vasitəçilik və barışıq təşəbbüsləri irəli sürmək, qarşıdurma tərəflərini dialoqa sövq etmək, dövlətlərin siverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq, güc tətbiqindən və güc tətbiqi ilə təhdiddən imtina və sair bu kimi müddəalar var. Bunlar beynəlxalq hüququn, beynəlxalq birgəyaşayış qaydalarının əsasını təşkil edir. Prezident Trampın irəli sürdüyü təşəbbüs qlobal universal oyun qaydalarını istisna etmir, əksinə onların icrası üçün daha çevik mexanizm təklif edir. Bu, BMT-ni buraxmaq təşəbbüsü deyil. Məlumdur ki, BMT bir sıra amillərə görə artıq sülhyaratma orqanı kimi funksionallığını itirib. Bunu Azərbaycan da öz acı tarixi təcrübəsində görmüşdü; BMT Təhlükəsizlik Şurası erməni işğal qoşunlarının Azərbaycanın ərazilərində QEYD-ŞƏRTSİZ çıxarılması haqqında 4 qətnamə qəbul etsə də, Rusiyaya arxalanan, daha doğrusu, o zamanlar birbaşa Rusiyadan idarə olunan Ermənistan hökuməti bu qətnamələri icra etməkdən açıq-aşkar boyun qaçırmışdı. Yalnız Azərbaycan özü təkbaşına bu qətnamələri yerinə yetirdi - iğalçı ordunu öz torpaqlarından qovub çıxardı.
Hazırda isə BMT-nin beş daimi üzvü var, onlardan biri artıq dörd ilə yaxındır Ukraynada işğalçı müharibə aparır, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törədir. Üstəlik Avropa İttifaqı və NATO üzvü olan dövlətləri təhdid edir, Ukraynada strateji qələbə qazandığı halda postsovet ölkələrini işğal edəcəyi ilə hədələyir. Buna qarşı isə dünya birliyinin heç bir real təsir aləti yoxdur. Məsələ ən yaxşı halda BMT Təhlükəsizlik Şurasına çıxarılır, orda da işğalçı Rusiyanın özünün veto hüququ var. Buna görə BMT-nin iradəsi iflic vəziyyətinə düşüb. Ona görə də dünyada düzəni saxlamaq və ya yenidən daha yaxşı qurmaq ehtiyacı yaranıb. O cümlədən, Yaxın Şərqdəki xaosu aradan qaldırmaq üçün.
ABŞ dünyanın ən böyük iqtisadi, siyasi, hərbi gücü olaraq bu ehtiyacı qarşılamaq adına bir təşəbbüs irəli sürüb. Üstəlik bu, özbaşınalıq da deyil, legitim təşəbbüsdür; Sülh Şurasının yaradılması BMT Təhlükəsizlik Şurasını 2803 saylı qətnaməsi ilə - prezident Trampın da xatırlatdığı kimi, böyük səs çoxluğu ilə qərarlaşdırılıb. Bax, bu cür qlobal sülhyaratma platformasına dünyada nüfuzlu, təsirli aktorlardan biri kimi Azərbaycan da dəvət edilib. Bu, əlbəttə ki, tarixi hadisədir; Azərbaycanın beynəlxalq miqyasda apardığı diplomatiyasının tarixi uğurudur. Düşünürəm, bu fikirlə razılaşmamaq çətindir. Hətta mümkün deyil. Əlbəttə, əgər xüsusi qərəz yoxdursa...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















