Icma.az
close
up
RU
Babamın dişi İkinci Mahmudun hekayəsi

Babamın dişi İkinci Mahmudun hekayəsi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün mərhum yazıçı İkinci Mahmudun anım günüdür.

Kulis.az onun “Babamın dişi” hekayəsini təqdim edir.

(Babam Ağakişioğlu Mahmudun və Rezo
Çxeidzenin əziz xatirəsinə ithaf edirəm…)

Babam iliyinə qədər kommunist idi və son nəfəsinədək öz ideyalarına sadiq qaldı. Bir də görürdün, əlini əlinə vurub kiminsə qarasınca deyinir: “Sən bunların xoruzlanmaqlarına bax! Bu gədə-güdələr, Stalini özü bir yana, bığını görsəydilər, siçan deşiyini satın alardılar. Stalinin bığı tərpənəndə adam ölürdü, bala!” Sonra da elə söyüşlər söyürdü ki, yazmağa üzüm gəlmir. Məni gülmək tuturdu. Babamın gülən adamlardan zəhləsi gedirdi, deyirdi, a bala, gülmə, ocağımıza gülmək düşmür.

Rəhmətlik dünyanın hər üzünü görmüşdü. Zarafat deyil, üç hökumət yola salmışdı: Çar Rusiyası, Azərbaycan Demokratik Cümhuriyyəti və Sovet İmperiyası. Cümhuriyyət dövründən heç nə danışmazdı, bircə ingilislərlə bağlı hansısa bir əhvalatdan başqa. Düzü, nə əhvalat idi, xatırlamıram.

Müstəqilliyin ilk illərində İsgəndər Həmidov Aztv-nin canlı efirinə soxulub “Tüpürüm sizə də, demokratiyanıza da!” deyəndə kişi yamanca gülmüşdü, elə bilmişdi, gülməli tamaşa verirlər. Nə qədər eləmişdilərsə, bunun tamaşa olmadığına kişini inandıra bilməmişdilər.
Yaşı yüzü haqlamışdı. Deyirdilər, Tovuzdan bu yana bu yaşda adam yoxdur. Bu xəbərə əvvəlcə sevinmiş, sonra kədərlənmişdi.

30-cu illərin aclığı gözünü elə qorxutmuşdu ki, evdə un yeşiyində un azalanda gecəni yata bilmirdi. Gündə, azı, üç dəfə çəliyini un yeşiyinə soxub unun səviyyəsini diqqətlə yoxlayırdı. Anam da elə bilirdi ki, un yeşiyinə siçan dadanıb.

Danışırdı ki, aclıq illərində xırmanda dən sovururduq, dənin içində eşələnəndə şalvarımızın yamağına dən dolurdu, evə gələndə anam o dənləri yığıb üyüdürdü, az-çox qarnımız doyurdu. Çox vaxt bilərəkdən dənin içinə yıxılırdıq ki, cibimizə bir az dən dolsun. Oğurluq ağlımıza da gəlməzdi.

Özünün yalançısıyam, Böyük Vətən müharibəsində top komandiri olmuşdu. Kefi kök olanda müharibə macəralarını danışırdı. Hamısını əzbər bilirdik, amma axıra kimi dinləyirdik. Bəzən də mən cığallıq eləyirdim: kişidən cəld tərpənib tez-tələsik əhvalatın axırı danışırdım, yaman dilxor olurdu. Deyirdi, 9 rus topunu “nemes”lərə öz əlimlə təhvil vermişəm. Bir də deyirdi ki, qələbəni Amerika konservləri qazandı, Amerika olmasaydı, rus bir pox yeyə bilməzdi. Hə, lap elə beləcə də deyirdi…

Xeyli orden-medalı var idi. Toya-yasa çıxanda “Valadarski fabrik”in buraxdığı pencəyinin yaxasına düzərdi. Müharibə iştirakçısı olmağı ilə fəxr edirdi. Bir dəfə zarafatla dedim ki, a kişi, bax, niyə almanlara güllə atırdın?! Almanlar buranı alsaydılar, indi yağ içində böyrək kimi yaşayırdıq. Rəhmətlik biraz fikrə getdi, sonra dedi ki, a bala, səndən adam olmayacaq! Bir- iki həftə məni danışdırmadı.
Deyirdi, a bala, ümid yaxşı şeydi. Kerçdə almanlar təpəmizə bomba yağdıranda başımızı yağtikan kolunun dalına soxurduq. Sonra da özü öz sözünə gülürdü. Mən də zarafat edirdim: “Ay baba, gülmə, ocağımıza gülmək düşmür”.

Xülasə, bu yaşdan sonra bu adamı daha heç nə təəccübləndirə bilməzdi. Oturub ölümünü gözləyirdi, hərdən Allahdan gileylənirdi ki, bilmirəm, məni niyə saxlayır, mən çoxdan ölməliydim. Amma bir balaca nasazlayan kimi özünə qurban deyərdi. Biz də buna gülərdik. Sonra tez yadımıza düşərdi ki, ocağımıza gülmək düşmür.
Babam həyatla haqq-hesabı çoxdan kəsmişdi, həyata marağı özündən qabaq ölmüşdü. Onu heç nə maraqlandırmırdı, bircə dişdən başqa...

Mən gözümü açandan kişinin ağzında diş görməmişdim, dişləri çoxdan tökülmüşdü. Protez dişlər dəbə düşəndə isə artıq damaqları bərkiyib sümük kimi olmuşdu deyə, dişə ehtiyac qalmamışdı.

Bir dəfə gördüm ki, babam körpə uşaq kimi əlini ağzına salıb nə isə axtarır. Məni görəndə yaxına çağırdı. Dedi, institutda oxuyursan, az-çox başın işləyir. Deyirlər, adamın yüz yaşı tamam olanda uşaq kimi təzə dişləri çıxır, bu gerçəkdimi? Bir söz deyə bilmədim.

Get-gedə diş məsələsinə marağı yaman artırdı. Kimi görsə, soruşurdu: “A bala, deyirlər, adamın yaşı yüzü keçəndə uşaq kimi təzə diş çıxarır, gerçəkdimi?” Hərə bir söz deyirdi.

Xəlvətə düşən kimi əlini ağzına soxub diqqətlə yoxlayırdı ki, görsün diş çıxır, ya yox. Hər dəfə də məyus olurdu: “Əşşi, andıra qalsın, diş nə gəzir!” Rəhmətlik diş məsələsinə elə ciddi yanaşırdı ki, biz gülməyə cəsarət edə bilmirdik. Onsuz da ocağımıza gülmək düşmürdü...

Allaha-peyğəmbərə bir o qədər də inanan adam deyildi. Bircə şeyə inanırdı: “Heç kimin haqqını kəsmək olmaz!” Bir dəfə dedim ki, baba, dünya görmüş adamsan, bir tutarlı söz de, orda-burda danışım, özümə hörmət qazanım. Dedi, nə deyim, a bala, oğru da Allahı çağırır, mal yiyəsi də. Hərənin öz Allahı var.

106 yaşında ölüm yatağına düşdü. Bir balaca özündə təpər tapan kimi, əlini ağzına salıb dişlərini yoxlayırdı. Diş isə çıxmaq bilmirdi. Ümidini itirməmişdi. Bizi də inandırmışdı. Hərdən mənə elə gəlirdi ki, dişi çıxmamış, babam Əzrayıla can verən deyil.

Babam uzun müddət PartKom işləmişdi. Kənddə deyirdilər ki, kişinin qızıl onluqları olmamış olmaz, qılıqla, yerini öyrən, xırda-xırda xərclə getsin.
Ölümünə bir gün qalmış məni yanına çağırdı. Dedim, yəqin, qızılların yerini deyəcək. Dedi, a bala, adımı sənə qoymuşam. Bircə sənə inanıram, mən öləcəm. Sənə iki vəsiyyətim var: birinci, çalış, baş daşım biraz yekə olsun, özü də qara mərmərdən. İkinci də, yas halvamı mənsil yağından çaldır, “Teksun”a-meksuna umud olma! Sonra dedi: “Əlimdən tut, heç yerə getmə, darıxıram”. Amma bu “darıxıram” nəsə “qorxuram” kimi çıxdı...

Bir gün sonra babam haqqa qovuşdu. Eşidib gələnlər gülə-gülə mənə baş sağlığı verdilər: “A bala, kaş hamı o yaşda ölsün.” Fikrim dişin yanında idi, heyfsilənirdim ki, kişi o dünyaya dişsiz getdi...

Kəndimizdə məscid yox idi, hərə öz ölüsünü öz həyətində yuyurdu. Babamın yüyət yerini evin arxasında hazırladıq. Molla H. səhər o başdan işə başladı. Evin qabağında isə xeyli adam toplaşmışdı. Gözləyirdilər ki, molla kişini kəfənləsin, aparıb dəfn eləsinlər.

Biraz sonra molla H. evin böyründən bizi səslədi:
- A cavannar, biriniz bura gəlin, görüm!
Heç kim tərpənmədi, elə mən də tələsmədim. Bu molla çox təhlükəli adam idi. Bir dəfə başqa bir yas yerində, indi olduğu kimi, düz həyətin ortasında dayanıb demişdi:
- A cavannar, bir qoluzorlu adam lazımdı, biriniz bəri gəlin!
Kəndin cavanları sinələrini irəli vermişdilər. Molla da içlərindən bir qoluqüvvətlisini seçib tapşırıq vermişdi:
-A bala, yeri o aftafanı götür, isti su doldur, dalımca tualetə gətir.

Ona görə də bu dəfə heç kim tərpənmədi. Özüm irəli çıxası oldum. İşarə elədi ki, yüyət yerinə gedim. Getdim. Babamı yuyub qurtarmışdı, bircə kəfənləmək qalırdı. Dedi, bala, kömək elə, rəhmətliyi bu yana çəkək, kəfənləyim, vaxt gedir.
Babamın cansız bədənini ağ parçanın üstünə qoyduq. Qayıtmağa tələsmədim. Fikrim bir-iki il uzağa getdi...

Babam üzündə tük saxlamazdı. Günaşırı taraş etdirərdi. Adətən, bunu mən edirdim. Özü də bağırovsayağı bığ saxlayırdı, burnunun altında, bir damcı, sədəf boyda. Hər dəfə o bığın yan-yörəsini səliqəyə salmağa ərinirdim. Amma əvvəldən bərk-bərk tapşırardı ki, bığıma dəymə! Bir dəfə necə oldusa, əlim yanıldı, bığları verdim güdaza. Kişi bərk dilxor oldu. Məni o ki var, danladı. Mən güldüm. Dedi ki, gülmə, ocağımıza gülmək düşmür.

Molla babamın bığlarını qırxmışdı. İndi bu hadisə yadıma düşəndə gülmək tutdu məni. Amma özümü saxladım. Molla isə öz işində idi. Ağ parça ilə cəsədin çənəsini bağlayırdı. Birdən dayandı, qəribə bir intonasiya ilə öz-özünə dedi:
- Ayə, ayə! Rəhmətlik təzə diş çıxarırmış!

Baxdım, doğrudan da, alt çənəsində ağappaq, iki dənə incə diş çıxmışdı. Bu dəfə bərkdən güldüm. Birdən mənə elə gəldi ki, indi bu dəqiqə babam durub deyəcək:
- A bala, gülmə, ocağımıza gülmək düşmür!

“Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” - Yeni layihə "Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi "Sənət əsərlərindən təkbaşına zövq almaq təbiətimizə uyğun deyil..." - Nobel mükafatçısından sitatlar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 İyul 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri