Icma.az
close
up
RU
Bəhram Osmanov: Məni yordular, ərizəmi yazıb çıxdım... Müsahibə

Bəhram Osmanov: Məni yordular, ərizəmi yazıb çıxdım... Müsahibə

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Ülvi Bahadırın teatr rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovla müsahibəsini təqdim edir.

- Söhbətimizə elə “Sehrbazlar dərəsi”ndən başlayaq. Bu əsəri səhnələşdirmək sizin təşəbbüsünüz idi, yoxsa Kamal Abdullanın?

- Hər ikimizin. Kamal müəllim inanmırdı ki, bu əsərin səhnə variantı alına bilər, ancaq mən onu inandırdım. Fasilələrlə bir ilə yaxın “Sehrbazlar dərəsi” ilə məşğul olduq. Sonra mən yekun variantı ona verdim, romanda olmayan xeyli əlavə elədi.

- Bu romanda sizi çəkən nə oldu?

- Mən Kamal müəllimi çoxdan tanıyıram. Onun bütün yazılarını oxumuşam. Hətta cavan vaxtlarımda onun bir çox pyeslərinin yazılma prosesındə iştirak eləmişəm. “Yarımçıq əlyazma” daim oxuduğum kitablardandır. “Sehrbazlar dərəsi”ni oxudum və bəyəndim. Bu gün dünyada postmodern ədəbiyyata maraq çox böyükdür. Müasir dövrlə ayaqlaşmaq lazımdır. Azərbaycan aktyorlarını ədəbiyyat ətrafında düşünməyə vadar edəcək bir əsər axtarırdım. Bu roman da bizim adət-ənənələrə, sufizmə daha yaxındır, həm də kifayət qədər müasir əsərdir.


- Sizin üçün bu prosesdə ən çətin məqam hansı idi?

- Əsərin səhnə mətninin köçürülməsi. Birinci növbədə məkan tapılmalıdır. O məkanın tapılması üçün də mətn lazımdır. Mətn yazıldı, redaktə olundu, sonra iş başlandı. Rusiyadan dəvət elədiyim rəssamla biz 17 səhnə variantı üzərində işlədik və yekunda bu gün gördüyünüz variant əmələ gəldi. Bu da əsərin qəbul olunma prinsipini dəyişdi. Hərənin bir “Sehrbazlar dərəsi” var. Bu, konkret düşünülən dərə deyil, təsəvvürdə olan dərədir. Təsəvvürdə olan məkanlar fərqlidir. Bizim məkanda isə dəmir məngənələr içərisinə salınmış insanlar var idi. Bu insanlar düşünür ki, məngənələrdən qurtulsalar, böyük xoşbəxtlik tapacaqlar. Çıxanda da bilinmir ki, onları nələr gözləyir. Çıxan da ancaq ruh ola bilər, insan o məngənədən çıxa bilməz.

- Tamaşa necə qarşılandı?

- Anlaşılmazlıqlar çox olur. Çünki bu, anlaşılmayan, qəbul olunmayan ədəbiyyatdır. Biz aktyorlarla məşqdə treninqlər elədik. Nəhayət, bu ifa qəbul olundu. Mətnin ecazını ön plana çəkməyə çalışdıq.

- Aktyor seçiminə necə qərar verdiniz?

- O aktyorları əvvəlcədən tanıyırdım. Çoxu tələbəm olub. Heç bir şübhə duymadan təyin elədim. Onlarla dəfələrlə tamaşalarım olub. Onlar yenilikdən, eksperimentdən qorxmadılar.

- Məşqlərdə çox sərtsiniz?

- Mən qarşılıqlı diktaturanın tərəfdarıyam. Aktyorlar bilirlər ki, öz fikirlərini deyəcəklər, ancaq yekun qərarı mən verəcəyəm. Qəbul eləməyən gedir. Ancaq yaradıcılığım boyu gedən olmayıb. Yekun sözü hər zaman rejissor deməlidir. Mən həmişə aktyorların fikirlərini nəzər alıram, uyğun bildiklərimi qəbul eləyirəm. Yekun qərar məndə olmasa, anarxiya olar.

- Bir insanı hansı maraq, istək teatra gətirir?

- Mən teatr sənətinin möcüzəsini görmüşəm. Möcüzə insan ruhunun yaşantısıdır. İndi yoxdur, o dövrdə məşqlər bitəndən sonra növbəçi lampa yanırdı. Bütün salon, səhnə qaranlıq olurdu. O, bir möcüzədir. Teatrın həmin o qaranlıq möcüzəsinə - növbəçi işığa baxmaq özü bir sehrdir. O sehr məni məcbur eləyib. Bu gün də peşman deyiləm.

- Bəs nə vaxtsa peşman olmusunuz?

- Əlbəttə. Peşman olmuşam, amma nifrət eləməmişəm. Çünki mən sənəti sənət kimi sevmişəm.

Ünsiyyətlər pozulanda peşman olmuşam ki, mən bura nahaq gəlmişəm. 23 il Akademik Milli Dram Teatrında işləmişəm. Sonra getmişəm. Rusiyada tamaşalar hazırlamışam. Yenə qayıtmışam. 9 ilə yaxın Gənc Tamaşaçılar Teatrında baş rejissor işləmişəm. Sonra oradan da çıxmağa məcbur olmuşam.

- Bəs oradan niyə çıxdınız?

- Ovaxtkı rəhbərliklə münasibətlərim korlanmışdı.

- Aktyorlar şikayət eləyirdi ki, Bəhram Osmanov orada ancaq bəzi aktyorlara rol verir, qalanları qalır qıraqda.

- Deyə bilərlər, amma elə şey yoxdur. Yaxşı aktyora həmişə rol vermək istəyirsən. Aktyorlar həmişə şikayət eləyirlər. Ola bilər ki, aktyorun bir mövsümdə bir rolu olsun. Gənc Tamaşaçılar Teatrının spesifik tərəfi odur ki, orada yeniyetmələr üçün tamaşalar hazırlanır. Hər aktyor elə tamaşalarda oyanaya bilməz. Teatr demək eksperiment deməkdir. Hər tamaşa da bir eksperimentdir. Mən yalandan heç kimə rol verə bilmərəm. O aktyorlardan indi də soruşsanız, deyəcəklər ki, mənim rolum yoxdur. Belə aktyorlar bütün teatrlarda var. 30 ildir adı gedir, amma rol oynamır. Nə vaxtsa sınaqdan keçiriblər, teatra qəbul ediblər, indi də çıxara bilmirlər. Onların işi-gücü şikayət eləməkdir.

- Niyə çıxara bilmirlər?

- Qanunvericilikdə müəyyən maddələr var. Onlara görə çıxara bilmirlər.

- İş hara gəlib çatdı ki, siz oradan çıxdınız?

- Açığı, yoruldum. Gördüm ki, baş rejissor kimi idarə eləyə bilmirəm. Reaksiyalar məni yorurdu. Yaradıcılıqdan daha çox reaksiyaları dəf etməklə məşğul idim. Ərizəmi yazıb çıxdım.

- Hər iki teatrda da işləyən bir rejissor kimi soruşuram, bu teatrların hansı fərqli tərəfləri var?

- Mən gənc yaşlarımdan “valyaqa” rejissor titulu almışam. Bu qanuni oğru leksikonuna aid sözdur. Rusiyada dəbdir. İcazəli olaraq bir şəhərə girib bir günlük əməliyyatını edib çıxıb gedirsən. Mən də Akademik Milli Dram Teatrında işləyə-işləyə icazəli olaraq müxtəlif bölgə teatrlarında tamaşalar qurmuşam. Bəzən bölgələrdə Bakıdan çox tanınıram.

- Bu, həm də yorucu deyil?

- Xeyr. Tanımadığın teatrlarda işləmək çox maraqlıdır. Sən onları tanımırsan, onlar da səni. Bakıda 3 aya hazırladığım tamaşanı orada 1 aya hazırlayırdım. Çünki onlar öyrənmək istəyirdilər. Bilirdilər ki, sən çıxıb gedəcəksən. Rusiyada işləyəndə də elə idi. Ən çətini doğru pyesi seçmək, təhlil və rol bölgüsünü etməkdir. Bu gün hazırladığım “Varlı qadın”ı mən 20-25 il əvvəl Akademik Milli Dram Teatrında hazırlamışam. 10 ildən sonra mən onu Gəncə Teartrında hazırladım. 12 il sonra isə Osetiya Akademik Milli Dram Teatrında səhnələşdirdim. Bu mənim dördüncü quruluşumdur və heç biri bir-birinə oxşamır. İnanıram ki, bu da oxşamayacaq.

- Eyni tamaşanı uzun fasilələrlə yenidən səhnələşdirmək çox çətin işdir.

- Əlbəttə. Çox çətindir. Mən heç vaxt quruluş verdiyim tamaşaya yenidən qayıtmıram. Oturum gözləyim ki,mən arzuladığım tamaşanı qoyacağam. Məndə çoxdandır ki, o şey yoxdur. Ya özüm təklif eləyirəm, ya da təklifləri dəyərləndirirəm.

- İlk tamaşanızı necə xatırlayırsınız?

Mən İncəsənət İnstitutunda oxuyanda kurs proqramından qabağa qaçırdım. Oranı bitirəndə artıq səkkiz bütöv tamaşa hazırlamışdım. Bu tamaşalar o vaxt komsomolun nəzarəti altında Bakının müxtəlif müəssisələrində oynanılırdı. Həmin tamaşalar haqqında o dövrün görkəmli tənqidçiləri məqalələr yazırdı. O vaxt o qədər də əhəmiyyət vermirdim, indi ürəklə deyirəm.

Peşəkar aktyorlarla tamaşam isə Tennesse Vilyamsın “Şüşə heyvanxana” pyesi əsasında hazırladığım tamaşa olub. Baş rollarda Hökümə Qurbanova, Şükufə Yusupova, Hamlet XanızadəFuad Poladov oynayırdı. Sonra mən təsadüfən Akademik Milli Dram Tearında işə başladım. Mən üç dəfə Akademik Milli Dram Teatrından getmək istəmişəm, buraxmayıblar. 20 gün, bir ay işə getməmişəm. Rəhbərlik çağırıb. Bir-birimizi anlamışıq. O rəhbərlər Mədəniyyət Nazirliyinə məlumat veriblər. Sadəcə, incimişəm, bezmişəm, getmişəm. Rəhbərliyi inandırmaqdan yorulmuşam. Deyirdim, başa düşmürdülər, mən də küsürdüm. Amma indi küsmürəm, gedirəm.

- Davamlı olaraq nəyisə sübut eləmək də ayrı dərddir.

- Davamlı anlatmaq, inandırmaq yorucudur. Mən artıq heç kimi inandırmıram. Mədəniyyət və İncəsənət Universiteti indi böyükdür. Mən oxuyan illərdə balaca institut idi. 500-600 tələbəsi var idi. Beş kursda 15 nəfər oxuyurdu. Hamımız bir-birmizi tanıyırdıq.

Deyirəm ki, mən bu əsəri hazırlamaq istəyirəm. Yox, yox da. Gedirəm. Deyirlər ki, niyə gedirsən? Deyirəm ki, mən səni ianandırmaq istəmirəm. Sən başa düşmək istəmirsən. Təcrübə imkan verir ki, sənə inansınlar. Mən səbirli insanam, ancaq səbir birdən-birə partlayır. Ondan sonra aradakı münasibətlər də darmadağın olur. Darmadağın eləmək asandır, çətini yenisini qurmaqdır. Yaşım yenisini qurmağa imkan vermir.

- Yaradıcılığınızın ilkin dövrlərində hansı maneələrlə qarşılaşmısınız?

- Məni çox təriflədilər. Sonra oturub-durduğum teatr rəhbərləri məni altdan-altdan vurmağa başladılar. Mən də bunu anlaya-anlaya işləyirdim. Belə 15 il yaşadım. Sonra gördüm ki, mümkün deyil.

- 15 il də az deyil.

- Partlamalar tez-tez oldu. Sonra mən sıfırdan başlamalı oldum. Uğurun ləzzətini görürsən, əvəzini istəmirsən, sadəcə, o ləzzətlə yaşamağa çalışırsan. Başa düşdüm ki, mən adamlara mane oluram. Rahat yaşaya, sənətdə söz sahibi ola bilmirdilər.

- Xarakter etibarilə üsyankarsınız, yoxsa loyal?

- Mən həmişə etiraz etməyin tərəfdarı olmuşam. Ancaq etirazın, üsyanın əhəmiyyəti yoxdur. Teatrda diktatoram. Aktyor hegemonluğunu qəbul eləmirəm. Mənim sevilməmək səbəbim budur. Deyirəm ki, mən bunu sənə deməməliyəm, ancaq borcumdur ki, deyim. Lazim olan yerdə susmaq lazımdır. Mən onu bacarmıram.

- Hazırda olduğunuz yerdən razısınız?

- Çox rahatam. Məni istəyirlər, hörmət eləyirlər. Onlara lazımam. İşimlə məşğulam. Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. İki kitab hazırlamışam. Tərcümələrim də var.

- Hansında daha rahatsınız: rejissor, yoxsa pedaqoq kimi?

- Bizim pedaqogikamız rejissuradan ayrılmır. Mən hər gün kiməsə nəyisə başa salıram. Günüm tələbələr və aktyorlarla gedir. Bu, məşəqqət yox, ləzzətdir.

- Bir dəfə bir teatr tənqidçisi ilə müsahibə eləyəndə sual verdim ki, niyə tamaşalar barəsində az yazılır? Dedi ki, bizdə teatrların, aktyorların, rejissorların tənqidə münasibəti birmənalı deyil. Özümüzə problem yaratmaq istəmirik.

- Aktyorlar tənqid yox, təhqir görəndə danışırlar. Bizim teatr tənqidimiz dünən də, bu gün də ancaq və ancaq təhqirdən ibarətdir. “Sən aktyor deyilsən”. “Sən bu rolu düzgün oynamırsan”. “Get, özünə başqa iş tap”. Belə sözlər demək olmaz.

Mənim tamaşalarım haqqında heç vaxt belə yazılar yazılmayıb. Bir dəfə İlham Rəhimli demişdi ki, Bəhramın orta səviyyəli tamaşası var, amma uğursuz tamaşası yoxdur.

- Bəs sizin özünüzə görə necə, var zəif tamaşalarınız?

- Əlbəttə. Çoxdur. Bizdə bəzən tamaşaçı qəbul eləyir, tənqid qəbul eləmir, bəzən də əksinə .Onda rejissor özü özünün tənqidçisi olmalıdır. Bəzən tamaşa oynanıla-oynanıla mən aktyorlarla söhbətlər aparmışam. Onlar da çox həvəslə bu söhbətlərə gəliblər. Bu gün belə “Sehirbazlar dərəsi” oynanıla-oynanıla biz onlarla görüşürük, müzkairələr aparırıq.

- Bir tamaşanın alınmama səbəbləri nələrdir?

- Ünsiyyət alınmır. Gərək məşq dövründə rejissorla aktyorlar arasında ünsiyyət açıq olsun. Gərginlik olsa, alınmayacaq. Aktyorlar gərgin olanda rejissorun onlardan nə istədiyini bilmirlər. Bir aktyorun 50 il sənətdə olması hələ onun işini mükəmməl görəcəyi mənasına gəlmir. Hər tamaşada sən başqa ifadə vasitələri axtarıb tapmalısan. Aktyor gərək buna hazır olsun. Bunun üçün o, sərbəst olmalı və rejissora inanmalıdır. Bizdə isə aktyorlar rejissorla mübarizə aparırlar. Öz fikrini rejissora təlqin eləməyə çalışırlar.

- Siz 1992-ci ildə “Lal” adlı bir film də çəkmisiniz. Uğurlu da alınıb. Niyə davam etmədiniz?

- Eldar Quliyev istəyirdi ki, mən “Debüt” kinostudiyasında film çəkim. Ondan sonra imkan olmadı, çəkmədim. Bir-iki dəfə cəhd elədim, alınmadı. Daha doğrusu, qoymadılar. Müstəqillik qazandıq, müstəqil kino yarandı. Sponsorlar-filan tapmalı idim. O da mənlik deyil. Bu gün məın öz mühitimi istədiyim vaxt dəyişçə bilirəm.

- Bu gün istəsəniz, film çəkə bilərsiniz?

- Əlbəttə. Əlimdə materiallar da var. Təklif gəlmir, mən də çəkilib durmuşam qıraqda. Açığı, film çəkməyə elə də həvəsim yoxdur .

- Hər rejissorun yaradıcılığında öz “pasport”u olur. Sizin pasportunuz hansı tamaşadır?

- Çoxdur. “Şüşə heyvanxana”nı deyə bilərəm. “Köhnə ev, “Mesenat”, “Oyuncaq ev”, Müharibə” tamaşaları uğurlu tamaşalarımdır. Cavid Zeynallının əsəri əsasında səhnələşdirdiyim “Şükriyyə” də yaxşı alınmışdı.

- Bir teatra kənardan aktyor, aktrisa gətirilməsinə münasibətiniz necədir?

- Çox yaxşı. Mən Musiqili Teatra “Evlənmə” tamaşası üçün üç aktyor gətirmişdim. O etirazlar-filan hamısı boş şeylərdir. Mən Musiqili Teatrda o aktyorları gətirdim, oynadıq, sonra elə o teatrın öz aktyorları mənə dedilər ki, siz düz eləmisiniz, biz onlar səviyyəsində oynaya bilməzdik. Gənc Tamaşaçılar Teatrında Əli Əmirlinin “Hasarın o tayında” tamaşasında baş rolu oynamaq üçün Həmidə Ömərovanı gətirmişdim. Düz 10 il oynandı o tamaşa. Niyə dəvət eləmişdim? Çünki o teatrda 10 il o tamaşanı oyanayacaq aktrisa yox idi. Özləri də dedilər ki, biz belə oynaya bilmərik. Belə şeylər teatrın inkişafına xidmət eləyir.

- Deyirlər ki, bizdə aktyor yoxdur ki, qıraqdan kimisə gətirirsiniz?

- Demək ki, yoxdur da. Rejissorun işinə qarışmaq olmaz. Mən buna görə diktatoram. Rejissorun səlahiyyətlərinə müdaxilə etmək yolverilməzdir. Aktyorun qarışmağa mənəvi haqqı yoxdur. Çünki rejissor rol seçimləri üçün aylarla düşünür. Deyir ki, mən böyük aktrisayam. Sənə o rolları kim verib? Mən vermişəm də. Səni böyük eləyən mənəm də.

Yeni rol verilməməsi aktyorun zəif olması demək deyil. Bu gün lazım deyil. Sabah, altı aydan sonra lazım olacaq. Rejissor aktyora hesabat verməli deyil. Teatrın qanunlarına riayət eləmək aktyorun vəzifə borcudur.

- Sizi ən çox razı salan aktyorlar kimlər olub?

- Mən hər yaşdan aktyorla işləmişəm. Çoxundan da razı qalmışam. Hə, mənim sözü üzə deməyim var, amma bunu kimisə alçaltmaq üçün eləmirəm. Mən onların hamısını tanıyıram. Potensiallarına bələdəm.

- Rolu hansısa aktyora verib, sonra onun yerinə başqasını oynatdığınız olub?

- Heç vaxt. Bizim öz mentallığımız var. Aktyoru dəyişmək onu məhv etmək deməkdir. Ancaq ölkədən kənarda çox dəyişirdim. Onlar incimirdilər. Özləri başa düşürdülər.

- Hər rejissorun sevdiyi aktyorlar olur. Sizdə kimlər olub?

- Gəncliyimdə elə bilirdim ki, mən aktyoru sevməliyəm. Elə bilirdim ki, yoxsa alınmayacaq. Bu gün mən sənətinə hörmət eləyən aktyoru daha çox sevirəm. Sənətinə hörmət eləyən aktyor özünə hörmət eləyir. Hörmət eləmək təkcə reissorun dediklərini eləmək yox, həm də ona inanmaqdır.

Nurəddin Mehdixanlını, Bəsti Cəfərovanı, Firəngiz Mütəllimovanı, Sənubər İsgəndərlini, Vəfa Zeynalovanı, Rövşən Kərimduxtu çox bəyənirəm.

- Deyirlər ki, yaxşı və ya pis aktyor yoxdur. Əsas rejissorun onunla necə işləməsidir.

- Səhvdir. Rejissor hamı ilə eyni işləyir. Aktyor “mən hazıram, məndən nə istəyirsən düzəlt” deyəndə uğur qazanır. Ancaq “hər şeyi bilirəm” deyəndə alınmır. Aktyor danışan yox, hərəkət eləyən adamdır. Bugünkü aktyorlar isə hərəkət eləmək yox, danışmaq istəyirlər.

- Sizcə, sənətçi üçün xarakter, şəxsiyyət nə dərəcədə vacibdir?

- Xarakter sənətçi üçün çox vacibdir. Sənəti sevməsən, bu sənətdə mövcud ola bilməzsən. Mən hələ ki, sənəti sevirəm. Hələ də uğurlu tamaşalara ləzzətlə baxmağı bacarıram. Uğursuz tamaşalarda belə işıq tapa bilirəm.

- Gənclərə irad bildirəndə necə reaksiya verirlər?

- İrad bildirmirəm. Təbrik eləyirəm. Özləri istəsə, fikirlərimi deyirəm. Çoxu tələbəm olduğuna görə yaxşı tanıyıram.

- Peşə kriteriyalarınız var?

- Əlbəttə. Birinci növbədə nadanlıq, üzgörənlik eləmək olmaz. Hərə öz işi ilə məşğul olmalıdır. Heç kim heç kimin işinə qarışmamalıdır. Bugünkü rəhbərlər mənim yoldaşlarımdır. Ancaq mən onların heç birinə işlərini öyrətmək istəməmişəm.

- Azərpaşa Nemətovun vaxtında da orada tamaşa hazırlamısınız?

- Bəli. Bir tamaşa.

- Həmin vaxtla indiki vaxtın arasında hansı fərqlər var?

- Əvvəllər açıq qapı olub. Kim nə istəyib eləyib. Mən bunu heç vaxt dəstəkləməmişəm. Azərpaşa müəllim isə bütün qapıları bağladı. Ancaq elə mən, mən, mən... Bir gün mənə zəng eləyib dedi ki, köməyin lazımdır. İstəyirəm ki, bir tamaşa qurasan. Mən də “Dəli yığıncağı”nı hazırladım. Bir neçə tamaşadan sonra məni qısqandı. Oynanılmamasına əmr vermədi, ancaq az oynanılmasına şərait yaratdı. Mən də ona bir kəlmə demədim. Onun sədri olduğu Teatr Xadimləri İttifaqında rejissor laboratoriyası yaratmışam. Maraqlı tamaşalar quruldu orada. Ancaq təəssüf ki, onlar nizamnamədə olduğu kimi peşəkar teatrlara inteqrasiya eləyə bilmirlər. Gəncliyin inteqrasiyası üçün Mədəniyyət Nazirliyinin xüsusi layihəsi olmalıdır. Deyirlər, Azərbaycanda rejissor qıtlığı var. Azərbaycan teatrlarında həmişə rejissor qıtlığı olub.

- Milli Teatra qayıdışınız necə oldu?

- İlham Əsgərov, Mehriban Ələkbərzadə dəvət elədi, qayıtdım. İndi yavaş-yavaş Mehriban xanımın rəhbərliyini öyrənirlər. İsətəyən öyrənəcək, istəməyən də şikayət eləməyə davam eləyəcək. O teatrda ki, aktyor teatrın qanunauyğunluqları barədə mülahizələr eləyir, ora heç vaxt inkişaf eləyə bilməz. Buna imkan vermək olmaz. Aktyor teatrda mülahizə eləyirsə, bu teatrın uğursuzluğudur.

- Bəs öz sahələrinə uyğun etirazları necə?

- Etiraz eləyən aktrisalara mən il yarım əvvəl rollar vermişəm. Hansı etirazdan söhbət gedir? Münasibəti işə qatmaq olmaz. Aktyorun iddiası ilə teatr inkişaf eləyə bilməz. Gərək rejissor özü onlarla işləmək istəsin. Uzaqbaşı rəhbərlik məsləhət verə bilər ki, bəlkə, filan aktyor oynasın.

- Teatrımızda müxtəlif məktəblər var: Tofiq Kazımov məktəbi. Mehdi Məmmədov məktəbi. Sizcə, nə vaxtsa “Bəhram Osmanov məktəbi”, “Mehriban Ələkbərzadə məktəbi” deyiləcəkmi?

- İstəsələr, bəli. Azərpaşa Nemətov, Mərahim Fərzəlibəyov, Hüseynağa Atakişiyev məktəbi də ola bilərdi.

- Bu anlayışların olması sizdən asılıdır, yoxsa başqalarından?

- Böyük olmurlar, böyük eləyirlər. Ədil İskəndərov ona görə böyük idi ki, onun arxasında Mir Cəfər Bağırov var idi. Azərbaycan teatrını qeyri-millətlərin əlindən alıb azərbaycanlı balasına verən Mir Cəfər Bağırov olub. Mehdi Məmmədova heç kim teatr verməyib. O, loyal, gözəl, özünəməxsus, qapalı adam olub. Onun ən gözəl vaxtları Gəncə Teatrında işləyəndə idi. Tofiq Kazımova gəlincə, onun arxasında Cəfər Cəfərov dayanıb. Həmin vaxt o ideoloji katib işləyirdi. O, Tofiq Kazımovu Tofiq Kazımov eləyib. Ondan sonra gələnlərin arxasında isə heç kim dayanmayıb. Aktyorun da böyüklüyü əvvəlcə teatr çərçivəsində olur, sonra o çərçivədən çıxır, dövlət səviyyəsinə qalxır. İmtiyazlar, adlar... O da öz böyüklüyünə inanır. Sonra başlayır onu böyüdənlərin əleyhinə çıxmağa, daha çox şey tələb eləməyə. Görürlər ki, istədiklərini eləmirlər, yeni böyüklər axtarmağa başlayırlar.

- Yəni bizdə rejissorlar köməksiz, dayaqsızdırlar.

- Rejissoru böyük eləmək istəyi yoxdur.

- Niyə onda var idi, indi yoxdur?

- Çünki onda teatr və jurnalistika dördüncü hakimiyyət sayılırdı. Teatrın cəmiyyətə təsiri var idi. İdeoloji tərbiyə vasitəsi idi. Biz indi özümüz öz həvəsimizə işləyirik. İndi artıq teatrın ideoloji əhəmiyyəti və təsir gücü yoxdur.

- Yaradıla bilər?

- Əlbəttə. İki vur ikidir. İstək olsa, bu dəqiqə yaratmaq olar. İndi teatr mühitində hamı bir-birini tanıyır. Hamı bilir ki, kim kimdir. Biz də qısıla-qısıla, şikayət eləyə-eləyə gəlmişik. Ancaq çalışmalıyıq ki, heç kim bizdən şikayət eləməsin. İmkan verməməliyik ki, yaxşılar əzilsin.

- Ümumiyyətlə, teatrın ideoloji funsiyası olmalıdır?

- Mütləq! Teatr onsuz da müstəqildir. Heydər Əliyevin bir tamaşaya gəlib, baxıb, müsbət fikir bildirməsi o tamaşanı beş il qabağa atırdı. Beləcə, teatrlar diqqət mərkəzində olurdular. Bu tamaşaların keyfiyyəti üçün yox, teatrın yaşaması üçün meyardır.

- Sizin tamaşanıza baxıb Heydər Əliyev?

- Bir dəfə. Bəxtiyar Vahabzadənin pyesi əsasında hazırlanmış tamaşaya baxıb.

- Dramaturqlarla iş prosesiniz necədir?

- Bəxtiyar Vahabzadə ilə, Elçinlə, Nəbi Xəzri ilə, Anarla işləmişəm. Bəzi fikirlərimi qəbul eləyiblər. Bəzən mən onlarla razılaşmışam. Mən heç vaxt dramaturq axtarışında olmamışam. Bu gün rejissor qovluğumda ən az 15 pyes var.

- Hiçkok deyirdi ki, yaxşı filmlər daha çox zəif əsərlər əsasında çəkilir. Bəs teatrda necədir?

- Bəzən aktyorlar tərəfindən qəbul olunayan pyesin çox yaxşı səhnə həlli olur, illərlə oynanılır. Mənə dram əsərində mövzu daha çox maraqlıdır. Mövzunu tapandan sonra mətn mənə o qədər də maraqlı olmur. Birinci növbədə müəllifin mətninə hörmətlə yanaşmaq lazımdır. Bizim ona “bunu niyə belə yazmısan?” deməyə ixtiyarımız yoxdur. Biz onu anlamalıyıq.

- Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşünü” də səhnələşdirmisiniz.

- Nəzmlə yazılmışdı. Çox uzun idi. Mən onu kəsib yeddi vərəq elədim. Nəriman müəllim dedi ki, səninlə işləmirəm. Sonra yenidən başladıq işləməyə. Bu, bir gənc üçün böyük inam idi.

- Sizin ən çox sevdiyiniz teatr rejissoru kim olub?

- Mehdi Məmmədov. Onunla ünsiyyətimiz də var idi. Sanki yaşıd idik. Nəsir Sadıqzadə ilə çox yaxşı münasibətlərimiz olub. Kurs rəhbərim idi. Fuad Hacıyev bizə 1-2 il dərs deyib. Onlar mənə özümü anlamağa kömək eləyiblər. Bu gün tələbələrə deyirəm ki, tamaşa hazırlamaq vərdiş tələb eləyir. Məşq vərdişdir.

- Aktyorlar müsahibələrində deyir ki, kitab oxumağa vaxtım yoxdur. Sizcə, aktyor üçün mütalicə nə dərəcədə əhəmiyyətlidir?

- Yalan deyirlər. Ümumiyyətlə, oxumurlar. Heç bir aktyor deyə bilməz ki, mən bütün günü işlə məşğulam. Mən o, mətni oxuyanda bilirəm ki, mütaliəlidir, ya yox. Qeybətlə, şayiə yaymaq məşğul ola, təhqir eləyə bilərlər.

- Səhnələşdirməyi arzuladığınız əsər var?

- Mənim dəftərçələrim var idi. Təmizlik zamanı neçəsini itirdim. Beş pyes adı yazmışdım birində. Ancaq heç birini hazırlaya bilmədim. İndi arzuladığım əsər yoxdur. Mənim otağım qalaq-qalaq pyeslə doludur.

- Baxdığınız ən yaxşı tamaşa hansı olub?

- Mehdi Məmmədovun “Dəli yığncağı” tamaşası.

Divar - Azad Qaradərəlinin hekayəsi "Yazıçılar İttifaqının mənəvi gücünü gördüm“ - Nobel mükafatçısının Azərbaycan təəssüratı “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see276

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see261

Berezutski 1:1 i ədalətli nəticə saymır

15 Mart 2025 22:57see236

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see214

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see200

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see156

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see150

Sabah və Zirə qarşılaşdı, qalib olmadı

15 Mart 2025 21:41see148

Milan dan əzmkar qələbə VİDEO

15 Mart 2025 23:05see144

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see143

ABŞ Yəməni bombalayır: Husilər, sizin zamanınız bitdi...

15 Mart 2025 23:45see141

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see140

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see138

ABŞ də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var

15 Mart 2025 23:13see137

İngiltərə Premyer Liqası: Mançester Siti Brayton səddini keçə bilmədi

15 Mart 2025 21:49see136

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see130

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see129

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see128

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see128

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri