Bədəxşan xanlığı dağlar qoynunda özbək dövləti
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
XVIII əsrin əvvəllərində Türküstanın dağlarla əhatələnmiş qədim diyarı olan Bədəxşan böyük imperiyaların zəifləməsindən yaranan siyasi boşluğun şahidinə çevrildi. Bir zamanlar müxtəlif dövlətlərin hakimiyyəti altında yaşayan bu bölgənin yerli hakimləri yaranmış şəraitdən istifadə edərək öz müstəqilliklərini möhkəmləndirməyə başladılar. Beləliklə, Pənc və Kökçə çaylarının qovuşduğu sərt, lakin strateji əhəmiyyət daşıyan torpaqlarda Bədəxşan xanlığı formalaşdı. Bu, sadəcə, yeni bir siyasi qurumun meydana çıxması deyildi, həm də dağlıq Bədəxşan əhalisinin öz taleyini müəyyən etmək istəyinin ifadəsi idi.
Ticarət yollarına nəzarət edən, təbii sərvətləri ilə seçilən və qədim dövlətçilik ənənələrini yaşadan Bədəxşan qısa müddətdə regionun mühüm siyasi mərkəzlərindən birinə çevrildi. Xanlığın yaranması Türküstanda parçalanma dövrünün məhsulu olsa da, o, eyni zamanda yerli hakimiyyətlərin güclənməsinin və regional siyasi kimliyin formalaşmasının parlaq nümunələrindən biri kimi tarixə düşdü.
Bədəxşan xanlığının yaranması XVIII əsrdə Türküstanda baş verən mürəkkəb siyasi proseslərin məntiqi nəticəsi idi. Böyük dövlətlərin zəiflədiyi, hakimiyyət uğrunda mübarizənin gücləndiyi bir dövrdə Bədəxşanın yerli hakimləri bölgənin coğrafi əlçatmazlığından və strateji mövqeyindən məharətlə istifadə etdilər. Nəticədə, qədim Bədəxşan torpaqlarında müstəqil xanlıq meydana gəldi. Dağların qoynunda doğulan bu dövlət təkcə siyasi sərhədlərlə deyil, həm də əhalinin azad idarəçilik arzuları ilə formalaşmışdı. Bədəxşan xanlığı regionun siyasi xəritəsində yeni bir qüvvə kimi çıxış edərək uzun müddət Əfqanıstan, Buxara və digər qonşu dövlətlərin maraqlarının kəsişdiyi mühüm məkanlardan birinə çevrildi.
Tarixin müxtəlif dövrlərində böyük imperiyaların kölgəsində qalan Bədəxşan XVIII əsrdə yeni siyasi mərhələyə qədəm qoydu. Türküstanda hökm sürən qeyri-sabitlik, iri dövlətlərin zəifləməsi və yerli hakimlərin nüfuzunun artması qədim dağlar ölkəsində müstəqil hakimiyyətin formalaşması üçün əlverişli şərait yaratdı. Bədəxşan xanlığı məhz belə bir mürəkkəb tarixi şəraitdə meydana gəlmişdi. Sıldırım dağlarla əhatələnmiş bu diyar yalnız təbii istehkamları ilə deyil, həm də zəngin tarixi-mədəni irsi ilə seçilirdi. Yerli hakimlər bölgənin əlverişli strateji mövqeyindən istifadə edərək siyasi müstəqilliklərini möhkəmləndirməyə çalışdılar və nəticədə Bədəxşan regional siyasətdə söz sahibi olan xanlıqlardan birinə çevrildi.
Xanlığın yaranması təsadüfi hadisə deyildi. Bu, bir tərəfdən Türküstanda mərkəzi hakimiyyətlərin zəifləməsinin, digər tərəfdən isə yerli siyasi qüvvələrin güclənməsinin təzahürü idi. Bədəxşan hakimləri öz hakimiyyətlərini möhkəmləndirməklə yanaşı, bölgənin iqtisadi və siyasi əhəmiyyətini də artırmağa nail oldular. Qədim karvan yollarının üzərində yerləşən xanlıq ticarət əlaqələrinin inkişafında mühüm rol oynayırdı. Məhz buna görə Bədəxşan qısa müddətdə həm qonşu dövlətlərin diqqət mərkəzinə çevrilərək regional qüvvələr arasında gedən mübarizənin mühüm iştirakçılarından biri olmuşdu.
Bədəxşan xanlığının yaranması dağlıq bir bölgənin siyasi iradəsinin və dövlətçilik ənənələrinin təzahürü kimi qiymətləndirilə bilər. Bu hadisə Türküstan tarixində yerli hakimiyyətlərin yüksəlişini əks etdirən mühüm nümunələrdən biri kimi bölgənin sonrakı siyasi inkişafına əhəmiyyətli təsir göstərib.
Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvani də özünün “Bustanüs-səyahət” və digər əsərlərində Bədəxşan haqqında məlumat verir.
Xanlığın mədəniyyəti
Bədəxşan qədim dövrlərdən elm və mədəniyyət mərkəzlərindən biri hesab olunurdu. Məhz buna görə Bədəxşan xanlığı zəngin mədəni irsi ilə Türküstan tarixində mühüm yer tutub.
Burada mədrəsələr, məscidlər, dini məktəblər fəaliyyət göstərirdi, ərəb və fars dillərində dini və elmi əsərlər öyrədilirdi. Bölgə həmçinin zəngin folkloru ilə seçilirdi. Dağlıq ərazilərdə yaşayan xalqların şifahi xalq yaradıcılığı, dastanları və musiqi ənənələri geniş yayılmışdı. Bədəxşan xalq musiqisi və folkloru ilə də seçilirdi. Xalq dastanları, qəhrəmanlıq nəğmələri, mərasim mahnıları və dini ilahiləri bölgənin mənəvi həyatının ayrılmaz hissəsi idi. Musiqidə yerli Pamir ənənələrinin təsiri aydın şəkildə hiss olunurdu. Toy və bayram mərasimləri xalq yaradıcılığının yaşadıldığı əsas məkanlar hesab edilirdi.
Bədəxşan mədəniyyəti türk, fars və yerli Pamir xalqlarının qarşılıqlı təsiri nəticəsində formalaşmışdı.
Müxtəlif etnik və dini qrupların yaşadığı bu bölgə əsrlər boyu türk, fars və Pamir mədəniyyətlərinin qovuşduğu bir məkan olub. Bu qarşılıqlı təsir nəticəsində Bədəxşanda özünəməxsus mədəni mühit formalaşmışdı.
Xanlıq dövründə təhsil və elm əsasən mədrəsələr vasitəsilə inkişaf edirdi. Mədrəsələrdə dini elmlərlə yanaşı, ərəb dili, məntiq, fəlsəfə və tarix də tədris olunurdu. İslam dini cəmiyyət həyatında mühüm yer tutduğundan, dini alimlər və ruhani şəxslər yüksək nüfuza malik idilər. Bölgədə xüsusilə təsəvvüf ənənələri geniş yayılmış, sufi şeyxləri xalqın mənəvi həyatında mühüm rol oynamışlar.
Ədəbiyyat sahəsində fars dili aparıcı mövqeyə malik idi. Xanlığın ərazisində yaşayan şair və alimlər əsasən fars dilində əsərlər yazırdılar. Bədəxşan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri XI əsrdə yaşamış böyük filosof və şair Nasir Xosrov hesab olunur. O, xanlıq dövründən xeyli əvvəl yaşasa da, onun yaradıcılığı sonrakı əsrlərdə Bədəxşanın elmi və ədəbi mühitinə güclü təsir göstərib, Bədəxşan mədəniyyətinin mənəvi simvolu hesab edilib. Ömrünün son illərini Yamqan vadisində keçirib və burada öz məşhur əsərlərini qələmə alıb.
Onun “Divan”ı, “Səfərnamə”si, “Zadül-Müsafirin” əsəri Orta əsr Şərq ədəbiyyatının mühüm nümunələri hesab olunur.
Memarlıq sahəsində isə Bədəxşan xanlığının dağlıq coğrafiyası mühüm rol oynayırdı. Bölgədə tikililər əsasən daş, ağac və çiy kərpicdən inşa edilirdi. Memarlıqda əsas diqqət müdafiə qabiliyyətinə və praktiki istifadəyə yönəlmişdi. Dağ keçidlərini və mühüm yolları qorumaq məqsədilə çoxsaylı qalalar tikilmişdi. Bu qalalar həm müdafiə məntəqəsi, həm də yerli hakimlərin iqamətgahı kimi istifadə olunurdu.
Dini memarlıq nümunələri arasında məscidlər və mədrəsələr xüsusi yer tuturdu. Bu tikililər sadə quruluşları, tağlı girişləri və ağac üzərində işlənmiş naxışları ilə seçilirdi. Böyük şəhər mərkəzlərindəki möhtəşəm memarlıq nümunələrindən fərqli olaraq Bədəxşan memarlığı daha çox yerli təbii şəraitə uyğunlaşmışdı. Yaşayış evlərinin divarları qalın formada tikilir, sərt iqlim şəraitində istiliyin qorunmasına xüsusi diqqət yetirilirdi.
Beləliklə, Bədəxşan xanlığının mədəniyyəti və memarlığı bölgənin tarixi, coğrafiyası və etnik müxtəlifliyinin təsiri altında formalaşmış, Türküstanın zəngin mədəni irsinin mühüm tərkib hissəsinə çevrilmişdi. Bu irs günümüzdə də Bədəxşan əhalisinin adət-ənənələrində, musiqisində, memarlıq nümunələrində və mənəvi dəyərlərində yaşamaqda davam edir. Bu bölgənin yeri və xalqlarının inkişafı barədə tarixi araşdırmalarda, dünyanı gəzən Azərbaycan türkü Hacı Zeynalabdin Şirvani kimi səyyahların əsərlərində də məlumat verilir.
Bədəxşan xanlığı – XVII–XIX əsrlərdə, konkret olaraq 1658–ci ildən 1873-cü ilədək Əfqan Türkistanında, indiki Əfqanıstanın şimal-şərqində dağlıq relyefə malik ərazilərdə yaranan tarixi özbək dövləti idi.
Xanlığı 1658-ci ildə Yarbəy xan yaradıb, paytaxtı XVI–XVII əsrlərdə Kişm (mənbələrdə “köhnə paytaxt” kimi göstərilir), XVIII əsrdə əvvəlcə Xamçan olub, sonra Fayzabada köçürülüb. Dövlətin dini İslam, əhalisi özbəklər, taciklər, uyğurlar və pamirlilərdən ibarət idi.
Bəzi mənbələrdə dövlət “mirlik”, bəzi mənbələrdə isə “xanlıq” adlandırılır. Bunun səbəbi hökmdarların müxtəlif dövrlərdə “mir”, “şah” və ya “xan” titulundan istifadə etmələridir.
XV əsrdə Bədəxşan Teymurilər imperiyasının bir hissəsi idi. XVI əsrdə Şeybanilər sülaləsinin nümayəndələri bu əraziyə iddia etməyə başladılar. Şeybanilər və Teymurun nəsilləri arasında sonrakı mübarizə fasilələrlə davam edib. Bədəxşan nəhayət, II Abdullah Xan (1583–1598) tərəfindən geri alınıb.
Özbək hakimiyyəti altında Bədəxşan 1584-cü ildə II Abdullah Xan Bədəxşanın yalnız qərb hissəsini ələ keçirə bilib. Yeni əldə edilən ərazi Əbdülmömin Sultanın tabeliyinə daxil edilib. Lakin Bədəxşanın şərq hissəsi Süleyman Şaha və onun nəsillərinə məxsus olaraq qalıb.
XVII əsrdə böyük Bədəxşan vilayəti Bəlx xanlığının bir hissəsi idi. Məlumdur ki, 1633-cü ildə Baburi Şah Cahan (1627–1658) Bədəxşan və Qarçistanı Bəlx xanlığından qoparmaq niyyətində idi.
XVII əsrin sonu və XVIII əsrin əvvəllərində Türküstanda mövcud olan iri siyasi qurumlar zəifləməyə başlamışdı. Xüsusilə Türküstan və Əfqanıstan ərazilərində mərkəzi hakimiyyətin nüfuzu azalırdı.
Bu dövrdə Bədəxşan nominal olaraq müxtəlif dövlətlərin hakimiyyətini qəbul etsə də, əslində, yerli hakimlər bölgəni müstəqil idarə edirdilər. Dağlıq relyef və mərkəzi hakimiyyətin zəif nəzarəti yerli sülalələrin güclənməsinə imkan yaradırdı.
XVIII əsrdə bölgədə hökmranlıq edən yerli hakimlər öz mövqelərini möhkəmləndirərək faktiki olaraq müstəqil dövlət yaratdılar, beləliklə, Bədəxşan xanlığı formalaşdı.
Türküstanın ən qədim tarixi-coğrafi bölgələrindən biri olan Bədəxşan əsrlər boyu müxtəlif dövlətlərin tərkibində yaşayıb, zəngin mədəniyyəti, strateji mövqeyi və təbii sərvətləri ilə seçilib. Yüksək dağ silsilələri, əlverişli müdafiə imkanları və mühüm ticarət yolları üzərində yerləşməsi Bədəxşanı regionun siyasi həyatında mühüm mərkəzlərdən birinə çevirmişdi. XVIII əsrdə Türküstanda baş verən siyasi parçalanma prosesləri nəticəsində bu bölgədə müstəqil feodal hakimiyyət formalaşaraq tarixə Bədəxşan xanlığı adı ilə daxil olmuşdu.
Bədəxşan xanlığı uzun müddət Türküstanın siyasi həyatında mühüm rol oynayıb, lakin daxili çəkişmələr və xarici müdaxilələr nəticəsində XIX əsrin sonlarında müstəqilliyini itirib. Xanlığın tarixi regionun siyasi inkişafını, dövlətçilik ənənələrini və böyük dövlətlər arasındakı mübarizəni anlamaq baxımından xüsusi əhəmiyyət daşıyıb.
Bədəxşan tarixi-coğrafi ərazi olaraq indiki Əfqanıstanın şimal-şərq hissəsini, eləcə də qismən Tacikistanın cənub-şərq bölgələrini əhatə edirdi. Bölgə əsasən Pamir və Hinduquş dağları ilə əhatələnib.
Coğrafi baxımdan əlçatmaz görünməsinə baxmayaraq, Bədəxşan qədim dövrlərdən etibarən Şərqlə Qərbi birləşdirən mühüm ticarət yollarının üzərində yerləşib. Buradan keçən karvan yolları Çin, Hindistan, Türküstan və İran arasında əlaqələrin inkişafına xidmət edib.
Bədəxşan xanlığı Yaridlər sülaləsi tərəfindən idarə olunub.
Dövlət quruluşu
Bədəxşan xanlığı feodal idarəetmə sisteminə malik idi.
Hakimiyyətin başında mir və ya xan dayanırdı. O həm siyasi, həm də hərbi hakimiyyətin sahibi hesab olunurdu.
Dövlət Feyzabad, Cürm, Darvaz, İşkaşim, Vəxan, Ruşan, Şuğnan kimi inzibati vahidlərə bölünürdü.
Bu bölgələrdə yerli feodallar fəaliyyət göstərsələr də, onlar mərkəzi hakimiyyətə tabe idilər.
Məhkəmə işlərində İslam hüququndan istifadə olunurdu. Əhalinin əksəriyyəti müsəlman idi və dini institutlar cəmiyyət həyatında mühüm rol oynayırdı.
Bədəxşan xanlığı yerləşdiyi strateji mövqeyə görə daim qonşu dövlətlərin diqqət mərkəzində olub. XVIII əsrin sonlarından başlayaraq Əfqanıstanda güclənən hakimiyyət Bədəxşan üzərində təsirini artırmağa çalışırdı. Bununla yanaşı, Buxara əmirləri də bölgəni öz nüfuz dairələrinə daxil etmək istəyirdilər.
Əsas xarici əlaqələri bu dövlətlərlə idi:
Buxara əmirliyi – Bədəxşanın ən mühüm siyasi tərəfdaşlarından və eyni zamanda rəqiblərindən biri idi. Müxtəlif dövrlərdə Bədəxşan Buxaranın vassalı olub, bəzi dövrlərdə isə müstəqilliyini qorumağa çalışıb. Buxara hökmdarları Bədəxşanın daxili işlərinə tez-tez müdaxilə edirdilər.
Kokand xanlığı – Ticarət və regional nüfuz uğrunda münasibətlər saxlanılırdı. Birbaşa sərhəd məhdud olsa da, Fərqanə bölgəsi vasitəsilə iqtisadi və siyasi əlaqələr mövcud idi.
Qunduz xanlığı – Ən yaxın rəqiblərdən biri idi. XIX əsrin əvvəllərində Qunduz hökmdarları Bədəxşana yürüşlər edərək bir müddət xanlığı öz hakimiyyətləri altına almışdılar. Bu münasibətlər əsasən hərbi qarşıdurmalarla xarakterizə olunurdu.
Əfqanıstan əmirliyi – XIX əsrdə anası qarabağlı Zeynəbbəyim olan Əmir Dost Məhəmməd xanın dövründə Əfqanıstanın şimala doğru genişlənməsi nəticəsində Bədəxşan Kabil hökumətinin təsiri altına düşür və sonradan onun tərkibinə daxil edilir.
Qaşqar və digər Şərqi Türküstan şəhərləri – İpək Yolunun qolları vasitəsilə ticarət əlaqələri mövcud idi. Bədəxşandan əsasən məşhur Bədəxşan ləli, qiymətli daşlar, heyvandarlıq məhsulları ixrac edilir, əvəzində ipək, çay və digər mallar alınırdı.
Çin imperiyası – Birbaşa siyasi münasibətlər məhdud olsa da, Şərqi Türküstan vasitəsilə dolayı diplomatik və ticarət əlaqələri mövcud idi.
Rusiya imperiyası – XIX əsrin ikinci yarısında Rusiyanın Türküstana irəliləməsi Bədəxşanın geosiyasi əhəmiyyətini artırır. Birbaşa diplomatik əlaqələr zəif olsa da, bölgə “Böyük oyun” çərçivəsində Rusiya və Böyük Britaniya arasında rəqabət zonasına çevrilir.
Xarici siyasət
Güclü qonşular arasında tarazlıq yaratmağa çalışırdı, müstəqilliyini qorumaq üçün bəzən bir dövlətə tabe olur, münasib şəraitdə yenidən müstəqillik uğrunda mübarizə aparırdı.
Diplomatiyada qohumluq əlaqələri, evlilik ittifaqları və yerli tayfa başçıları ilə razılaşmalar mühüm rol oynayırdı. Ticarət yollarına və qiymətli daş yataqlarına nəzarət xarici siyasətin əsas iqtisadi dayağı idi.
Nəticə etibarilə, Bədəxşan xanlığının xarici siyasəti ekspansiyadan çox mövcudluğunu qorumağa yönəlmişdi. O, əsasən Buxara, Qunduz və Əfqanıstan kimi regional güclərlə münasibətlərini tənzimləməyə çalışır, eyni zamanda Qaşqar və Şərqi Türküstan istiqamətində ticarət əlaqələrini inkişaf etdirirdi. Bu balans siyasəti uzun müddət xanlığın yaşamasına kömək etsə də, XIX əsrin ortalarında Əfqanıstanın güclənməsi nəticəsində xanlığın müstəqilliyi sona çatır.
Ticarət və iqtisadiyyat
Bədəxşan Şərq ilə Qərbi birləşdirən qədim karvan yolları üzərində mühüm ticarət mərkəzi olub.
Xanlıq karvan yolları vasitəsilə Buxara, Kokand, Kabil, Kəşmir, Hindistanla ticarət əlaqələri saxlayırdı.
Xaricə əsasən lacivərd daşı, digər qiymətli daşlar, yun, dəri, heyvandarlıq məhsulları ixrac edilirdi.
Bədəxşan iqtisadiyyatının ən mühüm sahələrindən biri də mədənçilik idi. Dünyaca məşhur lacivərd yataqları xanlığın əsas gəlir mənbələrindən biri sayılırdı. Bu torpaqlar dünyanın ən qədim lacivərd lazurit daşı və ya göy daş yataqları ilə məşhur idi. Bu, mavi rəngli, qiymətli bəzək daşıdır və qədim dövrlərdən zinət əşyalarında, möhürlərdə və incəsənət sahəsində istifadə olunub. Hələ qədim Misir, Mesopotamiya və Hindistan dövlətləri bu bölgədən çıxarılan qiymətli daşlarla maraqlanırdılar. Əvəzində isə sənətkarlıq məhsulları, silahlar və müxtəlif istehlak malları gətirilirdi. Bədəxşan xanlığının iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi.
Əhalinin böyük hissəsi əkinçilik, maldarlıq, bağçılıq və arıçılıqla məşğul olurdu.
Dağlıq ərazilərdə terras üsulu ilə əkinçilik inkişaf etmişdi, burada buğda, arpa, darı və müxtəlif meyvələr istehsal olunurdu.
Yüksək dağlıq bölgələrdə maldarlıq xüsusilə geniş yayılmışdı. Qoyunçuluq və atçılıq əsas təsərrüfat sahələrindən hesab olunurdu.
Xanlığın zəifləməsi
XIX əsrdə Bədəxşan xanlığı ciddi problemlərlə üzləşməyə başlamışdı.
Daxili çəkişmələr, hakim ailələr arasında hakimiyyət uğrunda mübarizə mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olurdu.
Xarici təzyiqlər get-gedə güclənirdi, Əfqanıstan hökmdarları Bədəxşanı öz dövlətlərinə birləşdirməyə çalışırdılar. Eyni zamanda regionda Böyük Britaniya və Rusiya arasında gedən geosiyasi rəqabət (“Böyük Oyun”) vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Yaridlər sülaləsinin üzvü olan Bədəxşan xanları:
Mir Yarbəy Sahibzadə 1657–1708-ci illər.
Süleyman Bəy I – 1708–1713...
Yusif Əli Xan – 1713–1718...
Ziyaəddin – 1718–1737...
Mir Padşah – dəqiq tarixi məlum deyil.
Süleyman Bəy II – dəqiq tarixi məlum deyil.
Sultan Şah I – 1748–1768...
– 1768-ci ildə Qubad Xan tərəfindən işğal.
Bahadır Şah – dəqiq tarixi məlum deyil
Aqsaqal Bahadır – tarix dəqiq məlum deyil.
Mir Məhəmməd Şah – 1792–1821...
Sultan Şah II – 1820-ci illər.
Mir Yar Bəy – XIX əsrin əvvəlləri.
Mir Şah – 1844–1864...
Cahandar Şah – 1864–1869...
Mizrab Şah – 1869 (çox qısa müddət)
Mahmud Şah – 1869–1873...
1873-cü ildə Mahmud Şah hakimiyyətdən uzaqlaşdırılıb və Bədəxşan birbaşa Əfqanıstan hakimiyyətinə tabe edilib. Bununla da müstəqil Bədəxşan Mirliyi faktiki olaraq sona çatıb.
Məşhur hökmdarlar
Sultan Şah I – XVIII əsrdə Bədəxşanın ən qüdrətli hökmdarlarından biri sayılırdı.
Mir Muhammad Şah – xanlığın son güclü hökmdarlarından biri idi.
Cahandar Şah – Əfqanıstan taxtı uğrunda mübarizələrdə fəal iştirak etmişdi.
Mahmud Şah – müstəqil Bədəxşanın son hökmdarı olub. 1873-cü ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Bədəxşan birbaşa Əfqan idarəsinə tabe edilib.
Xanlığın süqutu
XIX əsrin ortalarında Əfqanıstanın güclənməsi Bədəxşan üçün ciddi təhlükəyə çevrilmişdi. 1850–1860-cı illərdə Əfqan əmirləri bölgəyə bir neçə dəfə hərbi yürüş təşkil etmişdirlər. Nəhayət, 1873-cu ildə Bədəxşan Əfqanıstanın nəzarəti altına keçirb və Əfqan Əmirliyinə birləşib. Bundan sonra xanlıq formal şəkildə mövcud olsa da, faktiki müstəqilliyini itirir.
XIX əsrin sonlarında isə Bədəxşan tamamilə Əfqanıstan dövlətinin tərkibinə daxil edilir və müstəqil siyasi qurum kimi tarix səhnəsindən silinir.
Bədəxşan xanlığının süqutu bir dövrün qapanmaşı, azad idarəçilik ənənəsinin sarsılması və bölgənin taleyində dönüş nöqtəsi idi. Tarixin sərt hökmü qarşısında xanlıq siyasi səhnədən çəkilsə də, onun irsi xalqın yaddaşında yaşamağa davam etdi.
Xanlığın süqutu təkcə bir siyasi quruluşun sonu deyil, həm də bölgənin müstəqillik iradəsinə vurulan ağır zərbə idi. Bu hadisə xarici təzyiqlərin və daxili zəifliyin birləşərək tarixi bir dövlətin səhnədən çəkilməsinə səbəb olduğunu göstərdi. Xanlığın süqutu ilə Bədəxşan öz siyasi müstəqilliyini itirdi və bölgənin tarixində yeni, daha mürəkkəb bir mərhələ başlandı.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 11 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















