Bakıda Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu keçirilir
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunda Müdafiə Nazirliyi və digər dövlət qurumlarının, eləcə də qardaş ölkələr - Türkiyə və Pakistandan olan nümayəndələrin iştirakı ilə “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu" keçirilir.
Metbuat.az xəbər verir ki, kursun ilk günündə MMU rektoru general-mayor Gündüz Əbdülov dinləyicilərlə görüşüb, Müdafiə Nazirliyinin rəhbərliyi, eləcə də öz adından onları təbrik edib və tədrisdə uğurlar arzulayıb.
MMU rektoru akademik kursda iştirak edən türkiyəli və pakistanlı dinləyiciləri də salamlayaraq, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirib, bu müttəfiqliyin hər üç ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalara toxunub.
General-mayor G.Əbdülov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzun hərbi təhsil sistemində qabaqcıl dünya təcrübəsinə və milli hərbi-strateji maraqlara əsaslanan yeniliklərin tətbiq olunduğunu, belə kursların zabitlərin peşəkarlığının artırılmasında mühüm rol oynadığını əminliklə bildirib. Rektor, həmçinin keçirilən kursun Müdafiə Nazirliyinin digər dövlət qurumları ilə qarşılıqlı əlaqələrinin güclənməsinə və birgə fəaliyyətlərinin təkmilləşdirilməsinə töhfə verəcəyini xüsusi vurğulayıb.
Qeyd edək ki, dinləyicilərə tədris müddətində beynəlxalq münasibətlərin, qlobal təhlükəsizliyin, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mühazirələr oxunacaq, qrup çalışmaları və praktiki təcrübələr keçiriləcək.


