Azərbaycanın 23 illik hərtərəfli yenilənmə marafonu
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bu müddətdə ölkəmiz iqtisadi müstəqillikdən qlobal təşəbbüslərədək misilsiz tərəqqi yolu keçib
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl iqtisadi siyasət Azərbaycanın milli inkişaf modelini formalaşdırıb, ölkənin beynəlxalq mövqelərini möhkəmləndirib və onu regional iqtisadi əməkdaşlığın mühüm iştirakçısından qlobal əhəmiyyətli təşəbbüslərin müəllifinə çevirib.
2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının etimadını qazanaraq ilk dəfə prezident seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 23 ildə mürəkkəb inkişaf mərhələlərindən keçərək iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib. Bu dövrdə gerçəkləşdirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan təkcə zəngin enerji resurslarına malik dövlət kimi deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, qitələrarası nəqliyyat əlaqələrinin inkişafında, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsində və qlobal iqtisadi təşəbbüslərin reallaşdırılmasında fəal iştirak edən ölkə kimi tanınıb.
Bu inkişaf yolunun əsas xüsusiyyətlərindən biri iqtisadi potensialın dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə əlaqələndirilməsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin mühüm dayağıdır. Çünki güclü iqtisadiyyata, dayanıqlı maliyyə sisteminə, rəqabətqabiliyyətli istehsal sahələrinə və müstəqil maliyyələşmə imkanlarına malik dövlət öz milli maraqlarını daha qətiyyətlə müdafiə edə, beynəlxalq münasibətlər sistemində müstəqil qərarlar imzalaya və uzunmüddətli inkişaf prioritetlərini həyata keçirə bilir.
Azərbaycanın son 23 ildə qazandığı uğurları məhz bu strateji yanaşma baxımından qiymətləndirmək zəruridir. Burada söhbət təkcə ümumi daxili məhsulun artımından, yeni müəssisələrin yaradılmasından və infrastrukturun yenilənməsindən getmir. Əsas məsələ respublikanın iqtisadi imkanlarının milli inkişafın davamlı mənbəyinə çevrilməsi, enerji gəlirlərinin digər sahələrin inkişafına yönəldilməsi və Azərbaycanın qlobal iqtisadi proseslərdə rolunun genişləndirilməsidir.
Milli inkişaf strategiyasının hədəfləri
2003-cü ildə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Ölkənin müstəqilliyinin ilk illərində formalaşmış iqtisadi problemlərin aradan qaldırılması, istehsal potensialının bərpası, xarici investisiyaların cəlb edilməsi, əhalinin sosial rifahının yüksəldilməsi və regionların inkişafı həmin vəzifələrin başlıca istiqamətlərini təşkil edirdi.
Eyni zamanda, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarından səmərəli istifadə etməklə iqtisadiyyatın uzunmüddətli inkişafını gerçəkləşdirmək zərurəti mövcud idi. Təbii resursların yaratdığı imkanlar ölkə qarşısında böyük perspektivlər açsa da, onların səmərəli idarə olunması və gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyırdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri məhz bu vəzifələrin kompleks şəkildə həllinə yönəldi. Bir tərəfdən, neft-qaz sektorunun inkişafı, hasilatın və ixrac imkanlarının genişləndirilməsi təmin edildi. Digər tərəfdən, əldə olunan gəlirlərin infrastruktur layihələrinin maliyyələşdirilməsinə, sosial proqramların icrasına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsi dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildi.
Bu yanaşma Azərbaycanın iqtisadi modelində prinsipial dəyişiklik yaratdı. Enerji resursları yalnız ixrac gəlirlərinin mənbəyi kimi deyil, həm də ölkənin istehsal, nəqliyyat, logistika, kənd təsərrüfatı, sənaye və xidmət sahələrinin inkişafını sürətləndirən strateji vasitə kimi çıxış etməyə başladı. Beləliklə, iqtisadi inkişafın əsas məqsədi mövcud resurslardan gəlir əldə etməklə bərabər, eyni zamanda, həmin resursları gələcək nəsillərin də faydalana biləcəyi davamlı iqtisadi imkanlara çevirmək oldu.
Bu siyasətin mühüm nəticələrindən biri Azərbaycanın xarici iqtisadi şoklara qarşı maliyyə dayanıqlılığının gücləndirilməsi, strateji valyuta ehtiyatlarının artırılması və dövlətin genişmiqyaslı layihələri öz imkanları hesabına maliyyələşdirmək potensialının yüksəldilməsi idi. İqtisadi müstəqillik konsepsiyası bununla da konkret məzmun qazandı. Başqa sözlə, güclü maliyyə imkanları, inkişaf etmiş infrastruktur, genişlənən istehsal potensialı və beynəlxalq iqtisadi əlaqələr ölkənin siyasi suverenliyini möhkəmləndirən mühüm amillərə çevrildi.
Milli quruculuqdan qlobal layihələrə
Azərbaycanın son 23 ildəki iqtisadi inkişafını enerji sektorunun formalaşdırdığı imkanlardan kənarda təsəvvür etmək mümkün deyil. Lakin ölkənin enerji siyasətinin əhəmiyyəti yalnız neft və qaz hasilatının artması, yaxud ixrac gəlirlərinin yüksəlməsi ilə məhdudlaşmır. Bu siyasətin əsas xüsusiyyəti Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çatdırılması üçün mürəkkəb, çoxşaxəli və strateji əhəmiyyətli infrastruktur sisteminin yaradılmasıdır.
2003-cü ildən sonrakı dövrdə Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft kəmərinin tammiqyaslı fəaliyyəti, Bakı – Tbilisi – Ərzurum qaz kəmərinin istismara verilməsi və daha sonra Cənub Qaz Dəhlizinin reallaşdırılması Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. 2006-cı ildə istismara verilən Bakı – Tbilisi – Ceyhan neft kəməri Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün alternativ marşrut yaratdı. Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bu layihə regionda enerji əməkdaşlığının dərinləşməsinə, tranzit imkanlarının genişlənməsinə və Xəzər hövzəsinin beynəlxalq enerji sisteminə inteqrasiyasına təkan verdi.
Layihənin əhəmiyyəti bununla da bitmədi. Kəmər Azərbaycanın ixrac infrastrukturunu şaxələndirməklə yanaşı, ölkənin regional iqtisadi əməkdaşlıqda təşəbbüskar mövqeyini də gücləndirdi. Enerji marşrutlarının müxtəlifləşdirilməsi Azərbaycanın ixrac imkanlarını artırdı, tərəfdaş ölkələr üçün yeni iqtisadi perspektivlər açdı və regionun geoiqtisadi əhəmiyyətini yüksəltdi. Sonrakı mərhələdə təbii qazın ixracı Azərbaycanın enerji strategiyasının mühüm istiqamətinə çevrildi. Xüsusilə Cənub Qaz Dəhlizinin yaradılması ölkəmizin beynəlxalq enerji təhlükəsizliyindəki rolunu yeni səviyyəyə yüksəltdi.
2014-cü il sentyabrın 20-də təməli qoyulan Cənub Qaz Dəhlizi dörd əsas komponenti – “Şahdəniz-2” layihəsini, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsini, Trans-Anadolu Boru Kəmərini (TANAP) və Trans-Adriatik Boru Kəmərini (TAP) özündə birləşdirdi. Prezident İlham Əliyevin siyasi iradəsi və tərəfdaş ölkələrlə aparılan ardıcıl danışıqlar nəticəsində reallaşdırılan bu layihə Xəzər qazının Avropa bazarlarına çatdırılmasına imkan yaratdı.
Cənub Qaz Dəhlizi Azərbaycanın iqtisadi diplomatiyasının uğurlu nümunələrindən biridir. Çünki bu layihə təkcə enerji resurslarının daşınmasını təmin etmir. O, eyni zamanda, bir sıra ölkələrin maraqlarını uzlaşdırır, uzunmüddətli investisiyaları təşviq edir və istehsalçı, tranzit və istehlakçı dövlətlər arasında qarşılıqlı iqtisadi asılılıq yaradır. Başqa sözlə, Azərbaycan enerji resurslarını geosiyasi qarşıdurma vasitəsinə deyil, əməkdaşlıq və qarşılıqlı fayda mexanizminə çevirməyə çalışır.
Avropanın enerji təchizatının şaxələndirilməsi, yeni təchizat mənbələrinin yaradılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir. Bu mövqe ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemindəki rolunu genişləndirir, siyasi dialoq üçün əlavə imkanlar yaradır və xarici investorların Azərbaycana marağını artırır.
Çoxşaxəli iqtisadiyyata keçid
Təbii sərvətlərlə zəngin ölkələrin qarşısında dayanan əsas vəzifələrdən biri ehtiyat gəlirlərindən asılılığın azaldılmasıdır. Beynəlxalq təcrübə göstərir ki, təbii ehtiyatlardan əldə olunan gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilmədikdə uzunmüddətli perspektivdə struktur problemləri yaranır. Bu səbəbdən enerji gəlirlərinin qeyri-neft sektoruna, insan kapitalına, müasir texnologiyalara və rəqabətqabiliyyətli istehsala yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın iqtisadi siyasətində də bu istiqamət diqqətdə saxlanılıb. Belə ki, son illərdə sənaye parklarının yaradılması, sahibkarlığın dəstəklənməsi, kənd təsərrüfatının modernləşdirilməsi, nəqliyyat-logistika infrastrukturunun inkişafı, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi və turizm imkanlarının artırılması iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərinə çevrilib. Bu siyasətin məqsədi qeyri-neft sektorunun, sadəcə, ümumi daxili məhsuldakı payını artırmaqdan ibarət deyil. Burada əsas hədəf yeni əlavə dəyər yaradan, ixrac potensialına malik, məhsuldarlığı yüksəldən və beynəlxalq bazarlarda rəqabət aparan istehsal sahələrinin formalaşdırılmasıdır.
Azərbaycanın iqtisadi inkişafının nəticələrini qiymətləndirərkən müəyyən göstəricilərlə yanaşı, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklərə də diqqət yetirmək lazımdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkənin ümumi daxili məhsulu 129,1 milyard manat təşkil edib. Bunun 92,3 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Beləliklə, bu sektorun ÜDM-də payı təxminən 71,5 faizə çatıb. Həmin il qeyri-neft-qaz sektorunda real artım 2,7 faiz, qeyri-neft-qaz sənayesində isə 5,5 faiz olub.
Bu rəqəmlər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə edilən nəticələri göstərməklə yanaşı, qarşıda duran vəzifələri də müəyyənləşdirir. Növbəti mərhələdə iqtisadi siyasətin keyfiyyət göstəriciləri – məhsuldarlıq, texnoloji yenilənmə, ixracın mürəkkəbliyi, yerli istehsalın rəqabət qabiliyyəti və özəl investisiyaların səmərəliliyi daha böyük əhəmiyyət daşıyacaq. Azərbaycanın iqtisadi inkişaf strategiyasının dayanıqlılığı da məhz bu göstəricilərin yaxşılaşdırılmasından asılıdır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















