Bakıda qıfıl sirri: Sevgi rəmzi, yoxsa təhlükəli mövhumat?
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda su kanallarından birində növbəti dəfə mistik inanclarla əlaqələndirilən çoxsaylı qıfıllar aşkarlanıb.
Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir kişi tapdığı onlarla qıfılı nümayiş etdirib və bu fakt geniş müzakirələrə səbəb olub.
Xalq arasında formalaşmış inanclara görə, qıfıl insanın qismətinin, yolunun və ya münasibətlərinin “bağlanmasını” simvolizə edən vasitə kimi qəbul edilir. Zaman dəyişsə də, qədim dövrlərdən gələn bu inanclar cəmiyyətdə hələ də aktual olaraq qalır. Bəzi şəxslər qıfıl atmaqla kiməsə zərər verməyin və ya müəyyən arzuların reallaşmasının mümkün olduğuna inanırlar.
Xatırladaq ki, bir müddət əvvəl Xəzər dənizində lentə alınan oxşar görüntülər də ictimaiyyətdə təəccüb doğurmuşdu. Dəniz suyunun çəkilməsi nəticəsində cadu məqsədilə atıldığı iddia olunan çoxsaylı qıfıllar üzə çıxmışdı.
Dünyada qıfıl ənənəsi: sevgi rəmzi, yoxsa xurafat?
Qeyd edək ki, qıfıl atmaq və ya qıfıl bağlamaq ənənəsi təkcə Azərbaycana xas deyil. Bir sıra ölkələrdə bu davranış mistik zərərvermə yox, simvolik və romantik anlam daşıyır.
Məsələn, Fransada Paris şəhərində Sena çayı üzərində yerləşən məşhur Pont des Arts körpüsündə illər boyu cütlüklər sevgilərinin əbədi olması niyyəti ilə qıfıllar bağlayıb, açarlarını çaya atıblar. Lakin qıfılların körpüyə ciddi zərər vurması səbəbindən 2015-ci ildən sonra bu ənənə rəsmi şəkildə qadağan edilib və qıfıllar sökülüb.
Almaniyada Köln şəhərindəki Hohenzollern körpüsündə isə minlərlə qıfıl bu gün də qalmaqdadır. Burada qıfıllar mistik yox, romantik jest kimi qəbul olunur.
Oxşar ənənə Cənubi Koreyada da mövcuddur. Seul şəhərində yerləşən Namsan Qülləsi ətrafında turistlər və gənc cütlüklər sevgilərinin rəmzi olaraq qıfılları xüsusi ayrılmış yerlərə bağlayırlar.
İtaliyada isə Romada və Florensiyada körpülərə bağlanan qıfıllar tarixi abidələrə zərər vurduğu üçün sonradan yığışdırılıb.
Mütəxəssislərin fikrincə, əsas fərq ondadır ki, Avropa və Asiyanın bəzi ölkələrində qıfıl sevgi və romantika simvolu kimi qəbul edildiyi halda, Azərbaycanda qıfılların suya atılması daha çox cadu, qismət bağlama və kiməsə zərər vermək niyyəti ilə əlaqələndirilir.
“Bu, psixoloji sağlamlıq problemidir”
Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında sosial psixoloq Naib Niftəliyev bildirib ki, bu cür hallar cəmiyyətdə ciddi problem olaraq qalır:

““Cəmiyyətimizdə mistikaya, cadugarlığa və bu kimi bəd əməllərə böyük inam var. Bəziləri bu yolla xoşbəxtlik tapmağa çalışır. Bu cür düşüncəli adamlar çoxdur və onlar problemlərini falçılar, cadugərlər, ekstrasenslər vasitəsilə həll etməyə çalışan aciz, zəif və psixoloji durumu yerində olmayan insanlardır. Belə görünür ki, bizim cəmiyyətdə psixoloji sağlamlıq problemi çox böyük problem olaraq qalır. Hətta bu, sosioloji dinamikaya, insanların davranışına və fəaliyyətinə də əhəmiyyətli şəkildə təsir edir. Mən peşəkar sosiol psixoloq, tədqiqatçı kimi bu məsələləri həm hüquqi, həm siyasi, həm də ictimai rəy baxımından dəfələrlə araşdırmışam və belə başa düşürəm ki, hətta bizim intellektual ziyalılarımızın əhəmiyyətli bir qismi (ad çəkməyəcəyəm), məşhurlar və vəzifəli şəxslərin müəyyən bir hissəsi belə ekstrasenslərin ətrafındadır. Biz demirik ki, bu məsələlər realdır ya deyil. Bu, müzakirənin başqa bir tərəfidir. Amma insan öz sağlam düşüncəsini, etiqadını, inamını, mənəviyyatını və dəyərlərini kənara qoyub caduya, mistikaya, tilsimə, şeytani əməllərə inanırsa, o insanın həm psixikasında, həm də sağlamlığında ciddi problemlər var. Bu məsələlərin aradan qaldırılması üçün cəmiyyətə sosial, profilaktik, önləyici tədbirlər görülməlidir. Düzdür, belə hallar həmişə olub, olur və olacaq, amma bu qədər kütləvi hal alması cəmiyyət üçün heç də normal göstərici deyil”.
“Dinin bununla heç bir əlaqəsi yoxdur”
İlahiyyatçı Elşad Miri isə bildirib ki, bu cür davranışların dinlə əlaqəsi yoxdur:

“Bəzi ölkələrdə qıfıl sevgi rəmzi kimi qəbul edilir. Amma istənilən halda bu, nə dinidir, nə də doğru yanaşmadır. Bunlar xurafat və mövhumatdır. Din insanı ağıllı olmağa çağırır. Əgər qıfılla kiməsə zərər vermək mümkün olsaydı, biz milyonlarla qıfıl ataraq bütün problemləri həll edərdik”.
Beləliklə, mütəxəssislər bu cür inancların kütləvi xarakter almasını cəmiyyət üçün narahatedici tendensiya kimi qiymətləndirir və maarifləndirmənin vacibliyini vurğulayırlar.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 15 Yanvar 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















