Azərbaycanın beynəlxalq reytinqlərdə uğur marafonu
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xarici tərəfdaşlar dinamik yüksəlişə böyük etimadla yanaşır
Müasir dövrdə hər bir ölkənin iqtisadi potensialı, maliyyə dayanıqlılığı və investisiya cəlbediciliyi daxili statistik göstəricilərlə bərabər, həm də nüfuzlu beynəlxalq maliyyə institutları, eləcə də reytinq agentliklərinin qiymətləndirmələri ilə müəyyənləşdirilir. Bu baxımdan son illər Azərbaycanın qazandığı uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir, makroiqtisadi sabitlik, aşağı dövlət borcu, güclü xarici maliyyə mövqeyi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələr müsbət amillər kimi ön plana çıxarılır.
Bu qiymətləndirmələr təsadüfi xarakter daşımır. Onlar uzun illər ərzində həyata keçirilən düşünülmüş iqtisadi siyasətin, reallaşdırılan genişmiqyaslı islahatların, güclü maliyyə intizamının və milli iqtisadiyyatın dayanıqlılığının beynəlxalq təsdiqidir. Xüsusilə postpandemiya dövründə və qlobal iqtisadiyyatda geosiyasi narahatlıqların artdığı bir şəraitdə Azərbaycanın sabit inkişaf xəttini qoruyub saxlaması beynəlxalq maliyyə institutlarının hesabatlarında uğurlu iqtisadi idarəetmə nümunəsi kimi qiymətləndirilməsinin parlaq nümunəsidir.
Makroiqtisadi sabitlik
Beynəlxalq reytinq agentliklərində ölkələrin kredit qabiliyyəti qiymətləndirilərkən, ilk növbədə, makroiqtisadi sabitliyə xüsusi diqqət yetirilir. Azərbaycanın son illərdə nümayiş etdirdiyi aşağı inflyasiya meyilləri, idarəolunan büdcə siyasəti, yüksək valyuta ehtiyatları və dayanıqlı iqtisadi artım ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirən əsas amillər sırasında göstərilir.
Ən mühüm üstünlüklərdən biri də respublikanın strateji valyuta ehtiyatlarının dövlət borcunu dəfələrlə üstələməsidir. Bu göstərici ölkənin xarici maliyyə risklərinə qarşı yüksək dayanıqlılığını nümayiş etdirir. Belə vəziyyət dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin artdığı bir şəraitdə investorların etimadını əhəmiyyətli dərəcədə gücləndirir.
Makroiqtisadi sabitliyin qorunması, eyni zamanda, milli valyutanın dayanıqlılığına, bank sektorunda maliyyə sabitliyinə və biznes mühitinin proqnozlaşdırılmasına müsbət təsir göstərir. Məhz buna görə də beynəlxalq investorlar tərəfindən ölkəmizdə uzunmüddətli layihələrin icrasına qərar verilərkən bu göstəricilər əsas meyarlardan biri kimi qəbul edilir.
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in son qiymətləndirmələrində Azərbaycanın suveren kredit reytinqi investisiya üçün əlverişli səviyyədə saxlanılıb və bunun ölkənin maliyyə dayanıqlılığına müsbət təsiri xüsusi vurğulanıb. Agentliyin təhlillərində respublikamızın yüksək strateji valyuta ehtiyatlarına malik olması, dövlət borcunun aşağı səviyyədə saxlanılması, büdcə intizamının qorunması kimi üstünlükləri ön plana çıxarılıb.
“Fitch Ratings”in hesabatında Dövlət Neft Fondunun ölkənin maliyyə təhlükəsizliyində mühüm rolu, vergi və gömrük siyasətinin çevikliyi, dövlət maliyyəsinin uzunmüddətli dayanıqlılığı kimi nəticələr də diqqət çəkir. Agentlik Azərbaycanın güclü xarici maliyyə sisteminin qlobal enerji bazarlarındakı dəyişikliklərə baxmayaraq, iqtisadiyyatın dayanıqlılığını gerçəkləşdirən əsas amillərdən biri olduğunu bildirir.
“Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında ölkəmizin maliyyə idarəetmə prinsipi müsbət qiymətləndirilərək, maliyyə siyasətinə dair müsbət yanaşmanın uğurla davam etdirildiyi önə çəkilir. Agentliyin qiymətləndirmələrində maliyyə ehtiyatlarının yüksək olması, dövlətin maliyyə öhdəliklərini rahat şəkildə yerinə yetirə bilməsi və büdcə dayanıqlılığı xüsusi qeyd edilir.
Adıçəkilən agentlik ekspertlərinin fikrincə, Azərbaycanın uzunmüddətli maliyyə strategiyasını uğurla gerçəkləşdirməsi ilə ölkənin kredit riskləri minimum səviyyədə saxlanılır. Dövlət Neft Fondunun aktivləri, aşağı borclanma göstəriciləri və büdcə qaydalarının uğurlu tətbiqi maliyyə sabitliyinin əsas təminatları kimi qiymətləndirilir. Agentliyin hesabatında qeyri-neft sektorunun inkişafı məqsədilə həyata keçirilən islahatlar da uzunmüddətli iqtisadi artım baxımından mühüm amil hesab edilir.
“S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyi isə respublikamızda həyata keçirilən düşünülmüş sosial-iqtisadi islahatlara mühüm önəm verir. Bu maliyyə qurumu Azərbaycanın iqtisadi perspektivlərini qiymətləndirərkən təkcə makroiqtisadi göstəricilərə deyil, gələcək inkişaf proseslərinə də xüsusi diqqət yetirir. Agentlik, eyni zamanda, dövlət maliyyəsinin səmərəli idarə olunması, büdcə intizamının gücləndirilməsi, bank sektorunun dayanıqlılığının artırılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması kimi istiqamətlərə müsbət qiymət verir. Ən başlıcası isə Azərbaycanın yalnız cari maliyyə imkanlarını deyil, həm də gələcək inkişaf potensialını yüksək qiymətləndirir.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları da gələcəyə nikbin baxış formalaşdırır. Belə ki, bu maliyyə qurumu Azərbaycan iqtisadiyyatına dair müsbət proqnozlarında makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın tədricən azalması, bank sektorunun möhkəmlənməsi, dövlət maliyyəsinin sağlamlaşdırılması, qeyri-neft iqtisadiyyatının genişlənməsi və iqtisadi islahatların davam etdirilməsi kimi məqamları önə çəkir.
Fondun ekspertləri hesab edirlər ki, ölkədə həyata keçirilən struktur islahatları uzunmüddətli dayanıqlı iqtisadi inkişaf üçün möhkəm baza yaradır. Eyni zamanda, rəqəmsallaşma, gömrük idarəetməsinin təkmilləşdirilməsi, vergi inzibatçılığının gücləndirilməsi və özəl sektorun inkişafının diqqətdə saxlanılması davamlı iqtisadi artımı şərtləndirir.
Dünya Bankının (DB) qiymətləndirməsində isə respublikada həyata keçirilən sosial-iqtisadi islahatların yüksək səmərə verməsi qeyd edilir, eyni zamanda, ölkənin son illər biznes mühitinin yaxşılaşdırılması istiqamətində gerçəkləşdirdiyi tədbirlərin əhəmiyyəti xüsusi vurğulanır. DB-nin hesabatında dövlət xidmətlərinin rəqəmsallaşdırılması, sahibkarlığa dəstək mexanizmlərinin genişləndirilməsi, logistika və nəqliyyat infrastrukturunun inkişafı, “yaşıl enerji” layihələrinin sürətləndirilməsi, insan kapitalına yatırımların artırılması və regional inkişaf proqramlarının uğurlu icrası istiqamətlərində reallaşdırılan layihələr inkişafın əsas hərəkətverici qüvvələri kimi qiymətləndirir. Maliyyə qurumu hesab edir ki, Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, həm də regional logistika, nəqliyyat və investisiya mərkəzi kimi mövqeyini getdikcə gücləndirir.
Qeyri-neft sektoru önə çıxıb
İqtisadçı-ekspert Anar Axundovun bildirdiyinə görə, beynəlxalq maliyyə institutlarının hesabatlarında ölkəmizlə bağlı xüsusi vurğulanan məsələlərdən biri də qeyri-neft sektorunun sürətli inkişafıdır. Bu, təsadüfi deyil. Çünki sənaye parklarının genişləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, innovasiya ekosisteminin formalaşdırılması və ixracyönümlü istehsalın stimullaşdırılması iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir.
Bu proses nəticəsində qeyri-neft sənayesinin, xidmət sektorunun, informasiya-kommunikasiya texnologiyalarının, logistikanın və turizmin ümumi daxili məhsuldakı payı artır. Beynəlxalq ekspertlərin fikrincə, məhz bu istiqamət Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyini gerçəkləşdirən əsas amillərdən biridir.
Şübhəsiz ki, qeyri-neft sektorunun sürətli inkişafında investisiya cəlbediciliyinin getdikcə yüksəlməsi də mühüm rol oynayır. Bu, ilk növbədə, beynəlxalq reytinqlərdə xarici investorlar üçün mühüm siqnal kimi diqqət çəkir. Çünki kredit reytinqinin sabit saxlanılması ölkəyə xarici kapital axınını stimullaşdırır.
Anar Axundovun fikrincə, investorlar üçün siyasi sabitlik, makroiqtisadi dayanıqlılıq, aşağı dövlət borcu, yüksək strateji ehtiyatlar, hüquqi islahatlar, rəqəmsal dövlət xidmətləri, əlverişli biznes mühiti kimi amillər mühüm əhəmiyyət daşıyır. Bu məsələlər Azərbaycanın beynəlxalq investisiya xəritəsində mövqeyini daha da möhkəmləndirir.
Azərbaycanda mövcud əlverişli investisiya mühiti ölkənin strateji üstünlükləri, məqsədyönlü dövlət siyasəti və gələcəyə hesablanmış iqtisadi şaxələndirmə strategiyası üzərində qurulmuşdur. Ənənəvi sahələrlə yanaşı, innovasiyalar, “yaşıl enerji” və azad iqtisadi zonalar ölkəni beynəlxalq səviyyədə etibarlı və gəlirli tərəfdaş kimi mövqeləndirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkədə iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya, “yaşıl enerji”, azad edilmiş ərazilərin bərpası və yeni sənaye potensialının formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında bu islahatların nəticələrinin artıq konkret iqtisadi göstəricilərdə öz əksini tapması xüsusi qeyd edilir. Bu isə onu göstərir ki, Azərbaycan təkcə mövcud sabitliyi qoruyan deyil, həm də gələcək inkişaf üçün möhkəm iqtisadi və maliyyə təməli yaradan ölkələr sırasında yer alır.
Çağdaş iqtisadi çağırışlar
Beynəlxalq reytinq agentliklərinin və maliyyə institutlarının müsbət qiymətləndirmələri Azərbaycanın iqtisadi inkişaf modelinin uğurunu təsdiqləyən mühüm göstəricidir. Bununla bərabər, bu, həmin qurumların proqnozlarında da öz ifadəsini tapır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadənin sözlərinə görə, beynəlxalq reytinq agentliklərinin proqnozlarına əsasən Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf mərhələsinə qədəm qoyduğu və qlobal çağırışlara qarşı yüksək uyğunlaşma qabiliyyəti nümayiş etdirdiyi bildirilir. Eyni zamanda, proqnozlarda vurğulanan rəqəmlərlə ölkəmizin iqtisadi proqramlarına əsaslanan və diversifikasiya olunan yeni inkişaf modelinə uğurlu keçidi qeyd edilir.
Proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektorunun aktivləşməsi hesabına ÜDM artımının 2,1 faizə yüksələcəyi gözlənilir. Həyata keçirilən səmərəli pul-kredit siyasəti nəticəsində inflyasiyanın 2026-cı ilin sonuna 5 faizə, növbəti ildə isə 4 faizə qədər enməsi proqnozlaşdırılır. Bu, həm əhalinin rifahının qorunması, həm də biznes mühiti üçün proqnozlaşdırıla bilən aşağı inflyasiya mühitinin yaradılması baxımından mühüm nailiyyət kimi qiymətləndirilir.
Nicat Hacızadənin fikrincə, BVF-nin 2026-cı il proqnozları Azərbaycanın maliyyə-bank sektorunda sabitlik və hədəflənən artım dövrünün başladığını təsdiqləyir. Xüsusilə kreditləşmə sahəsində müşahidə olunan dinamika iqtisadiyyatın qeyri-neft-qaz sektorunun maliyyə resurslarına əlçatanlığını gerçəkləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Özəl sektora kredit qoyuluşunun cari ildən başlayaraq illik 9 faiz səviyyəsində sabit artım tempi nümayiş etdirməsi yerli sahibkarlığın maliyyələşmə bazasının dayanıqlı qalacağından xəbər verir. Bu sabitlik biznes mühiti üçün proqnozlaşdırıla bilən maliyyə konyunkturu yaradaraq daxili investisiya fəallığını stimullaşdırır.
Beləliklə, “Fitch Ratings”, “Moody’s”, “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliklərinin, BVF-nin və DB-nin hesabatlarında əks olunan müsbət yanaşmalar ölkəmizin makroiqtisadi sabitliyinin, maliyyə dayanıqlılığının, aşağı borc yükünün, güclü valyuta ehtiyatlarının və həyata keçirilən struktur islahatlarının beynəlxalq səviyyədə etiraf olunduğunu nümayiş etdirir.
Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin davam etdiyi indiki şəraitdə Azərbaycanın etibarlı tərəfdaş və sabit iqtisadiyyata malik dövlət kimi qəbul olunması ölkəyə xarici investisiyaların cəlb edilməsini sürətləndirir, biznes mühitinə inamı artırır və uzunmüddətli inkişaf strategiyasının uğurla reallaşdırılması üçün əlverişli zəmin formalaşdırır. Məhz buna görə də beynəlxalq reytinq agentliklərinin müsbət rəyləri, eləcə də proqnozları təkcə statistik qiymətləndirmə deyil, həm də Azərbaycanın dünya iqtisadi sistemində möhkəmlənən nüfuzunun və iqtisadi etibarlılığının obyektiv təsdiqidir.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 31 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















