Bakıda evlərin qiyməti rekord qırır: Çıxış yolu nədir?
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) Azərbaycanda ilkin və təkrar bazarda mənzil qiymətləri 46 % artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri artmaqda davam edir:
"2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meyilləri müşahidə edilib".
Hesabatda qeyd edilir ki, bu ilin I yarısında tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır.
Son dövrlərdə bu tendensiya daha da güclənmiş və bazar aktivliyinin yüksəlməsinə səbəb olub. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub.
Hesabatda bildirilir ki, ümumilikdə, investisiya axınlarının bərpası, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri, o cümlədən Prezident Sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksək qalacağı gözlənilir".
Qeyd edək ki, ölkədə evsiz insanların sayı kifayət qədərdir. Sənədsiz evlərin isə sənədləşdirilməsi prosesinə hələ ki, başlanılmayıb. Evlər isə bahalaşmaqda davam edir.
Belə olduğu təqdirdə bu bahalaşma nə qədər davam edəcək?
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Cebheinfo.az"-a bildirib ki, hazırkı vəziyyətdə 2020-ci ildən indiyədək əvvəlki qədər inşaat işləri getmir:

"Çünki tikinti şirkətləri əksər ərazilərdə inşaat işləri apara bilmirlər. Həm yeni qaydalar ona imkan vermir, digər tərəfdən də torpaq sahələrinin baha olması tikinti xərclərini artırır. Qiymətlərin baha olması səbəbindən artıq əsas tikinti şirkətləri gözləmə mövqeyindədirlər, bina tikmirlər.
Eyni zamanda, əksər tikinti işləri pilot layihələr kimi layihələr üzərindən aparılır. Yəni evləri söküb, yerində tikirlər. Sakinlərlə üzləşdikləri problemlər, məhkəmə çəkişmələri də artıq inşaat işlərinin dayanmasına gətirib çıxarır.
Daşınmaz əmlak bazarında qiymət artımının səbəbləri müxtəlifdir. Həmçinin qiymət artımı ilə bağlı xüsusən də son 6 ay ərzində Bakıda başlayan söküntü işləri, yəni dövlət ehtiyacları üçün torpaqların alınması prosesində vətəndaşlara nağd vəsaitlər verilir. Bu zaman əmlak bazarına müştəri axını olur.
Beləliklə, müştəri axını olduqca tələbatla yanaşı qiymət də artır. Ancaq hələ ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesinə start verilməyib. Əgər start verilərsə, xüsusən də ucuz həyət evləri çıxarışla təmin olunarsa, o zaman əmlak bazarına 10 minlərlə ucuz əmlak daxil olmuş olacaq. Bu da bir rəqabət yaradacaq. Rəqabət nəticəsində həyət evlərinin qiymətində stabilləşmə olacaq.
Çünki son illər satılan evlərin əksəriyyəti müxtəlif növ kredit şərtləri ilə satılır, sənəd olmayan evlər kreditlə satıla bilmir. Ancaq onlara çıxarış verilsə, artıq bazara ipoteka predmetinə yararlı, kütləvi əmlaklar daxil olacaq. Bu da aztəminatlı ailələrin ev problemini aradan qaldırar. Nəinki qiymət artımı yaranar".
Ekspertin sözlərinə görə, hazırda daşınmaz əmlak bazarında bahalaşma var:
"Əgər sənədsiz evlərə çıxarışlar verilərsə, bu halda qiymətlərdə ən azından stabilləşmə ola bilər. Kütləvi şəkildə sənəd verilməsi qiymət artımına gətirib çıxarmayacaq. Bazara kütləvi halda sənədli evlərin daxil olmasına gətirib çıxaracaq.
Hazırda bahalığın səbəbi odur ki, bazarda müştəri çoxdur, satışda evlər azdır. Olan evlərin də qiymətləri bahadır. Tikinti şirkətlərinin satdığı evlər vətəndaşların büdcəsinə uyğun deyil. Sənədləşmə prosesinin reallaşması uzanarsa, təbii ki, bahalaşma davam edəcək.
Tikinti şirkətləri əvvəlki qədər bina tikmirlər. Əgər 5-10 il bundan əvvəlki qədər evlər tikilsəydi bu əmlak bazarında tikinti şirkətləri arasında bir rəqabət yaradacaq. Rəqabət olsa qiymətlərdə də enmələr ola bilər.
Çünki bu gün barmaqla sayılacaq qədər şirkətlər binaları tikirlər. Onların da heç bir rəqabəti olmadığına görə, monopoliya yaradıb istədiyi qiymətə satırlar".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: evlər qiymət Elnur Fərzəliyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


