Icma.az
close
up
RU
Andxoy xanlığı Əfqanıstanın şimalında özbək dövləti

Andxoy xanlığı Əfqanıstanın şimalında özbək dövləti

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Andxoy xanlığı XVIII əsrin siyasi burulğanında, Əfqanıstan Türküstanının yerli türk-özbək hakimiyyətlərinin gücləndiyi bir dövrdə meydana çıxmış, Şərqlə Qərbi birləşdirən karvan yollarının üzərində yerləşməsi sayəsində qısa zamanda bölgənin diqqətəlayiq siyasi mərkəzlərindən birinə çevrilmişdi.

Andxoy xanlığının meydana çıxması XVIII əsrdə Əfqanıstan Türküstanında baş verən siyasi parçalanma və yerli türk hakimiyyətlərinin güclənməsi prosesinin nəticəsi idi. Bölgədə mərkəzi hakimiyyətin təsirinin zəifləməsi ayrı-ayrı şəhər və vilayətlərdə yerli hakim sülalələrin önə çıxmasına şərait yaratmışdı, Əndxoy da bu tarixi prosesdən kənarda qalmamışdı.

Şimali Əfqanıstanın mühüm ticarət və karvan yollarının üzərində yerləşən Andxoy zaman keçdikcə, yalnız iqtisadi baxımdan deyil, siyasi baxımdan da əhəmiyyətli bir mərkəzə çevrilir. Burada özbək-türk tayfalarının üstünlük təşkil etdiyi ictimai-siyasi mühit yerli hakimiyyətin formalaşmasına əlverişli zəmin yaradır. Beləliklə, Andxoy ətrafında təşəkkül tapan yerli hakimiyyət tədricən xanlıq formasına keçir.

Andxoy xanlığının yaranmasını yalnız müəyyən bir hökmdarın adı ilə bağlamaqdansa, onu Buxara və Əfqan Türküstanındakı yerli siyasi qüvvələr arasında gedən uzunmüddətli mübarizənin nəticəsi kimi qiymətləndirmək daha doğru olar. Xanlıq bir tərəfdən Buxara siyasi məkanının təsirini hiss edir, digər tərəfdən isə Əfqanıstan ərazisində güclənən mərkəzləşdirici hakimiyyətlə qarşı-qarşıya qalırdı.

Bu baxımdan Andxoy xanlığının tarixi Türküstanın parçalanmış siyasi xəritəsində özünə yer açan yerli türk hakimiyyətlərindən birinin tarixidir. Onun sonrakı taleyi də həmin dövrün siyasi mənzərəsini aydın göstərir: əvvəl Buxara ilə bağlılıq, daha sonra yarımmüstəqil mövcudluq və nəhayət, Əfqanıstan dövlətinin tərkibinə daxil edilmə.

Xanlığın yaranması

XVIII-XIX əsrlərdə Andxoy xanlığı Cənubi Türküstanda (indiki Faryab vilayəti) mövcud olan müstəqil özbək xanlıqlarından biri idi, 1747-1880-ci illərdə xanlıq tayfa başçıları, xüsusən də Əfşar tayfası tərəfindən idarə edilib.

XVIII–XIX əsrlərdə Əndxoy xanlığı regionun siyasi tarixində özünəməxsus yer tutan dövlət qurumlarından biri idi.

Xanlığın paytaxtı Andxoy şəhəri, dini İslam, dövlət dili özbək dili, əhalisi özbəklər, türkmənlər, qismən taciklərdən ibarət idi.

Xanlıq əsasən özbək siyasi və etnik mühitinə bağlı idi və Əfqan Türküstanının digər xanlıqları ilə – Maymana, Sari-Pul, Şibirğan, Akça, Bəlx, Qunduz və Bədəxşan kimi siyasi mərkəzlərlə sıx əlaqə saxlayırdı. Əhali ənənəvi olaraq xalçaçılıq (məşhur təkə xalçaları), ipəkçilik, dəriçilik (qaragül dərisi) və əkinçiliklə məşğul olub.

Andxoy xanlığının tarixində mühüm mərhələlərdən biri onun Buxara əmirliyi ilə münasibətləri idi. Xanlıq 1370-1506-cı illərdə Teymurilər imperiyasının, 1506-1820-ci illərdə Buxara xanlığının tərkibində olub, 1820-ci ildən 1885-ci ilədək müstəqil dövlət kimi fəaliyyət göstərib.

Andxoy xanlığı müəyyən siyasi müstəqillik əldə etdiyi dövrlərdə yerli xanlar öz hakimiyyətlərini qoruyub saxlamağa çalışıblar.

Xanlığın sonuncu hökmdarı Mir-Dövlət xan olub. XIX əsrin ikinci yarısında onun hakimiyyəti formal müstəqilliklə Əfqanıstan əmirinin siyasi asılılığı arasında qəribə bir vəziyyət almışdı.

Andxoy xanlığının tam və hamının qəbul etdiyi vahid hökmdarlar siyahısı yoxdur. Müxtəlif mənbələrdə adlar və hakimiyyət illəri bir qədər fərqli göstərilir.

Mənbələrdə Andxoy xanlığının hökmdarlarının tam olmayan 1730/31–1880-ci illər üçün siyahısı belə verilir:

Əlimərdan xan, 1730/31–1738-ci illər

Süleyman xan, 1738–1790...

Rəhmətulla xan, 1790–1812...

Yulduz xan, 1812–1830...

Əbdüləziz xan, 1830–1835...

Şah Vəli xan, 1835–1844...

Qənfər xan, 1844–1845, 1845–1847 və 1847–1869...

Sufi xan, 1845, 1847...

Mir-Dövlət xan, 1869–1880...

Andxoy xanları arasında tarix baxımından daha çox seçilən hökmdarlar:

Əlimərdan xan — ilk dövrün mühüm hökmdarı

Hakimiyyəti: təxminən 1730/31–1736/38.

Andxoy xanlığının Əfşarlar dövründə formalaşdığı mərhələdə hakim olub. Mənbələr onu Nadir şah Əfşarın hakimiyyəti ilə əlaqəli olduğunu göstərir.

Andxoyun ayrıca siyasi hakimiyyət kimi təşkilatlanmasının ilkin mərhələsində mühüm rol oynayıb.

Süleyman xan — ən uzun müddət hakimiyyətdə qalanlardan biri olub.

Mənbələrdə onun dövründə, 1750/51-ci ildə Müxləs xanın da hakimiyyətlə əlaqəli olduğu qeyd edilir.

Uzun hakimiyyəti Andxoy xanlığında siyasi sabitliyin qorunmasına imkan verib.

Rəhmətulla xan — XIX əsrin əvvəllərinin mühüm xanı

Süleyman xandan sonra hakimiyyətə gəlib və Andxoyun siyasi müstəqilliyini davam etdirib.

Yulduz xan — XIX əsrin ilk yarısının tanınmış xanı Yulduz xanın dövrü Andxoyun regional siyasi münasibətlərinin davam etdiyi dövr idi, onun ardınca Əbdüləziz xan hakimiyyətə gəlib.

Qənfər xan — ən diqqətçəkən son dövr hökmdarlarından biri

Hakimiyyəti: 1844–1845, 1845–1847 və 1847–1869.

Qənfər xan xüsusilə uzun müddət hakimiyyətdə olması ilə seçilir, o, müxtəlif fasilələrlə üç dəfə hakimiyyətdə olub və ümumilikdə XIX əsrin ortalarında Andxoyun siyasətində mühüm fiqur olub.

Mir-Dövlət xan Andxoy xanlığının sonuncu hökmdarı hesab olunur. 1880-ci ildə Andxoy Əfqanıstana birləşdirilir və xanlığın müstəqil siyasi mövcudluğu sona çatır.

Mir-Dövlət xanın yarımmüstəqil hakimiyyəti

Rus səyyahı, polkovnik Nikolay Qrodеkov 1878-ci ildə Əfqanıstana səfəri zamanı Andxoy haqqında maraqlı məlumat verib, Andxoy ətrafında yaranan son vəziyyəti ətraflı təsvir edib. Onun yazdıqlarından görünür ki, həmin vaxt Andxoy formal baxımdan ayrıca xanlıq olaraq qalırdı, lakin artıq Əfqanıstan əmirinin siyasi təsiri altında idi.

Onun 1883-cü ildə çap olunmuş qeydlərində Əfqanıstan Türküstanının tərkibində vaxtilə bir sıra xanlığın olduğu bildirilir. Bunların sırasında Maymana, Səri-Pul, Şibirğan, Akça, Əndxoy, Balx, Qurzivan, Darzab, Qunduz və Bədəxşanın adları çəkilir.

Qrodеkovun yazdığına görə, həmin dövrdə bu xanlıqlar arasında yarımmüstəqil vəziyyətini qoruyub saxlayan əsas siyasi qurum Andxoy xanlığı idi.

Bunun səbəbi isə Mir-Dövlət xanın Əfqanıstan əmiri Şir Əli xana göstərdiyi xidmətlərlə bağlı idi. Mir-Dövlət xan Maymananin tabe etdirilməsi zamanı Şir Əli xanın qoşunlarına yardım edib ki, bunun müqabilində öz hakimiyyətini qoruyub saxlaya bilib.

Lakin bu müstəqillik tam deyildi, Mir-Dövlət xan Kabildəki xəzinədən hər il 12 min rupi məbləğində pul alırdı. Eyni zamanda Andxoyda Əfqanıstan süvarilərindən ibarət hərbi dəstə yerləşdirilmişdi. Rəsmi olaraq bu qüvvənin vəzifəsi xanlığı türkmənlərin basqınlarından qorumaq idi.

Əslində isə bu qoşun Kabil hakimiyyətinin Andxoy üzərində nəzarət vasitələrindən biri idi.

Mir-Dövlət xan daxili idarəçilikdə kifayət qədər geniş səlahiyyətlərə malik idi, o öz ərazisində müstəqil qərarlar qəbul edirdi, hətta ölüm hökmü çıxarmaq hüququ da vardı. Bununla belə, hər il Məzari-Şərifə gedərək Əfqanıstanın general-qubernatoruna baş çəkməli və Kabil xəzinəsinə göndərilən hədiyyələri təqdim etməli idi.

Beləliklə, Andxoy xanlığının XIX əsrin sonlarındakı vəziyyəti formal müstəqilliklə siyasi asılılığın qəribə və mürəkkəb bir vəhdəti idi. Xan daxildə hakimiyyətini qoruyurdu, lakin xarici siyasət və hərbi məsələlər baxımından Əfqanıstan əmirinin nəzarəti altında idi.

Beləliklə, Andxoy XIX əsrin sonlarına doğru nə tam müstəqil xanlıq, nə də adi Əfqanıstan vilayəti idi. Onun siyasi vəziyyəti iki hakimiyyət arasında qurulmuş kövrək tarazlığa bənzəyirdi, daxildə xan, ümumi siyasi çərçivədə isə Əfqan əmirindən asılılıq...

Əfqan Türküstanında sonuncu yarımmüstəqil ocaq

XVIII əsrdə Türküstanın siyasi xəritəsi sabit deyildi, böyük dövlətlərin təsir dairələri dəyişir, ayrı-ayrı şəhər və bölgələrdə yerli hakimlər öz mövqelərini möhkəmləndirir, türk-müsəlman siyasi ənənəsinin formalaşdırdığı xanlıqlar bir-birinin ardınca meydana çıxırdı. Andxoy xanlığı da məhz belə mürəkkəb siyasi şəraitin içində, Şimali Əfqanıstanın türk-tarixi məkanında formalaşan siyasi qurumlardan biri idi.

Andxoyun taleyini yalnız kiçik bir ərazinin tarixi kimi qiymətləndirmək düzgün olmaz. Bu xanlıq daha geniş bir coğrafiyanın, tarixən Əfqan Türküstanı adlandırılan bölgənin siyasi həyatının tərkib hissəsi idi. XIX əsrdə bu ərazidə Bəlx, Qunduz, Bədəxşan, Qurzivan, Darzab, Akça, Maymana, Səri-Pul, Şibirğan, Akça kimi özbək xanlıqları da vardı. Lakin zaman keçdikcə, onların əksəriyyəti müstəqil siyasi mövqeyini itirir və Andxoy bölgədə özünəməxsus yarımmüstəqil statusunu qoruyan son siyasi mərkəzlərdən birinə çevrilirdi.

Buxaradan Kabilə siyasi axın

Andxoyun tarixində Buxara əmirliyi xüsusi yer tutur. Tarixi mənbələrə görə, xanlıq 1820-ci ilə qədər Buxara əmirliyinin tərkibində olub, bu fakt Andxoyun Türküstanın siyasi sistemi ilə nə qədər sıx bağlı olduğunu göstərir.

Lakin XIX əsrdə bölgədə qüvvələr nisbəti dəyişməyə başlayır. Əfqanıstanın mərkəzi hakimiyyəti şimala doğru öz nüfuzunu genişləndirir, əvvəllər nisbətən müstəqil yaşayan xanlıqları tədricən öz siyasi nəzarəti altına almağa çalışırdı.

Xanlığın sonuncu hökmdarı Mir-Dövlət xan bu mürəkkəb şəraitdə olduqca ehtiyatlı siyasət yürüb, o, bir tərəfdən öz hakimiyyətini və daxili müstəqilliyini qorumağa, digər tərəfdən isə güclənən Əfqanıstan hakimiyyəti ilə münasibətləri pozmamağa çalışırdı.

Xanlıq 1847-ci ildə Herat hakimi Yar Məhəmməd xan tərəfindən talan edilərək dağıdılıb və bundan sonra zəifləməyə başlayıb.

Xanlığın süqutu

Andxoy xanlığının süqutu XIX əsrin sonlarında Əfqanıstan Türküstanında gedən böyük siyasi dəyişikliklərin məntiqi nəticəsi idi. Bir vaxtlar yerli hakimiyyətin dayağı olan xanlıq artıq ətrafındakı güc balansının dəyişməsi qarşısında əvvəlki mövqeyini qorumaqda çətinlik çəkirdi. Buxaranın təsir dairəsi zəifləyir, Kabil hakimiyyəti isə şimal torpaqları üzərində nəzarəti getdikcə gücləndirirdi.

Mir-Dövlət xanın hakimiyyəti bu keçid dövrünün son mərhələsinə təsadüf edib. O, daxili idarəçilikdə geniş səlahiyyətlərini saxlasa da, xarici siyasətdə artıq Əfqanıstan əmirindən asılı vəziyyətdə idi. Kabil xəzinəsindən aldığı illik ödəniş və Andxoyda yerləşdirilən əfqan süvari dəstəsi bu asılılığın açıq göstəricilərindən idi. Xanlığın müstəqilliyi getdikcə formal xarakter daşıyan bir siyasi irsə çevrilirdi.

Andxoyun süqutunu yalnız bir xanlığın xəritədən silinməsi kimi qiymətləndirmək doğru olmaz. Bu hadisə Türküstanda əsrlər boyu mövcud olmuş yerli xanlıqlar sisteminin tədricən aradan qalxmasının bir hissəsi idi. Mərkəzləşən dövlətlər qarşısında kiçik siyasi hakimiyyətlərin manevr imkanları daralır, əvvəllər öz hökmdarları tərəfindən idarə olunan ərazilər yeni inzibati sistemlərin tərkibinə qatılırdı.

Andxoy da bu tarixi prosesin son səhnələrindən birini yaşayır. Bir vaxtlar öz bayrağı, daxili idarəçilik sistemi olan bu kiçik siyasi qurum XIX əsrin sonunda daha böyük bir dövlətin tərkibinə daxil olaraq tarix səhnəsindən çəkilir.

Andxoy xanlığının süqutu bir şəhərin və ya bir xanın hakimiyyətinin sonu deyildi, bu, Türküstanın siyasi xəritəsini əsrlər boyu müəyyənləşdirən xanlıqlar dövrünün yavaş-yavaş bağlanan son səhifələrindən biri idi.

Andxoyun tarixi əslində daha böyük bir tarixi mənzərənin – Əfqan Türküstanında türk xanlıqlarının və yerli hakimiyyətlərin tədricən mərkəzləşdirilmiş Əfqan dövlətinin tərkibinə qatılmasının bir hissəsidir.

Andxoyun süqutu əslində təkcə bir xanlığın sonu deyildi, bu, əsrlər boyu Türküstanın siyasi həyatında mühüm rol oynamış yerli xanlıqlar dövrünün tədricən başa çatmasının əlamətlərindən biri idi.

Andxoyun tarixində diqqəti cəlb edən əsas məqam da budur: nisbətən kiçik əraziyə malik olmasına baxmayaraq, xanlıq öz dövrünün böyük siyasi qarşıdurmalarının – Buxaranın təsiri, Əfqanıstanın mərkəzləşmə siyasəti və regiondakı türk siyasi hakimiyyətlərinin taleyinin kəsişdiyi bir məkanda dayanmışdı.

Andxoy xanlığı beləliklə, XVIII əsrdə formalaşan, XIX əsrdə böyük siyasi təzyiqlər arasında varlığını qoruyan və 1885-ci ildə Əfqanıstan tərəfindən aradan qaldırılan sonuncu yarımmüstəqil özbək siyasi mərkəzlərindən biri kimi tarixdə qalır.

Andxoy xanlığının süqutu bir dövlətin sonundan daha artıq idi, bu, bir zamanlar öz iradəsi, öz xanı, öz torpağı və öz siyasi taleyi olan bir diyarın müstəqilliyinin əlindən alınması idi. İllərlə qorunan xanlıq zəiflədikcə, onun üzərindəki kölgələr böyüyür və nəhayət, Andxoyun müstəqil həyatı sona çatır.

Xanlığın son hökmdarı Mir-Dövlət xanın hakimiyyəti ilə birlikdə Andxoyun müstəqillik səhifəsi də bağlanır. Dünənə qədər öz bayrağı altında yaşayan bu torpaqlar artıq başqa bir hakimiyyətin tərkibinə daxil olur. Bir dövlət tarixdən silinir, lakin onun adı, torpağı və yaddaşı xalqın xatirəsində qalır.

Bəzən tarixdə ən ağrılı məqam bir şəhərin dağıdılması deyil, bir dövlətin öz taleyini müəyyən etmək haqqını itirməsidir. Andxoyun süqutu da belə bir sonluq idi — xanlığın daşı da, divarları da yerində qalır, torpağı yenə torpaq olaraq qalır, amma onun üzərində əsən müstəqillik küləyi daha əvvəlki kimi güclü əsə bilmir.

Andxoy xanlığı tarix səhnəsindən çəkilir, amma onun dövlətçilik yaddaşı yox olmur, çünki dövlətlər süqut edə bilər, sərhədlər dəyişə bilər, xanlıqlar tarixə qovuşa bilər, lakin bir xalqın yaddaşında yaşatdığı keçmişi heç bir siyasi xətt tamamilə silə bilməz.

Andxoyun süqutunu bir cümlə ilə belə ifadə etmək olar: “Andxoy xanlığı süqut edərkən yalnız bir xanlıq yox, bir dövrün siyasi müstəqilliyi də tarixə qovuşur”.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri