Bakıdan mühüm yenilik: Neft və qazla bağlı vəziyyət dəyişir
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son dövrlər Azərbaycanın regionda enerji təchizatçısı kimi artan rolu və qaz ixracının coğrafiyasının genişlənməsi beynəlxalq gündəmdə xüsusi diqqət çəkir. Enerji təhlükəsizliyi, qaz dəhlizlərinin strateji əhəmiyyəti və bərpaolunan enerji ilə paralel inkişaf məsələləri fonunda Azərbaycanın yürütdüyü enerji siyasəti regional iqtisadi artım baxımından mühüm amil kimi dəyərləndirilir.
Təsadüfi deyil ki, məsələ Prezident İlham Əliyevin də gündəmindədir. Belə ki, o, yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu haqda ətraflı məlumat verib.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, son dövrlərdə qlobal enerji sistemində baş verən struktur dəyişikliklər fonunda Azərbaycanın enerji siyasəti regional çərçivəni aşaraq daha geniş geosiyasi məna kəsb etməyə başlayıb:
“Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə enerji məsələləri ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın artıq yalnız resurs ixrac edən ölkə deyil, eyni zamanda regional və qlobal enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən strateji aktor olduğunu aydın şəkildə nümayiş etdirir. Bu yanaşma daxili inkişaf prioritetləri ilə beynəlxalq öhdəliklər arasında balansı təmin edən rasional enerji modelinə əsaslanır.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın enerji strategiyasının əsas fərqləndirici xüsusiyyətlərindən biri onun çoxşaxəli və uyğunlaşan xarakter daşımasıdır. Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənməsi də heç də təsadüfi proses deyil. Bu uzunmüddətli planlaşdırma, məqsədyönlü infrastruktur yatırımları və yüksək siyasi etibarlılıq üzərində qurulmuş sistemli siyasətin nəticəsidir. Hazırda bir neçə regional enerji bazarını eyni vaxtda təchiz edən ölkələrin sayı kifayət qədər məhduddur. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan yalnız fiziki təchizatçı kimi deyil, həm də enerji marşrutlarının təhlükəsizliyinə və dayanıqlılığına töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir. Sözügedən modelin mühüm üstünlüklərindən biri çevik tələbat mexanizminin mövcudluğudur”.
Politoloq bildirib ki, enerji ixracı əvvəlcədən müəyyən edilmiş sərt həcmlər əsasında deyil, bazar reallıqları və tərəfdaş ölkələrin real ehtiyacları nəzərə alınmaqla tənzimlənir:
“Belə yanaşma Azərbaycanın qlobal enerji bazarlarında müşahidə olunan dəyişkənliklərə qarşı daha davamlı mövqe nümayiş etdirməsinə, eyni zamanda enerji amilinin siyasi təzyiq alətinə çevrilməsi risklərini minimuma endirməsinə imkan yaradır.
Azərbaycanın enerji siyasətində bərpaolunan enerji mənbələrinə verilən prioritet isə xüsusilə diqqətə layiqdir. Klassik enerji istehsalçısı kimi Azərbaycan, qaz və neft resurslarından imtina etmir, əksinə, onları uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsinə çevirir. Günəş və külək enerjisi layihələrinə qoyulan investisiyalar isə daxili istehlakda qazdan asılılığı azaltmaqla yanaşı, ixrac potensialının genişlənməsinə şərait yaradır. Bu balanslaşdırılmış yanaşma göstərir ki, ölkəmiz enerji keçidini ideoloji deyil, mərhələli və iqtisadi cəhətdən əsaslandırılmış proses kimi dəyərləndirir. Eyni zamanda, Azərbaycanın enerji siyasətinin humanitar və siyasi ölçüləri də xüsusi vurğulanmalıdır.
Aytən Qurbanova
Müxtəlif regionlarda enerji təminatının bərpasına və ya sabitləşdirilməsinə yönəlmiş təşəbbüslər sübut edir ki, enerji resursları yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də regional sabitliyin və post-münaqişə dövründə bərpa proseslərinin dəstəklənməsində mühüm alət rolunu oynayır. Qlobal miqyasda faydalı qazıntılar ətrafında aparılan müzakirələr fonunda Prezident İlham Əliyevin realist və praqmatik mövqeyi xüsusi əhəmiyyət kəsb edir”.
A.Qurbanovanın sözlərinə görə son illər beynəlxalq platformalarda aparılan müzakirələr zamanı müşahidə olunan kəskin ekoloji ritorikanın tədricən daha balanslı və rasional yanaşma ilə əvəz olunması, enerji təhlükəsizliyi və iqtisadi sabitliyin hələ də alternativsiz amillər olaraq qaldığını göstərir:
“COP29-a ev sahibliyi edən ölkənin rəhbəri kimi cənab Prezident tərəfindən səsləndirilən bu fikirlər Azərbaycanın qlobal enerji sistemində balanslaşdırıcı və məsuliyyətli rol oynadığını açıq şəkildə nümayiş etdirir.
Nəticə etibarilə, Azərbaycanın enerji strategiyası qısa müddətli bazar dalğalanmalarına deyil, uzunmüddətli sabitliyə, qarşılıqlı maraqlara və strateji tərəfdaşlıqlara əsaslanır. Avropa üçün etibarlı qaz təchizatçısı statusunun möhkəmlənməsi, paralel olaraq yaşıl enerji və gələcəkdə hidrogen ixracı perspektivlərinin formalaşması ölkəmizin qlobal enerji arxitekturasında rolunun daha da artacağını aydın şəkildə göstərən mühüm məqamlardır”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















