Icma.az
close
up
RU
Azərbaycanın enerji siyasətinin yeni coğrafiyası Yaxın Şərq

Azərbaycanın enerji siyasətinin yeni coğrafiyası Yaxın Şərq

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Avqustun 2-də daha bir tarixi hadisəyə şahidlik etdik: Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqlinə başlanıldı. Bununla bağlı Kilis şəhərində Azərbaycan, Türkiyə, Suriya və Qətər hökumət nümayəndələrinin iştirakı ilə mərasim keçirildi. Azərbaycan qazı Suriyaya gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik Kilis-Hələb kəməri vasitəsi ilə nəql ediləcək. İlkin mərhələdə 3,4 milyon kubmetr qazın nəqli nəzərdə tutulur. İllik isə 1,2 milyard kubmetr qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına nəql olunacaq və elektrik istehsalı üçün istifadə ediləcək. Bunun sayəsində Suriyada 1200-1300 meqavatlıq elektrik enerjisinin istehsalı hədəflənir. Azərbaycandan ixrac edilən qaz Suriyanın daxili elektrik enerjisi təminatını 2 dəfəyə yaxın yaxşılaşdıra biləcək.

Bu əməkdaşlığın təməli Azərbaycan və Suriya liderlərinin görüşləri zamanı qoyulub. Prezident İlham Əliyevlə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa 2025-ci il aprelin 11-də Antalyada görüşüblər. Dövlət başçısı həmin görüşdə bildirib ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu söyləyib.

Əhməd Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək, energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib. Həmin görüşdə dövlət başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət edib.

Suriya liderinin Azərbaycana işgüzar səfəri iyulun 12-də gerçəkləşdi. Bu görüş zamanı da Əhməd Əl Şaraa Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyini bildirib. Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanaraq bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub.

Səfər çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd yaxın gələcəkdə Azərbaycan təbii qazının Suriyaya ixracını nəzərdə tuturdu.

Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun və Xarici İşlər Nazirliyinin nümayəndələrinin Suriyaya səfəri həyata keçirildi, məqsəd Azərbaycanın bu ölkənin bərpasında oynaya biləcəyi rolu araşdırmaq idi.

Antalyada və Bakıda görüşlərdə əldə edilmiş razılaşmalara uyğun olaraq qısa müddətdə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlandı. Vurğulandığı kimi, bunun Suriyanın enerji təhlükəsizliyinə mühüm töhfəsi olacaq.

Mərasimdə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəqlini ölkəmizin enerji ixracı tarixində mühüm mərhələ adlandırıb, bunun Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyduğunu bildirib. Nazir deyib ki, bununla da Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayı 14-ə çatır: "Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcək".

Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir bu hadisənin birbaşa Suriya xalqının rifahına və elektrik enerjisi ilə davamlı təminatına xidmət göstərəcəyini qeyd edib: "Azərbaycanlı qardaşlarımıza bu dəstəyə görə təşəkkür edirəm. Təbii ki, bu razılaşma hər iki ölkə başçısının sonuncu görüşündən sonra baş tutub".

Ümumiyyətlə, Suriyada hakimiyyət dəyişikliyi ilə Bakı-Dəməşq münasibətlərində yeni səhifə açıldı. Azərbaycan Suriyaya dəstək verən, humanitar yardım göstərən ilk ölkələrdən biri oldu. Bu dəstək ölkəmizin Yaxın Şərq regionunda fəal və etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir. Suriya xalqı uzun illərdir çətinlik içində yaşayır, 2011-ci ildən başlayan vətəndaş müharibəsi çoxsayda insanın ölümünə gətirib çıxarıb, ölkə dağılıb, bütün infrastruktur sıradan çıxıb. Azərbaycanın Suriyaya göstərdiyi dəstək, enerji layihəsi bu ölkədə insanların həyatının yaxşılaşmasına, vəziyyətin normallaşmasına öz töhfəsini verəcək.

Azərbaycan-Suriya əlaqələri eyni zamanda ölkəmizin Yaxın Şərq siyasəyinin bir hissəsidir. Bakı Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi, Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır.

Bu gün Azərbaycanla Suriya arasında yeni istiqamət Azərbaycan qazının Suriya bazarına çıxarılmasıdır. Hazırda Azərbaycan qazı üçün dünyada rəqabət artır, ölkəmiz enerji təhlükəsizliyində mühüm aktora çevrilib. Eyni zamanda, Azərbaycan qazının diversifikasiyası üçün imkanlar genişlənir, təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz qazını ixrac edir. Türkiyəyə ixrac, İraqa ixrac istiqamətimdə potensial imkanlar mövcuddur. Ölkəmiz bu günə kimi 12 dövlətə qaz ixrac edir, onların əksəriyyəti Avropa ölkələridir. Yaxın Şərq isə Azərbaycan üçün artıq yeni coğrafiyadır.

Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həmçinin tranzit ölkə rolunu oynaya bilər. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir. Eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalı kimi qarşısında yeni imkanlar açılır. Azərbaycan Yaxın Şərq regionuna da elektrik enerjisi də ixrac edə bilər.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu mövzu ilə "525"ə bildirib ki, Azərbaycanın Suriyaya qaz ixracına başlaması bir neçə mühüm geosiyasi, enerji və diplomatik kontekstdə şərh oluna bilər. Bu hadisə, təkcə enerji bazarına deyil, həm də Azərbaycanın Yaxın Şərqdəki mövqeyinə və regional vasitəçilik səylərinə yeni çalarlar əlavə edir.

Onun sözlərinə görə, Azərbaycanın Suriyaya qaz satmağa başlaması o deməkdir ki, Bakı artıq təkcə Avropa və Türkiyə üçün deyil, Yaxın Şərq bazarı üçün də enerji təchizatçısına çevrilir. Bu isə ölkənin enerji diplomatiyasında yeni mərhələdir: "Qaz ixracı prosesinin özü həm iqtisadi, həm texniki və təhlükəsizlik, həm də geosiyasi baxımdan perspektivlidir. İqtisadi baxımdan Azərbaycan üçün əlavə qaz bazarının açılması ixracdan gələn gəlirlərin şaxələnməsidir.

Texniki və təhlükəsizlik baxımından Suriyanın infrastrukturu uzun illər müharibədən zərər çəkməsi diqqətə alınmalıdır. Azərbaycanın burada etibarlı tərəfdaş kimi çıxış etməsi həm enerji bərpasına, həm də təhlükəsizlik sahəsində əməkdaşlığa yol aça bilər. Geosiyasi baxımdan isə bu addım Azərbaycanın Suriya ilə münasibətlərində yeni bir mərhələnin başlanğıcı və etimadın formalaşması kimi qiymətləndirilə bilər. Azərbaycanın Yaxın Şərq strategiyası, xüsusilə son illərdə çoxvektorlu diplomatiya üzərində qurulub. Bakı İsraillə yaxın strateji əməkdaşlıq, Türkiyə ilə müttəfiqlik və ərəb dövlətləri ilə iqtisadi-ticarət əlaqələri fonunda balanslı mövqe sərgiləyir. Suriyaya qaz ixracı bu strategiyanın yeni sütunu ola bilər".

Ekspert əlavə edib ki, son günlərdə Azərbaycanın İsrail-Türkiyə və İsrail-Suriya təmaslarına vasitəçilik etməsi, Bakının bölgədə "konfliktlərin aradan qaldırılmasında rolu olan neytral platforma" kimi tanındığını göstərir. Bu baxımdan, Suriyaya qaz ixracı, Azərbaycanın bu ölkə ilə münasibətlərini normallaşdırma istiqamətində konkret addım kimi qəbul edilə bilər və vasitəçilik üçün siyasi kapital yaradır: "İsrail-Suriya dialoqu üçün Bakı, həm etibarlı, həm də maraqlar balansını qoruya bilən bir ölkə kimi görünür. Azərbaycanın İsraillə yüksək səviyyəli əlaqələri və eyni zamanda Suriyaya qaz ixracı, Bakının "ikili etimad" modelini formalaşdırdığını göstərir".

V.Zifəroğlu vurğulayıb ki, Azərbaycanın Suriyaya qaz ixracına başlaması təkcə iqtisadi layihə deyil, həm də regional diplomatiyanın mühüm alətidir: "Bakı Yaxın Şərqdəki mürəkkəb oyunçular arasında neytral vasitəçi, etibarlı təchizatçı və çoxvektorlu siyasət yürüdən aktor kimi çıxış edir. Əgər bu dinamika davam edərsə, Azərbaycan yaxın illərdə Yaxın Şərqdə regional sabitlik və enerji təhlükəsizliyi sahəsində nüfuzlu oyunçuya çevrilə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Avqust 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see255

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see237

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see143

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see124

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see121

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see120

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see119

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see119

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see118

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see117

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see115

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see115

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see113

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see113

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see113

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see112

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see112

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see112

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçiləri III təsnifat mərhələsinin oyunlarına çıxırlar

07 Avqust 2025 08:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri