Azərbaycanın sülh təşəbbüslərinin dəstəklənməsi dövlətimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir RƏY
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Albaniyada keçirilən və dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

“Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərdə iştirak etməsin, müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri öyrənilməsin. Dövlətimizin başçısı təkcə regional məsələlərdə deyil, qlobal proseslər zamanı da qətiyyətli və ədalətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları ilə görüşləri baş tutdu. Diqqət çəkən məqam isə budur ki, görüşlər qarşı tərəflərin istəkləri əsasında gerçəkləşdi. Bu onu göstərir ki, dünyada etibarlı, güvənli və vacib tərəfdaş statusunu qazanan, nəhəng və faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır. İkitərəfli danışıqlarda, xüsusən, Azərbaycanın sülh təşəbbüslərinin təqdir olunması və dəstəklənməsi dövlətimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir”, - deputat bildirib.
Aytəkin Qardaşova


