Şuşa qəhrəmanlığın rəmzi
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Şuşanın işğaldan azad olunması xalqımızın arzusu olmaqla yanaşı tarixin də gözləntisi idi. Çünki qala şəhərimizin düşmənə təslim edilməsini nə xalqımız, nə də tarix bağışlamışdı. Sapı özümüzdən olan xainlər Şuşanı düşmənə təslim etməklə onlara bu imkanı yaratmışdılar ki, işğalı dağlarda toy kimi bayram etsinlər. “Dağlarda toy” əməliyyatı nəticəsində milli xəyanətin köməyi ilə Şuşa işğal olundu.
Şəhərimiz uzun illər əsirlik həyatı yaşadı. Tarixi torpaqlarımızda özlərinə dövlət quranların tör-töküntüləri həyasızcasına Şuşanı heç vaxt qaytarmayacaqlarını bəyan edirdilər. Amma bir həqiqəti unudurdular. Şuşanın taleyi işğalçıların bəyanatları ilə həll olunmurdu. Şuşa Azərbaycanın idi və Azərbaycan xalqı öz tarixi şəhərinin azadlığına qovuşacağı günə inanırdı. Çünki tarix də susmur, danışır. Ədalətin carçısı kimi həqiqəti, kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarır və tarixin səhifələrini yenidən yazır.
8 noyabrda Azərbaycan tarixi dünya hərb mərkəzləri üçün yeni bir dərs vəsaiti yazdı. Böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qəhrəmanlıq səhifəsi dünyanı heyrətə gətirdi. Dağlara, qayalara dırmaşan hərbçilərimiz ölümün gözünə dik baxaraq Şuşaya qalxdılar və Azərbaycan azad oldu!
Şuşa bizim üçün həm də Azərbaycan idi! Çünki Şuşa ilə Azərbaycanın milli qüruru da işğal olunmuşdu. Şuşanın azadlığı xalqımızın qürurunun, tarixi ədalətin və milli ruhumuzun zəfəri idi.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qərarı qəti idi. Şuşa azad olunmalıydı! “Biz o torpaqlara qayıdacağıq, o bulaqların suyunu içəcəyik” söyləyən, millətinə atalıq edən böyük liderin tarixi sözləri ata nəsihəti, valideyn vəsiyyəti idi. 8 noyabr 2020-ci ildə tarixdə həmin ata nəsihəti tam icra olundu. Şuşa azad edildi. Xalqımızın illərlə qəlbində yaşatdığı qayıdış arzusu gerçəkləşdi.
Şuşanın azadlığı ata nəsihətinə sədaqətin, Vətən sevgisinin və tarixi torpaqlarımıza qayıdış əzminin təntənəsi oldu. O bulaqlar, o cənnət diyarı bizim idi, yenidən bizim oldu. Cıdır düzü atlarımızın şahə qalxmasına bir daha şahidlik etdi, bu qələbənin sevincini yaşadı. Şuşada üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin, dövlət suverenliyimizin yenidən doğuluşu kimi xalqımıza səadət yaşatdı. Biz böyük Sərkərdə ilə özümüzə sahib olmağın, milli qürurumuzun, dövlət olaraq böyüklüyümüzün xoşbəxtliyini yaşadıq.
Şuşa keçmişin xəyanətini də, bu günün qələbəsini də öz daş yaddaşında yaşadır və xəyanətin tarixə yazdığı ağrını qələbənin tarixi ilə cavablandırdı. Arzular, şeir, sənət və mədəniyyət şəhəri kimi yaddaşlara hopan Şuşa bu gün birlik qalası kimi Azərbaycanın döyüş əzmini, xalqımızın sarsılmaz iradəsini və Vətən sevgisini nümayiş etdirən qəhrəmanlıq ünvanıdır. Şuşanın azadlığı tariximizin ən şərəfli səhifələrindən biri, qəhrəmanlığımızın əbədi ifadəsidir. Dünya hərb tarixində qala şəhərlərinin azadlığı uğrunda çoxsaylı döyüşlər yaşanıb. Şuşanın azadlığı isə tarixə görünməmiş qəhrəmanlıq nümunəsi kimi yazıldı.
Çünki bu döyüşdə qəhrəman hərbçilərimizin qarşısında bütün maneələr öz gücünü itirdi. İgidlərimiz mürəkkəb dağ relyefində əvvəlcə daşa, qayaya, daha sonra isə düşmənə qalib gəldilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, xüsusilə xüsusi təyinatlılarımızın sıldırım qayalarda, keçilməz dağ yollarında apardığı mübarizə sübut etdi ki, Vətən sevgisi qarşısında bütün maneələr cılız görünür. Şuşaya aparan yolda iradəmizin qarşısında ən uca zirvələr belə müqavimətini itirdi. Çünki Şuşaya gedən yolun sonunda azadlıq, azadlığa aparan qələbənin arxasında isə Ali Baş Komandanın qətiyyəti dayanırdı.
Şuşa işğaldan belə azad olundu. Canımız və qanımız hesabına köləlikdən, mütilikdən qurtulan mədəniyyət şəhərimizdə biz yaşayırıq və yaşayacağıq. Bütün şəhərlərin özünəməxsus rəmzi olur. Şuşa isə qəhrəmanlıq rəmzi kimi həmişə yaddaşlarda yaşayacaq.
Şuşa qalibiyyətin simvolu, milli iftixar hissi ilə yaşadığımız Zəfərin və qəhrəmanlığın təntənəsi kimi həm yaşayış ünvanı, həm də hər bir azərbaycanlının ehtiramla ziyarət etdiyi müqəddəs məkandır. Qala şəhərimiz öz tarixi ucalığını, mədəni zənginliyini və qəhrəmanlıq ruhunu yenidən özünə qaytararaq xalqımızın əbədi qürur ünvanına, milli yaddaşımızın və tarixi varlığımızın canlı salnaməsinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, dövlətimizin qüdrəti və ordumuzun gücü qarşısında heç bir xain niyyət Şuşanın azadlığına, təhlükəsizliyinə və əmin-amanlığına kölgə sala bilməz.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 05 Noyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















