Icma.az
close
up
RU
Bakının günəşi avtomobilləri necə qocaldır?

Bakının günəşi avtomobilləri necə qocaldır?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Bakıda yay aylarında avtomobillərin böyük hissəsi günün ən isti saatlarında açıq havada qalır. Kölgəlik və qapalı dayanacaq imkanlarının məhdud olması sürücüləri avtomobillərini saatlarla birbaşa günəş altında saxlamağa məcbur edir. Bəs intensiv günəş və yüksək temperatur avtomobilə necə təsir edir, uzun müddət belə şəraitdə qalan maşınlarda hansı problemlər yarana bilər? Avtomobili günəşdən qorumağın ən effektiv və sərfəli yolları hansılardır? Son illərdə Azərbaycanda sayı artan Çin avtomobilləri isti və günəşli iqlim şəraitinə nə dərəcədə davamlıdır?

Avtomobillər üzrə mütəxəssis Elçin Abbasovun sözlərinə görə, Bakının iqlimində avtomobillərə əsasən iki amil təsir göstərir - yüksək temperatur və intensiv günəş şüaları, xüsusilə ultrabənövşəyi (UV) şüalanma. Avtomobil uzun müddət açıq havada saxlanıldıqda bu amillərin təsiri müxtəlif hissələrin aşınmasını sürətləndirə bilər: “Günəşdən ən çox təsirlənən hissələrdən biri boya və lak örtüyüdür. UV şüaları zaman keçdikcə lak qatını zəiflədir, nəticədə səthin parlaqlığı azalır, rəng solur və bəzi hallarda zədələnir. Salon da yüksək temperatur və günəş şüalarına həssasdır. Ön panel, sükan, qapı üzlükləri və digər plastik detallar sərtləşə, rəngini dəyişə, çatlaya və deformasiyaya uğraya bilər. Dəri və süni dəri oturacaqlarda isə quruma, sərtləşmə və çatlama müşahidə edilir. Günəş altında avtomobilin salonunda temperaturun 76°C-yə çatması mümkündür. Belə istilik salon materiallarının qocalmasını sürətləndirir. Qapı və şüşə rezinləri elastikliyini itirə, sərtləşə və çatlaya bilər. Təkərlərdə də rezinin qocalması sürətlənir. Buna görə təkərlərin vəziyyətini yalnız protektorun qalınlığı ilə qiymətləndirmək olmaz, onların yaşı və yan səthlərində çatların olub-olmaması da yoxlanılmalıdır”.

E.Abbasov bildirdi ki, avtomobilin rəngi də günəşin təsirində müəyyən rol oynayır: “Burada rəngin solması ilə avtomobilin qızmasını fərqləndirmək lazımdır. Bəzi rənglərdə, məsələn, qırmızıda solma daha tez nəzərə çarpır. Lakin nəticə yalnız rəngdən deyil, boya sistemindən və xüsusilə şəffaf lak qatının keyfiyyətindən də asılıdır. Qızma baxımından isə tünd rəngli avtomobillər daha əlverişsiz vəziyyətdədir. Qara və digər tünd səthlər günəş enerjisini daha çox udduğu üçün kuzov daha çox qızır. Bu isə salon materiallarına və digər komponentlərə düşən istilik yükünü artırır”.

Mütəxəssisin fikrincə, avtomobil 3–5 il ərzində daim açıq havada saxlanıldıqda dəyən zərər bir gündə yaranmır, zamanla toplanır: “Avtomobili günəşdən qorumağın ən sadə və sərfəli yolu mümkün qədər kölgədə park etməkdir. Ön şüşə üçün keyfiyyətli günəşlikdən istifadə də ön paneli, sükanı və multimedia ekranını birbaşa günəş şüalarından qoruyur. Avtomobil uzun müddət istifadə edilməyəcəksə, keyfiyyətli örtükdən də istifadə etmək olar. Örtüyün avtomobil üçün nəzərdə tutulması və nəfəsalan materialdan hazırlanması vacibdir. Boya, plastik və rezin hissələrə uyğun qoruyucu vasitələrdən istifadə etmək, təkərlərin təzyiqini və ümumi vəziyyətini mütəmadi yoxlamaq da faydalıdır. Qoruyucu tədbirlərə avtomobil yeni olduğu vaxtdan başlamaq daha məqsədəuyğundur”.

E.Abbasov həmçinin Çin avtomobillərindən də bəhs etdi: “Çin avtomobilləri istiyə davamlı deyil” kimi ümumi fikir söyləmək düzgün olmaz. Çinin özündə də yüksək temperaturun müşahidə olunduğu bölgələr mövcuddur. Məsələn, Turpan avtomobil istehsalçıları tərəfindən yüksək temperatur sınaqları üçün istifadə olunur. Burada havanın temperaturu yay aylarında 40°C-ni keçir və müxtəlif istehsalçıların benzin, hibrid və elektrik avtomobilləri belə şəraitdə sınaqdan keçirilir. Azərbaycan üçün isə avtomobilin hansı bazar üçün istehsal edilməsi də mühüm amildir. Ölkəyə gətirilən Çin avtomobillərinin bir hissəsi rəsmi ixrac versiyası, digər hissəsi isə Çin daxili bazarı üçün nəzərdə tutulan modellər ola bilər. Eyni markanın müxtəlif bazarlar üçün istehsal etdiyi versiyalarda proqram təminatı, telematika, servis dəstəyi, bəzi komponentlər və komplektasiya fərqlənir. Bu səbəbdən avtomobil alarkən yalnız istehsalçı ölkəyə deyil, konkret marka və modelə, istehsal ilinə və avtomobilin hansı bazar üçün nəzərdə tutulduğuna diqqət yetirmək lazımdır”.

Mütəxəssis bildirdi ki, isti havalarda Çin avtomobillərində xüsusilə salon plastikləri, dekorativ elementlər, multimedia ekranları, rezin detallar və kondisioner sistemi diqqət tələb edir: “Elektrik və plug-in hibrid avtomobillərdə isə batareya və güc elektronikasının soyutma sistemi əlavə əhəmiyyət daşıyır. Yüksək temperatur zamanı soyutma sistemi kifayət qədər effektiv işləmədikdə avtomobil batareyanı qorumaq üçün şarj və ya mühərrik gücünü məhdudlaşdıra bilər. Bu, bəzi hallarda nasazlıq deyil, qoruma mexanizmidir. Azərbaycanda Çin avtomobillərinin sayı artdıqca, onların 3–5 il və daha uzun müddət Bakı şəraitində istismarı barədə daha geniş statistika formalaşacaq. Bu da hansı istehsalçıların daha davamlı olduğunu obyektiv qiymətləndirməyə imkan verəcək”.

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, istər kəskin isti, istərsə də soyuq hava şəraiti avtomobillərə ciddi təsir göstərir: “Bununla yanaşı, sürtkü və mühərrik yağları vaxtında dəyişdirilmədikdə yüksək temperatur onların keyfiyyətinə və qoruyucu xüsusiyyətlərinə mənfi təsir göstərə bilər. Avtomobil uzun müddət hərəkətsiz qaldıqda isə şinlərdə deformasiya və yataqlanma, asqı sistemində problemlər yaranır. Avtomobili birbaşa günəş şüalarından uzaq saxlamaq ən effektiv qorunma üsullarından biridir. Yeraltı dayanacaqlar, tam qapalı qarajlar və ya dalanlar bu baxımdan daha əlverişli variantlardır. Açıq günəş altında qalan avtomobillə kölgədə və ya qapalı mühitdə saxlanılan avtomobil arasında bəzən 20–25 dərəcəyə qədər temperatur fərqi yarana bilər. Avtomobili ağac və ya tent altında saxlamaq günəşdən qismən qorunma təmin etsə də, tam təhlükəsiz variant hesab edilmir”.

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Avqust 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri