Azərbaycandakı multikultural və tolerant mühit yüksək qiymətləndirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 12 oktyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində həmin ölkədə və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biri olan Ravvin Artur Şnayerlə Nyu-York Park East sinaqoq kompleksində görüşüb.
Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşün əvvəlində A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın salamlarını Ravvin Artur Şnayerə çatdırıb. QMİ sədri və Fondun rəhbəri arasında yarım əsrə yaxın davam edən dostluq və əməkdaşlıq münasibətləri ruhunda baş tutan görüş zamanı müasir dövrdə dinlərarası dialoqa dair məsələlərə toxunulub.
Ravvin Şnayer hazırkı görüşün olduqca əlamətdar bir dövrdə - Azərbaycan və Ermənistan arasında sülhə dair sənədin imzalandığı, Yaxın Şərqdə sülhün bərqərar olacağının gözlənildiyi, həmçinin, yəhudi xalqının Sukkot bayramını qeyd etdiyi vaxtda keçirildiyindən öz sevincini ifadə edib. A.Şnayer bu il avqustun 8-də ABŞ Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin iştirakı ilə Ağ Evdə sənədin imzalanmasından öz xüsusi məmnuniyyətini bildirib, Cənubi Qafqazda, Fələstində, Qəzzada, habelə, yaxın gələcəkdə Ukraynada sülhün bərqərar edilib davamlı olması üçün dualar edib.
Şeyxülislam A.Paşazadə Ravvin A.Şnayerin Azərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonra hər zaman haqqı və ədaləti dəstəklədiyinə toxunaraq, bununla da bölgədə sülhün bərqərar olunmasına töhfə verdiyini vurğulayıb.
Ravvin A.Şnayer şeyxülislam A.Paşazadə ilə uzun illər davam edən əməkdaşlığını, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük rəğbətlə yada salıb.
A.Paşazadə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını, Böyük Qayıdışın həyata keçirildiyi haqda Ravvin Şnayerə məlumat verib. Şeyxülislam vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin himayədarı olmasına, xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir.
A.Şnayer, öz növbəsində, Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini qeyd edib.
Görüşdə iştirak edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anhel Moratinos Ravvin Şnayeri və Şeyxülislam A.Paşazadəni dünya miqyaslı dini liderlər olaraq salamlayıb və bu görüşdə iştirak etməkdən məmnunluq duyduğunu ifadə edib. O, Azərbaycanın beynəlxalq dinlərarası dialoq prosesində, islamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə öncüllük etdiyini qeyd edib, bu müstəvidə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rol oynadığını alqışlayıb.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim iştirak edib.


