Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Zəfər günü
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Qafqaz İslam Ordusunun qələbəsi bolşevik-daşnak qüvvələrinin ölkəmizdə ağalığına son qoydu
Tarix amansız olduğu qədər də müstəqim, hər şeyi öz adı ilə yaddaşlara həkk edəndir. Milli yaddaşımızdan heç vaxt silinməyəcək belə tarixi günlərdən biri 15 sentyabrdır.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan ediləndə və milli hökumət formalaşmağa başlayanda Bakı yadellilərin əlində idi. Bu səbəbdən Gəncə şəhəri müvəqqəti olaraq AXC-nin paytaxtı seçilmişdi. Yeni dövlətin müstəqilliyini qorumağa qadir milli hərbi qüvvələri, nizami ordusu hələ təzə-təzə yaranırdı. Təhlükə isə həm daxildən, həm də xaricdən gəlirdi. Dünyanı bölüşdürmək istəyən Rusiya, İngiltərə, Almaniya kimi dövlətlərin Cənubi Qafqaz, xüsusən neft Bakısı ilə bağlı məkrli planları bölgədə vəziyyəti böhran həddinə çatdırmışdı. Çünki Azərbaycanın öz müstəqilliyini qazanması bu ölkələrin maraqlarına heç də uyğun gəlmirdi. Daxildə isə Bakını ələ keçirmiş daşnak-bolşevik hərbi qüvvələri erməni Stepan Şaumyanın başçılığı ilə Azərbaycan türklərinə qarşı soyqırımı siyasətini davam etdirirdi. Belə kritik vəziyyətdə Bakını yadellilərin işğalından qurtarmaq təkcə milli hökumətin gələcək paytaxtının deyil, həm də bütün Azərbaycanın aqibəti üçün tarixi əhəmiyyətə malik idi. Hələ ayaq üstə qalxmağa macal tapmamış gənc respublikanı “erməni-rus bəlası”ndan, ingilis müdaxiləsindən qorumağa qadir yeganə qüvvə qardaş Türkiyə idi. Bəli, dar gündə qardaşın köməyinə məhz qardaş yetişməli idi. Belə də oldu və Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq missiyası başladı.
Bakı əldən-ələ keçirdi
Dünya türklüyünün mərkəzi sayılan Osmanlı dövləti Cənubi Qafqazdakı qardaşlarının taleyinə biganə qala bilməzdi. Özü avropalı müttəfiqlərin işğalçılığı ilə üzləşmiş Türkiyə general Denstervilin komandanlıq etdiyi ingilis qoşunlarının Bakını zəbt etməsindən, şəhərdə Sentrokaspi adlı hökumətin qurulmasından xəbərdar idi. Bu hökumətin siyasəti də Bakı Xalq Komissarları Soveti kimi anti-Azərbaycan xarakteri daşıyırdı. Çünki Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyəti güdən bu hökumət ermənilərə və kənar qüvvələrə arxalanırdı. Məhz buna görə Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycana göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. O dövrə aid tarixi mənbələrdə yazılır ki, Bakı işğaldan azad edilənədək şəhər bir neçə dəfə əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu, həmin hökumət idi ki, Bakı və ətraf ərazilərdə, bölgələrdə Azərbaycan türklərinə qarşı ağlasığmaz soyqırımı siyasəti həyata keçirmişdi. Həmin qanlı soyqırımında bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu. AXC-nin təlim keçmiş hərbi qüvvələri ilə Qafqaz İslam Ordusu Şamaxını daşnak-bolşeviklərdən azad etdikdən sonra Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək qüvvələrə bağlamışdı. Qafqaz İslam Ordusu da ərzaqla təminat sarıdan çətinliklə üzləşmişdi. 29 yaşlı komandan Nuru paşa birləşmiş qoşunun Bakıya yürüşünə fasilə vermək təklifinə belə cavab vermişdi: “Cəbhədəki düşmən pərişan, gücsüz və mənəviyyatı da pozuqdur. Bakı ətrafındakı türk kəndlərindən su, ərzaq və çörək tapmamız mümkündür. Lüzumsuz dayanmalar olmadan, tezliklə əməliyyatın bitirilməsi gözlənilir”.
Sentrokaspinin təşvişi və istefası
Oxuculara Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasının bəzi detallarını ona görə çatdırırıq ki, türk əsgərinin şücaəti barədə real təsəvvürü olsun. Ordu Bakıya yaxınlaşdıqca bolşeviklərin ətrafındakı qüvvələr panikaya düşmüşdü. Çünki Azərbaycan türklərinin milli mənafeyini təmsil etməyən bu qüvvələr Bakının əllərindən çıxacağı təqdirdə, etdikləri qırğın və zorakılıqların hesabını verməkdən qorxurdular. Rus-bolşevik və erməni-daşnak birliklərində fərarilik gündən-günə artırdı. Bakının hərbi komissarı Petrov Şaumyan və Karqanova iyulun 24-də göndərdiyi məktubda bolşevik əsgərlərinin mənəvi durumunu bu cür təsvir edirdi: “Mən başa düşə bilmirəm, insanların “xalq azadlığı yolunda canlarını fəda etmək” kimi böyük bir mübarizəyə getdiyi cəbhəyə düşmüşəm, yoxsa Allah bilir, haraya gəlmişəm. Amirov ilə Hamazasp tabeliklərində olan süvariləri cəbhədən çəkmək istədilər. Mən də onlara “Cəbhədəki əsgərlər yeni qüvvələrlə əvəz olunmayana qədər onların çəkilməsi, cəbhəni boşaltması məğlubiyyət deməkdir” dedim. Əgər belə davam edərsə, vəziyyəti Moskvadakı Xalq Komissarları Sovetinə bildirəcəyəm”. Qızıl Ordu komandiri Avetisov Bakıda yaşayan təqribən “160 min xristianın həyatını qurtarmağın” yeganə yolunu təslim olmaqda görürdü. Təzyiqlər qarşısında duruş gətirə bilməyən 26 Bakı komissarı rəhbərliyi 31 iyul gecəsi istefaya getdiyini bəyan etdi.
Nuru Paşa diviziya komandiri Mürsəl paşaya Bakının ələ keçiriləcəyi təqdirdə, qarətə yol verilməməsi, asayiş və əmin-amanlığın qoruna bilməsi üçün dərhal fövqəladə vəziyyət elan edilməsi, şəhərdə çaxnaşma və qətllərə yol verilməməsi barədə təlimat verdi.
Həlledici hücum
Bakıya birinci hücum uğursuz alınmış və Qafqaz İslam Ordusu avqustun 5-də geri çəkilmişdi. Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilislərin hərbi qüvvələrini iki aeroplan dəstəkləyirdi. Amma ingilislərin gətirdiyi bu aeroplanların da heç bir faydası olmadı. 14 sentyabr gecə döyüşlərinə toxunan general Denstervil yazırdı: “İki aeroplan hücum edən türkləri pulemyotlardan atəşə tutur və bombalar atırdı”. Daha sonra ingilis qoşunlarının Bakıdan təxliyə olunduğunu bildirən generalın etirafı: “Türk güllələrinin deşik-deşik elədiyi iki aeroplan sıradan çıxdı”. Bakıya hücum hazırlıqlarının başa çatdığını görən Nuru Paşa sentyabrın 14-ü gecə saat 02.00-da diviziya komandirlərinə “İrəli!” əmrini verdi. Türk əsgəri bir saat ərzində verilən tapşırığı uğurla yerinə yetirdi və erməni, rus və ingilislərin birinci müdafiə xəttini yardı.
Nuru paşa Qafqaz İslam Ordusunun Bakıya girməsi xəbərini Hərbiyə Naziri və Baş Komandanın vəkili Ənvər paşaya sentyabrın 16-da şifrəli teleqramla çatdırdı: “Allahın yardımı ilə Bakı şəhəri otuz saat davam edən şiddətli döyüşlərdən sonra, 15 sentyabr saat 9 radələrində azad edildi”.
Bu gün əminliklə söyləyə bilərik ki, 108 il əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu təkcə Bakını deyil, bütün Azərbaycanı daşnak-bolşevik işğalından qurtarmış oldu.
Qardaşlığın rəmzi – Türk Şəhidliyi abidəsi
Azərbaycan paytaxtının ən yüksək nöqtəsində – dağüstü parkda ucaldılmış Türk Şəhidliyi abidəsi Qafqaz İslam Ordusunun xilaskar döyüşçülərinin xatirəsinə dərin ehtiramın və əbədi qardaşlığın rəmzidir. Azərbaycan torpaqlarında uyuyan türk şəhidləri, eyni zamanda, iki qardaş ölkənin ortaq taleyindən soraq verir. 108 il bundan əvvəl onlar qəhrəmanlıqları ilə bir dastan yazdılar və Türkiyə–Azərbaycan əbədi qardaşlığının rəmzinə çevrildilər. Həmin rəmzin ən qiymətli tacı isə Nuru paşadır. Qurtuluş savaşı ilə Azərbaycanın xilaskarına çevrilmiş türkün böyük övladının, xilaskar-qəhrəmanın xatirəsinin Bakıda əbədiləşdirilməsi hamının ürəyincə olardı.
1918-ci ildə işğaldan azad edilən Bakı bu gün İkinci Qarabağ savaşından qalib çıxan, daşnak separatizminə son qoyan Azərbaycanın paytaxtı olaraq dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. Bu şanlı tarixlər bütün Türk dünyasını qürurlandırır və sevindirir.
Tarixin möhtəşəm təkrarı
Türkün şanlı tarixinə nəzər yetirəndə müxtəlif dövrlərdə baş verən və zəfərlə nəticələnən hadisələr arasında ümumi cəhətləri görmək mümkündür. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı həm ötən yüzilliyin, həm də yeni əsrin əvvəllərində Azərbaycan–Türkiyə qardaşlığının danılmaz təsdiqi oldu. Bəli, XXI əsrin ikinci onilliyində tarix təkrar olundu. Əgər 108 il əvvəl Osmanlı dövləti Azərbaycana hərbi qüvvə ilə yardıma gəlmişdisə, 2020-ci il Vətən müharibəsində Türkiyə Cümhuriyyəti siyasi-mənəvi cəhətdən dayaq oldu. Prezident Rəcəb Tayyib Ərdoğan xalqımızın haqq işinə öz dəstəyini verdi, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan etdi.
İki ölkə arasında ötən hər gün dərinləşən, yeni məzmunla zənginləşən qardaşlıq münasibətlərinə misal olaraq, Türkiyənin Zəfər bayramının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin həmkarı Rəcəb Tayyib Ərdoğana məktubundan bu sətirlərə diqqət yetirək: “Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, “bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur”. Bu fikri 2023-cü il iyunun 13-də Bakıya səfərində Prezident Rəcəb Tayyib Ərdoğan belə gücləndirdi: “Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdi. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz adımdan və millətim adından minnətdaram”.
Yazımıza böyük Mustafa Kamal Atatürkün XX əsrin əvvəllərində dediyi və bu gün dillər əzbəri olan məşhur kəlamı ilə nöqtə qoyuruq: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur”.
XQ-nin Analitik Mərkəzi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















