Icma.az
close
up
RU
Azərbaycanın 700 bal toplayanları 116 nəfər indi harada işləyir və necə yaşayır?

Azərbaycanın 700 bal toplayanları 116 nəfər indi harada işləyir və necə yaşayır?

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Hər il ali məktəblərə qəbul imtahanında nə qədər abituriyentin 700 bal toplayacağı, onların hansı universiteti və ixtisasları seçəcəyi, həmin şəxslərin kimlər olacağı diqqət mərkəzində olur. Bu böyük uğura imza atanlar arasında liseylərdə, rayon və kənd orta məktəblərində təhsil alan şagirdlər var.

Onların bu uğuru necə əldə etdikləri müzakirə olunduğu kimi sonrakı fəaliyyətləri də maraqlıdır.

Bəs görəsən 700 bal toplayanların tam siyahısı mövcuddurmu? Bununla hansısa qurum məşğul olurmu? Həmin şəxslər hazırda hardadırlar və hansı sahədə fəaliyyət göstərirlər? İmtahanda topladıqları bu yüksək göstərici onların həyat yoluna necə və hansı formada təsir göstərib?

Ölkə.az Teleqraf-ın bu mövzu ilə bağlı araşdırmasını təqdim edir.

Suallarımızı ilk olaraq Dövlət İmtahan Mərkəzinə (DİM) ünvanladıq. Mərkəzdən bizə 2007-ci ildən bu günə qədər ölkə üzrə 700 bal toplayan 116 nəfərin siyahısı təqdim olundu. Məlumatda yalnız illər üzrə bu balı toplayanların sayı var idi.

Məlum oldu ki, ən çox 700 bal toplayanlar 2018-ci ildə qeydə alınıb.

2007 - 3

2008 - 6

2009 - 2

2010 - 7

2011 - 4

2012 - 5

2013 - 6

2014 - 9

2015 - 15

2016 - 10

2017 - 15

2018 - 29

2019 - 0

2020 - 0

2021 - 0

2022 - 1

2023 - 0

2024 - 2

Göründüyü kimi 2018-ci ildə 29 nəfər 700 bal toplasa da növbəti üç il ard-arda heç kim bu nəticəni əldə edə bilməyib. Ekspertlər bunun səbəbini bir neçə faktorla izah edirlər: o dönəmdə pandemiya, təhsilin distant formada keçirilməsi və məhz 2019-cu ildən qəbul imtahanlarının kurikulum sistemi əsasında həyata keçirilməsidir.

Daha sonra müraciət etdiyimiz Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, 700 bal toplayan şəxslərlə bağlı ünvanlanan suallar yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən cavablandırıla bilər.

Beləliklə iş başa düşdü: 700 bal toplayan məzunların əksəriyyətinin seçimi olan - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Tibb Universiteti, Bakı Ali Neft Akademiyası, İqtisad Universitetinə müraciət etdikTəəssüf ki, nəticə o qədər də ürəkaçan olmadı, universitetlər onlarda belə siyahıların olmadığını bildirdilər. Tək-tük ali təhsil ocağı bu məsələdə seçilməyi bacardı.

Kimi direktor, kimi hələ də tələbə...

Bakı Mühəndislik Universiteti Teleqraf-ın sorğusuna cavab olaraq 2007-ci ildən bu yana 700 bal toplayan 116 abituriyentdən 5 şəxsin sözügedən universitetin məzunu olduğunu bildirdi. Onların adlarını və hazırda harda, nə işlə məşğul olduğuna dair məlumat isə bu formadadır:

Orxan Səfərov - Mühəndislik fakültəsi “Sənayenin təşkili və idarə edilməsi” ixtisası - “Avromed Company” QSC-nin Daxili audit departamentinin direktoru

Flora Həsənova - Pedaqoji fakültə “Tərcümə” ixtisası - Özəl təhsil kursunda çalışır

Məmməd Hacılı - Mühəndislik fakültəsi “Kompüter mühəndisliyi” ixtisası - "SOCAR Downstream"-da Proses üzrə böyük mühəndis

Fatima Zəhra Nəbizadə - Mühəndislik fakültəsi “Kimya mühəndisliyi” ixtisası - "London Imperial College"də “advanced chemical engineering” üzrə magistraturaya qəbul olub

Əli Allahverdiyev - Mühəndislik fakültəsi “Maşınqayırma” ixtisası - Rusiyada magistratura səviyyəsində təhsil alır

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) isə bildirildi ki, indiyə kimi 700 bal toplayan 4 məzunu olub. 2016-cı tədris ilində Şahbaba Məmmədov, 2017-ci ildə Cavad Əliyev, Arzu Məmmədzadə, 2018-ci ildə Rəmzi Abıyev UNEC-ə qəbul olub. Hər biri UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ingilisdilli) Maliyyə ixtisası üzrə təhsil alıb.

1 milyondan çox təqaüd qazanan azərbaycanlı

"Arzu Məmmədzadə isə hazırda ABŞ-də işləyir", - məlumatda qeyd olunub.

Arzu ilə bağlı sosial şəbəkədə paylaşımlara tez-tez rast gəlmək mümkündür. Məlumata görə, Arzu UNEC-in III kursunda ABŞ səfirliyinin tam təqaüdü ilə 1 semestrlik ABŞ-də təhsil alıb. Bakalavr təhsilindən sonra 3 il "Paşa Bank"da Maliyyə mütəxəssisi kimi çalışıb. GMAT imtahanından 740 bal toplayaraq dünya üzrə yüksək nəticə göstərib və Amerikanın 9 universitetinə MBA pilləsi üzrə qəbul alıb. Bu universitetlərdən 8-dən full təqaüd qazanıb. ABŞ universitetlərindən toplam qazandığı təqaüd 1 milyon dollardan çoxdur. O, bu il "Emory Universiteti" - Goizueta Biznes Məktəbindəki təhsilini başa vurub.

Son illər 700 bala həsrət qalan bir çox universitetlər var ki, onlardan biri də Azərbaycan Tibb Universitetidir.

Təhsil ocağından sorğumuza cavab olaraq bildirildi ki, 2019-cu ildən 2024-cü ilə qədər 700 bal toplayan məzunları olmayıb.

Universitetlərdən ala bildiyimiz məlumatlar burada bitdi. Növbəti etapda ad-ad axtarışlara başladıqÖncə 2007-ci ildə qəbul imtahanında maksimum – 700 balı toplayan ilk üç nəfərdən başlayaq: Emil Abbasov, Cavid Mustafayev, Nərgiz İsmayılbəyli.

Emil Abbasov 2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. Daha sonra Azərbaycana gəlib, son məlumatlara görə ADA universitetində çalışır.

Cavid Mustafayev Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika" ixtisasında oxuyub. Onun barəsində qısa məlumatı vaxtilə təhsil aldığı 247 nömrəli məktəbin saytından əldə edə bildik. Məktəbin fərqlənən məzunlarından olan Cavid "Ernst&Young şirkəti"ində auditor kimi çalışır.

Nərgiz İsmayılbəyli isə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2013-2014-cü illərdə İtaliyada La Sapienza Universitetində, 2014-2015-ci ildə Bolonya Universitetində təhsil alıb. 2013-2020 -ci ildə Respublika Diaqnostika Mərkəzində mama-ginekologiya ixtisası üzrə həkim-rezident kimi işləyib. Hazırda Yeni Klinikada həkim mama-ginekoloq vəzifəsində çalışır.

Görünən odur ki, 700 bal toplayanların bəziləri ölkəmizdə, əksəriyyəti isə xaricdə təhsillərinə davam etməyə üstünlük veriblər. Onlar həm 700 bal toplamaqla, həm də maraqlı həyat hekayələri ilə tarix yazmağı bacarıblar.

700 ballı ailə

Ucal Ağammədovla Nərmin Məmmədli kimi...Ucal Ağammədov 2009-cu ildə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, Nərmin Məmmədli isə 2013-cü ildə qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olub. Hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər. Onlar 2001-ci ildə ailə quraraq Belçikada yaşamağa üstünlük veriblər.

Bir-birinə dəstək olan bacı-qardaş

İbrahim Əhmədov 2015-ci ildə 700 bal toplayaraq ADA Universitetində Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub. Onun bacısı Leyli Əhmədova isə 2018-ci ildə bu göstəricini təkrarlayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Leyli qardaşının 700 bal toplamasının onun üçün çox böyük motivasiya olduğunu vurğulayıb və onu imtahana qardaşının hazırlaşdırdığını da etiraf edib.

192 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimxanov 2018-ci ildə ən yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub. O, hazırda Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında kardioloq-rezident kimi təhsil alır.

Jalə Rəcəbova 2018-ci ildə ADA Universitetinə qəbul olub. O, İngiltərənin paytaxtı London şəhərində yaşayır. Hazırda UCL - London Universitet Kollecində təhsil alır.

Axtarış zamanı sosial mediadan özlərinə yazsaq da geri dönüşlər çox az oldu. ABŞ-də yaşayan Kolumbiya Universitetinin kompüter elmləri üzrə doktorantı 2017-ci ildə qəbul imtahanında 700 bal toplayan Vahab Cəbrayılov isə Teleqraf-ın suallarını ətraflı cavablandırdı.

Çətinliyi ilə ad qazanmış bir universitetdə hər şeyi yenidən başladım

“2017-ci ildə Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olundum. BANM ölkəmizin ən qabaqcıl mühəndislik məktəbidir. Təbii ki, bunun qərar qəbul etməyimdə önəmli rolu var idi. 2 ilə yaxın orada təhsil aldım və indi də davam edən yaxşı dostluqlar qazandım. Həmçinin bu müddət ölkəmizin ali təhsil sferası haqqında təcrübə qazanmağıma da kömək etdi. 2019-cu ildə kompüter mühəndisliyi üzrə təhsil almaq istədiyim üçün universitetdən ayrıldım və təhsilimi Türkiyənin ən qabaqcıl universiteti olan ODTÜ - Orta Doğu Tekniki Üniversitesində davam etdim. O zaman BANM-da sadəcə 3 ixtisas var idi.

Ətrafımda hər kəs bunun böyük risk olduğunu düşünürdülər. Ölkənin ən yaxşı universitetində parlaq bir tələbə, qrup birincisi idim, Prezident təqaüdü alırdım, birdən- birə geridə dostlarımı, sevdiklərimi və ailəmi qoyub heç tanımadığım Ankara kimi boz, soyuq bir şəhərdə, çətinliyi ilə ad qazanmış bir universitetdə hər şeyi yenidən başladım.

Orada illər həm çox yorucu, həm də adrenalin və motivasiyalı keçdi. Geriyə baxdıqda rahatlıqla deyə bilərəm ki, zaman- zaman Amerika və Avropa standartlarının üstündə təhsil aldıq. Türkiyənin ən yaxşıları ilə yarışırdıq. Universitet beşincisi olaraq məzun oldum. Son kursda Amerikanın bir neçə universitətindən doktoranturaya qəbul aldım və Kolumbiya universitetini seçdim. Dünyanın ən nüfuzlu universitetlərindən biri, eyni zamanda Nyu-Yorkun Manhattan bölgəsində yerləşməsi qərarımda tərəddüdə yer buraxmadı. Çox bilinməsə də, Lütfi-Zadə doktorluğunu burada qazanıb. ABŞ-yə yerləşməzdən öncə İsveçrənin Lozan şəhərində yerləşən EPFL universitetində tədqiqatçı kimi təcrübə qazandım.

Artıq 2 ildir Amerikadayam. Burada zamanım dolu və yorucu keçir. "Google Microsoft" kimi şirkətlərlə problem üzərində əməkdaşlıq edirik. Dəvət üzərinə "Google Microsoft" şirkətində tədqiqatçı olaraq çalışdım. Həmçinin təhsil prosesində də professor köməkçisi kimi iştirak edirəm”.

700 ona hansı yolları açıb?

“Tam səmimi deyim, 700 bal topladığımızı ara-sıra media və tanışlar xatırlatmasa, unudaram. Azərbaycanda çoxu məni məhz bu nailiyyətimə görə tanıyır. Amma mən bunu daha çox gənclərə örnək olmaq üçün istifadə etməyə çalışmışam. Çox zaman məni 700 bal yığmış oğlan kimi tanıyıb, sonra Vahab olaraq hörmət edib dostlaşırlar. Hər zaman davamlı uğura, çalışmağa inanıram. Mənim üçün 700 sadəcə bir pillə idi.

Qloballaşma bir reallıqdır və bu sadəcə Azərbaycan üçün keçərli deyil. Türkiyədən olan bir çox tanıdıqlarım da hazırda xaricdədir - xüsusilə Amerikada. Bu Avropa dövlətlərinə də aiddir. Reallıq odur ki, Amerika texnologiya sahəsində liderdir. Bir çox yüksək ixtisas tələb edən imkanlar buradadır. Lakin əsas olan bu insanların ölkənin fərqində olması və iki tərəfli əməkdaşlıqlar qurmalarıdır.

Çox uzun müddətli planlara qarşıyam. Sadəcə gələcək üçün strategiyalar olmalıdır.

Mənim gələcək strategiyam hər mənada daha yaxşı biri olmaq, yeni nəslin inkişafına töhvə vermək və millətimizi bacardığımız qədər texniki sferada tanıtmaqdır. Yaxın planlarım isə doktoranturanı uğurla bitirməkdir. Yuxarıda qeyd etdiyimiz kimi reallıqlar ilə limitliyik və sahəm üzrə əl çatılan imkanlar burdadır. Amma gələcəkdə hər hansı imkan yaranarsa ölkəmə qayıdıb töhfə verməkdən də çəkinmərəm”.

Təəssüf ki, bu barədə təkliflər gəlmir

Vahab Cəbrayılov zaman-zaman Azərbaycandan dövlət və özəl sektordan iş təkliflərinin gəldiyini deyir: “Heç olmur deyə bilmərəm. Zaman- zaman dövlət və özəl sektordan maraq olur. Hər zaman bacardığım qədər təcrübə mübadiləsinə çalışıram. Lakin zaman çox limitlidir. Çoxlu tənqidi fikirlərim var - özəlliklə ali təhsil müəssisələri ilə bağlı. Ancaq özüm də hər zaman vaxt darlığından əziyyət çəkdiyim üçün sadəcə tənqid etməyi düzgün hesab etmirəm. Amma fayda verməyi çox istəyərəm: tələbələri tanıyım, onlara texniki mühazirələr verim. Təəssüf ki, bu barədə təkliflər edilmir. Bəlkə də sadəcə olaraq tanımırlar.

Amerika mənə işləməyin və biliyin dəyərini öyrətdi. 25 yaşındakı bir gənci universitet yetərincə xərc edərək maliyyələşdirir. Böyük şirkətlərdəki mühəndislər və menecerlər problemlərin danışır, adlı şanlı professorlar sakitcə dinləyir və yönəldir. Sadəlik, əl çatanlıq və dinləmək təhsil və tədqiqatın ən önəmli hissədir burada. Qərəz olmadan sadəcə bacarığın, xarakterin və insan münasibətlərində ən önəmli rol olduğunu öyrəndim. Təbii ki, tədqiqata ayrılan finansal güc və maraq da danılmazdır”.

Maliyyə ayrılmadı və mən ...

2008-ci ildə 700 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olan Elvin Dadaşsoy isə ölkədə qalaraq biznes fəaliyyəti ilə məşğul olmağı seçib:

"Universitet illərində bir neçə sahədə fəaliyyət göstərdim. Bir müddət satış meneceri kimi çalışdım, ingilis dili dərsləri keçdim. Bir neçə dəfə biznes qurmaq cəhdlərim oldu, amma uğurla nəticələnmədi. Hərbi xidməti bitirib, qayıtdıqdan sonra ingilis dili müəllimi kimi fəaliyyətə başladım. Qısa müddətdən sonra kurs alıb, işimi brendləşdirib böyütdüm. Beləcə, təhsil mərkəzi yaratdım. O vaxtdan indiyə qədər ölkədə 24 filialını açmışıq.

Əslində mənim də xaricdə təhsil almaq arzum olub. 2009-cu ildə TOEFL və IELTS imtahanlarına hazırlaşaraq yaxşı bal toplamışdım. İngiltərədə universitetlərin birinə qəbul olunmuşdum. Həmin il dövlət proqramına müraciət etdim. Təəssüf ki, maliyyə ayrılmadı. Azərbaycanda qaldım, təhsilimi burada davam etdirdim.

Özümə söz verdim ki, nə vaxtsa xaricdə təhsil alsam, heç bir qrant, təqaüd almayacam. Yalnız öz gücümə bunu edəcəm. 2019-2021-ci illərdə ADA universitetində MBA proqramı üzrə təhsil aldım. Amma hələ də dünyanın top universitetlərinin birində bir illik investisiyalar və bizneslə bağlı təhsil almaq fikrindəyəm".

O Azərbaycanda həm dövlət, həm özəl sektordan gələn iş təkliflərini qəbul etmədiyini vurğulayıb:

"İş təklifləri olub. Amma mən lap uşaqlıqdan heç vaxt maaşlı işdə çalışmağı düşünməmişəm. Həmişə azad olmağı, biznes qurmağı planlamışam. Hətta bir neçə dəfə olub ki, biznesimiz çöküşə gedib, xüsusən pandemiya dövründə vəziyyət mənfidə idi, borcları yığılmışdı. O zamanda belə mən yüksək maaşlı iş təkliflərini rədd etmişəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see174

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see131

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see123

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see122

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see120

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see119

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see118

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see118

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see117

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see116

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see115

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see115

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see115

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see114

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see114

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see114

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see114

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see113

Ərdoğanın səhhəti pisləşdi? RƏSMİ AÇIQLAMA

09 İyun 2025 21:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri