Bastrıkinin sinizmi və ya Qroznı üzərindəki buludlarda gizlənən həqiqət
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Rusiya-Ukrayna müharibəsi, digər məsələlərlə yanaşı, Rusiya elitasında yeni problemləri də üzə çıxardı. Məlum oldu ki, bəzi dövlət qurumlarının rəhbərləri üçün Vladimir Putinin bəyanatları və vədləri sadəcə boş sözlərdir. Məmurların davranışından belə görünür ki, Rusiya Prezidentinə nəinki qulaq asmamaq, hətta onun dediklərini təkzib etmək və göstərişlərinin əksinə hərəkət etmək olar.
Bu cür davranışın bariz nümunəsini 25 dekabr 2024-cü ildə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işini bağlayan Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəhbəri Aleksandr Bastrıkin nümayiş etdirdi. Artıq bir ildir, yaşananlara ədalətli qiymət verilməsinə çalışan Azərbaycan Rusiya İstintaq Komitəsinin bu addımına hələ ötən ilin sonunda öz etirazını bildirmişdi.
Ölkənin xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Rusiya İstintaq Komitəsi Azərbaycana məzmunu təəccüb doğuran məktub göndərib. "Məktubda cinayət işinin artıq dayandırıldığı qeyd olunurdu. Şübhəsiz ki, belə bir addım bizdə çox ciddi suallar doğurur", – deyə Bayramov bildirib və əlavə edib ki, Azərbaycanın müvafiq qurumları həmin məktuba cavab veriblər.
Azərbaycan tərəfi gözləntilərində həm faciədən dərhal sonra aşkar edilmiş danılmaz faktlara, həm də Vladimir Putinin etiraflarına əsaslanır. Putin bu etirafları 9 oktyabr 2025-ci ildə Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə səsləndirmişdi. Məhz həmin görüşdə Putin AZAL təyyarəsinin Rusiya HHM kompleksi tərəfindən Qroznı üzərində havada buraxılmış iki raketin hücumuna məruz qaldığını açıqlamışdı. Putinin sözlərinə görə, hücum qəsdən olmayıb – HHM Ukrayna dronlarını vurmaq istəyib. Lakin bu, faciənin miqyasını azaltmır və həlak olanların yaxınlarının acısını dindirmir.
Putin açıq şəkildə vəd etmişdi: "Şübhəsiz ki, belə hallarda, belə faciəli hallarda lazım olan hər şey Rusiya tərəfindən kompensasiya ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək".
Rusiya İK rəhbərinin qərarlarının adekvatlığına dair daha böyük şübhə, onun Azərbaycanın Baş prokuroru Kamran Əliyevə göndərdiyi məktubla tanışlıq zamanı yaranır. Cinayət işinə xitam verilməsinin səbəblərinin guya qeyd olunduğu məktubun mətni "Bez tormozov" teleqram kanalında dərc edilib.
"Hava şəraiti (buludluluq) səbəbindən iki uğursuz cəhddən sonra ekipaj Qroznı Hava Limanına eniş edə bilməyib, başqa hava limanına yönəlməyə qərar verib və təxminən saat 9:28-də (Moskva vaxtı ilə) Aktau Hava Limanına eniş zamanı yerə çırpılıb. Bu, hava gəmisinin dağılmasına və yanğına səbəb olub. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. İstintaq nəticələrinə və əldə edilmiş sübutların məcmusuna əsasən cinayət işinə xitam verilib", – deyə RF İstintaq Komitəsinin rəhbəri bildirib.
Bastrıkinin onu vəzifəyə təyin edən Rusiya Prezidentinin rəyi ilə qətiyyən hesablaşmadığını artıq anladıq. Lakin Rusiya İK-nın qəza səbəbləri barədə rəyinin beynəlxalq komissiyanın ilkin araşdırma nəticələri ilə kökündən zidd olması Aleksandr İvanoviçdə məntiqi təfəkkürün tamamilə yoxluğundan xəbər verir. Halbuki komissiyanın tərkibində Qazaxıstan, Azərbaycan, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Braziliya ilə yanaşı, Rusiyadan da mütəxəssislər var.
Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqladığı beynəlxalq komissiyanın aralıq hesabatında qeyd olunur ki, ekspertiza təyyarənin bortunda heç bir partlayıcı maddə aşkar etməyib. Hətta oksigen balonları da partlamayıb.
Qəzaya uğramış təyyarənin qalıqlarında xarici təsir izləri aşkar olunub. Qazaxıstan tərəfinin rəyinə görə, hava gəmisinin zədələri döyüş başlığının zərbə elementləri ilə yaranıb.
Bundan əlavə, 2 nömrəli hidravlik sistemin borusunun trasoloji ekspertizası da xarici müdaxiləni göstərir. Araşdırma nəticəsində boruda dəmir əsaslı metal ərintisindən hazırlanmış xarici obyektlərin yaratdığı deşiklər aşkar olunub.
Lakin Bastrıkin beynəlxalq komissiyanın ilkin nəticələrini gözləməyi lazım bilməyib. Onun müvafiq məktubundan belə görünür ki, rusiyalı nəinki öz və beynəlxalq mütəxəssislərinə, hətta AZAL mülki təyyarəsinin Rusiya səmasında vurulduğunu etiraf edən öz prezidentlərinə də inanmırlar. Əks halda, Putin niyə günahkarların tapılıb cəzalandırılacağını vəd edirdi?!
Qanunları, insan haqlarını və elementar humanist dəyərləri dəfələrlə tamamilə görməməzlikdən gələn quruma rəhbərlik edən Bastrıkindən başqa nə gözləmək olar ki?
2025-ci ilin iyununda Yekaterinburqda Rusiya Milli Qvardiyasının ("Rosqvardiya"), DİN və FTX tərəfindən azərbaycanlıların mənzillərinə edilən hücum zamanı iki nəfərin öldürülməsi Rusiya İK təəfindən "ürək tutması" kimi xarakterizə olunmuşdu. Halbuki sonradan Azərbaycanda aparılan məhkəmə-tibbi ekspertizası göstərdi ki, Hüseyn Səfərov çoxsaylı qabırğa sınıqları və digər xəsarətlər fonunda posttravmatik və posthemoragik şokdan ölüb, qardaşı Ziyəddin isə posttravmatik şokdan həlak olub. Yəni hər iki qardaş saxlanılarkən döyülərək öldürülüb.
Amma Bastrıkinin yalnız öz "həqiqət"i var və heç bir sübut – nə dərəcədə dürüst olmasından asılı olmayaraq – onun mövqeyini dəyişə bilmir.
Bununla belə, beynəlxalq komissiya Qazaxıstanda işini davam etdirir və Azərbaycan "bastrıkinlər"in Qroznı səmasında "buludlarda itib-batan" "məntiq"inə baxmayaraq, AZAL təyyarəsinin qəzada həlak olan qurbanları üçün ədalət axtarışını davam etdirəcək.
"Report" Analitik Qrupu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Yanvar 2026 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















