Azərbaycanda Temu nun fəaliyyəti dayandırılacaq?
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər Azərbaycanda “Temu” onlayn alış-veriş platformasında satışa çıxarılan bəzi məhsullar cəmiyyətdə ciddi narazılıq doğurub.
Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan 8 Noyabr - Zəfər Günü və Zəfər abidəsinə aid simvolların məişət əşyaları, o cümlədən hamam aksesuarları, corablar və unitaz üçün ayaqaltılar üzərində təsvir edilməsi milli dəyərlərə hörmətsizlik kimi dəyərləndirilir.
Geniş müzakirələrə səbəb olan bu məsələ ilə bağlı hansı mümkün hüquqi addımların atılacağı maraq doğurur.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib ki, “Temu” internet ticarət şəbəkəsində Azərbaycan xalqının milli dəyərlərinə hörmətsizlik kimi qiymətləndirilən addımların atılması ilə bağlı mətbuatda məlumatlar yayılıb.
O qeyd edib ki, bəzi ölkələrdə bu kimi yanaşmalar normal hesab oluna bilər, amma Azərbaycan üçün böyük tarixi əhəmiyyət daşıyan zəfərlə bağlı simvolların kommersiya məqsədilə bu formada təqdim edilməsi bizim cəmiyyətin xarakterinə ziddir:
"Xüsusilə Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyan tarixi hadisə - Zəfərimizlə bağlı simvolların və qələbəmizin bu şəkildə təqdim edilməsi, satılan malların üzərində əks olunması cəmiyyət tərəfindən birmənalı qarşılanmır və qəbul edilmir.
Təbii ki, bəzi ölkələrdə bu kimi yanaşmalar normal hesab oluna bilər. Lakin hər bir cəmiyyət üçün müəyyən addımların qanuna, hüquqa və mənəvi dəyərlərə zidd olub-olmaması həmin cəmiyyətin ümumi mövqeyindən və ona yanaşmasında irəli gəlir. Azərbaycan cəmiyyəti bunları qəbul etmir və Azərbaycan xalqının mütləq əksəriyyəti belə yanaşmalara qarşıdır".
O bildirib ki, məsələyə qanunvericilik prizmasından yanaşılmalıdır:
“Amma ilk növbədə nəzərə almaq lazımdır ki, bizim qələbəmiz 2020-ci ildə əldə olunub. Qələbəmizin rəmzlərinə dair bu cür addımların cəmi son 5 il ərzində baş verməsi fonunda, qanunvericilikdə bu mövzu ilə bağlı ayrıca bir normanın olmaması müəyyən mənada normaldır.
Nə üçün? Çünki biz qələbəni əldə etdikdən sonra bu cür yanaşmaların ortaya çıxa biləcəyini əvvəlcədən ehtimal etməli və buna uyğun olaraq qanunvericilikdə qadağanedici normalar nəzərdə tutmalı idik.
Hazırda qanunvericilikdə bu məsələ ilə bağlı cinayət məsuliyyəti yaradan konkret norma yoxdur".Xəyal Bəşirov vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət rəmzlərinə hörmət məcburidir:
"Bildirim ki, Azərbaycan Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər kəs Azərbaycan dövlətinin rəmzlərinə hörmətlə yanaşmalıdır. Dövlət rəmzləri dedikdə isə bayraq, gerb və himn nəzərdə tutulur.
Göründüyü kimi, zəfərimizlə bağlı məqamlar dövlət rəmzlərinə aid deyil. Hər bir dövlətdə olduğu kimi, bizdə də bayraq, gerb və himn dövlət rəmzləri hesab olunur.
Konstitusion tələblərə əsasən, hər kəs bu rəmzlərə hörmətlə yanaşmalıdır. Onlara qarşı hörmətsizlik edildiyi halda isə bu, qanunla məsuliyyət yaradır.
Cinayət məsuliyyətinin yaradılması halı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində idarəetmə əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulub.
Belə ki, Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət rəmzlərinə qarşı hörmətsizlik edilməsi iki ilədək azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər. Qeyd edim ki, bu norma zəfərimizə və qələbəmizə aid olan, rəmzi məna daşıyan məsələlərə şamil edilmir".
Onun sözlərinə görə, Azərbaycan xalqının mənəvi dəyərlərinə toxunan hallarla bağlı dövlət tərəfindən müvafiq addımlar atıla bilər:
"Əgər hər hansı addım Azərbaycan xalqının mənəvi dəyərlərinə toxunursa, dövlət həmin malların Azərbaycan ərazisində satışını qadağan edə və ya ümumilikdə “Temu” ticarət platformasına qarşı müəyyən məhdudiyyətlər tətbiq edə bilər. Bu məhdudiyyətlər müxtəlif formalarda ola bilər və dünya praktikasında belə hallara rast gəlinir.
Nəzərə almaq lazımdır ki, bu, onlayn qaydada ticarətdir. Belə platformalar faktiki olaraq hər bir evə daxil olmaq imkanına malikdir. Bunun qarşısının alınması ilə bağlı dövlət tədbirlər görərsə, o halda bu platformaya məhdudiyyətlər tətbiq edilməsi nəzərdə tutula bilər.
Əgər bu addımlar ictimaiyyətin və Azərbaycan xalqının mütləq əksəriyyətinin mövqeyini ifadə edərsə, bu halda xarici dövlətlər, eləcə də həmin ticarət platformasına aid şəxslər tərəfindən səsləndirilə biləcək fikirlərin heç bir hüquqi əhəmiyyəti olmayacaq".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















