Baş direktor: İİB ölkələrinin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 17 iyun, AZƏRTAC
Bu gün üzv ölkələrin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir. Üzv ölkələrin təxminən 60 faizi bu risklə qarşı-qarşıyadır.
AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) təşkil etdiyi “İslam maliyyəsi vasitəsilə davamlı tərəqqiyə nail olmaq” mövzusunda İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumdakı çıxışında Asiya İnkişaf Bankı İnstitutunun rektoru və baş direktoru Bambang Brodjonegoro deyib.
“Bu problemin davam etməsi sadəcə statistik və ya riyazi məsələ deyil. Bu, regionumuzda inkişafın əsas məsələsidir və hələ də lazımi səviyyədə başa düşülmür. Çünki bu tələdən çıxmağa mane olan amillər həmin iqtisadiyyatların öz daxili strukturundan qaynaqlanır. Bu, adi iqtisadi yavaşıma deyil ki, ənənəvi siyasət tədbirləri ilə qısa müddətdə həll olunsun. Bu, struktur xarakterli problemdir və buna görə də struktur xarakterli cavab tələb edir. Üzv ölkələrin bəziləri aşağı gəlir səviyyəsindən orta gəlir səviyyəsinə keçə bilsələr də, onların əksəriyyəti hələ də aşağı mürəkkəbliyə malik istehsal sistemləri ilə fəaliyyət göstərir və yüksək əlavə dəyər yaradan sahələrə keçid məhdud olaraq qalır. İstehsal potensialı zəifdir, innovasiya qlobal standartlardan geri qalır, məhsuldarlıq artımı zəifləyib və inkişaf etmiş ölkələrlə gəlir fərqi azalmaq əvəzinə daha da artır. Asiyanın müxtəlif regionlarında da eyni mənzərəni müşahidə edirik”, - deyə o bildirib.
Baş direktor əlavə edib ki, orta gəlir məsələsini ayrı-ayrı problemlərin toplusu kimi qiymətləndirmək olmaz: “Bu, texnoloji gerilik, insan potensialından kifayət qədər istifadə olunmaması, zəif institutlar və borc maliyyələşməsindən həddindən artıq asılılıq kimi bir-biri ilə əlaqəli struktur maneələrin qarşılıqlı təsirinin nəticəsidir. Bu zəifliklər bir-birini gücləndirərək iqtisadiyyatları aşağı məhsuldarlıq mühitində kilidləyir və ənənəvi siyasət alətləri bu vəziyyətdən çıxış üçün kifayət etmir. Buna görə də problemin diaqnozu inteqrasiyalı olmalı, həll yolu da inteqrasiyalı yanaşmaya əsaslanmalıdır”.
Fotoqraf - Orxan Kərimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 17 İyun 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















