Azərbaycanın 2026 cı il üçün büdcəsi ilkin variantla müqayisədə artırılıb
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə müvafiq olaraq 186 milyon manat və 155 milyon manat artırılıb.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.
Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə ilkin variantla müqayisədə 144,1 milyon manat çox - 44 milyard 969,4 milyon manat, xərclərinin isə 156,2 milyon manat çox - 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.
Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.
Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.


