Icma.az
close
up
RU
Azərbaycan xalqının ictimaifəlsəfi fikrində maarifpərvər qadınlar

Azərbaycan xalqının ictimaifəlsəfi fikrində maarifpərvər qadınlar

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

VI Yazı

XIX əsr Azərbaycan Türk şair-ədiblərindən olan Şahnigar xanım Rəncur (1849-1900/1901) Qazax şəhərinin yaxınlığında Ağköynək kəndində Kazım ağa Qiyasbəyovun ailəsində dünyaya gəlmişdir. Sonralar “Mollaxanım” ləqəbi ilə tanınan Şahnigarın ev şəraitində təlim və tərbiyəsi ilə əmisi Hacıməmməd ağa Kazım ağa oğlu məşğul olmuşdur. “Şahnigar xanım XIX yüzilin birinci yarısından başlayaraq Qazax və Borçalı mahallarında geniş yayılmış nəqşibəndi təriqətini qəbul etmişdir. Rəncur özünün müasiri, Qarabağlı alim, şair, Nəqşibəndi şeyxi Mirhəmzə Nigarini onun xas müridlərindən biri – təriqətin Qazax qəzası üzrə başçısı, Nigarinin xəlifəsi Hacı Mahmud Qaranizadə İncəvi vasitəsilə tanımış və ondan “inabət” almışdır”. Firidun bəy Köçərli Şahnigar Rəncur haqqında yazırdı: ““Mollaxanım” ziyadə möminə və abidə, ismətli və həyalı bir övrət idi ki, vaxtının çoxunu ibadət və riyazətdə keçirirdi. Ol səbəbdən ona “Mollaxanım” ləqəbi verilmişdir. Şahnigar xanımın artıq elmi yoxmuşsa da, təbi rəvan imiş. Rəncurun yaradıcılığının əksəri münacat, mərsiyə, maddeyi-tarix və sair dost və əhibbaları arasında vüqua gələn əsərlər qismindən olub, qəzəliyyati - vəsfi-dilbər kimi əsərləri azdır. Hacı Mirhəmzə Əfəndinin müridlərindən olduğu üçün əşarü kəlamının çoxunda ol cənab tutduğu məsləkdə olduğunu bildirib, ilahiyyat və mənəviyyat aləmindən bəhs edilir” (Köçərli Firidun bəy. Azərbaycan türklərinin ədəbiyyatı. İki cilddə, II cild. Bakı, Avrasiya-Press, 2005; 263).

İsmayıl Umudlu və Bəhmən Əliyev-Ayvazalı “Şahnigar xanım Rəncur” monoqrafiyasında Firidun bəy Köçərlinin onun haqqında dediyi “az elmliliyi” ilə razılşamırlar. Onlar yazırlar: “Şahnigar xanım Rəncurun zəmanəmizə qədər gəlib çatmış yaradıcılıq nümunələri ilə tanışlıq Firidun bəyin onun barəsində yazdığı “Şahnigar xanımın artıq elmi yoxmuşsa da, təbi rəvan imiş” – fikri ilə razılaşmağa imkan vermir. Şahnigar xanımın şeir dilinin ərəb-fars tərkibli ibarələrlə zənginliyi, onlardan yerində və düzgün istifadə etməsi, İslam tarixi və məzhəbi ixtilaflar haqqında yetərli dərəcədə məlumatı olması, bir sıra klassiklərimizin üslubuna və irsinə yaxından bələdliyi, klassik şeir qaydalarını dərindən mənimsəməsi şairənin öz çağına görə yaxşı ev təhsili aldığını göstərir. Şairə doğma Azərbaycan Türk dili ilə yanaşı fars və ərəb dillərini də dərindən bilmiş, klassik ədəbiyyatımızla, özəlliklə də Nəvai, Füzuli, Mövlana Təbrizi, Əbülqasim Nəbati, Molla Pənah Vaqif kimi klassiklərin yaradıcılığı ilə yaxından tanış olmuşdur” (Umudlu İsmayıl, Ayvazalı-Əliyev Bəhmən. Şahnigar xanım Rəncur (Qiyasbəyova). Bakı, AfPoliqraf, 2021; 48-49).

Bütövlükdə Rəncurun qəzəlləri əsasən Mir Həmzə Nigarinin yaradıcılığı və nəqşibəndi təriqəti ilə bağlıdır. Rəncurla M.H.Nigari ya da müridlə mürşid arasında “dostluğu” yaradan isə Hacı Mahmud Əfəndi Qaranizadə İncəvi olmuşdu. Bununla bağlı Şahnigar xanıım şeirlərinin birində yazırdı:

Bihəmdillah, mən də bir qulam, Pərvərdigarım var,

Nəbim Muxtar Əhməddir, kənizəm, çaryarım var.

Günahım gərçi əksərdir, nə qəm vardır ki, haqda,

Əbubəkir, Ömər, Osman, Əli tək lütfkarım var.

Çəhar yarə qarşı ol kəramət taxtı üstündə,

Həsən namında bir şahım, Hüseyn tək şəhriyarım var.

Dəri-dövlətdə Zeynalabidin və Baqir və Sadiq,

Dəxi Musa ilə Kazım və Rıza tək şahsuvarım var.

Və pənahım ol Tağı, Əkbər, Nağı, Mehdi həm Əskər,

İmam on iki sərvərindən, ey dil, nizarım var.

Necə təqrir edim vəsfin kamalı aləmə məşhur,

Camalı haqnüma bir mürşidi-kamil Nigarım var.

Siyəh-ru xəstə Rəncuram əlim daməni-pakında,

Nə qəm Mahmud əfəndi tək bir ustadı-kibarım var.

Rəncur Nigarinin fəlsəfəsinə bağlılığını, bir mürid kimi mürşidinə sadiqliyini aşağıdakı şeirində olduqca dəqiq ifadə etmişdir. O, yazırdı:

Nigara, rövzeyi-hüsnün kimi aləmdə bağ olmaz,

Çəkən ol hüsni-hicranın ərir, gözündə yağ olmaz.

Güli-ruyin fərağından, əzizim, bin fəğan ilə

Edən fəryadı şəbgiri olur, bülbül zağ olmaz.

Sərasər yer üzün tutmuş, xüruc eylər səmavatə,

Çıxır şamü səhər zarım, könül bir dəm fərağ olmaz.

Sənin tək bir şəhi-ziba bulunmaz kainat içrə,

Bənim tək sinəsi hicran odundan dağ-dağ olmaz.

Konun zəhmi-fəraqindən bu cismi-natəvan içrə,

Təbiba, gəzsən əndamım sərapa cayi-sağ olmaz.

Vücudin sərbəsər qıldın müzəyyən rəxt-xab içrə,

Könül, bil, aşiqi-sadiq cahanda bu sayaq olmaz.

Oyan bu xabi-qəflətdən, fəğan et, xəstə Rəncuri,

Fəğandan aşiqin könlü yarım ləhzə irağ olmaz.

Şahnigar xanım başqa bir qəzəlində təəssüf edirdi ki, fani dünyada mürşidi-kamili olan Mirhəmzə Nigarinin camalını görüb onun başqa müridləri ilə birlikdə “hu-hu” deyib, məstü laübal olmaq ona qismət olmamışdır. Rəncur yazırdı:

Ey dəriğa kim, o şahın məh camalın görmədim,

Üz sürüb dərgahına, rüxsari-alın görmədim.

Ötmədim kuyində hər şəb ta səhər bülbül kimi,

Yetmədim məqsudə bir dəm, gül vüsalın görmədim.

Dəsti-pakin bus edib, həm hər tərəf “hu-hu” deyə,

Seyr edən sərməsti-rindi-laübalın görmədim.

Ey dəriğa kim, o mahın həlqeyi-üşşaqdə

Seyri-çalakın, vücudi-bimisalın görmədim.

Ey dəriğa, dərgahında aşiqi-şeydasının,

Xub avazın, dəxi şirin məqalın görmədim.

Əfv qıl, ya rəbbanə, hər dəm dili-divanəmi

Cürmü üsyan ilə gördüm, yaxşı halın görmədim

Dər cahan, əlhəmdülilləh, xəsteyi-Rəncurənin

Mədhi-şahından səvayi bir kəlamın görmədim.

Nigari isə Rəncura cavab məktubunda müridinin fikirlərini yüksək dəyərləndirərək yazmışdır:

Kərəm dəryasıdır, bir dövləti-bipayə malikdir,

Sərapa lütfdür kim, töhfeyi-bipayə göndərmiş.

Yenə sövdayə düşmüş, aşiqanə bir qəzəl yazmış,

Nigari bir qəzəlnamə büti-zibayə göndərmiş.

Bu məsələ ilə bağlı Fəxrəddin Ağabalı Mirzadə yazır ki, mürid-mürşid münasibətləri çərçivəsində Rəncur qəlbində daşıdığı məhəbbət atəşinin nümunəsi olaraq, bir səccadə toxumuş və üzərinə öz beytini işləmiş, qəbul etməsini rica edən məktubla birlikdə Nigariyə göndərmişdir. Nigari də Rəncura yuxarıdakı cavabı verib bütün namazlarını həmin səccadə üzərində qılmışdır.Rəncur “Çıxar” şeirində Nigarinin müridi olduğunu, bununla qürur duyduğunu ifadə etməyə çalışmışdır. O, yazırdı:

Sanma kim candan, Nigara, dərdi-pünhanım çıxar,

Qılmasan feyzi-nəzər dilidən suzanım çıxar.

Odlu könlüm naləsindən dağ, daş eylər fəqan,

Dövr olur ahım həvada lövhi-dumanım çıxar.

Nagəhan fəvvareyi-çeşmim nəmi eylər xüruc,

Nuhi tufanım keçər, gərdunə ümmanım çıxar.

Tutiyayi-xaki-payindən əgər bulmaz əsər,

Dur olur hər dəm ziyadən, çeşmi-giryanim çıxar.

Minəxanım Təkləliyə görə Şahnigar xanım mürşidi Nigarinin şəxsiyyətini çox ideallaşdırmış, əksər şeirlərini şeyxinə həsr etmiş bu “Leylayi-ərş” pirinin tutduğu məsləkdə olduğunu bildirib, ülviyyət və mənəviyyat aləmindən bəhs etmişdir. Qənirə Paşayeva yazır ki, mənəvi rəhbər hesab etdiyi Mir Həmzə Nigarinin yaradıcılığından bir çox sənətkarlıq keyfiyyətləri əxz edən Şahnigar xanım , bu dəsti-xətti öz şeirlərində davam etdirib: “Seyid Nigari şeirlərinə xas olan poetik təkrirlər, bədii səliqə, ritm ahəngi Şahnigar xanımın da şeirlərində özünü büruzə verir. Ahəngi ilə diqqət çəkən, zəngin zikr və vird musiqisi hopan bu misralar oxucuda xoş ovqat yaradır” (Paşayeva Qənirə. Tarixə adını yazan Azərbaycan qadınları. I cild. Bakı, “CBS” 2023;133).

Onun şeirlərində Nəqşibəndliyin ehkamlarından irəli gələn təsəvvüf yanaşmaları (zühd, tövbə, zahid, vəfa və s.) təsəvvüfdə cəhalətdən elmə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkəti ifadə edən seyrü-sülüklə bağlı qavramlar (təriqət, mürid, mürşid, dərviş, salik, fəna, xəlvət, dövran və s.), qəlbi-həyatla bağlı qavramlar (qeyb, Xızır, qütb, abdal, ruh, təcəlli və s.), varlıqla bağlı qavramlar (vəhdət, Adəm və s.) əksini tapmışdır. O, “Bilməm” şeirində yazırdı:

Aludeyi-sərməstəm, bu kar nədir bilməm,

Saqi ilə həmdəstəm, sərşar nədir bilməm.

Aludeyi-bir yarəm, eşqində bu gün zarəm,

Dəymə ki, sızıllarəm, azar nədir bilməm.

Aludeyi-gülzarəm, dillərdəki göftarəm,

Sanmaz məni kim, xarəm, gülzar nədir bilməm.

Aludeyi-həmsayəəm, düşməz dərinə sayəm,

Çün şeirdürür mayəm, göftar nədir bilməm.

Aludeyi-dildarəm, hər şamü səhər zarəm,

Bir çeşmə giriftarəm, xummar nədir bilməm.

Aludeyi-şahmarəm, yalvarmada bir marəm,

Zülf ilə günüqarəəm, tərrar nədir bilməm.

Aludeyi-in karəm, aşüfteyi-bir yarəm

Mən talibi-dildarəm, əğyar nədir bilməm.

Rəncur şeirlərinin birində nəqşibəndliyin tərəfdarı kimi eşq yolunda daha uzun, ağrılı bir hicran çəkənin sonunda qələbə çalmasına inamını ifadə etmişdir. O, yazırdı:

Yağmasa hicran, gözüm, yanmaz könül hər dağilən,

Əkməsə hicran, əkilməz qədd dərd olmağilən.

Sən necə loğman idin, əz dür bildin dərdimi,

Çün təbib təşxis edər hər dərdi nəbz olmağilən.

Xəstəyi-hicraninəm, gər görməsəm didarini,

Olmazam sanki vüsalini qeyrdən sormağilən.

Gər bu xəstə üzrə nagəh lütf edüb qıla görür,

Can bular behbud feyzi-müqdəmin bulmağilən.

Gərçi qıldım seyr ey dust, çeşmələr dövründə mən

Təşneyi-didarinəm, doymaz könül irşağilən.

Məclisi-nadənə dəvət qılma ey zahid bəni,

Bülbülə nöqsandır həmməclis olmaq zağilən.

Eyləmə min bəd çoq azarü ibram ey rəqib,

Yox xofim fitnə əhlilə cahan dolmağilə.

Himməti Seyyid Nigar ilə təriqi-eşqdə

Şükrüllah, tökdüm əğyarın gözün barmağilən.

Xəstə Rəncurəm, bana lütfi-xuda yar olsa gər

Var qəsdim hər zaman əğyarı kor qılmağilən.

Mir Həmzə Nigarinin sufi-nəqşbəndi yolunu davam etdirən Şahnigar xanım qəzəllərində Məhəmməd Füzulinin şeirlərinin ruhu da çox duyulmaqdadır. Füzulinin təsiri Rəncurun “Çıxar”, “Saqi”, “Nədən”, “Var”, “Keç”, “Mən”, “Bilməm” və digər qəzəllərində özünü büruzə verməkdədir. Tədqiqatçılara görə Rəncurun yaradıcılığında Füzulinin təsirinin olmasının bir neçə səbəbi vardır: “ Nəqşibəndi təriqətinə mənsub şairlərin əsərlərində, o cümlədən Mir Həmzə Nigarinin yaradıcılığlnda Məhəmməd Füzuli təsiri böyük rol oynamışdır, bu tendensiya da öz növbəsində Şahnigar xanımın yaradıcılığına sirayət etmişdir” (Umudlu İsmayıl, Ayvazalı-Əliyev Bəhmən. Şahnigar xanım Rəncur (Qiyasbəyova). Bakı, 2021; 49).

Ümumiyyətlə, Rəncurun şeirləri məzhəbüstü, dinüstü mahiyyət daşıyıb insanlıq fəlsəfəsinə əsaslanmışdır. Onun dünyagörüşündə İslam dini və nəqşibəndlik fəlsəfəsi mühüm yer tutmuşdur. Rəncur da mürşidi Nigari kimi əsasən İslam dini fəlsəfəsindən kənara çıxmamışdır. Onun nəqşibəndliyə baxşı da Nigaridən çox da fərqli xarakter daşımamışdır. Ancaq Şahnigar xanımın Mir Həmzə Nigarinin yaradıcılığında İslam dinindən irəli gələn dini mahiyyət üstünlük təşkil etsə də, Azərbaycan Türk mütəfəkkirləri Məhəm­məd Füzuli və Əbülqasim Nəbatinin də onun dünyagörüşünə önəmli təsiri olmuşdur. Bu baxımdan Rəncurun yaradıcılığında Füzuli və Nəbatinin yerini də ifadə etmək lazımdır. Hər halda Rəncurun dünyagörüşünün formalaşmasında Nigari nə qədər mühüm yet tutsa da, Füzuli və Nəbati faktoru da öz sözünü demkdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri