Icma.az
close
up
RU
Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat

Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda tibb, təhsil və sosial sahədə qida normaları son 30 il ərzində dəyişməyib. Hələ 1994-cü ildə təsdiq edilmiş Nazirlər Kabinetinin qərarı əsasında tətbiq edilən normativlər indi əhalinin sağlamlığı, sosial rifah və qida təhlükəsizliyi baxımından dövrün tələblərinə cavab vermir. Bu müddət ərzində ölkədə beynəlxalq standartlara inteqrasiya, ictimai sağlamlıq göstəricilərində dəyişikliklər və sosial ehtiyacların yenilənməsi baş verib. Qida normalarının yenilənməsi yalnız qanunvericiliyin tələbi deyil, həm də cəmiyyət üçün zəruri islahatdır.

Oxu.Az "Yaşayış minimumu haqqında" Qanuna təklif edilən dəyişikliklər əsasında formalaşacaq yeni qida normalarının hüquqi əsaslarını, sosial zərurətini, məzmununu, tətbiq sahələrini və potensial təsirlərini araşdırıb.

Təhsil, səhiyyə və sosial müəssisələrdə mövcud vəziyyət

İlk olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritetlərdəndir:

"Bu məsələlərə agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır. Məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Qidalanma gün ərzində bağçaların iş saatlarına görə təmin olunur".

Bildirilib ki, mövcud normalara əsasən, zülal, karbohidrat, mineral və vitaminlərin balansı gün ərzində menyuda nəzərdə tutulan qidalara görə tənzimlənir.

"Uşaqların hansı qidalara allergik olmaları ilə bağlı valideynlərlə dəqiqləşdirmələr aparılır və qidalanma zamanı bu amillər nəzərə alınır", - deyə məlumatda qeyd edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tabeli tibb müəssisələrində qidalanma 2023-cü ilin dekabrın 15-də təsdiq edilən "TƏBİB-in tabeliyində olan tibb müəssisələrində qidalanmanın təşkili haqqında Təlimat"a əsasən icra olunur:

"Təlimat Azərbaycan Respublikası mövcud qanunvericiliyi, normativ hüquqi sənədləri və TƏBİB Nizamnaməsinə uyğun olaraq hazırlanıb. Tibb müəssisələrində qidalar pəhriz masalarına uyğun olaraq təqdim edilir. Ümumilikdə 15 pəhriz masası var. Pəhriz masaları tərtib olunarkən müəssisədə müalicə alan pasiyentlərin xəstəliklərinə, cərrahi əməliyyatdan əvvəl və sonrakı vəziyyətlərinə, reanimasiya vəziyyətinə, pediatriya şöbəsində müalicə alan uşaqlara, xroniki xəstəlikləri olanlara (kardioloji, qastroenteroloji, nefroloji, endokrinoloji və s.) diqqət yetirilir. Bununla yanaşı, ərzaqların keyfiyyətlilik dərəcəsi, bişmə texnologiyası, sanitar və gigiyena qaydalarına riayət edilir. Hər bir xəstəyə individual yanaşılır və kliniki vəziyyətinə uyğun olaraq fərdi menyular hazırlanır".

Qeyd edilib ki, qidalanmada sutkalıq təminat normaları ərzaq məhsullarının enerji dəyərinə görə bölünür:

"Dörddəfəli qidalanmada - səhər yeməyi üçün - 25-30%, nahar üçün - 35-40%, şam üçün - 20-25%, 2-ci şam yeməyi - 5-10%; beşdəfəli qidalanma, 1-ci variant - səhər yeməyi üçün - 20-25%, ara yeməyi - 10-15%, nahar üçün - 30%, şam üçün - 20-25%, ara yeməkləri üçün - 5-10%; 2-ci variant - səhər yeməyi üçün - 25%, nahar üçün - 35%, ara yeməyi - 10%, şam üçün - 20-25%, ara yeməkləri üçün - 5-10%; altıdəfəli qidalanma, səhər yeməyi üçün - 20-25%, ara yeməyi - 10-15%, nahar üçün - 25-30%, ara yeməkləri üçün - 5-10%, şam üçün - 20%, ara yeməkləri üçün - 5-10% təşkil edir".

Bildirilib ki, qida qəbulu vaxtları ümumi olaraq bu qaydada planlaşdırılır:

"Səhər yeməyi - 08:00-09:00, birinci ara yemək - 11:00, nahar yeməyi 13:00-15:00, ikinci ara yemək 17:00, şam yeməyi 19:00-20:00. Qidalanmanın vaxtları xəstələrin müalicə növünə görə müalicə həkimi tərəfindən dəyişdirilə bilər".

TƏBİB-dən qeyd edilib ki, böyüklərdə gündəlik enerjinin 45-60%-nin karbohidratlardan, 20-35%-nin yağlardan və 10-20%-nin zülallardan alınmasına diqqət yetirilir:

"Yeməklərin keyfiyyətində insan sağlamlığına mənfi təsir göstərən hər hansı bir nöqsan aşkar edilərsə, yeməklərin xəstələrə paylanılması həyata keçirilmir və aidiyyəti üzrə rəhbərliyə məlumat verilir. Müvafiq qanunauyğun tədbirlər görülür. Qidaların uyğun şərtlərdə istehsalını və insan sağlamlığına mənfi təsir göstərən mikrobioloji risklərin olub-olmadığını müəyyən etmək məqsədilə səhər, nahar, şam yeməklərinin hər birindən ən azı 250 q çəkidə şahid nümunələr götürülür və 72 saatdan az olmayaraq soyuducuda saxlanılır. Nümunə götürülən qabların üzərinə yeməkləri bişirən aşpazın adı və imzası, yeməklərin adı və bişirilmə tarixi qeyd olunur".

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin qidalanması "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 nömrəli Qərarına əsasən həyata keçirilir.

"Xəstələrin yaş qrupu, xəstəliyin növü və klinik vəziyyəti nəzərə alınmaqla, onlara uyğunlaşdırılmış qida rasionları təyin olunur. Xüsusilə şəkərli diabet, böyrək çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri və digər xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün xüsusi tibbi göstərişlərə əsaslanan fərdi pəhriz qidalanma proqramları tətbiq edilir. Məqsəd xəstələrin sağlamlıq vəziyyətinə uyğun balanslaşdırılmış və təhlükəsiz qidalanmanın təmin olunmasıdır", - deyə məlumatda bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin müəssisələrində yaşayan sakinlərin qidalanması gündəlik qida normalarına uyğun olaraq həyata keçirilir:

"Müəssisələrin sakinləri keytrinq xidməti tərəfindən gündə üç dəfə hazır və keyfiyyətli qida ilə təmin olunurlar. Uşaq evlərində qida norması Nazirlər Kabinetinin "Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında" qərarına uyğun olaraq tərtib edilir. Müəssisələrin tibb heyəti tərəfindən menyuya nəzarət olunur".

Qida normalarının yenilənməsinin hüquqi və sosial əsasları

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, "Yaşayış minimumu haqqında" Qanuna edilən dəyişikliklərin əsas mahiyyəti qida normalarının yalnız tibb və təhsil müəssisələri üçün deyil, eyni zamanda, sosial müəssisələr üçün də nəzərdə tutulmasıdır. Onun sözlərinə görə, bu dəyişiklik sosial müəssisələrin də yaşayış minimumu çərçivəsində qida normalarından faydalanmasına imkan yaradacaq:

"Hazırlanacaq yeni qida normaları beynəlxalq təcrübəyə əsaslanacaq və milli xüsusiyyətlər, mövcud çağırışlar nəzərə alınmaqla tərtib ediləcək. Burada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq təşkilatların tövsiyələri əsas götürüləcək".

Deputat qeyd edib ki, qida normalarının tərkibi və istehlak səbəti Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq və keyfiyyətə dövlət qurumları tərəfindən nəzarət ediləcək:

"Qidanın keyfiyyətinə nəzarət hazırda mövcuddur və bu nəzarətin daha da təkmilləşdirilməsi planlaşdırılır".

V.Bayramov vurğulayıb ki, istehlak səbətinin yeni tərkibinin 2025-ci ildə təsdiq olunması nəzərdə tutulur:

"Yeni tərkib formalaşdırılarkən ötən dövrdə yaranan xərclər nəzərə alınacaq və bu, yaşayış minimumuna və ehtiyac meyarına təsir göstərən faktorlardan birinə çevrilə bilər".

V.Bayramovun sözlərinə görə, dəyişikliklərdən müxtəlif sosial qruplar, o cümlədən, sosial təminata daha çox ehtiyacı olan vətəndaşlar faydalanacaqlar:

"İstehlak səbətinin və ehtiyac meyarının yenilənməsi sosial yardım proqramlarına da müsbət təsir edəcək və xüsusilə sosial təminata ehtiyacı olan vətəndaşlarımız yeni dəyişikliklərdən faydalana biləcəklər. Çünki istehlak səbətinin yeni tərkibi həm də ehtiyac meyarı, yaşayış minimumu məbləğinə yenidən baxılmasını zəruri edir. Mütəmadi olaraq hər il həm yaşayış minimumu, həm ehtiyac meyarı məbləğinin artırılmasını müşahidə edirik. Bu da ünvanlı sosial yardım proqramı ilə dövlətdən dəstək alan vətəndaşlarımızın gəlirlərinə təsir göstərəcək və onlara verilən sosial yardım məbləğinin artmasına imkan verəcək. Hər bir qanun layihəsi və dəyişiklik təqdim olunmazdan əvvəl maliyyə qiymətləndirilməsi aparılır və dəyişikliklərin dövlət büdcəsinə əlavə yük yaratmayacağı əvvəlcədən nəzərə alınır".

Millət vəkili əlavə edib ki, yaşayış minimumunun məbləği hər ilin sonunda Milli Məclisə təqdim olunur, müzakirədən sonra təsdiq edilir və Prezident tərəfindən imzalanaraq qüvvəyə minir:

"Bu zaman inflyasiya səviyyəsi, əhalinin xərcləri və istehlak səbətinin strukturu nəzərə alınır. Qanunvericilikdə və qaydaların tətbiqində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması əsas hədəflərdir. Xüsusən sosial xidmətlərin elektronlaşması bu istiqamətdə şəffaflığı, hesabatlılığı gücləndirib və bu prinsiplər sözügedən yeni qanunun icrasında da qorunacaq".

Sağlam qidalanma tələbləri

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Oxu.Az-a açıqlamasında bildirib ki, qidalanma rejimi və qida planlaması təkcə porsiyalar üzrə deyil, eyni zamanda, insanın yaşına, cinsinə, gündəlik fiziki aktivliyinə, sağlamlıq vəziyyətinə, mövcud xroniki xəstəliklərinə və mövsümə uyğun balanslı şəkildə təşkil olunmalıdır:

"Qidalar mütləq vitamin və mineral balansını təmin etməli, makro və mikroelementlərlə zəngin olmalı, çeşidli və keyfiyyətli olmalıdır ki, orqanizm üçün vacib elementlərin çatışmazlığı yaranmasın. Çünki belə çatışmazlıqlar müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər".

Onun sözlərinə görə, xüsusilə təhsil müəssisələrində uşaqlar üçün qida normaları hazırlanarkən yaş, cins və fiziki aktivlik nəzərə alınmalı, qidaların tərkibində faydalı şəkərlər, zülallar, A, D, B qrupu vitaminləri, dəmir kimi vacib elementlərin olması təmin edilməlidir:

"Uşaqların əzələ və daxili orqanlarının sağlam inkişafı üçün zülallar lazımi miqdarda qəbul olunmalıdır. Eyni zamanda, həddindən artıq duzlu, rəf ömrü uzun, kimyəvi qatqılı qidalardan, trans və doymuş yağların çox olduğu məhsullardan uzaq durmaq tövsiyə olunur. Onun əvəzinə təbii, keyfiyyətli mənşəli yağlara üstünlük verilməlidir. Gündəlik duz miqdarı da normanı keçməməlidir ki, gələcəkdə sağlamlıq problemlərinə səbəb olmasın".

M.Hüseynova əlavə edib ki, qidaların hazırlanması sanitar-gigiyena qaydalarına uyğun aparılmalı, hazırlayan şəxslər tibbi müayinədən keçməli və xüsusi geyimlərdən istifadə etməlidirlər:

"Uşaqlarda və digər həssas qruplarda hər hansı bir qidaya və ya qida maddəsinə qarşı allergiya və həssaslıqlar nəzərə alınmalı, təqdim edilən qarışıq qidalarda bu barədə açıq məlumat verilməlidir".

Mütəxəssis bildirib ki, xəstəxanalarda, sığınacaqlarda və uşaq evlərində fərdi qidalanma planlamaları xüsusi əhəmiyyət daşıyır. Çünki diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri kimi xroniki xəstəlikləri olan insanlar üçün xüsusi pəhrizlər tətbiq olunmalıdır:

"Belə şəxslər üçün həddindən artıq duzlu, şəkərli, yağlı və çoxkalorili qidalardan uzaq durmaq, zülal və lif baxımından zəngin, mövsümi meyvə-tərəvəzlərə, faydalı paxlalılara üstünlük vermək vacibdir. Zəruri hallarda bioloji aktiv maddələr və vitaminlər yalnız mütəxəssislərin tövsiyəsi ilə qəbul edilməlidir. Bütün bu qaydalara əməl olunarsa, qidalanma sağlam, düzgün və balanslı hesab edilə bilər".

Beləliklə, yeni qida normalarının qəbul olunması yalnız bir normativ dəyişiklik deyil, hər birimizin sağlam gələcəyi üçün atılan vacib addımdır. Uşaqlarımızın bağçada yediyi yeməkdən tutmuş xəstəxanada müalicə alan pasiyentin qida rejiminə qədər hər detal sağlamlıq və rifahımızı formalaşdırır. Bu islahatlar sayəsində cəmiyyətin ən həssas qrupları - uşaqlar, xəstələr, yaşlılar daha keyfiyyətli və təhlükəsiz qidalanma imkanına sahib olacaqlar. İndi vacib olan təkcə sənədlərdə deyil, real həyatda bu dəyişikliklərin hiss olunmasıdır, çünki sağlam qidalanma sağlam cəmiyyətin təməlidir.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyun 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri