Icma.az
close
up
RU
Azərbaycanın süni intellekt startapı biznesini Qazaxıstanda inkişaf etdirir MÜSAHİBƏ

Azərbaycanın süni intellekt startapı biznesini Qazaxıstanda inkişaf etdirir MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycanın süni intellekt-startapı “InnMedia” Qazaxıstanda biznesini inkişaf etdirir və pilot layihələr hazırlayır. Şirkət süni intellektdən istifadə etməklə kontentin axtarışı, yoxlanılması, hazırlanması, saxlanılması və yayılması üçün vahid texnoloji ekosistem yaradır. “Astana Hub” və “Google for Startups” çərçivəsində “InnMedia” 100 min dollar məbləğində “Google Cloud” kreditləri əldə edib. Bundan əvvəl şirkət “Microsoft”dan 150 min dollar, “Cloudflare”dən isə 25 min dollar alıb.

“InnMedia” şirkətinin təsisçisi və baş icraçı direktoru Teymur Kuseba AZƏRTAC-a müsahibəsində Qazaxıstan bazarına çıxışın ilk nəticələri, “Silkway Accelerator” proqramında iştirakdan sonra şirkətin strategiyasında baş vermiş dəyişikliklər və Azərbaycan startapının beynəlxalq inkişaf planlarından danışıb.

– “InnMedia”nın Qazaxıstan ekosisteminə yolu necə başladı?

– Hər şey növbəti süni intellekt startapı yaratmaq istəyindən başlamadı. Biz media və gündəlik böyük həcmdə kontent hazırlayan şirkətlərlə çox işləyirdik və təkrar qarşılaşdığımız bir problem gördük. Bir materialın hazırlanması üçün redaksiya və ya korporativ komanda bir-biri ilə əlaqəsi olmayan onlarla alətdən istifadə edir. Bir servisdə məlumat axtarılır, digərində mətn yazılır, üçüncüdə şəkil hazırlanır, tərcümə ayrıca həyata keçirilir, fayllar saxlanılır, material razılaşdırılır və müxtəlif kanallar vasitəsilə yayılır. Biz bütün bu prosesi vahid sistemdə birləşdirmək qərarına gəldik. “InnMedia” belə yarandı.

Əvvəlcə məhsulu bazarı, dili, media mühitini və müştərilərin xüsusiyyətlərini yaxşı bildiyimiz Azərbaycanda inkişaf etdirirdik. Lakin qısa müddətdə aydın oldu ki, həll etdiyimiz problem yalnız bir ölkə ilə məhdudlaşmır.

“InnMedia” çoxlu sayda və müntəzəm olaraq kontentlə işləyən şirkətlər üçün vahid platformadır. O, informasiya səbəbinin yaranmasından hazır materialın hazırlanmasına qədər bütün prosesi həyata keçirməyə imkan verir.

Sistem məlumatı tapır və təhlil edir, mənbələri yoxlayır, mətn hazırlayır, onu tərcümə edir, şəkil, audio və ya video yaradır, materialları saxlayır, saytda və ya sosial şəbəkələrdə dərc edə bilir. Əslində, biz “Ford”un uğurunu təkrarladıq – axtarış, yoxlama, kontentin hazırlanması, idarə olunması, saxlanılması, qorunması və yayılması üçün konveyer tipli ekosistem qururuq.

– Qazaxıstana səfərinizdən hansı gözləntiləriniz var və bu sahədə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın hansı perspektivlərini görürsünüz?

– Biz “deeptech AI” startaplarının etdiyi klassik səhvə yol vermişdik. Düşünürdük ki, güclü məhsulu, çoxsaylı funksiyaları və texnoloji arxitekturanı göstərmək kifayətdir və müştəri dərhal onun dəyərini anlayacaq.

Görüşlərə gəlir, süni intellekt, avtomatlaşdırma, GEO optimallaşdırılması, SEO-nun artıq keçmişdə qalması (Search Engine Optimization – axtarış sistemləri üçün optimallaşdırma, saytı təkmilləşdirmək üçün tədbirlər kompleksi – red.), çoxdillilik, şəkil, video və audio generasiyası, məlumatların saxlanılması, təhlükəsizlik və distribusiya haqqında danışırdıq.

İnsanlar həqiqətən də maraqlanırdılar. Bizə “Bu, çox maraqlıdır”, “Bu, güclü texnologiyadır”, “Texniki inteqrasiyanı müzakirə edək” deyirdilər. Lakin görüşlərdən sonra daxili komanda ilə müzakirələr aparılır və heç nə baş vermirdi. Çoxlu isti söhbətlərimiz, amma çox az real növbəti addımlarımız olurdu.

Problem sadə insan qorxusu və bizim bu qorxu ilə necə işləməyimiz idi.

Biz bir görüş ərzində bütün platformanı göstərməyə çalışırdıq. Bizə elə gəlirdi ki, müştəri nə qədər çox imkan görsə, sövdələşmənin baş tutma ehtimalı da bir o qədər yüksək olar. Praktikada isə əksinə baş verirdi.

Biznes sahibi üçün fayda aydın idi. Lakin komanda ilə danışmağa başlayanda əməkdaş çoxsaylı funksiyalar görür və iş yerində öz mövqeyinə görə narahat olmağa başlayırdı.

Biz sahibkara deyirdik: “Kontent üçün lazım olan hər şey bizdə var”. O isə bunu belə anlayırdı: “Bu, sürətlə tətbiq edilə bilən, miqyaslana bilən ekosistemdir, vəsaitə qənaət etmək mümkündür, komanda daha sürətli və səmərəli işləyəcək, bir çox risk azalacaq və nəticələri artıq ilk ayda görmək mümkün olacaq”.

Əməkdaşlar isə bunu belə eşidirdi: “Artıq bizə ehtiyac yoxdur, bizi süni intellekt əvəz edəcək”. Bu, bizim üçün mühüm dərs oldu.

– Məhz bu problemlə “Silkway Accelerator” proqramına müraciət etdiniz?

– Bəli. Biz akseleratora işlək məhsul, təcrübə və çox geniş baxışla gəlmişdik. Lakin bütün bunları aydın və miqyaslana bilən biznes modelinə çevirmək lazım idi.

“Silkway Accelerator” çox qısa müddətdə bazarın sadəcə texnologiyanı görməsinin kifayət etməsi ilə bağlı illüziyamızı dağıtdı. Bizə sadə, lakin narahatlıq yaradan suallar verməyə başladılar. Müştərinin komandası niyə sizin texnologiyanızın tətbiqinə sevinməlidir? Əməkdaşlar niyə ixtisar olunmaqdan qorxmamalıdır? Kontent yaradıcıları niyə sizin texnologiyanızdan istifadə etmək istəməlidirlər?

Bir məqamda başa düşdük ki, bazarla kommunikasiyamızı demək olar ki, yenidən qurmalı olacağıq.

– Akselerasiyadan sonra nə dəyişdi?

– Söhbətə “biz hər şeyi necə gözəl və sürətli avtomatlaşdırırıq” sözləri ilə başlamağı dayandırdıq. Bunun əvəzinə konkret insanın konkret probleminə və həmin problemi onun yerinə keçmədən, işini asanlaşdırmaqla necə həll etdiyimizə diqqət yetirməyə başladıq.

Məsələn, əməkdaş bir materialın hazırlanmasına neçə saat sərf edir? Razılaşdırma nə qədər vaxt aparır? Əməkdaş eyni anda neçə ayrı servis, pəncərə və alətdən istifadə etməlidir? Kontent nə qədər tez-tez itir, təkrarlanır və ya gec dərc olunur?

Məhsulun özü isə kiçilmədi. Sadəcə, başlanğıc nöqtəsi dəyişdi. Müştərinin ilk gündən bütün ekosistemdən istifadə etməsi vacib deyil. O, bir prosesdən başlayıb, nəticəni görərək və daha sonra digər imkanları mərhələli şəkildə əlavə edə bilər.

– “Google for Startups”ın dəstəyi şirkət üçün nə deməkdir?

– Biz 100 min dollar məbləğində “Google Cloud” kreditləri əldə etmişik. Bunu düzgün izah etmək vacibdir: söhbət pul investisiyasından və ya şirkətdə pay əldə edilməsindən getmir. Bunlar infrastruktur və “Google Cloud” xidmətlərinin ödənilməsi üçün istifadə edə biləcəyimiz texnoloji resurslardır.

“AI startapı” üçün bulud infrastrukturu inkişafın əsas resurslarından biridir.

Platformamızdakı hər bir əməliyyat hesablama resursları tələb edir: mənbələrin təhlili, dil modelləri ilə iş, faylların emalı, materialların generasiyası, məlumatların saxlanılması, tərcümə, şəkillərin yaradılması və digər proseslər.

“Google for Startups”ın dəstəyi mühüm təcrübələrə qənaət etməməyə, yeni “Google Cloud” həllərini sınaqdan keçirməyə, yükü artırmağa və arxitekturanı miqyaslanmaya hazırlamağa imkan verir.

– Bu 100 min dolları akselerasiyanın əsas nəticəsi hesab etmək olarmı?

– Bu, akselerasiya zamanı əldə etdiyimiz mühüm və konkret nəticədir. Belə bir imkana görə “Astana Hub”a və “Google for Startups”a həqiqətən minnətdarıq.

Lakin mən proqramın dəyərini yalnız kreditlərlə məhdudlaşdırmazdım. “Google Cloud”da 100 min dollarlıq kredit bizə texnoloji resurs verir. Bundan əvvəl “Microsoft”dan 150 min dollar, “Cloudflare”dən isə 25 min dollar əldə etmişdik. Akselerasiya isə bizə biznesin özünə tənqidi yanaşmaq imkanı verdi.

İnfrastrukturu almaq mümkündür. Komandanın düşüncə tərzini dəyişmək, işləməyən hipotezlərdən daha tez imtina etməyi öyrənmək və məhsula maraqla onun üçün ödəniş etməyə hazır olmağı bir-birindən fərqləndirmək isə daha çətindir.

– Beynəlxalq ekspansiya üçün nə üçün məhz Qazaxıstanı seçdiniz?

– Qazaxıstan hazırda Mərkəzi Asiyada texnoloji sahibkarlar üçün əsas cəlbedicilik mərkəzlərindən biridir. Bizim ekspansiyamız da Mərkəzi Asiya və Türkiyə bazarlarından başlayır. Lakin bizim üçün vacib olan yalnız startap ekosistemi deyil. Qazaxıstan iri şirkətlərin, inkişaf etmiş media, fintex, telekommunikasiya, marketpleyslərin və gündəlik böyük həcmdə kontent istehsal edən çoxsaylı bizneslərin olduğu bazardır.

Ona görə də biz Qazaxıstana sadəcə növbəti satış bazarı kimi baxmırıq. Bura “InnMedia”nın uğurlu regional həll olmaqdan beynəlxalq texnologiya şirkətinə çevrilə biləcəyini sübut etməli olduğu məkandır.

– Qazaxıstanda özünüzü xarici startap kimi hiss edirsinizmi?

– Formal olaraq biz Azərbaycan startapıyıq. Mənşəyimizlə fəxr edirik və ilk təcrübəmiz məhz Azərbaycanda formalaşıb. Biz sadəcə hazır məhsulu Qazaxıstana satan Azərbaycan startapı olmaq istəmirik. Biz yerli tərəfdaşlar, müştərilər və mütəxəssislərlə birlikdə regional şirkət qurmaq istəyirik.

Artıq “InnMedia”nı Azərbaycanda yaranmış və inkişafının mühüm mərhələlərindən birini Qazaxıstanda keçən Mərkəzi Avrasiya startapı adlandırmaq daha doğrudur.

Bazarı fəth etmək mümkün deyil, onun yalnız etimadını qazanmaq olar. Yeni ölkəyə “Bizim əla texnologiyamız var, ona görə də indi hamı onu almalıdır” düşüncəsi ilə gəlmək olmaz. İnsanları dinləmək, uyğunlaşmaq, öz dəyərini sübut etmək və biznes haqqında formalaşmış təsəvvürünü bir neçə dəfə dəyişməyə hazır olmaq lazımdır.

Biz Qazaxıstana məhsulu miqyaslandırmaq üçün gəlmişik. Lakin nəticədə Qazaxıstan özümüzü – düşüncə tərzimizi, ambisiyalarımızın səviyyəsini və “InnMedia”nın hansı şirkətə çevrilməli olduğu barədə təsəvvürümüzü – miqyaslandırmağa başladı.

Müəllif – Pərvanə Qafarova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri